- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Alış-veriş ədəbi

عَنْ أَنَسٍ t قَالَ: نَهٰى رَسُولُ اللّٰهِ  أَنْ يَبِيعَ حَاضِرٌ لِبَادٍ وَإِنْ كَانَ أَخَاهُ لِأَبِيهِ وَأُمِّهِ.

Ənəs (r.a.) rəvayət etmişdir:

“Allah Rəsulu (s.ə.s.) şəhərlinin (bazar şərtlərini yaxşı bilən möhtəkir alıcının, dəllalın*) kəndliyə (bədəviyə) (malını necə satacağı haqda məlumatsız və asan aldadılan adama) dəllallıq etməsini (onun malını satmasını) atabir, anabir qardaş olsalar da, qadağan elədi”. [Buxari, Buyu 58; Müslim, Buyu 21]

İzah: Burada möhtəkirlərin (dəllalların) istehsalçını bazar qiymətlərində aldatması, əmtəəni istehsalçıdan alıb anbara yığması və bazarın kasadlaşmasını gözləyib qiyməti süni şəkildə artırması qadağan edilir. Bundan əlavə, möhtəkirlər (dəllallar) istehsalda iştirak etmədiyi halda malın istehlakçıya çatdırılmasında qiyməti artırdığı üçün bu iş doğru hesab edilməmişdir. Qeyd edilən xüsuslar istisna, bir adamın istehsalçı və ya kəndliyə pul qazanmaq məqsədilə deyil, bazarın vəziyyəti ilə əlaqədar və əmtəəni ən səmərəli şəkildə satmaq niyyəti ilə kömək etməsi hədisdə bildirilən möhtəkirlik məfhumuna daxil deyildir.

 عَنْ أَب۪ي هُرَيْرَةَ t قَالَ: نَهٰى رَسُولُ اللّٰهِ  أَنْ يَب۪يعَ حَاضِرٌ لِبَادٍ وَلَا تَنَاجَشُوا وَلَا يَبِعِ الرَّجُلُ عَلٰى بَيْعِ أَخِيهِ وَلَا يَخْطِبْ عَلٰى خِطْبَةِ أَخِيهِ وَلَا تَسْأَلِ الْمَرْأَةُ طَلَاقَ أُخْتِهَا لِتَكْفَأَ مَا ف۪ي إِنَائِهَا.

وَف۪ي رِوَايَةٍ قَالَ: نَهٰى رَسُولُ اللّٰهِ  عَنِ التَّلَقّ۪ي وَأَنْ يَبْتَاعَ الْمُهَاجِرُ لِلْأَعْرَابِيِّ وَأَنْ تَشْتَرِطَ الْمَرْأَةُ طَلَاقَ أُخْتِهَا وَأَنْ يَسْتَامَ الرَّجُلُ عَلٰى سَوْمِ أَخِيهِ وَنَهٰى عَنِ النَّجَشِ وَالتَّصْرِيَةِ.

Əbu Hureyrə (r.a.) rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) şəhərdə yaşayan adamın kənddə, çöldə yaşayanların malını alaraq baha qiymətə satmasını (möhtəkirliyi) qadağan elədi. Bundan başqa bu­yurdu: “Alış-verişi (müştərini) qızışdırmayın”.

İzah: Mala tələb olmadığı halda sırf müştərini aldatmaq və malınızı ona satmaq üçün malın qiymətini süni şəkildə qaldırmayın və ya satıcı ilə alıcı arasına üçüncü bir şəxsi salıb (özünü yeni bir alıcı kimi göstərərək) mal almaq istəyən müştərini aldatmaqla  qiyməti artırmayın.

“Din qardaşınızın etdiyi alış-verişin üstündən alış-veriş etməyin”.

İzah: Satıcı və alıcı malın alışı məsələsində razılaşdıqdan sonra alıcı və ya müştəri qismində üçüncü şəxsin araya girərək sövdələşmənin ləğvinə səbəb olan cazibədar təkliflər verməsi doğru de­yildir. Ancaq hərrac (tender)  yolu ilə satış məqbuldur.

“Din qardaşınızın evlənmə təklifi edib razılaşdığı bir qadına evlənmə təklifi etməyin və ya elçi göndərməyin!”

İzah: Bir kişi bir qadınla söz kəsib və ya nişanlanıb mehri mü­əy­yənləşdirəndən və evlənməyə qərar verəndən sonra şərəf, hey­siyyət, vicdan və insaf sahibi heç bir insan bu razılaşdırılmış mehrdən daha çox mehir və daha yaxşı təkliflər irəli sürməklə araya fitnə-fəsad salmasın.

“Heç bir iffətli qadın da (qohumluq baxımından bacı olmasa da, qadın olaraq) bacısı sayılan ailəli bir qadının imkanlarına göz dikib onun boşanmasını istəməsin!”

İzah: Heç bir namuslu qadın müsəlman və ya qeyri-müsəlman bir qadının səadətinə, gözəl güzəranına göz dikib onun ərinə: “Arvadını boşa, mənimlə evlən,” – deyə bilməz, deməməlidir.

Digər bir rəvayətdə isə Əbu Hureyrə (r.a.) belə demişdir:

“Allah Rəsulu (s.ə.s.) kəndli (bədəvi, qeyri-şəhərli) istehsalçının maddi mənfəətdən ötrü bazara çatmadan yolda qarşılanmasını (əmtəəsinin alınmasını), şəhərlinin (möhtəkir tacirin) kəndlinin malına dəllallıq etməsini, bir qadının nikahlanacağı kişiyə (qohumluq baxımından onun bacı olmasa da, qadın kimi)  bacısı sayılan arvadını boşamağı şərt qoymasını, din qardaşının sövdələşməsinin üstündən qiymət artıraraq sövdələşməyi, müştəri qızışdırmağı və satlıq heyvanın südünü sağmayıb çoxlu süd verən heyvan kimi göstərərək satmasını qadağan elədi”. [Buxari, Buyu 64; Müslim, Buyu 11]