Mənəviyyata Açılan Pəncərə

Əsr surəsində zamanın qiyməti

Uca Allah Qurani-Kərimdə bəzi surələrə and verərək başlayır. Bunun müxtəlif hikmətləri var. Qəsəmlə (and içməklə) başlayan surələrdə həm üzərinə and verilən şeylər, həm də qəsəmdən sonra gələn mövzu çox böyük əhəmiyyət kəsb edir. Qurani-Kərimdə üzərinə and verilən şeylərin Allahın isim və sifətlərini möcüzəvi şəkildə əks etdirməsi daha çox diqqət çəkir. Qəsəm edilən xüsuslar həm də insanın dünya və axirət səadəti üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün məxluqat möcüzəvi bir sənət olaraq insana xidmət üçün yaradılıb, onun istifadəsinə verilib. Önəmli olan insanın çox şeyə sahib olması yox,  sahib olduğu şeylərin dəyərini bilməsidir. Bunun üçün də Allah-Təala insan üçün yaratdığı, lakin onun mütəmadi gördüyü üçün fikir vermədiyi, adi hal kimi qəbul etdiyi şeylərə and verərək onların əhəmiyyətini xatırladır və üzərində düşünməyə sövq edir.

Quranda Andla başlayan surələrdən biri də Əsr surəsidir. Bu surədə Allah zamana ad verərək onun qiymətini bir daha xatırladır. Hər gün yerli-yersiz, əhəmiyyət vermədən israf etdiyimiz zaman nemətindən qafil olduğumuza diqqət çəkir. Zamanı bərəkətli yaşamaq üçün nələrə diqqət edilməli olduğunu bildirir:

And olsun əsrə ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa.

Ayədəki “əsr” kəlməsi bir çox mənada təfsir edilmişdir ki, bunlardan biri də zamandır.

 Allah Rəsulu (s.a.s.) bir hədisində: “İki nemət var ki, insanlardan çoxu bu nemətlər xüsusunda aldanmışdır. Bunlar sağlamlıq və boş vaxtdır. – buyurur.

Əsr surəsində Allah-Təala insanların ziyan içərisində olduğunu bildirərək bu həqiqəti zamana and verməklə dəstəkləyir. Çünki hədisdə də qeyd edildiyi kimi zaman insanların əksəriyyətinin aldandığı xüsuslardan biridir. Bu aldanış elə bir səviyyədədir ki, cahiliyyə dövründə zamana söyənlər belə vardı. Allah Rəsulu (s.a.s.) bunu qadağan etmişdir.[1]

Bu dünyanı ticarət yurdu kimi təsəvvür etsək, kar əldə etmək üçün ən əsas sərmayə  əlbəttə ki zamandır. Müəyyən bir şeyi əldə etmək üçün vaxt lazımdır. Bəli, ticarətimizin karlı olmasında da, ziyana uğramasında da zaman həlledici rol oynayır.

Surədə and verilən “əsr” kəlməsinin əsr namazı ilə əlaqəli olduğu da bildirilir ki, bu da əslində vaxtdan səmərəli istifadə ilə bağlıdır.  Belə ki, Allah Rəsulu (s.a.s.) bir hədisində Şübhəsiz əsr namazını ötürən ailəsini və malını itirmiş kimidir.– buyurur. Ehtimal ki insanlar ikindi vaxtı dünyaya daha çox dalaraq axirət və əbədiyyəti qazanmaq üçün əhəmiyyət kəsb edən bu zamanı ucuz və dəyərsiz şeylərlə keçirir və ziyana uğrayırlar.

Deməli, zaman sadəcə üzərindən keçib gedilən bir boşluq deyil, əksinə onun hər anı istifadə ediləcək bir cövhər, dünya bazarının ən qiymətli sərmayəsidir.

Zamanı bir boşluq hesab edənlər onun aşındırıcı dişləri arasında əriyib gedənlərdir.  Zamanın azlığından, çatmadığından ən çox şikayət edənlər, zamanı söyənlər isə onun hər anının qiymətini bilməyib, doğru tənzimləməyənlərdir.

Zamanın gerçək qiymətini bilənlər isə bu zaman içərisində ortaya qoyduğu əsərlər, dəyərlər və  gözəl işlər ilə bərəkətli ömür yaşayan insanlardır.

Nyuton bir almanın yerə düşməsi kimi ən kiçik bir hadisə ilə Kainat kitabındakı cazibə qanununu kəşf etmişdir.

 Bəli, zaman bu qədər qiymətli, onun qiymətini bilməmək isə bir o qədər xüsrandır.

Allah zamana and verib insanın zaman xüsusunda xüsranda olduğunu vurğulayandan sonra bu xüsrandan qurtarıb zamana həqiqi dəyərini necə qazandıracağımızı bizə bildirmişdir.

Surədə zamanı və həyatı dəyərli edən birinci şərtin iman etmək olduğuna diqqət çəkilir. İman etmək bir mənada zamanın eləcə də bütün varlığın Yaradanını tanımaq deməkdir. Zaman içərisində qazanılan hər bir şey ancaq Yaradana iman etməklə qazanc sayılır. Və bütün varlığın Yaradanını tanıyıb Ona aid edildiyi zaman bir məna ifadə edir. Əks halda hər şey mənasız və boşluqdan ibarətdir. Zaman içərisində edilən bütün gözəl əməllər də ancaq imanla və Allah rizası üçün edildikdə insana savab qazandırır. İmansız əməl axirəti qazandırma baxımdan heç bir şey ifadə etmir. Uca Allah Kəhf surəsində:

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq! Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası – Cəhənnəm! İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır![2] – buyurur.

Surədə imandan sonra xüsrandan qurtulmağın ikinci yolunun saleh əməllər işləmək olduğu vurğulanır. Belə ki, imanı qoruyub saxlayan ən önəmli şey inandığımızı yaşamaqdır. Əgər iman saleh əməllərlə bəslənməsə, imanı solub getməyə məhkumdur.   

“Bəqərə” surəsinin əvvəlindəpsaleh əməlin nə olduğu müyyən mənada təfsil edilir. Belə ki: Qurani-Kərim müttəqilərə hidayət mənbəyidir. O kəslər ki, qeybə inanır, namaz (doğru-dürüst) qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.[3] Ayələrdə saleh əməllərin nələr olduğu izah edilir. Buna görə də Qurani-Kərimdə namaza, oruca, zəkata aid nə qədər ibadət varsa, hamısı “salihat” sözü ilə ifadə edilir. Saleh əməl “qüsur və nöqsanlıqları aradan qaldıraraq yaxşı hala salmaq, yaxşılaşdırmaq, düzəltmək” mənalarındadır.

Bu ayələrdə də gördüyümüz kimi saleh əməl həm bəndə ilə Allah arasında olan namaz ibadəti kimi gözəl əməllərdir, həm də zəkat kimi Allah rizası üçün bəndə ilə insanlar arasındakı gözəl işlərdir.

Saleh əməlin iki yönü var. Birincisi insan ilə Rəbbi arasına girərək onu ilahi hüzurdan uzaqlaşdıran günahların yaratdığı fəsadları islah edir. İkinci olaraq da cəmiyyəti islah edən, fərdləri bir araya gətirərək birlik bərabərliyi təmin edən, dostluq və qardaşlıq duyğularını artıran, qısaca cəmiyyəti bir-biri ilə birləşdirən əməllər kimi başa düşmək olar.

Haram yeməmək, haram geyməmək, harama baxmamaq, haram danışmamaq kimi əməllər də saleh əməl olub ibadət sayılır. Bəli, insan xeyir əməl işləyər, şər əməlləri də tərk edərsə, salehlərdən olar.

Surədə bizə ziyandan xilas olmağın üçüncü yolunun haqqı tövsiyə etmək olduğu göstərilir. Haqq kəlməsi Allahın gözəl isimlərdən biridir. Haqq mövcudiyyəti mütləq bir şəkildə var olan, sabit olan deməkdir. Haqq batilin əksidir. Həqiqi mömin hər işini Allahın Haqq isminə bağlayaraq yerinə yetirməyə çalışmalıdır. O, gördüyü bütün işlərdə haqqı əsas götürməli, haqqa bağlı qalmağı da boynunun borcu bilməlidir.  

Surə bizə haqqı yaşamağın ancaq haqqı tövsiyə etməklə mümkün olacağını bildirir. Sadəcə özü üçün saleh əməl işləmək qurtuluş üçün kifayət deyil. Başqalarına bunu tövsiyə etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək də xüsrandan qurtuluşun əsas şərtidir.  Allah Rəsulu (s.a.s.) bir hədisində:

Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, ya yaxşlığı əmr edər pislikdən çəkindirərsiniz, ya da Allah sizə qatından bir cəza göndərər siz bundan sonra ona dua edərsiniz duanız qəbul olmaz[4] – buyurur.

Ayədə həm də haqqı qarşılıqlı tövsiyə etməkdən də söhbət gedir. Səhabələrdən Muaz ibn Cəbəlin (r.a.) digər səhabələrə haqq-həqiqətdən danışmaq, sözü söhbəti-Canana çəkmək üçün “gəl biraz iman edək” dediyi nəql edilir. Onlar imanlarını haqqı və saleh əməlləri bir-birilərinə tövsiyə etməklə canlı saxlayırdılar.

Haqqı tövsiyə etməyin də bir bədəli vardır. Tarixə nəzər saldığımız zaman haqqı tövsiyə edənlərin zülmə və haqsızlığa məruz qaldığına şahid oluruq. Haqqın səsi fitrətini batil ilə kirlədənlər tərəfindən susdurlmaq istənilmiş və onun təmsilçilərinə əziyyət edilmişdir.

Allah Rəsuluna (s.a.s.) ilk vəhy gələndə çox həyəcanlanmışdı. Bunu görən həzrət Xədicə Onu əmisioğlu Vərəqə ibn Növfəlin yanına apardı. Çünki Vərəqə Tövrat və İncili oxuyan, araşdıran, inanclı insan idi. Allah Rəsulunu yaşadığı bu şeyin nə olduğunu ən gözəl o açıqalayıb onu təsəlli edə bilərdi. Vərəqə bin Növfəl Allah Rəsulunu dinlədikdən sonra: “Sənin gördüyün Musaya (ə.s.) vəhy gətirən Cəbrayıldır. Kaş ki, sən haqqa dəvət etdiyin günlərdə səninlə ola bilsəydim. Kaş qövmün səni yurdundan çıxaracağı günlərdə səninlə bərabər həyatda olsaydım” – dedi. Allah Rəsulu təəccüblə: “Qövmüm məni yurdumdan çıxaracaq?” – dedi. Vərəqə: “Bəli çünki sənin gətiridiyin şeyləri gətirən hər kəs bu düşmənçiliyə məruz qalmışdır. Kaş o günlərdə yaşayıb sənə kömək edə bilsəydim” – dedi.

Bəli, bu cür əziyyətlərə məruz qalmaq haqq yolçusunun taleyidir. Belə bir vəziyyətdə isə  surədə bizə dördüncü qurtuluş yolu olaraq səbir edib, bir-birimizə səbri tövsiyə etmək məsləhət görülür. Həzrət Loğman (ə.s.) oğluna nəsihət edərkən də haqqı tövsiyə edənin əziyyətə məruz qalacağını və bu vəziyyətdə səbir etməsi lazım gəldiyini söyləyir:

Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə səbr et. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir![5]

Beləcə Əsr surəsində bizə dünya həyatında bizə verilən ən qiymətli sərmayəmiz olan zamanı necə dəyərləndirəcəyimiz göstərilir. İmam Şafei: “Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” Sonda fikrimi böyük türk şairi Mehmet Akif Ersoyun bu misraları ilə tamamlayıram:

”Xaliqin namütənahi adı var əvvəli Haqq!

Nə böyük şey qul üçün Haqqı tutub qaldırmaq.

Necə ki, əshabı-kiram ayrılalım derlərkən

Mütləq surəyi vəl-əsri oxurmuş bu nədən?

Çünki məknun o böyük surədə əsrarı fəlah.

Başda imanı-həqiqi gəlir sonra salah.

Sonra haqq, sonra səbat, iştə quzum insanlıq.

Dördü birləşdimi yoxdur sənə xüsran artıq.”

Xudavənd Məhərrəmov

İlahiyyatçı

[1] Buxari, Ədəb 101,
[2] Kəhf surəsi, 18/103-108.
[3] Bəqərə surəsi, 2/2-3.
[4] Tirmizi, Fitən 9.
[5] Loğman surəsi, 31/17.
Exit mobile version