Mənəviyyata Açılan Pəncərə

Ailədaxili məsləhətdə nələrə diqqət edilməlidir?

Bir çox valideyinlərin ehtiyac görmədiyi və diqqət etmədiyi ailədaxili məşvərətlər[1] əslində mümkünsüz kimi görünən bir çox problemin həllində mühim rol oynayır. Ailədaxili problemlər ətraflı müzakirə olunmalı, hamının fikri və bilgisi daxilində ortaq çarələr tapılmalıdır. Yaxşı, bəs nədir ailədaxili məşvərət və necə edilməlidir?

* Ailədaxili məşvərət ailə olmağın ən önəmli xüsusiyyətidir. Yeddi yaşdan yuxarı bütün ailə fərdlərinin problemlərinin dilə gətirildiyi, fikir söyləmək haqqının olduğu, problemlərin qarşılıqlı fikir mübadiləsi ilə həllini tapdığı ailə iclasıdır.

* Ailədaxili məşvərətin müəyyən məqsədi və qaydaları olmalı, məqsədsiz və necə gəldi icra edilməməlidir.

* Bu məşvərət mütəmadi yerinə yetirilməlidir. Həftədə bir dəfə, eyni gün və eyni saatda olsa daha yaxşı olar. Məcbur olmadıqca yığıncaq vaxtları dəyişdirilməməli, istisna hallarda dəyişiklik etmək lazım gəlsə yeni vaxt ortaq qərarla təyin olunmalıdır.

* Məşvərət zamanı ailənin hər bir üzvü fikir bildirmək haqqına sahib olmalı, hamının fikirlərinə dəyər verilməlidir. Məsələlər hörmət çərçivəsində, münaqişəsiz, hamının fikri dinlənilərək həll edilməlidir.

* Məşvərət qaydalarına əməl edilməsinə atanın nəzarət etməsi daha yaxşıdır.

* Məşvərətdə yeddi yaşından kiçik uşaqlar iştirak etməməlidir. Yığıncaq uşaqların psixoloji inkişafına çox böyük təsir etdiyi üçün yeddi yaşından etibarən bu məclislərdə iştirak etmək haqqına sahib olmalıdırlar. Yığıncaqlarda ilk dəfə iştirak edən uşaq xüsusi olaraq məsləhət masasına dəvət edilməli və bununla uşağa yeni bir mövqe qazandığı hiss etdirilməlidir.

* Məşvərətdə qərarlar səsvermə yoluyla qəbul olunmalı, səslərin bərabər olduğu hallarda isə iclasa rəhbərlik edən atanın səsi iki səs kimi hesablanmalıdır. Uşaqlar yeddi yaşından etibarən ailə iclaslarında iştirak etmək haqlarına sahib olsalar da qərar qəbul etmək qabiliyyətləri lazımınca inkişaf etmədiyindən on iki yaşından əvvəl səsvermə haqqına sahib deyillər. Alınan qərarlara qətiyyətlə əməl olunmalıdır. Beləliklə, uşaqlar başqalarının haqlarına hörmət və qoyulan qaydalara əməl etməyi, eyni zamanda başqalarının fikirlərinə dəyər verməyi öyrənirlər.

* Ailə məşvərətləri problemlərin həll olunduğu yer kimi qəbul edilməlidir. Ayaqüstü alınan qərarlardan fərqli olaraq iclas masasında alınan qərarların təsiri daha güclüdür. Həmçinin problemlərin ən xırda detallarının deyilməsi və təhlil olunmasına əlverişli şərait yarandığı üçün hamının fikri nəzərə alınmış olur.

* Ailədaxili məşvərət uşaqların müəyyən qabiliyyətlərinin formalaşmasına təsir edən ən əhəmiyyətli faktorlardandır. Fikirlərini və problemlərini sərbəst ifadə etmək üçün fikir söyləmək haqqı verilən uşaq, ailəsi tərəfindən qiymətləndirildiyini hiss etməyə başlayır. Əgər uşaqlara layiq olduğu zamanda, layiq olduğu dəyər verilməzsə uşaqlar bu dəyəri kənarda axtarmağa başlayır.

* İclas masasında münaqişə, mübahisə və ya narazılıq olsa da müzakirələrə səbirlə davam edilməlidir. Beləliklə uşaqlar bir çox məsələlərin həll edilməsi yollarını təcrübələrdən qazandığı biliklərlə öyrənmiş olar və problemləri həll etmə qabiliyyətləri inkişaf edər.

[1] Bir məsələni həll etmək üçün yığışıb danışmaq, müzakirə etmək, məsləhətləşmək nəzərdə tutulur.

Exit mobile version