- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Cümə gününün sünnətləri

Allah Rəsulu (s.a.s.) bir hədisində üzərinə günəşin doğduğu ən xeyirli günün cümə günü olduğunu bildirmişdir. Həmçinin müxətlif hədislərdə həzrət Adəmin cümə günü yaradıldığı, həmin gün cənnətdən çıxarıldığı və qiyəmətin də məhz cümə günü qopacağı xəbər verilir.[1]

Bəli, cümə həftənin ən bərəkətli və fəzilətli günüdür. Cümə namazı və namazdan əvvəl oxunan xütbə bu günü daha da fəzilətli edir. Müsəlmanlar cümə günü bir yerə toplanır, bir-birlərindən hal-xətir soruşur, moizə və xütbədə oxunanları dinləyirlər.

Cümə namazı möminlər üçün vacibdir.[2] “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”[3] ayəsi və Rəsulullahın (s.a.s.) “Həddi büluğ yaşına çatan hər müsəlmana cümə namazı fərzdir.”[4] hədisi cümə namazının vacibliyinin dəlilidir. Bununla yanaşı Rəsulullah (s.a.s.) üzrlü səbəbdən cümə namazına gedə bilməyənlərə imkanı nisbətində sədəqə verməyi tövsiyə etmiş[5] zəruuri səbəb olmadan[6] və ya əhəmiyyət vermədən üç dəfə (ard-arda) cümə namazına getməyənin qəlbinin möhürlənəcəyini xatırlatmışdır.[7]

Allah Rəsulu (s.a.s.) bu dəyərli və fəzilətli günə xüsusi hazırlaşmış, ümmnətinə də müəyyən tətbiqatlar öyrətmiş və tövsiyələr vermişdir. Rəsulullahın (s.a.s.) söz və davranışlarına nəzər saldıqda cümə günü və namazı üçün aşağıdakılara xüsuslara diqqət etdiyini görürük:

  1. Cümə günü qüsl almaq.[8]
  2. Dırnaqları kəsmək, bığları qısaltmaq və s. bədənə aid təmizlikləri etmək.
  3. Misvakla dişləri təmizləmək.[9]
  4. Gözəl ətirlərdən istifadə eləmək.[10]
  5. Təmiz və gözəl paltarlar geyinmək (ağ rəngli paltar geymək daha fəzilətlidir.)[11]
  6. Yaxşılıq etmək.
  7. Cümə günü səhər namazında Səcdə və İnsan surələrini oxumaq.[12]
  8. Cümə namazı vaxtı alış-veriş və dünya işlərindən uzaqlaşmaq.[13]
  9. Kəhf surəsini oxumaq.[14]
  10. Təkbir və səlatu-salam oxumaq.[15]
  11. Cümə namazına tez getmək.[16]
  12. Cümə namazına hər hansı miniyə minmədən piyada getmək.[17]
  13. Cümə axşamı və cümə günü çox dua etmək. Cümə günündəki Rəsulullahın: “Həmin vaxt insan Rəbbindən nə istəsə, Allah ona mütləq istədiyini əta edər.” – dediyi anı gözləmək.[18]
  14. Məscidə daxil olarkən heç kimi narahat etmədən uyğun yerdə oturmaq.[19]
  15. İmamın səsinin eşidiləcəyi yerdə oturmaq və xütbə oxunarkən imama baxmaq.[20]
  16. Xütbədən əvvəl dörd rükət nafilə namaz qılmaq.[21]
  17. İmamın xütbə üçün minbərə çıxanda camaatı salamlaması və oturması.[22]
  18. Müəzzinin xütbədən əvvəl əzan oxuması.[23]
  19. Xütbə oxunarkən danışmamaq,[24] hər hansı işlə məşğul olmamaq, sakitcə xütbəni dinləmək.[25]
  20. Xütbə oxunarkən hubvə[26] şəklində oturmamaq.[27]
  21. Məsciddə oturduğu yerdə yuxusu gələnin oturduğu yeri dəyişməsi.[28]
  22. Xütbədə əvvəlcə Allaha həmd-səna, Rəsuluna salavat, sonra Qurandan bəzi ayələri oxuyaraq möminlərə təqvalı olmağı tövsiyə etmək. Xütbənin axırında möminlərə dua etmək.
  23. İmamın ayaq üstə iki xütbə oxuması və xütbələr arasında oturması.[29]
  24. İmamın cümə namazında Cumuə və Münafiqun surələrini[30] və ya Əla və Ğaşiyə surələrini oxuması.[31]
  25. Cümə namazının fərzindən sonra dörd rükət nafilə namaz qılmaq.[32]
  26. Təkcə cümə günü oruc tutmamaq.[33] Cümə günündən bir gün əvvəl və ya bir gün sonra olmaq şərtilə tutmaq olar.
  27. Cümə günü namaz vaxtı giribsə, namazı qılmadan səfərə çıxmamaq.
  28. Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.”[34] ayəsində bildirildiyi kimi namazdan sonra gündəlik həyata davam etmək və Allahı xatırlamağı da unutmamaq.

[1] Müslim, Cümə, 18.
[2] Kölə, qadın, uşaq və xəstələrə cümə namazı vacib deyil. (Əbu Davud, Salət, 208-209). Xatırladaq ki, Əsri-səadətdə qadınlar cümə namazına gedirdilər. Halbuki, cümə namazı onlara fərz deyildi. Hətta Rəsulullah (s.a.s.) bir hədisində qadınlara cüməyə gedərkən gözəl ətirlərdən istifadə etməməyi tövsiyə etmişdir. (İbn Əbi Şeybə, Müsənnəf, Salavat, 340.)
[3] Cumuə, 62/9.
[4] Nəsai, Cümə, 2.
[5] Əbu Davud, Salət, 204-205; Nəsai, Cümə, 3.
[6] İbn Macə, İqamətus-salavat, Əhməd ibn Hənbəl, Müsnəd, V, 300.
[7] “Kim əhəmiyyət verməyərək cümə namazını ard-arda tərk edərsə, qəlbi möhürlənər.” (İbn Macə, İqamətus-salavat, 93.)
[8] “Kim cümə günü qüsl edib bacardığı qədər hər cür təmizlik edər, saç və saqqalına yağ vurub darayar (saç və saqqalını səliqəyə salar) və ya gözəl ətir vurar, sonra evdən çıxıb məscidə gedər, orada yanaşı oturan iki möminin başı üstündən keçmədən və onları narahat etmədən gözəl şəkildə oturar, daha sonra Allahın buyurduğu qədər namaz qılar və ardınca da xütbəyə başlayan imama diqqətlə qulaq asarsa, həmin adamın o cümə ilə növbəti cümə arasında olan kiçik günahları bağışlanar.” (Buxari, Cümə 6)
[9] Yetkinlik yaşına çatmış hər müsəlman cümə günü qüsl almalı, misvakdan və imkan daxilində gözəl ətirdən istifadə etməlidir. (Müslim, Cümə, 7; Muvatta, Təharət, 32.)
[10] Müslim, Cümə, 7; Muvatta, Təharət, 32.
[11] Muvatta, Cümə, 8; İbn Macə, İqamətüs-salət, 83.
[12] Müslim, Cümə, 64; Əbu Davud, Salət, 218; Tirmizi, Salət, 375; Nəsai, Cümə, 38.
[13] “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (Cumuə, 62/9.)
[14] “Cümə günü Kəhf surəsini oxuyanın ayağının altından göydəki buludlara qədər bir nur əmələ gələr. Qiyamət günü ona işıq salar və iki cümə arasında işlədiyi günahlar bağışlanar.” (Hakim, Müstədrək, II, 399)
[15] Allah Rəsulu (s.a.s.): “Sizin ən fəzilətli gününüz, şübhəsiz ki, cümə günüdür. Buna görə də o gün mənə çoxlu salavat gətirin. Çünki sizin salavat və salamlarınız mənə xüsusi təqdim edilir,” – deyəndə səhabələr soruşdular: “Ya Rəsulallah! Axı Sizin vücudunuz məzarda torpağa qarışacaq. O halda salavat və salamlarımız sizə necə təqdim olunacaq?” Allah Rəsulu (s.ə.s.): “Allah ənbiyanın (peyğəmbərlərin) vücudunu çürütməyi torpağa haram (qadağan) etmişdir,” – buyurdu. (Əbu Davud, Salat 207; Nəsai, Cümə, 5)
[16] “Kim cümə günü cünub olmuş kimi yaxşıca qüsl edib məscidə erkən gedərsə, bir dəvə, bir qədər sonra gedərsə, bir iribuynuzlu heyvan, ondan sonra gedərsə, buynuzlu qoç qurban etməyin savabını qazanar. Nisbətən daha sonra gedərsə, bir toyuğu, axıra yaxın gedərsə, bir yumurtanı sədəqə vermiş kimi savab qazanar. İmam minbərə çıxanda (o vaxta qədər gələnlərin savabını qeyd edən) mələklər zikri (xütbəni) dinləmək üçün camaatın arasına düşər və namaza hazır dayanarlar.” (Buxari, Cümə 4; Müslim, Cümə 10)
[17] “Cümə günü qüsl alaraq cüməyə erkən gələnə və imama yaxın oturaraq sakitcə xütbəyə qulaq asana hər addımı üçün bir il ibadət etmiş kimi savab yazılar.” (Əbu Davud, Təharət, 129.)
[18] Əbu Hüreyrə (r.a.) nəql edir: “Rəsulullah cümə günündən söz açıb: “Cümə günü bir vaxt var, kimin namazı və duası bu vaxta düşsə, Allah onun diləyini mütləq yerinə yetirər,” – buyurdu  və bu zaman kəsiyinin çox qısa olduğunu əli ilə göstərdi. (Buxari, Cümə 37; Müslim, Müsafirin 166, 167)
[19] “Heç kim cümə günü qardaşının yerində oturmasın. Əvəzində “irəli sıxlaşın” desin.” (Müslim, Salam, 27-30)
[20] Əbu Davud, Salət, 232; Əhməd ibn Hənbəl, Müsnəd, I, 93.
[21] İbn Macə, İqamətus-salavat, 94.
[22] İbn Macə, İqamətus-salavat, 85.
[23] Nəsai, Cümə, 15.
[24] “Cümə günü xütbə oxunarkən yanındakına “sus” desən boş danışmış olarsan.” (Buxari, Cümə, 36; Müslim Cümə, 11.)
[25] Müslim, Cümə, 27.
[26] Dizləri yuxarl qaldıraraq əllərlə dizləri tutaraq oturmaq.
[27] “Allah Rəsulu imam cümə xütbəsi verərkən dizləri yuxarı qaldırıb əllərlə (dizləri) tutaraq oturmağı qadağan etmişdir.” (Əbu Davud, Salət, 228; Tirmizi, Cümə, 18)
[28] “Cümə günü məsciddə yuxusu gələn oturduğu yeri dəyişsin.” (Əbu Davud, Salət, 231-233)
[29] Rəsulullah cümədə iki xütbə oxuyardı. Minbərə çıxıb əyləşərdi. (Bu vaxt müəzzin əzan oxuyardı.) Müəzzin əzanı tamamlayanda qalxar və xütbəyə başlardı. Sonra yenidən oturar (bu vaxt danışmazdı) və qalxaraq xütbəyə davam edərdi. (Buxari, Cümə, 30)
[30] Müslim, Cümə, 64; Əbu Davud, Salət, 218.
[31] Müslim, Cümə, 62; Əbu Davud, Salət, 234.
[32] Müslim, Cümə, 68.
[33] “Günlər arasından təkcə cümə gecələrini əhya etməyin. Eyni şəkildə günlər arasından oruc tutmaq üçün təkcə cümə gününü müəyyən etməyin. Ancaq tutduğunuz oruc cümə gününə rast gələrsə, bunda bir maneə yoxdur.” (Müslim, Siyam, 148)
[34] Cumuə, 62/10.