- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Biz qədərin məhkumuyuq?

Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib?

Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.

İnsan istənilə işi öz cüzi iradəsi ilə görmədən qədərin hər hansı günah və ya çirkinliyindən söhbət gedə bilməz. Bir mənada nəfsinin təsiri ilə iradəsini yanlış istiqamətdə istifadə edər, dəvətnamə paylayaraq pis əməlləri yanına çağırarsa, girəcəyi quyunu öz əli ilə qazar və həmin quyuya düşər. Məsələn, günəş ləkəsiz və təmiz olmaqla yanaşı işıq və istiliyi ilə dünyadakı gözəlliklərə səbəb olur. Lakin insan saatlarla günəşin altında dayansa xəstələnər, hətta bu xəstəlik ölümünə belə səbəb ola bilər. Bu təqdirdə günəşin günahı varmı? Öz məsuliyyətsizliyi ucbatından günəşin altında qalaraq xəstələnən xəstə “günəş nəyə lazımdı?” deyə bilərmi? Və ya “gün vurdu xəstələndim, yeməklər günəşin altında xarab oldu” kimi öz xətalarımızdan qaynaqlanan cüzi şərlərdən ötrü günəşin yaradılışını və varlığını şər kimi qəbul edə bilərikmi?

Qədərə yüklənilən günah, zərər və çirkinliklər əsasən insanın iradəsindən sui-istifadə etməyinin nəticəsidir. Cüzi iradəmizi unudaraq müəyyən zülm və çirkinlikləri qədərin üzərinə atsaq, müsibəti iki qat artırmış və qədərə qarşı hörmətsizlik etmiş olarıq.

Məsələn, insana həm zövq almaq, həm də nəslin çoxalması üçü xeyirli bir nəticəyə səbəb olan şəhvət hissi verilmişdir. İnsan iradəsini yanlış istifadə edərək bu ehtiyacını zinakarlıq kimi haram sayılan yoldan təmin edərsə bu təqdirdə qədəri, yoxsa bu günahı işləyən şəxsi günahlandırmalıyıq?

İnsan özünə verilən cüzi iradədən sui-istifadə etməklə günah işləmiş və nəticədə özünə zülm etmişdir. Cinayət və bənzərlərini də bununla müqayisə eləmək olar. Ancaq insanın sui-istifadəsi olmadan başına gələn bəla və müsibətlərin özlüyündə hikmət və faydaları var.

Qədərdən danışarkən səbəblərə riayət etməyin vacibliyini də unutmamalıyıq. İnsan bəzən qədər tam anlamadığına görə ancaq zahiri səbəblərə baxaraq yanlış qərar verir və özünə zülm edir. Məsələn, yaşlı insanın balaca uşağın qulağını çəkdiyini görsək uşağa əziyyət verdiyini düşünərik. Halbuki, bəlkə də qulağını çəkən onun atasıdır. Gələcəkdə dizini döyməmək, uşağını tərbiyə etmək üçün belə etmişdir. Ancaq biz zahirə baxaraq hökm verdik və atanı zülmlə ittiham elədik. Dolayısilə ona yox özümüzə zülm elədik. Ancaq qədər səbəblərə bütünlüklə baxır və görünməyən səbəbləri də bilir. Buna görə də qədərin hökmü tam və ədalətli olur.

Bir ovçu aslanı öldürür. Kənardan baxanların aslana yazığı gəlir. Amma o aslan ceyran balalarını anasız qoyduğuna görə, qədər onu cəzalandırmaqdadır. Bundan əlavə bir gün ovçunun ayağı qırılır və o da aslanı öldürməyin cəzasını alır. Bir şəxs başqasını bıçaqlayıb qaçır. Cəzasını da çəkmir. Hadisə unudulub yaddan çıxır. Ancaq bir gün həmin şəxs zina iftirası ilə həbs olunur. Hakim zahiri səbəblərə baxaraq ona hökm oxuyur. Biz “Hakim ədalətli davranmadı” desək də, qədər ədalətli davranır. O şəxs vaxtilə işlədiyi əməlin cəzasını almışdır. Bizim qərarlarımızda bu və bənzəri çirkinliklər olduğu halda, qədərin hökmlərində bilmədiyimiz bir çox gözəlliklər var. Qədərin hər hökmü ya birbaşa gözəldir, ya da nəticə etibarı ilə gözəldir.

Yeri gəlmişkən Hz. Musa (ə.s) ilə bağlı nəql olunan bir hadisəyə toxunmaq yerinə düşər.

Hz. Musa (ə.s) “Ey Rəbbim! Mənə ədalətini göstər!” – deyə dua elədi. Allah da vəhylə Hz. Musaya “filan bulağın yaxınlığında oturaraq baş verənləri seyr elə” – deyə bildirdi. Hz. Musa oturub seyrə başladı. Bulağın başına bir atlı gəldi. Atına su içirib geri bulaqdan ayrılanda bir kisə qızılı yerə düşdü. Atlı isə bundan bixəbər yoluna davam elədi. Sonra bir uşaq bulağın başına gələrək atlından düşən həmin qızıl kisəsini götürərək ordan uzaqlaşdı. Uşaq gedəndən sonra bir nəfər kor bulaq başına gəldi. Korun bulaq başında olduğu vaxt atlı bayaq itirdiyi qızıl kisəsini axtara-axtara gəlib ora çatdı. Kisəni korun götürdüyünü düşünərək ondan qızıllarını istədi. Kor and-aman eləsə də atlı buna inanmadı və onu öldürdü. Hz. Musa ilk baxışda zülm kimi görünən bu hadisədəki ədaləti Allahdan soruşdu və bu cavabı aldı: “Həmin atlı vaxtilə uşağın atasının bir kisə qızılını oğurlamışdı. Beləcə həmin bir kisə qızılı sahibinə qaytardıq. Kor isə vaxtilə atlının atasını öldürmüşdü. Atlıya da onu öldürdərək qisas aldıq”.

Bəli, həqiqi səbəblər bilinmədiyi təqdirdə, kənardan baxanda zülm kimi görünən hadisələr zənciri ədalət kimi ortaya çıxır. Qədərin hökmü də belədir ki, həmin hökmdə ən kiçik zülm və haqsızlıq yoxdur, əksinə ədalət və gözəllik vardır.

Bizim zahirən xoş görmədiyimiz şeylərdə Allah bizim üçün bir çox xeyirlər gizləmişdir. İnsanın xeyir olaraq bildiyi şeylərdə isə, şərlər vardır. (bax. Bəqərə, 2/216). Məsələn, soyuq havada dəstəmaz almaq bir az çətindir. Amma dəstəmazın nəticəsi gözəldir. Bəzən ola bilər ki, Allahın sevdiyi bir bəndə müflis olur. Amma o bəndə unudur ki, mal onu doğru yoldan uzaqlaşdıra bilərdi. İnsan dua edir və duada istədikləri verilməyəndə ümidsizliyə qapılır. Halbuki, istədiyi əleyhinədir və ya axirtədə daha gözəl şəkildə ona veriləcəkdir.

Allahın haqqımızda təqdir elədiyi hər hökmdə bizə məlum olmayan bir çox fayda və hikmətlər mövcuddur. Allah mütləq bəndənin istəyini və xeyrini nəzərə alaraq onunla hikməti ilə rəftar etmək məcburiyyətində deyil. Allah Xaliq və Alim olmaqla yanaşı Hakimdir. Əsla əbəs iş görməz. Ancaq biz onun yaratdıqlarındakı hikmətləri anlamaqda çətinlik çəkə bilərik. Bu səbəbdən bizim üzərimizə düşən qədərə razı və Allaha təslim olmaq, Ona yönəlmək, haqqımızdakı  təqdirinə boyun əyib etiraz etməməkdir.