- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Axirət əzabı necə olur?

Sual:Axirət əzabı necə olur? Bu əzabı bədən çəkir, yoxsa ruh?

Cavab: Allah-Təala insanlara vəd etdiyi mükafatları vermək, həm­çinin günah işləyənləri günahlarından təmizləmək üçün bəzi imtahanlar hazırlamışdır. Dünyada olarkən günahlarından arına bilməyən möminlər qəbirdə, orada da çəkdikləri əzab bütün günahlarını təmizləməmişsə, məhşərdə, burada da təmizlənə bilməsələr, Cəhənnəmdə cəzalarını çəkərək pak olurlar. Beləcə, gü­nahlardan arınıb Cənnətə gedirlər. Bu təmizlənmənin ilk mər­­hələsi olan qəbir əzabı və ya neməti insanın dünyadakı əməl­lərindən asılıdır. Yəni hamı qəbirdə qarşılaşacağı şeyləri bu dünyada hazırlayır. Orada yaxşıları yaxşılıq və mükafat, pisləri  isə cəza və əzab gözləyir.

Əzab məfhumu Quranda əsasən Allahı inkar və Ona üsyan edənlərin dünya və ya axirətdə Allah-Təala tərəfindən cəzalan­dırılmasını ifadə etmək üçün işlədilmişdir. Allah heç kimi günahı olmadan cəzalandırmaz. Uca Allah Kitabında: “Kim doğru yolu seçərsə, özü üçün seçmiş olar; kim də doğru yoldan azarsa, özünə pislik etmiş olar. Heç kim başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərmədiyimiz (heç bir ümmətə) əzab vermərik!”,[1] – buyurur.

Allah iman edib yaxşı işlər görənlərə mükafat vəd etdiyi kimi, inkar və üsyan edənlərə də əzab vəd etmişdir. Haqq Təala axirət əzablarını Quranda bəyan buyuraraq insanlara xəbərdarlıq etmiş və onların ilahi əmrlər çərçivəsində yaşamasını istəmişdir. Görəsən, bu əzab necə olacaq?

Qəbir əzabı varmı?

Müzakirə mövzusuna çevrilən məsələlərdən biri də qəbir əzabının olub-olmamasıdır. Firon və əyanlarının ölümdən sonrakı hallarını açıqlayan “Onlar səhər-axşam atəşin qarşısına gə­tirilir. Qiyamət qopanda da: “Firon əhlini ən şiddətli əzaba salın!” deyilir”[2] ayəsi qəbir həyatının varlığına bir dəlildir. Qiyamət günü onlar daha şiddətli əzaba atılacaqsa, demək ki, ondan əvvəl səhər-axşam çəkdikləri əzab qəbirdədir.

Qurani-Kərimdə qəbir əzabının olduğunu göstərən başqa ayələr də vardır. Bundan başqa qəbir əzabı haqqında Peyğəm­bərimizdən bir çox hədisdə rəvayət edilmişdir. İnsanların bilmədiyi bir çox həqiqəti görən və bildirən Allah Rəsulu (s.a.s.): “Əgər ölülərinizi dəfn etməyəcəyinizdən narahat olmasaydım, qəbir əzabından (bir qismini) sizlərə eşitdirməsi üçün mütləq Allaha dua edərdim”,[3] – buyurmuşdur. Müxtəlif vaxtlarda əshabına: “Qəbir əzabından Allaha sığının”,[4] – deyə əmr etmiş və özü də qəbir əzabından Allaha pənah aparmışdır. Biz də hər gün sübh və axşam namazlarından sonra etdiyimiz təsbihatlarda: “Allahummə əcirna min azabil qabr (Ey Uca Allah, bizi qəbir əzabından qoru)”, − deyə  niyaz edirik.

Allah Rəsulu (s.a.s.) bir hədisində: “Qəbir əzabının çoxu idrardandır”,[5] – deyə buyurur. Deməli, kiçik ehtiyacı dəf edərkən sidiyi paltar və ətrafa sıçratmaq qəbirdə insanın qarşısına bir sual və cəza kimi çıxacaq.

Axirət əzabını bədən çəkir, yoxsa ruh?

Axirət həyatı müxtəlif mərhələlərdən ibarətdir. Bəzi din alimlərinə gərə, qəbirdə insanın cəsədi çürüdüyü üçün qəbir əzabını bədən deyil, ruh çəkəcək. Qəbir əzabının olmadığını söyləyən din alimləri isə qəbirdə cəsədin çürüyüb torpağa qarışdığını əsas gətirərək bədəni çürüyən ölünün əzabı və ya neməti hiss etməyəcəyini güman etmişlər. Halbuki, qəbir həyatını dərk etmək üçün cəsədin çürüməməsi şərt deyil. Allah-Təala qəbirdə cəsədin bir parçasına həyat verib ona əzab və ya neməti hiss etdirməyə qadirdir. Bu baxımdan qəbir və bərzəx həyatı ümumidir. Bunu hamı yaşayacaq. Cəsədi qəbrə qoyulmamış, yandırılmış, yırtıcı heyvanlar tərəfindən parçalanmış və ya dənizdə batıb balıqlara yem olmuş insanlar da qəbir həyatını görəcək, qəbirdə sorğu-sual, nemət və əzabı hiss edəcəklər. Onsuz da, vücudun qəbirdə dəyişməsini çürümə adlandıran biz insanlardır. Belə ki, cəsədin bir hissəsinin çürüməyəcəyinə dair rəvayətlər var. Bəlkə də, cəsədin həmin hissəsi Cənnətin hüzurunu və ya Cəhənnəmin əzabını hiss edəcək. Digər tərəfdən, ölü vücudun molekulları torpağa, havaya, suya qarışsa da, məhv olmur. İnsanın hüceyrələri ilə əzab çəkməyəcəyini nə bilmək olar?!

Qəbir həyatı necə olacaq?

“Yasin” surəsində Allah-Təala: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı?” deyirlər”, – buyurur. Deməli, qəbir daha sonrakı aləmlərlə, yəni məhşərlə, Cənnət və Cəhənnəmlə müqayisədə yuxu kimidir. Həzrət Əliyə aid edilən bir kəlamda: “İnsanlar yuxudadır, öləndə oyanırlar”, – deyilir. Necə ki, yaşadığımız dünya qəbir həyatı ilə müqayisədə bir yuxudur, eləcə qəbir həyatı da axirətə nisbətdə bir yuxudur. İnsan yuxusunda da əzab çəkə bilər.

Qəbir həyatını necə keçiririksə, axirətdə də o cür rəftar görürük. Qəbir həyatı yolun qalan hissəsinin, yəni gələcək axirət həyatının necə olacağından xəbər verir. Demək ki, qəbir həyatı yaxşı keçən adam digər səfərlərdə də sıxıntı çəkməyəcək.

Yekun olaraq; bəzi filosoflar, bir qisim təsəvvüfçülər və xristianlar təkcə ruhun əzab çəkəcəyini desələr də, əksər alimlər və haqq məzhəblər vücudun ruhla birlikdə dirildiləcəyinə və ikisinin də əzab çəkəcəyinə inanır. Çünki ruhla cəsəd topalla kor kimidir. Kor topalı belinə alır, topal da kora yolu göstərir və beləcə hər ikisi yol almış olur. Ruhla cəsəd dünyada olduğu kimi, axirətdə də həm əzabda, həm də ləzzətdə ortaqdır. Üstəlik, ayə və hədislər də vücudun və bədən üzvlərinin görəcəyi əzabdan, dadacağı nemətlərdən açıq-aşkar bəhs edir. Axirət həyatına uyğun bir vücud olmadan nemətlərdən necə istifadə etmək olar? Bir də ki, ruhla birgə cəsədimizin zərrəciklərini də yaradan Allah (c.c.) bədəni də dirildəcək; ya ona əzab verəcək, ya da nemətlərlə mükafatlandıracaq. Qüdrət və elm Onundur, necə istəsə, elə də edər. İnsan hər bir məsələnin həqiqətini o biri aləmdə o qeyri-adi mükafatları öz gözləri ilə görəndə anlayacaq. Çünki onları nə göz görüb, nə qulaq eşidib və nə də ağıl təsəvvürə gətirib.



[1] “İsra” surəsi, 17/15

[2] “Mömin” surəsi, 40/46

 [3] Müslim, “Səhih”, 14, 28

 [4] Müslim, “Səhih”, 14, 29

 [5] İdrar – sidik. İbn Macə, “Sünən”, 1/417.