Mənəviyyata Açılan Pəncərə

Ananın fəziləti

Ana bir milləti yetişdirən ailənin ən mühüm fərdidir. O, İslam nəzərində o qədər müqəddəsdir ki, Allah Rəsulu (s.a.s.): “Cənnət anaların ayaqları altındadır,”[1] buyurmuşdur.

Çünki ana bir xalqı yoğuran müqəddəs bir əl, toplumun ilk hüceyrəsi olan ailə yuvasının da qurucusudur… içində “civ-civ civildəşən” uşaqların ətrafa səadət və nəşə saçdığı bir yuvanın qurucusu…

Bu mənada İslamiyyət anaya elə uca məqam verir ki, bu yerdə durub ona daha üstün payələr axtarmaq o müqəddəs varlığı qabalaşdırmaq, zəbərcəd işləməli tacını götürüb yerinə şüşə parçalarla bəzədilmiş bir külah qoymaq deməkdir. Qadın və kişini xəlq edən Allah (c.c.) onlara fitrətlərinə uyğun qabiliyyətlər vermişdir. Qadın cismən çox zəif və incə varlıqdır, ətrafda baş verən hadisələr ona daha tez təsir edir. Belə zərif təbiətli bir varlığı fitrətinə uyğun işlərdən uzaqlaşdırıb incəliyi, zərifliyi və nəcibliyi ilə təzad təşkil edən peşələrdə çalışdırmaq açıq-aşkar zülmdən başqa bir şey deyildir.

Əslində, qadın adlı bu nəcib varlıq ona bəxş edilən bəzi qabiliyyətlərdə kişiləri çox-çox geridə qoyurlar. O, şəfqət qəhrəmanıdır, övladlarının üstündə yarpaq kimi titrəyir. Kişi şəfqətdə onunla yarışa bilməz. Bu hal təkcə insana məxsus deyildir; toyuğun var-yoxu bircə canı var, onu da balasını pişiyin ağzından xilas etmək üçün fəda edir. Bu əngin şəfqət hissi analara lütf edilmiş olduqca dəyərli və müqəddəs bir duyğudur. Bu hissi onun əlindən alıb əvəzində hansı payəni verirsiniz verin, Allahın lütf etdiyi ilə müqayisədə çox sönük qalacaq.


[1] Əcluni, “Kəşfül-xəfa”, 1/335; ayrıca bax; Nəsayi, “Cihad”, 6; İbn Macə, “Cihad”, 12.

Exit mobile version