- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Duamız olmasa, nə əhəmmiyətimiz var ?

Dua ruhun qidasıdır və bu qida ruha  fasiləsiz verilməlidir. Dua Allaha qulluğun başqa bir adıdır. Dua səbəb və vasitələrin fövqündə həm Allahın qüdrətinə etimad və güvən, həm də bir insan kimi acizliyi, zəifliyi elan etmək deməkdir.

Allah-Təalaya Qurani-Kərimdə: “(Ya Rəsulum) de: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?”(Furqan Surəsi, 77) buyurmaqla duanın nə qədər əhəmiyyətli olduğunu göstərmişdir. Başqa bir ayədə də Rəbbiniz belə buyurur: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) (Mümin surəsi, 60)

Peyğəmbərimizin (s.ə.s.) həyatına baxanda görürük ki, Onun, demək olar, hər anı dua ilə keçmişdir. Dua abidəsi Rəsulullahın Allaha yalvarşlarını əhatə edən əsərlər buna ən gözəl dəlildir. “Məcmuatul-Əbədiyyətil-Məsurə”, “Əzkar”, “Məcmuatul-Əhzab” və “Əl-Qulubud-Dariyə” (“Məcmuətül-Əhzab” “əl-Qulubud-Daria” adı ilə nəşr olunmuşdur) adlı əsərlərdə Peyğəmbərimizin (s.ə.s.), böyük zatların etdiyi, ayə və hədislərdən götürülmüş dəyərli dualar verilmişdir.

İndi isə bu duaların bir qismini sizin ixtiyarınıza verək:

Allahım! Bizi bir göz qırpımı qədər də olsa, xoşnud olmadığın şeylərlə baş-başa qoyma!

Allahım! Ciddiyyətsizliyimi, laübaliliyimi və xətalarımı əfv eylə. Bu qüsurların hamısı məndə var, bunu etiraf edirəm.

 Allahım! Məni, şərqlə qərbi bir-birindən uzaqlaşdırdığın kimi, günah və xətalarımdan uzaqlaşdır.

Allahım! Borca düşməkdən, düşmənə məğlub olmaqdan və bəndələrin başıma gələnlərə sevinməsindən Sənə sığınıram.

Ey Allahım! Mənim xətalarımı, cəhalətimi, işlərimdə etdiyim israfı və məndən daha yaxşı bildiyin günahlarımı bağışla, ya Rəbbi!

Allahım! Nemətinin zavalından (yox olub getməsindən), verdiyin sağlamlığı itirməkdən (xəstələnməkdən), əzabın qəfil gəlməsindən və qəzəbinə səbəb olan əməllərdən Sənə sığınıram.

Allahım! Günahımı bağışla, ruzi-bərəkətini artır və verdiyin ruzini bərəkətli et!

Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən, əldən düşəcək qədər qocalmaqdan və qəbir əzabından Sənə sığınıram!

Allahım! Mənə təqva ver! Və nəfsimi pak eylə. Onu yalnız Sən pak edə bilərsən. Onun Vəlisi və Mövlası Sənsən.

Allahım! Sən mənim gücüm və köməyimsən. Sənin inayətinlə düşmənimə qarşı dururam. Sənin köməyinlə hücum edirəm (mübarizə aparıram). Və Sənin dəstəyinlə çətinliklərə sinə gərirəm.

Allahım! Mənə gözümdən və qulağımdan fayda ver. Ölənə qədər onları sağlam saxla. Mənə zülm edənlərə  və etməkdə olanlara qarşı (mübarizədə) kömək et. Və mənə zülm etməkdə olanlardan intiqamımı al.

Allahım! Saleh qullarına dünyanı necə göstərirsənsə, mənə də elə göstər!

 Allahım! Məni ixlaslı və ixlası qazananlardan, müttəqi (təqvalı), Səndən layiqincə qorxan, zahid, Səndən razı, Sənin razı olduğun, Sənin sevdiyin, Səni sevən, yaxşılardan, saf, təmiz və Sənə yaxın qullardan eylə. Allahım! Məni Quran əxlaqı ilə “əxlaqlanan” qullardan eylə!

 Hz. Aişə (r.a.) anamız rəvayət edir: “Bir gün Allah Rəsulundan: “Ey Allahın Rəsulu, Qədr gecəsində necə dua edim?” – deyə soruşdum. Mənə bu duanı tövsiyə etdi:

اللّهُمَّ اِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي

“Allahım! Sən bağışlayansan, bağışlamağı sevənsən, məni bağışla”