- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Allah Rəsulu (s.ə.s) qeybi bilirdimi?

Bir şeyi görməmək, bilməmək kimi anlayışlar insana aid olduğuna görə qeyb aləmi və görünən aləm məsələləri əhəmiyyətlidir. Quran ayələri Allahın dünya həyatında görülməsinin, ilahi elmin və icraatların tam dərk edilməsinin qeyri-mümkünlüyünü vurğulayır. 

İnsan zaman və məkan maneəsinə görə və ya varlığın xüsusiyyətləri baxımından qeyb hadisəsi ilə üz-üzə gəlir. Qurani-Kərimin qeyblə bağlı ayələri heç kimin qeybi bilməyəcəyini bəyan edir. “De: “Göylərdə və yerdə heç kəs qeybi bilə bilməz! Qeybi yalnız Allah bilir![1], “Bilinməyən neçə-neçə xəzinələrin və görünməyən qeyb aləminin açarları Onun yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Onun xəbəri olmadan bircə yarpaq da düşməz. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!”[2]

Bu və buna bənzər ayələr göstərir ki, Allah seçdiyi peyğəmbərlər istisna olmaqla, heç kimi qeybindən agah və xəbərdar etmir. Peyğəmbərini hifz edir və Ona görmədiyi və bilmədiyi bəzi qeyb məsələlərini vəhy edir və xəbər verir. Hər hansı vasitə ilə əldə edilən bir şey tam qeyb ola bilməz. Bilinən mütləq qeyb deyildir. Buna görə də bütün bəşər elmi bir xəbər, bir təklif mahiyyətində ortaya çıxır və bəşər elminin haqdan xəbər verməsi haqqın mahiyyəti deyil, əlamətlərinin qəlbdə hazır olması ilə bir kəlami dəlalətdir. Vəhy Haqqın ayələrinin qəlbə girməsidir. Peyğəmbərlik isə Allahdan vəhy almaq və layiqincə  əməl etməkdən ibarətdir. Peyğəmbər vəhy ilə Haqqın ayələrini görür və xəbər verir.

Bütün bunların işığında deyə bilərik ki, Rəsulullahın mütləq mənada qeybi bilməsi mümkün deyildir. Ancaq ayədən aydın olur ki, Allah bəzi qeybi xəbərləri Rəsulullaha bildirir. Belə ki “Bunlar sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. O halda onların inkarına səbir et, dişini sıx və şübhən olmasın ki, xeyirli aqibət yalnız müttəqilərindir[3] ayəsində də Rəsulullaha (s.ə.s) qeybə dair bəzi məsələlərin bildirildiyi xəbər verilir. Rəsulullahın ümmətin gələcəyi, qiyamət əlamətləri və s.-ə dair verdiyi bəzi xəbərləri də bu çərçivədə götürmək olar.


[1] Nəml, 27/65.

[2] Ənam, 6/59.

[3] Hud, 11/49.