Mənəviyyata Açılan Pəncərə

Bilərək yalan yerə and içmək

Sual: Bilərək etmədiyi bir şeyi etdim deyə and içən şəxs nə etməlidir?

Cavab: Allahın adı çəkilərək edilən andlar “ğamus”, “lağv” və “munaqədə” olmaqla üç yerə bölünür ki, sualdakı anda “ğamus” andına aiddir. Bəs “ğamus” andı nədir?

Ğamus andı − keçmişdə və ya indiki zamanda olan bir hadisə ilə əlaqəli yalan yerə and içməkdir. Məsələn, bir kimsənin borcunu ödəmədiyi halda yalandan and içərək borcunu ödədiyini deməsi və ya hal-hazırda cibində pulu olmasına baxmayaraq yalandan and içib pulunun olmadığını iddia etməsi və bənzəri andlar “ğamus” andlara daxildir. Bu şəkildə and içmək böyük günahdır.

Rəsulullah (s.ə.s) bir çox hədisində başqasının malını almaq üçün yalandan and içməyin, Allaha ortaq qoşmaq, adam öldürmək, anaya və ataya qarşı çıxmaq kimi böyük günahlardan sayıldığını, bunu edənlərin Cənnətdən məhrum olacağını, həmin yalan andları ilə oradakı (Cəhənnəmdəki) yerlərini hazırladıqlarını xəbər vermişdir.[1]

Hənəfi, hənbəli və malikilərə görə ğamus andının kəffarəsi yoxdur. Belə bir and içən kimsə Allahdan bağışlanma diləməli, tövbə və istiğfar etməlidir. Çünki bu adnı içmək Allaha qarşı gəlməkdir. Bu böyük günahın isə kəffarətlə ödənilməsi qeyri-mümkündür. Allah Rəsulu (s.ə.s) beş şeydən ötrü kəffarənin olmadığını bildirmişdir. Bunlardan biri də yalan yerə and içməkdir.[2] Kəffarənin olmamasının səbəbi isə belə bir andın günahının kəffarə ilə silinməməsidir. Qasaniyə görə tövbə və istiğfar ğamus andının kəffarəsidir. Şafeilərə görə isə, bu anda görə kəffarə lazımdır.[3]

Xülasə olaraq sualda bildirilən and “ğamus” andına aiddir. Və belə bir and içən şəxs bir daha belə bir günaha girməyəcəyi haqqında ciddi qərar verməli, böyük peşmanlıq hissiylə tövbə və istiğfar etməlidir.

[1]Buxari Eyman, 16, 18, əl-Mürtəddin, 1; Müslim, İman, 220, 221; Əbu Davud, Eyman, 1; Tirmizi, Cadu, 42; İbn Macə, Əhkam, 7; Əhməd ibn Hənbəl, I, 379, 442, V, 211, 212.

[2]Şövkani, Neylul-Əvtar, VIII, 264.

[3]Hidayə, II, 72; İbn Qudamə, XXI, 178; Şirbini, IV, 325.

Exit mobile version