- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Azad düşüncə nədir?

Kainatı yaradan və baş verən verən hər şeyi bütün zamanlarda – keçmiş, indiki və gələcək zamanda – xırdalıqlarına qədər tənzimləyən, idarə edən Allah Təaladır. Bütün maddi və mənəvi səbəblərin arxasındakı əsl səbəbkar Odur. İnsan isə bu dünyaya imtahan üçün göndərilib. Bəzən çətinliklə, bəzən də rahatlıqla imtahan olunur. Bu dünyada imtahanda olduğunu düşünərək əbədi həyat üçün çalışanlar qarşılaşdıqları hər şeyi – sevinci, kədəri və s. – Ondan bilərlər. Sevinəndə şükür, kədərlənəndə isə də səbir edərlər. İnanan insan yaxşı bilir ki, ətrafındakı maddi və mənəvi hər şey Allahın nəzarətindədir. Allaha həqiqi iman edən insan imanın ləzzətini dadar, baş verən hadisələrin pərdə arxasını da əsl səbəbkarın O olduğunu da anlayar. İmanda belə bir zirvəyə çatanlar səbəblərin mənfi və müsbət təsirinə düşməz, hər şeyi Ondan bilər. Səbəblərin boyunduruğundan xilas olub Allaha yönələr, Ona qul olarlar.

Gəlsə cəlalından cəfa, 

Yaxud camalından vəfa,

İkisi də cana səfa

Qəhrin də xoş, lütfün də xoş.

(Yunus Əmrə)

Mütləq mənada inancsız insan yoxdur. Hər kəs nəyə isə inanır, nəyə isə bel bağlamaq istəyir. Özündən üstün olan bir şeyə etimad edib bağlanmaq, onun vəsayəti[1] altına girmək insanın fitri ehtiyacıdır. Bəzən insanın yanıldığı məqam əsl Səbəbkara – Allaha – iman etmir və sonsuz ehtiyacları üçün müxtəlif şeylərə inanmağa meyl edir, onlardan  mədəd umur. Həmişə alternativ nələrisə ehtiyatda saxlayır. Allahı tapa bilməsə də güvəndiyi şeylərin fani olub, bir gün yox olacağını, əldən çıxacağını və ya qaçacağını əslində bilir. Bu cür düşünən insana “ağılsız insan” demək olmaz. Ağlı var, ancaq düzgün istiqamətdə istifadə etməyib və tapmalı olanı tapa bilməyib. Bir olana bel bağlayıb, etimad edərək iman etməli olduğu halda, müxtəlif səbəblərin qulu, köləsi olub.

Bir olandan uzaqlaşan, bir çox birdən (çoxluqdan) asılı vəziyyətə düşər. Bəzən vəzifənin, bəzən vəzifədəkinin, bəzən var-dövlətin, bəzən də şan-şöhrətin və saymaqla qurta bilməyəcəyimiz şeylərin arxasınca gedərək bir çox şeyi özünə “büt” halına gətirər. Bəli, insanın həyatda əhəmiyyət verdiyi, dara düşəndə ilk müraciət etdiyi şey nədirsə, “məbudu” da odur. İnanmış kimi görünsə də, həyatın axarında qarşısına çıxan maneələrə ilişib qaldıqda həqiqət gün üzünə çıxır.  

Bəli, Allaha həqiqi bəndə olmayanlar müxtəlif şeylərin köləsi və əsiri olarlar. Onlar bəzən arzu və istəklərinin köləsinə çevrilər və tüfeyli həyat sürərlər. Bəzən ehtiraslarına məğlub olar və halal-haram demədən sərvət toplamaq eşqinə düşərlər. Bəzən də məqam və mənsəbə əsir düşər və olduqları vəzifədən sui-istifadə edərək insanların malına göz dikərlər.

Bəzən də həsəd[2] həqiqi qulluq şüuru ilə yaşamayanların gözlərini elə örtər ki, onlar xeyir işlər görməyə, insanlara faydalı olmağa çalışanları görmək belə istəməzlər. Xeyir iş görənləri gözləri götürmədiyindən onların işlərinə mane olmaq və hədəflərindən uzaqlaşdırmaq üçün əllərindən gələni edərlər. Ancaq bunun zərəri ən çox özlərinə dəyər. Dünyada həsəd apardıqları insanların nailiyyətlərinə mane olmaq cəhdləri onların axirət heybəsindəki əməllərinin puç olması ilə nəticələnər. Allah Rəsulu (s.a.s.) da bir hədisində belə buyurur:

Aman, həsəddən uzaq olun! Çünki həsəd odun odunu (və ya otları) yandırıb kül etdiyi kimi, əməl və yaxşılıqları məhv edir”.[3]

Allaha həqiqi bəndə ola bilməyənlərin düçar olacağı “xəstəlik”lərdən biri də şöhrətpərəstlikdir. Şöhrətpərəstlər barmaqla göstərilmək, bəyənilmək, alqışlanmaq və təqdir edilmək istərlər. Bunları qazanmaq üçün hər yolu sınaqdan keçirərlər. Onlar kiçik nailiyyət və fədakarlıqlar üçün insanlardan alqış gözləyər, “Hamı səninlə fəxr edir!” deyilməsini istəyərlər. Alqışlanmadan danışmaz, bəyənilmədən nə isə verməzlər. Təriflənməkdən xoşları gələr. Eqoist düşüncəli bu insanlar şöhrətin qulu və köləsi sayılırlar.

Bununla yanaşı rahatlıq, qorxu, əyləncə, pul, şöhrət, sərvət, mənafe və mənfəətlərinin əsiri olanlar da var. Sadalananların əsiri olan insanlar Allaha edilən həqiqi qulluğun dadını əsla bilməz, ömür boyu öz istək, arzu və asılılıqlarının ardınca qaçarlar. Bu yolda döymədikləri qapı qalmaz. Ancaq əsla rahat ola və əsl xoşbəxtliyi tapa bilməzlər.

Bütpərəstlik əslində Allaha qulluq düşüncəsinin zəifləməsidir. Müşriklər Allaha haqqı ilə qul ola və qulluğun zövqünü dada bilmədiklərinə görə, müxtəlif üsullara əl atmışlar. Şeytanın da təlqinləri ilə yağış yağsın deyə yerə nə isə basdırmış, diləklərinin həyata keçməsi üçün məzardakılardan mədət ummuş, türbələrə bağladıqları əsgilərlə və ya yandırdıqları şamlarla məqsədlərinə çatmaq istəmiş, beləcə yavaş-yavaş şirk uçurumuna yuvarlanmışlar.

Bəzi insanlar da insan ləyaqətinə zidd olduğunu əsas gətirərək –haşa– Allaha qulluq etməyə qarşı çıxmışlar. Onlar Allaha qul olan insanın qulluğu vərdiş halına gətirəcəyini və məxluqata da qulluq edə biləcəyini iddia etmişlər. Yəni onlara görə, Allaha qulluq azadlıq düşüncəsinə ziddir. Əslində isə insanın sözün həqiq mənasında azad olmasının yolu Allaha qulluqdan keçir. İnsan ancaq Allaha qul olmaqla başqa qulluqlardan qurtula bilər. Əvvəla, onu qeyd etmək lazımdır ki, insan İslam dinini (müsəlman olmağı) azad iradəsi ilə seçir. Öz azad iradəsi ilə iman əsaslarına inanır. İbadətləri də məhz həmin iradəsi ilə edir. Yəni Allaha qulluq əslində azad iradənin seçimidir.

Bu nöqteyi-nəzərdən azadlıq və qulluq bir-biri ilə yaxından əlaqəlidir. Boğazındakı şöhrət kəndiri, arzu və istək ipi kimi və s. iplərdən qurtula bilməyən insanın azadlığından söhbət gedə bilməz. Həmin insan Allaha qul da ola bilməz. Yəni kamil qulluq üçün azaqlıq, hürriyət əsas şərtdir. Həqiqi azaqlığa nail olmaq da Allaha layiqi ilə qul olmağa bağlıdır. Əgər insan Allahdan qeyri şeylərlə əlaqəsini kəsərək istəklərinin əsiri olmaqdan, başda insan olmaqla maddi-mənəvi şeylərə etimad edib bel balmağı tər etmədikçə həqiqi mənada azad ola bilməzlər. Allah qorxusundan başqa bütün qorxulardan qurtulmaq istəyirsə, Allaha layiqli qul olmağa çalışmalıdır. Burada Mövlanəyə aid olan sözü qeyd etmək yerinə düşər:

Qul oldum, qul oldum, qul oldum!

Mən Sənin yolunda xidmətdə belim əyildi.

Qullar azad olunca şad olar;

Mən Sənə qul olduğumdan dolayı şadam.

Bəli, Uca Allah insana iradə adlı böyük nemət lütf etmişdir. Bunun müqabilində insan iradəsini harada və necə istifadə edəcəyini yaxşı bilməlidir. İradəsinin istəkləri və hədəfləri böyük olmalıdır. İnsan, müvəqqəti dünya zövqləri üçün ləyaqət və şərəfini əsla alçaltmamalıdır. Ömür sərmayəsini kiçik şeylərin ardınca gedərək hədər etməməlidir. Cismani və nəfsani arzularının əsiri olmamalıdır. Allahdan qeyri heç kimdən çəkinməməlidir. Əsla başqalarından nə isə ummamalı, onların qarşısında dilənçilər kimi boyun əyməməlidir. O sadəcə əyilmək lazım gələn yerdə – Allahın hüzurunda əyilməlidir.

Məhz bunları etmək iradənin haqqını verməkdir. Əsl azadlığın yolu da buradan keçir. Allaha qulluq etməklə hərislik, həsəd kimi hislərindən arınan, dünyəvi gözləntilərindən, əlindəkiləri itirmək qorxusundan qurtulan insanlar daxilən rahatlıq taparlar. Çünki onlar dünyadan gəldikləri kimi köçməyə hazırdırlar: çılpaq bədən, bir də kəfən. Elə buna görə heç bir dünyəvi güc qarşısında əyilməzlər.

Mütləq mənada azad olmaq mümkündürmü?

Bəzilərinə görə azadlıq heç bir qayda-qanun tanımamaq, mütləq mənada sərbəst olmaqdır. Halbuki, bu günə qədər dünyanın heç yerində və heç bir sistemində (kapitalizm, kommunizm, liberalizm və s.) bu cür azadlıq mümkün olmayıb. Bütün sistemlər müəyyən mənada insan azadlığını məhdudlaşdıran qaydalar qoymuşlar. Məsələn: Kommunist sistemlər bir çox məsələdə ortaq istifadəyə haqqı versələr də, sistemə tabe olmaq yönündən çox sərt davranmış və despotluq nümayiş etdirmişlər. Mülkiyyət hüquqlarını insanların əlindən almış, təşəbbüs cəhdlərini öldürmüş və cəmiyyətləri insan yaradılışına zidd qaydalarla tabe olmağa məcbur etmişlərdir..

Müasir dövrdə belə bəzi dövlətlər bir çox məsələdə vətəndaşlara azadlıq və sərbəstlik versələr də, dövlətin ideologiyasına zidd fikirlərə əsla icazə vermirlər. Düşüncə və vicdan azadlığı desələr belə mütləq bəzi məhdudiyyətlər qoyur, dövlətin mənafeyinə zidd fikirlər səsləndirildikdə qayda-qanunları işə salırlar. Bütün bunlar onu göstərir ki, mütləq azadlıq ancaq xülyalarda və yuxularda mümkündür. Qısacası, bu günə qədər dünyanın heç bir yerində insanlara sonsuz azadlıq verilməmişdir.

Əslində cəmiyyətin rahatlığı və təhlükəsizliyi üçün də azadlığı məhdudlaşdıran müəyyən qayda-qanunlar olmalıdır. Əgər azadlıq bütün istəklərin sərhədsiz həyata keçməsi kimi başa düşülər və yaşanarsa, nəticədə nəsillər korlanar, ailələr dağılar və cəmiyyət məhv olar. Həmçinin müqəddəs dəyərlərə hörmətsizliyi, dini təhqir etməyi, insanların əqidəsini lağa qoymağı və s. da azadlıq adlandırmaq olmaz. Bu, bütün əxlaqi dəyərlərin məhvinə gətirib çıxarar.

Bu və oxşar səbəblərə görə demək olar ki, bütün hüquq sistemləri din, can, nəsil, mal və ağlın qorunması üçün qayda-qanunlar qoymuş və bunları pozanlara müəyyən cəzalar təyin etmişlər. Yəni dövlətlər yazdıqları qayda-qanunlarla azadlığın sərhədlərini müəyyənləşdirmək ehtiyacı hiss etmişlər. Bəlkə də elə buna görə deyirlər: “Başqalarının azadlığının başladığı yerdə sənin azadlığın qurtarır.” Yəni bütün vətəndaşların müəyyən haqq və azadlıqları olsa da bunlar başqalarının haqqlarının başladığı yerə qədərdir. İslam dini də insan həyatını nizama salmaq üçü müəyyən bir sistem ortaya qoymuşdur.

Bu səbəblə dövrümüzdə bəzilərinin müdafiə elədiyi “sərhədsiz” azadlıq düşüncəsini istər İslam, istərsə də əqli nöqteyi-nəzərdən müdafiə etmək mümkün deyildir. Bəziləri də hər istədiyini etmək mənasındakı bu anlayışın sadəcə heyvanlar üçün keçərli olduğunu deyirlər. Sənədli filmlərdə də göründüyü kimi heyvanlar aləminin belə özünəxas qaydaları var. Biri digərinin sərhəddini pozduğu təqdirdə dərhal müdaxilə ilə qarşılaşır.

Heyvanlar aləminin əksəriyyəti öz aralarında yardımlaşaraq yaşayırlar. Məsələn: Cənub qütbündə yaşayan pinqvinlərin qurduqları sistem insanı heyrətə gətirir. İnsanlar onların etdiklərini edə bilməzlər. Əgər etsəydilər bütün insanlıq rahat və xoşbəxt yaşayardı. Heyvanların iradələri olmasa da sövq-təbii ilə həyat sürür və müəyyən qaydalar daxilində hərəkət edirlər. Yəni onların da mütləq azadlıqları yoxdur.

Allah nizam və ahənglə yaşasınlar deyə heyvanların beyninə müəyyən qaydalar yerləşdirmişdir. Onlar da sövq-İlahi ilə bu qanunlara uyğun yaşayırlar. İnsan isə digər canlılardan fərqli olaraq ağıl və iradə sahibidir. Ağıl və iradəni insandan ayrı düşünmək qeyri-mümkündür. İnsan, cəmiyyətdə nizam və ahəngə uyğun yaşamaq üçün ağıl və iradəsinə müəyyən sərhədlər qoymalı, bəzi qadağalara razı olmalıdır. İradənin haqqını vermək üçün bu çox önəmlidir.

Əgər insan lazımınca iradəsinin haqqını verərsə, mələklərin belə qibtə edəcəyi məqama yüksələr. Necə ki, iradəsini yerində və ən gözəl şəkildə istifadə edən İnsanlığın İftixarı (s.a.s.) Merac səfərində həzrət Cəbrayılı keçmişdi. Allahı görmək və Cənnəti qazanmağa nail olmaq yalnız iradənin yerində və doğru istifadəsindən asılıdır. Başqa sözlə əgər insan iradəsi ilə Allahın qoyduğu sərhədləri pozmasa və onun təyin elədiyi yoldan ayrılmasa, Allahın razılığını qazana bilər. Məhz bunun üçün iradəsi ilə azadlığını müəyyən mənada məhdudlaşdırmağı bacarmalı və müəyyən qayda-qanunlara əməl etməlidir.

Bəli, azadlıq Allahın insana bəxş elədiyi ən böyük nemətlərdən biridir. İnsanın ən böyük məsuliyyətlərindən biri bu nemətin qədrini bilmək və onu qoruyub saxlamaqdır. Möminin vəzifəsi də Allahın özünə lütf elədiyi bütün nemətləri Onun istəyi istiqamətində istifadə etməkdir. Müsəlman olaraq Allahın bizə lütf elədiyi haqları qoruya bilməsək, fərd, ailə və insanlıq olaraq təhlükəsizliyimizi təmin etməsək, həqiqi mənada müsəlman kimi yaşaya bilmərik. Müsəlmanlığı tam yaşamaq ancaq İslam prinsiplərinin işlədiyi cəmiyyətdə mümkündür.

 Əfsus ki, bu gün İslam aləmi Allahın lütf elədiyi belə bir nemətdən məhrumdur. Müsəlmanlar müxtəlif səbəblərdən bu neməti əllərindən qaçırmış və fərqli şəkillərdə vəsayət (asılılıq, təzyiq, istila) altına girərək azadlıqlarını qoruya bilməmişlərsə, Allah dərgahında məsuldurlar. Əgər müsəlmanlar bu vəsayətin fərqində deyil, bundan qurtulmaq və itirdiklərini qazanmaq üçün əllərindən gələni etmirlərsə, azadlıqları ilə yanaşı dinlərinə də xəyanət edirlər.

Bu prizmadan baxdıqda Uca Allahın bizə lütf elədiyi azadlığın qiymətini bilməli, ona sahib çıxmalı və onu lazım olduğu şəkildə istifadə etməliyik. Əslimizə sadiq qalmağımız və müsəlman kimliyini qorumağımız məhz buna bağlıdır. Bu səbəbdən hər müsəlman yaşadığı dövrü yaxşı bilməli, gələcəklə əlaqəli plan və proqramı olmalı, öz imkan və qabiliyyətlərinə uyğun gələcəkdə baş tutacaq (həyata keçəcək) addımlar atmağı bacarmalıdır. Bu xüsuslara dəyər verməmək bir mənada inanılan dəyərlərə xəyanət etməkdir. Bu xüsusda qəflətə düşmək belə günahdır.

Əgər əvvəlki nəsillər öz məsuliyyətlərini layiqincə yerinə yetirsəydilər bu gün müsəlmanlar vəsayət altında yaşamaz, dağınıqlığa düşməzdilər. Doğrudur, əcdadlarımızı xeyirlə yad etmək lazımdır və biz buna çalışmalıyıq. Ancaq müsəlmanların bu günkü vəziyyətinə nəzər saldıqda bu sualları soruşmadan keçmək olmur:

“Görəsən niyə atalarımız yaşadıqları dünyanı doğru oxuya bilmədilər?” “Niyə düşmənlərini görmədilər?” “Dünyanın tarazlığının qorumaq funksiyasını nə üçün itirdilər?” “Nə üçün azadlıqlarını başqaları mənimsədi?” “Niyə başqalarından asılı olmağa razı oldular?”…

Bu gün yaşayan müsəlmanlar da mövcud çətinliklərdən qurtulmaq yollarını axtarmasalar və üzərlərinə düşəni etməsələr, bunun üçün müəyyən çətinliklərə dözməsələr gələcək nəsillər onları qınayacaqdır. Bəlkə də sadəcə qınamaqla qalmaz lənət belə oxuyacaqlar.

Möminlərinlərin üzərinə düşən Allahın onlara lütf elədiyi bütün nemət və imkanları Onun rizası istiqamətində gələcəyə aid fürsətlər kimi qiymətləndirməkdir. Bunun üçün əllərindən gələni etməli, yeri gələndə fədakarlıqlarından geri durmamalı, lazım gəlsə, bunun üçün canlarından belə keçməyə hazır olmalıdırlar. Yəni möminlər İslam aləminin beş əsrdən bəri davam edən – xüsusən son iki əsrdəki –durğunluğuna, geri qalmasına son verməli və unudulan dəyərləri yenidən diriltməyə çalışmalıdırlar.

Elmdə azadlıq

Müsəlmanların elmi fəaliyyətlərində hicri beşinci əsrdən sonra durğunluq dövrü başlamışdır. Bu səbəbdən bu gün müsəlmanların üzərində düşən vəzifələrdən biri də elmlərin İslam düşüncəsinə uyğun yenidən nəzərdən keçirilməsi və təsnifidir. Bəli, hicri beşinci əsrə qədər İslam alimləri araşdırmaları ilə elmi prinsiplər ortaya qoysalar da sonrakı əsrlərdə bu Qərbin əlinə keçmişdir. İslama görə, vəhy sağlam bilgi qaynağdır. İnsan ağlı bəzən yanıla, hisləri bəzən aldada bilər. Qərb dünyasında renesansla başlayaraq yeni elmi-araşdırma metodu ortaya qoyuldu. Təcrübə əsas götürüldü. Vəhy bir kənara atıldı. Elmləri pozitivizm, materializm və naturalizmə əsaslanan fərqli təsnifatlar etdilər.

Bu gün müsəlmanlar müxtəlif elm sahələrinə aid araşdırmalarda onların terminologiyasının xaricinə çıxa bilmir, araşdırmalarını onların prinsiplərinə uyğun aparırlar. Yəni fərqli düşünə bilmirlər. Araşdırmalar müsəlmanların axtarışında olduğu həqiqəti tapmalarına mane olur. Buna görə də müsəlman elm adamları azad düşüncəni yenidən əsas prinsip kimi qəbul edərək elm adı ilə mövcud olan hər şeyi əvvəldən axıradək yenidən gözdən keçirməlidirlər. Bunu edərkən də mövcud vəziyyətə bağlılıqdan qurtulmalı və hər şeyi sorğulamalıdırlar. Çünki sorğulamadan yeni bir şey ortaya çıxarmaq mümkün deyil. Bunun üçün əvvəlcə əlimizdəki məlumatların az da olsa səhv ola biləcəyi ehtimalını qəbul etməliyik. Məsələn: Tibb sahəsində ixtisaslaşmış bir həkim bu günə qədər öyrəndiyi bütün məlumatları yenidən nəzərdən keçirməyi bacarmalı, öyrəndiklərinin doğru-olub olmadığını sorğulamalıdır.

Bəli, bu o qədər də asan iş deyil. Bunun üçün elmə qarşı böyük maraq, araşdırma istəyi və həqiqət eşqi lazımdır. Üstəlik bütün ömrü boyu özünü bu işə həsr etmək, müəyyən çətinliklərə və fədakarlıqlara razı olmaq da önəmlidir. Bu gün Qərbdə sənaye inqilabı baş tutmuş, elm-texniki tərəqqidə bir çox yeniliklər edilmişsə, bu, ömrünü bu işə həsr edən insanlar nəticəsində olmuşdur. Bəziləri bütün ömrünü heyvanların həyatını araşdırmağa, bəziləri tarixi qazıntılara, bəziləri təbiət hadisələrinə həsr etmişdir. Ancaq əfsuslar olsun ki, onların bu araşdırmaları nəticədə materializm və naturalizmə əsaslanmışdır. Hazırki vəziyyəti dəyişmək və elmlərə aid hər bir həqiqəti mütləq varlıq və əşyanın arxasındakı Zata – Allaha isnad etmək lazımdır. Yəni hər şeyi paltarın sökülüb yenidən başqa sapla tikilməsi kimi söküb yenidən inşa etməkdə fayda var. Təbii ki, bunu edərkən doğru nəticəyə varmaq da, yanılmaq da mümkündür. Bəzi məsələləri daha dərindən araşdırmaq, bəzilərini isə başqaları ilə bərabər etmək olar. Hətta onlardan kömək istəmək də olar.

Ancaq sadalananları hər insan edə bilməz. Bunun üçün çox ciddi cəhd və qərarlılıq lazımdır. Ciddi cəhd və qərarlılıq olmadığı müddətcə müsəlmanlar dualizmdən[4] qurtula, din-elm qarşıdurmasını həll edə bilməzlər. Halbuki Quran Uca Allahın kəlam sifətinin təcəllisi, kainat da Onun qürdət və iradəsinin tərcümanı olan bir kitabdır. Bu iki kitab eyni mənbədən gəldiyinə görə aralarında ziddiyyətin olması mümkün deyil.

Bəli, xüsusilə elmdə vəsayət (kiminsə sisteminə kor-koranə tabe olmaq) möminə yaraşmır. Bir mövzu haqda danışarkən “filankəs belə dedi, filankəsin fikrincə” şəklində fikirlər söyləmək və ortaya yeni, orijinal fikirlər qoya bilməmək vəsayətə əsir olan səfil ruhların xırıltısıdır. Hər mömin şanlı keçmişinə baxmalı, ruh və məna köklərinə yönəlməli sonra da mövcud vəziyyətini düşünməli, özünü hesaba çəkməlidir. Bununla kifayətlənməyərək öz dünyasını inşa etməyə çalışmalıdır.

Vəsayət altındakı düşüncələr belə bir dirilişi gerçəkləşdirə bilməyəcəyindən mütləq mənada azad düşüncələrə ehtiyac var. Azadlıq da əsasən düşüncədə başlayır. Düşüncələrində başqalarının əsiri olanların azadlığından söhbət gedə bilməz. Möminlər bütün imkanlarını səfərbər edərək düşüncə azadlığını yenidən qazanmalı və beləcə əsl azadlıqlarına qovuşmalıdırlar.


[1] Vəsayət kiminsə sisteminə kor-koranə tabe olmaq deməkdir.
[2] Həsəd bir insanın malik olduğu məziyyət və fəzilətləri, qazandığı nailiyyətləri həzm etməməkdir.
[3] Əbu Davud, Ədəb 44; İbn Macə, Zöhd 22.
[4] Varlığın əsasını, bir-birini inkar edən və bir-biri ilə mübarizə aparan iki əsas səbəb.