Mənəviyyata Açılan Pəncərə

Əvvəl tədbir, sonra təvəkkül

وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

“(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusuf, 12/67)

Ayədəki “Hökm yalnız Allahındır” ifadəsi bizə Rəbbimizin hökmünün hər şeyin fövqündə olduğunu bildirir. Əslində xeyir və şərin tamamilə Allahdan olduğuna iman etməyimizin səbəbi də budur. İlahi qədər bəzən bəndələrin iradə və istəyinə uyğun olur, bəzən də insanların iradəsi xaricində gerçəkləşir. Uca Allah bu ifadə ilə mülkündə yeganə söz sahibinin özü olduğunu bildirir. Bu inanca sahib olan Yaqub peyğəmbər (ə.s) oğullarını Misirə göndərəndə onlara bir tərəfdən hər ehtimala qarşı tədbirli davranmağı tövsiyə edir, digər tərəfdən də “mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm” deyərək Rəbbin hökmünə ürəkdən təslim olduğunu dilə gətirirdi. “(Misirə) ayrı-ayrı qapılardan daxil olun” deyərkən isə nəticədə nə olursa olsun Allahın təqdirinin gerçəkləşəcəyini, yalnız Ona təvəkkül etmələri gərəkdiyini də oğullarına xatırladırdı.

Allahın ən ixlaslı bəndələrindən sayılan peyğəmbərlər də dünyada qarşılacaqları təhlükələrə qarşı müəyyən tədbirlər görmüşlər. Bu, o demək deyil ki, onlar Allaha inanıb güvənmirdilər. Sadəcə olaraq səbəblərə riayət edir, tədbir görür, sonra isə nəticəni Allaha həvalə edirdilər. Rəsulullahın (s.ə.s) Mədinəyə hicrətini xatırlayaq.   O (s.ə.s) Məkkə müşriklərinin təqibindən yayınmaq  üçün müəyyən tədbirlər görmüşdü. Gecə yola çıxması, Mədinəyə sarı deyil,  əks tərəfdə yerləşən Sevr dağı tərəfə hərəkət etməsi bunun bariz nümunəsidir. Bütün bunlar Rəsulullah (s.ə.s) və yol yoldaşı Hz. Əbu Bəkrin (r.a) İlahi qədərə necə boyun əydiyini, Allaha ürəkdən güvəndiklərini göstərir. Bütün tədbirlərə baxmayaraq müşriklər onların izinə düşmüş, hətta Sevr dağında üç gün gizləndikləri mağaranın ağzına qədər gəlmişdilər. Mağaranın ağzındakı düşmənlərin ayaqlarını görən Hz. Əbu Bəkr “Ey Allahın Rəsulu! Əgər biri aşağı əyilib baxsa, bizi mütləq görəcək!” – deyərək təşvişini bildirmişdi. Bunu eşidən təvəkkül timsalı Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdu: “Sən bu iki adamı (özünü və Hz. Əbu Bəkri nəzərdə tutur) – onların üçüncüsü (nüsrəti, köməyi və hifzi ilə) Allahdır – nə hesab edir və haqqında nə düşünürsən? Heç onlara bir zərər toxuna bilərmi?” (Buxari, Fədailul-əshab 2). Bu tarixi hadisə bizə bunu öyrədir: Lazımi tədbirləri görməli, sonra Allaha təvəkkül etməliyik. Necə ki, Rəsulullah (s.ə.s) “dəvəmi bağlayaraq, yoxsa açıq buraxaraq təvəkkül edim?” – deyə sual verən şəxsə “Dəvəni bağla, sonra Allaha təvəkkül elə!” (Tirmizi, Sifatul-Qiyamə, 60) – tövsiyəsini etmişdi. Bu da tədbir görmədən Allaha təvəkkül etməyin doğru olmadığını açıq-aşkar ortaya qoyur.

Təvəkkül, hər hansı işdə nəticə əldə etmək üçün lazımınca səy göstərdikdən sonra işin nəticəsini Allaha həvalə etmək deməkdir. Təvəkkül eyni zamanda Allaha imanın əməli göstəricisidir. Başqa sözlə, Allaha iman Ona olan güvən və etimadla düz mütənasibdir. Allaha olan təvəkkülümüz həyatda qarşılaşdığımız çətinlik və sıxıntılar əsnasında özünü daha çox göstərir. Yuxarıda Hz. Yaqub (ə.s) və Hz. Məhəmmədin (s.ə.s) həyatından verilən nümunələrdə olduğu kimi, bəzən həyati bir təhlükə ilə qarşılaşanda, imtahandan üzüağ çıxa bilməmək və daha çox ruzi qazanmaq narahatlığı qəlbimizi bürüyəndə təvəkkül hissi dadımıza çatır, ümidsizliyə sipər olur. Təvəkkül Uca Yaradana təslim olmaq, Ondan mədəd ummaqdır. Amma səbəblərə riayət etmədən, kor-koranə, zəhmət çəkmədən, fədakarlıq eləmədən nəticəni Allaha həvalə etmək, Ondan yardım diləmək tənbəllikdən başqa bir şey deyil. Rəsulullah (s.ə.s) bizlərə səhərdən axşama qədər balalarına yem axtaran quşları misal verərək buyurmuşdur:

Əgər siz Allaha layiqincə güvənib təvəkkül etsəydiniz, Rəbbiniz səhər yuvalarından ac çıxan, axşam tox qayıdan quşları ruziylə təmin etdiyi kimi sizi də ruzisiz qoymazdı” (Tirmizi, Zöhd, 33)

Peyğəmbərlərin həyatı Allaha təvəkkül nümunələri ilə doludur. Atəşə atılanda, həyatının ən çətin anında Allaha olan təvəkkülünü itirməyən Hz. İbrahim (ə.s) “Həsbunallah və niməl vəkil” (Allah bizə bəs edər. O nə gözəl vəkildir!) (Ali imran, 3/173) – demişdi.

Eyni duanı Uhuddan sonra Rəsulullah (s.ə.s) və səhabələrinin də etdiyini görürük. Xalq onlara: “Düşmən sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Hasbunallahi və niməl-vəkil” (“Allah bizə bəs edər. O, nə gözəl vəkildir!)” – deyə cavab verdilər. (Buxari, Təfsir, 3; Ali İmran, 3/173).

Nümunələrdə də göründüyü kimi, təvəkkül Allaha imanın nəticəsidir. Əgər Allaha inanırıqsa, Ona güvənməli və təvəkkül etməliyik. Çiynimizə düşəni etdikdən sonra dünya və axirət qayğılarından Allaha sığınmalı və unutmamalıyıq ki, Onun iradəsi (istəyi) olmadan heç bir cəhdimiz nəticə verməyəcək.

Exit mobile version