1. 243 dəfə oxunub ,   0 şərh   Çap et

Kainatın yaradılışında heyrətamiz bir ahəng və nizam-intizam vardır. Günəşin öz oxu ətrafında, Yer və digər planetlərin həm öz oxu ətrafında, həm də Günəş ətrafında, peyklərin də planetlərin ətrafında orbitdən bir millimetr də kənara çıxmadan hərəkət etməsinin necə xariqüladə nizamla cərəyan etdiyini hamımız bilirik. Süd yolu qalaktikasında – Yer də bu qalaktikaya daxildir – Günəş kimi milyardlarla ulduz, kainatda isə Süd yolu qalaktikası kimi milyardlarla qalaktikanın varlığını düşünsək, kainatın nə qədər möhtəşəm sistem olduğunu daha yaxşı anlayarıq.

Əslində, yaradılış möcüzəsini anlamaq üçün elə də çox uzaqlara getməyə ehtiyac yoxdur. Fəsillərin bir-birini nizamla izləməsi, gecənin ardınca gündüzün gəlməsi, yazda yer üzünün süfrə kimi minlərlə bir-birindən ləziz tərəvəz və meyvə ilə bəzədilməsi, hətta bir çiçəyin, bir kəpənəyin belə o füsunkar gözəlliyi Uca Yaradanın sonsuz qüdrət və elmini göstərməyə kifayətdir. İstəyirsinizsə, bir özümüzə də nəzər salaq: Rəbbimiz hər bir orqanımızı necə də yerli-yerində və mükəmməl yaratmışdır. Vücudumuzu təşkil edən trilyonlarla hüceyrə qarışıqlıq salmadan, xaos çıxarmadan necə hərəkət edir!

Bir də ki canlı-cansız, böyük-kiçik – bütün varlıqlar arasında müşahidə edilən mükəmməl ahəng, həmrəylik və yardımlaşma kainatı idarə edən, bu heyrətamiz nizamı qoyub işlədən bir və uca Allahın varlığını bizə aydın və parlaq bir kitab kimi oxudur.

Uca Rəbbimiz bu həqiqəti “Mülk” surəsinin üçüncü və dördüncü ayələrində belə bəyan edir:

“Yeddi qat göyü bir-birinə uyğun şəkildə yaradan da Odur. Sən Rəhmanın yaratmasında heç bir nizamsızlıq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir qüsur görə bilərsənmi?! Sonra gözünü qaldırıb təkrar bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!”

Bu möhtəşəm kainatı və gözəl qabiliyyətlər verilmiş insanı­ Uca Allah, əlbəttə ki, səbəbsiz yerə yaratmamışdır. Yaxşı, elə isə insanların və digər varlıqların yaradılmasında məqsəd nədir? Əslində, yuxarıda verdiyimiz ayə bizə bu baxımdan önəmli bir ipucu verir, amma bunun bir az da təfərrüatına varmaq faydalı­ olar.

Uca Allah bizə eşitmə, görmə, hiss etmə, düşünmə, sənətlə məş­­­ğul olma, idarə etmə kimi bir çox qabiliyyətlər vermişdir.­ Əs­lin­­də, bütün bu qabiliyyətlər bir cəhətdən bizim üçün Rəbbimizi ta­nımaqda meyardır..

Qeyri-adi rəssamlıq qabiliyyəti olan bir adam təsəvvür edək. Bu adamda bir neçə fırça hərəkəti ilə gözəl rəsmlər çəkmə bacarığı var. Əgər bu adam heç şəkil çəkməsə, onun o böyük rəssamlıq qa­biliyyəti üzə çıxar? Deyək ki, bu rəssam qabiliyyətini ortaya qoyub çox möhtəşəm rəsmlər çəkdi. O, çəkdiyi rəsmləri zövqlü­ və sənətə vaqif insanlara göstərməsə, bir küncdə gizli qalsa, mə­nası olarmı? Əlbəttə ki, belə üstün qabiliyyətli rəssam həm sənəti ilə gözəl əsərlər ortaya qoymaq, həm də sənətsevərlərə göstərmək istəyər.

İndi isə çox varlı və əliaçıq bir adam fərz edək. Bu adamın sər­vətinin ucu-bucağı yoxdur. Eyni zamanda da çox rəhmli, xeyirxah və əliaçıqdır. Başqalarına kömək və yaxşılıq etməkdən həzz alır. Əgər bu insanın ətrafında köməyə möhtac və ya yaxşılıq etməyə  bir adam olmasa, onun əliaçıqlığı üzə çıxarmı? Başqa sözlə, belə bir adam yaxşılıq və kömək etmək üçün insanların olmamasını heç arzu edərmi?

Belə misalları çox vermək olar, amma hələlik əsas mətləbə ke­çək. Kainatı yoxdan var edən Uca Rəbbimizin Rəhman, Rəhim, Kərim, Cəmil, Alim, Qadir, Şəfi kimi minlərlə ismi var. Əgər Allah kainatı yaratmasa idi, Onun sonsuz qüdrəti, tükənməz elmi, nəhayətsiz mərhəməti necə ortaya çıxardı? Göy üzünü par-par yanan ulduzlarla bəzəməsə, yer üzünü nazlı-nazlı yellənən ağaclarla, ləçək-ləçək açan çiçəklərlə, cəh-cəh vuran quşlarla, şırıl-şırıl axan çaylarla süsləməsə idi,  Onun qüsursuz gözəlliyi necə bilinərdi?

İnsana gəlincə, Rəbbimiz bizi bütün varlıqlardan üstün, müs­təsna qabiliyyət və istedadlarla, ən gözəl şəkildə yaratmış və bizə Ona qul olma kimi böyük bir məqam əta  etmişdir.

Bizdən istədiyi isə bir sənət sərgisi kimi yaratdığı bu kainata şüurla baxıb Onu tanımaq, bitib-tükənməyən və dadından doyulmayan nemətlərindən yenə Onun ölçüləri çərçivəsində yararlanıb şükür etməkdir.

Dua edək, Əziz olan Allah bizləri şükr edən bəndələrində etsin!




Şərh yaz