Aylıq namaz vaxtları
802 dəfə oxunub ,   0 şərh   Çap et

Aradan üç il ötmüşdü: fərdi səylərlə iman halqası ancaq bu qədər genişlənə bilmişdi. Bir yaxınının da İslamı qəbul etməsinə şahid olan, yaxud qapısı döyülüb imana dəvət edilən və ya Qureyşin nifrət dolu etirazı ilə rastlaşan bir çox insan Məkkədəki bu dəyişikliyin fərqinə varır və artıq bu mövzu əksəriyyətin əsas gündəmini təşkil edirdi. Müxatəblər nəzdində dəvətin diqqəti cəlb etməsi üçün yeni bir açılışa ehtiyac var idi və çox keçmədən  yenə Cəbrail gəlmiş, mərhəmətli Rəbbimizdən yeni bəyanlar gətirmişdi. Vəhyin ağırlığı keçəndən və Cəbrail də gedəndən sonra Rəsulullahın qəlbinə həkk olunan ayə bunları söyləyirdi:

− Öncə ən yaxın qohumlarını xəbərdar et! Sənə tabe olan möminləri şəfqətlə qanadının altına al! Və de: “Mən sizin üçün açıq-aşkar xəbərdar edənəm”.[1]

Hadisələr  yeni bir mərhələnin başlanmasından xəbər verirdi. Artıq İslamın təbliği fərdi və gizli şəkildə deyil, bundan sonra açıq-aşkar, böyük kütlələr əsas götürülərək aparılacaqdı. Peyğəmbərimiz (s.ə.s.) öncə Hz. Əlini hüzuruna çağırır və onunla dərdləşir:

− Ey Əli! Allah (cəllə cəlaluhu) Mənə xəbərdarlıq etməyə ən yaxın qohumlarımdan başlamağı əmr edir. Mən, onsuz da, dəmir buxovların arasında sıxıldıqca sıxılmış və onların da bu işi öz çiyinlərinə götürəcəyi günü səssizcə gözləmişəm. Belə ki, bu günlərdə Cəbrail gəldi və mənə:

−  Ey Məhəmməd! Sən sadəcə Rəbbinin Sənə əmr etdiyini yerinə yetir, çünki Sən ancaq bunları yerinə yetirməklə mükəlləfsən, − deyir. Amma başqa bir məsələ də var. Dərhal bir yemək ziyafəti təşkil edək, yeməkdə qoyun budu və südlə dolu kasalar da olsun. Sonra da bu ziyafətə Abdulmuttalib ailəsini çağır ki, mənə təbliğ olunan məsələləri onlara da çatdırım.

Hz. Əli deyilənləri yerinə yetirmiş və o günə münasib bir süfrə hazırlamışdı. Gələnlər, əmiləri başda olmaqla, təxminən qırx nəfərlik bir heyət idi. Allah Rəsulu (s.ə.s.)  Hz. Əlinin süfrəyə qoyduğu əti əli ilə hissələrə parçalayır və qonaqlara xidmət edirdi. Yeməkdən sonra içəcəklər gətirilir və bu da yeməkdə olduğu kimi, gözəl izzət və ikramla yekunlaşır. Qonaqlar artıq belə bir qonaqlığın nə məqsədlə təşkil edildiyini və sonda nə ilə qarşılaşacaqlarını fikirləşməyə başlamışdılar. Bu əsnada Rəsulullah (s.ə.s.) söz alıb məqsədini bildirmək istəyirdi ki,  əmisi Əbu Ləhəb ortaya atılıb:

− Görürəm ki, adamınız sizi yaxşı ovsunlamışdır,− deyir. Qəlbi kinlə o qədər dolu idi ki, bununla kifayətlənməyəcək və əlavə edəcəkdi:

− Budur, bunlar sənin əmilərin və əmilərinin uşaqlarıdır, nə danışacaqsansa, danış! Babalarının dinindən üz döndərməyi də bir kənara qoy. Bil ki, artıq qövmünün səbir kasası daşmaq üzrədir. Sənin qarşını almaq vəzifəsi də mənim üzərimə düşür. Sən təkcə qohumlarınla kifayətlən! Əgər bu yolda israrından əl çəkməsən, bil ki, Qureyş gəncləri üstünə daraşacaq, ərəblər də onlara dəstək olacaq. Mən Sənin kimi qohum-əqrəbasının başına  belə  böyük  müsibət gətirən görməmişəm.

Məclis bir anda buz kimi soyumuşdu. Bu qədər səy hədər olmuş və Hz. Məhəmmədə (s.ə.s.)  bir neçə dəqiqə də olsa, danışmaq imkanı verilməmişdi. Əbu Ləhəb üstəlik həqarətlər yağdırmış, Allahın ən sevimli qulunu Son Peyğəmbəri hamının gözü qarşısında təhqir etmişdi. Əmisi idi, amma bu, qeyrətullaha (Allahın şəninə) toxunacaq çıxış idi.

Beləcə, otağa çökən ağır havanın təsiri ilə qohumlar artıq yavaş-yavaş dağılışmağa başlamışdılar. Ertəsi gün Allah Rəsulu (s.ə.s.) Hz. Əlini yenidən çağırıb:

− Ey Əli! Dünən bu adamın dediklərini sən də eşitdin, mən bir kəlmə danışmamış insanlar dağılışdılar. Sən bu gün yenə bir yemək hazırla və qohumları yenə bu ziyafətə dəvət et,− buyurur.

Bundan sonra eyni işlər təkrar başlayır. Axşam düşməmiş zəngin bir süfrə hazırlanır. Nəhayət, yeməklər yeyilib qurtarandan sonra Allah Rəsulu (s.ə.s.) ayağa durur. Əvvəlcə Allaha həmd-səna edib, qohum-əqrəbalarına belə səslənir:

− Ey Abdulmuttalibin oğulları! Allaha and olsun ki, Mən ərəblər  arasında sizin gənciniz (Hz. Məhəmməd) qədər xeyirli bir dəvətlə gələnini bilmirəm. Mən sizə dünya və axirət xeyirini birlikdə gətirdim. Allah (cəllə cəlaluhu) mənə sizi Ona dəvət etməyi əmr etdi. Belə əhəmiyyətli yolda indi sizin hansınız mənə dəstək olar və kömək edər,  mənimlə yaxın dost və qardaş olarsınız?

Allah Rəsulunun (s.ə.s.) tələbinə qonaqlardan bir cavab yox idi. Dərin sükut çökmüşdü, sanki, hər yerə. Heç kimdən səs çıxmırdı. Bu dərin səssizliyi uşaq sayıla biləcək bir şəxsin  hayqırtısı  pozdu:

− Mən, ey Allahın Rəsulu! Bu yolda Sənin ən böyük köməkçin mən olaram.

Hamının üzü bir anda səs gələn tərəfə çevrilir. Hz. Əli idi. Halbuki, həmin vaxt o, onların ən kiçiyi idi. Onun böyüklərdən əvvəl və böyük kimi davranışı qarşısında Allah Rəsulu (s.ə.s.) əvvəlcə başını sığallayır, sonra da:

− Baxın, bu, mənim qardaşım və ən yaxın köməkçimdir. Ona qulaq asın və dediklərinə fikir verin, − deyir. Rəsulullah (s.ə.s.) təklifinin qəbulunu gözlədiyi halda, qohum-əqrəba bu sözlərə gülüşməyə başlayır. Sonra Əbu Talibə tərəf dönüb ona söz atırlar:

− Bundan sonra sən də oğluna qulaq asar və ona itaət edərsən!

İkinci ziyafət də sona çatmış, bütün cəhdlərə baxmayaraq, səmərə əldə edilmədən, yenidən hamı öz evinə yollanmışdı.

Ancaq bu gün dünənə nisbətən daha fərqli idi, çünki artıq Qureyş Allah Rəsuluna (s.ə.s.) və gətirdiklərinə qarşı açıq şəkildə  bir cəbhə halında birləşmiş, dünənədək fərdi cəhdlərlə qarşısını almağa çalışdıqları haqq mübarizəyə mane olmağı bundan sonra təşkilati məsələ kimi görməyə başlamışdı. Hər halda, Peyğəmbərimizə az da olsa, sahib çıxan, arxasında səf bağlamasa da, dəstək olan vardı. O gün  də əmisi Əbu Talib araya girir, şəfqət və mərhəmət dolu səslə qardaşı oğluna təsəlli verir:

−Budur, əmilərinin vəziyyətini görürsən. Mən də onlardan biriyəm, ancaq mən Sənin xoşuna gələni etmək məsələsində onlardan bir addım irəlidəyəm. Əmr olunduğun kimi yoluna davam elə! Vallah, mən Səni himayə etməyə davam edəcəyəm. Ancaq nəfsim Abdulmuttalibin dini xaricində, bir başqa anlayış qəbul etmək istəmir, − deyərək qardaşı oğlunun gətirdiklərini qəbul etməsə də, Ona dəstək olur. Onun bu sözləri Əbu Ləhəbi təbdən çıxarır və:

− Vallah, bu, daha da pisdir. Başqaları Onun dərsini verməmiş siz qabağına çıxıb Ona mane olun, − deyir.

Artıq iş get-gedə inadkarlıq xarakteri alırdı. Əbu Ləhəb etiraz etdikcə Əbu Talib Ona dəstək olur və qardaşı oğluna daha möhkəm bağlanırdı. Son sözü yenə o deyir:

− Vallah, nə qədər ki, biz sağıq, Onu qoruyacaq və başqalarından gələn təhlükələrdən də müdafiə edəcəyık![2]

Hörmətli və nüfuzlu bir adamın Ona arxa olmasına heç bir söz deyilə bilməzdi, ancaq Əbu Talibin bu hərəkəti heç də yaxşı deyildi. Qardaşı oğlunu himayə etməklə hamıya qarşı çıxmışdı və qərarında da israrlı idi. Onun bu sözlərini eşidib daha da qəzəblənən bir qrup qureyşli  çox keçmədən  Əbu Talibin qapısını döyür:

− Ey Əbu Talib! − deyirlər. Xeyir bir iş üçün gələnə oxşamırdılar. Səslərinin tonundan cümlələrin axarını təsəvvür etmək mümkün idi, − sənin bu qardaşın oğlu bizim ilahlarımız haqqında xoşumuza gəlməyən sözlər danışır. Bundan başqa, dini inanclarımızı qınayır və rəhbərlərimizi səfehliklə günahlandırıb ata-babalarımızın da zəlalətdə olduğunu söyləyir. İndi sən ya Onu bu işdən uzaqlaşdırar, ya da məsələni öz aramızda həll etmək üçün Onu bizim öhdəmizə ver!

Ata yadigarı bir  bu cür gözünü qan örtmüş ac qurdlara təslim edilərdimi heç? Əbu Talib əvvəlcə gərginliyi azaltmağa çalışır, ardınca da onların könlünü alır, qəzəb tufanını yatırıb yola salır.[3]

Ancaq bu, “Qureyş narahat oldu” deyə, əl çəkiləsi iş deyildi. Allahın əmri var idi və bu əmr mütləq yerinə yetirilməli idi. Gün keçdikcə imanla küfrün arası daha da açılır və kimin hansı tərəfdə dayandığı aydınlaşırdı. Aradan bir neçə gün də keçmiş, vəhyin ağırlığı Allah Rəsulunda (s.ə.s.) özünü yenə hiss etdirməyə başlamışdı. Yenə Cəbrail gəlmiş və bu əmri yerinə yetirməsini söyləyirdi. Bundan sonra yenə də  ziyafət təşkil edilmişdi. Ləziz yeməklərlə mədələrə “səsləndikdən” sonra Allah Rəsulu ayağa qalxıb könüllərə xitab etməyə başlayır:

− Əlbəttə ki, əsl, həqiqi rəhbər öz xalqına yalan danışmaz. Allaha and olsun ki, mümkün olmayanı bir anlığa mümkün saysaq, əgər mən bütün insanlara yalan danışsam, sizə qarşı bunu qətiyyən etmərəm, bütün insanları aldatsam, sizi aldatmaram. Allaha and olsun ki, o Allahdan başqa ilah yoxdur, mən də, şübhəsiz ki, xüsusi olaraq sizin, ümumi mənada da bütün insanların peyğəmbəriyəm. Allaha and olsun ki, şirin yuxuya getdiyiniz kimi öləcək, yuxudan oyandığınız kimi də yenidən dirildiləcək və bu gün etdiklərinizə görə sorğu-suala çəkiləcəksiniz. Yaxşılıqlarınıza mükafat alarkən, pis əməllərinizə görə də xoşlamayacağınız mənzərələrlə qarşılaşacaqsınız. Bu nəticə də ya əbədi cənnət, ya da əbədi cəhənnəm olacaq! Allaha and olsun, ey Abdulmuttalib oğulları! Mənim sizə gətirdiklərimdən daha xeyirli və fəzilətlisini öz qövmünə gətirən başqa bir gənc bilmir və tanımıram. Mən sizə dünyanı və axirəti birlikdə təqdim edirəm.[4]

Bu qədər səy göstərilsə də, heç bir nəticə əldə edilməmişdi. Ancaq nəticənin arzu edilən səviyyədə olub-olmaması atılacaq addımları müəyyənləşdirmək üçün bir əsas deyildi. Sırf  Allah istədiyi üçün bir işə təşəbbüs göstərilir və addımlar da buna uyğun atılırdı. Buna görə də bu və buna bənzər ziyafətlərin ardı-arası kəsilməyəcək, mədələrlə açmağa çalışdıqları qapıdan Allahın dinini yaymaq üçün girməyə səy göstərəcəkdilər. Artıq Hz. Xədicə anamız tez-tez bu cür ziyafətlər təşkil edir, Hz. Əli və Hz. Zeyd də insanları bu məclislərə dəvət edib onlara  can-başla xidmət göstərirdi. Hz. Xədicənin bir vaxtlar göz qamaşdıran sərvəti  bu ziyafətlərdə əriyəcəkdi.

Yenə belə ziyafətlərin birində əmisi Əbu Ləhəb olduqca yumşaq və gözəl sözlərlə onlara səslənən Rəsulullaha (s.ə.s.) qarşı çıxır və üzünü Abdulmuttalib ailəsinə tutaraq bunları söyləyir:

− Ey Abdulmuttalibin övladları! Allaha and olsun ki, bu, çox pis vəziyyətdir. Başqaları Onunla bağlı bir qərar verməmiş əvvəlcə siz buna bir çarə tapmalısınız. Əgər işlərinizi bunun öhdəsinə buraxsanız, rəzil-rüsvay olarsınız. Onu qoruyub müdafiə etməyə çalışsanız, başınızdan bəla əskik olmaz.

Əbu Ləhəb bu sözləri ilə digər insanları qorxudub Rəsulullahdan uzaqlaşdırmaq məqsədini güdürdü və təəssüf ki, bu çox vaxt tə­sir­li ­olurdu. Ancaq onların arasında insaflı adamlar da vardı: Pey­ğəm­bərimizin (s.ə.s.) bibisi və Əbu Ləhəbin bacısı Safiyyə binti Abdulmuttalib ayağa duraraq qardaşına belə cavab verir:

− Sənin heç xoşuna gələr ki, qardaşın oğlunun başına bir iş gəlsin? Allaha and olsun ki, alimlər neçə illərdir ki, Abdulmuttalibin soyundan bir Peyğəmbərin çıxacağını söyləyirdilər, bu, məhz Odur!

Safiyyə anamız sözünü qurtarmamış Əbu Ləhəb yerindən qalxıb yenə danışmağa başlayır:

− Yox, yox. Bu, boş xəyaldan başqa bir şey deyil. Qadınların sözünə qulaq asmaq bizə onsuz da utanc gətirir. Həm də Qureyş və ərəblər birləşib qarşımıza çıxsa, onlara qarşı hansı gücümüzlə cavab verəcəyik? Vallah, həmin vaxt biz yetişmiş sünbüllər kimi  toplanar, onların qarşısında məhv olub gedərik, − deyir.

Yenə məqsəd hasil olmamışdı. Bütün səyləri bu dəfə də alt-üst edən Əbu Ləhəb olmuşdu. Oranı tərk edərkən onun qardaşı oğluna bu qədər sərt davranmasını heç cür həzm edə bilməyən Əbu Talibin yenə o tanış  səsi eşidilir:

− Allaha and olsun ki, sağ olduğum müddətdə Onu mütləq qoruyacaq və bütün təhlükələrdən  mühafizə edəcəyəm.[5]

Hər dəfə bir araya gəlmək Rəsulullah (s.ə.s.) üçün yeni bir ümid, hər yeni dəvət də qəlbləri yumşaltmaq naminə yeni bir hədəf idi. Yenə belə bir ziyafətdən sonra qonaqlara belə səslənəcəkdi:

− Ey Abdulmuttalib oğulları! Şübhəsiz ki, Allah məni ümumi olaraq bütün insanlara, xüsusi olaraq da sizə peyğəmbər göndərdi və mənə: “Öncə yaxın qohumlarını xəbərdar et!” − deyə əmr etdi. Mən də sizi, deyilməsi çox asan, amma axirət tərəzisində çox ağır gələcək iki sözə dəvət edirəm. Gəlin Allahdan başqa ilah olmadığına, mənim də Onun Rəsulu olduğuma şəhadət gətirin.”[6]

Bütün bunlar, ən yaxınlarının da əlindən tutub onları cəhənnəm əzabından qorumaq  səyləri idi. Ona qarşı cəbhə təşkil etsələr və hər fürsətdə qarşı çıxsalar da,  O, yenə də ümidlə qapılarını döyür və hər fürsəti dəyərləndirib qəlblərinin yumşalacağı zamanı gözləməyə çalışırdı. Çünki O, təbliğ eşqini zirvədə təmsil edirdi, günlərlə heç nə yeməsə də, içməsə də, bunu özü üçün problemə çevirməzdi, amma Allahın adını bir möhtac könülə çatdırmaqda ən xırda qüsuru özü üçün böyük qəbahət sayırdı. Qohumları iman gətirmir deyə, hədsiz iztirab çəkirdi. Onun bu halını müxtəlif ayələrdə qeyd edən Quran hər dəfə qapılarını döydüyü halda, Onun sözlərinə əhəmiyyət verməyən və bununla da kifayətlənməyib qarşı çıxan adamlara görə necə kədərləndiyini bildirəcək, Ondan sonra gələnlərə bir örnək  kimi təqdirlə təqdim edəcəkdi.”[7]

Genişlənən təbliğ halqası

Bu arada hər ötən gün yeni ayələr gəlir və möminləri imanını qüvvətləndirib onların müqavimət və dözümünü daha da artırırdı. Bir müddət sonra “Sənə əmr olunanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!”[8] məalındakı  ayə gəlir. Artıq bu dəfə hökm daha ümumi idi və ilk planda bütün Məkkəni, sonra da bütün insanları hədəf seçmişdi. Belə bir əmri yerinə yetirməmək olardımı?

Dərhal Səfa təpəsinin üstünə çıxır və:

− Ey sabahah! Ey sabahah, − deyə bütün Məkkə əhalisinə səslənir. Bu cür səsləniş, ümumiyyətlə, böyük düşmən təhlükəsi gələrkən in­sanların hazırlanması, tədbir görməsi üçün edilirdi. Bu səsi eşidər-eşitməz hər kəs öz tədbirini gorür və düşmənə qarşı hazır vəziyyətə gəlib gözləməyə başlayırdı. Məhz bu gün Allah Rəsulu (s.ə.s.) onları sabah başlarına gələcək hadisələrdən qorumaq üçün bu yolu sınayırdı. Buna görə də heç kim bu səsə biganə qala bilməzdi. Gələ bilən özü gəlir, gələ bilməyənlər isə yerinə mütləq bir nəfər göndərirdi. Səfa təpəsində artıq böyük bir izdiham əmələ gəlmişdi. Əvvəlcə Allah Rəsulu (s.ə.s.) ora yığışanların qəbilə-qəbilə adlarını çəkərək onların diqqətini bir yerə cəmləyir:

− Ey Fihroğulları! Ey Adiyyoğulları! Ey Abdimənafoğulları və ey Abdulmuttalib oğulları…!

Hər kəs gözlərini diqqətlə Rəsulullaha (s.ə.s.) zilləyib verəcəyi  xəbəri intizarla gözləyirdi. Bu vaxt bəziləri öz aralarında:

− Adamları bura çağırıb yığan kimdir? − deyə soruşur və cavabını da özləri verirdi:

− Məhəmməd!

Əbu Ləhəb də ora gələnlər arasında idi. Allah Rəsulu (s.ə.s.) nə deyəcəyini maraqla gözləyənlərdən öncə bunları soruşur:

− Əgər mən sizə desəm ki, bu dağın arxasında üstünüzə gələn düşmən ordusu var, məni yalan danışmaqda ittiham edərsinizmi?

− Xeyr, vallah, biz Sənin yalan danışdığını heç vaxt görməmişik, bu günədək Səndə həqiqətdən başqa heç nəyə şahid olmamışıq, − deyirlər. Onun gözlədiyi də bu idi, çünki bu cavabın üzərində bir hökm bina edəcəkdi:

−Ey Qureyş camaatı! − deyə səslənir və  bunları əlavə edir:

−Mən sizi sürətlə yaxınlaşan şiddətli bir əzabdan əvvəlcədən aşkar xəbərdar edənəm! Gəlin özünüzü Cəhənnəm əzabından qoruyun! Əks halda, Mən sizin üçün Allah qatında heç nə edə bilmərəm. Mənimlə sizin misalınız o adama bənzər ki, həmin adam düşməni görmüş və qaçaraq öz camaatını bundan xəbərdar etmişdir. Çünki o, düşmənin qəfil gəlib öz insanlarına ziyan verəcəyini əvvəlcədən görmüş, buna görə də yaxınlarını xəbərdar etmişdir. Ona görə də, hündür bir yerə çıxmış: “ Ey sabahah! Ey sabahah”,  deyə qışqırmağa başlamışdır.[9]

Başqa nə edə bilərdi ki? Əllərindən tutmaq üçün hər yolu sınayırdı, amma istədiyi nəticəni heç cür əldə edə bilmirdi. Amma nə əhəmiyyəti var idi! O (s.ə.s.), bütün bunları edərkən sonda əldə edəcəyi mükafatı düşünməmiş və hər dəfəsində Allahın əmrini yerinə yetirməklə Onun rizasını qazanmağı əsas qayə bilmişdi.

Peğəmbərimizin (s.ə.s.) bu qədər təkid etməsinin kökündə, əlbəttə ki, vəzifəsini layiqincə yerinə yetirmək şüuru dayanırdı. Həmçinin O, bir adamın belə göz görə-görə cəhənnəmə getməsini istəməzdi. Müxatəblərindən nə qədər həqarət və  pislik görsə də, O,  bir gün bu insanların yumşalacağına inanırdı. Həmin adamlar özləri olmasa da, ən azı onların nəslindən gələnlər bir gün İslamın dəyərini başa düşəcək və Ona təslim olacaqdılar. Bir də sabahkı hesab günündə Allah (cəllə cəlaluhu) hər kəsdən etdiyi əməllərin hesabını soruşacaqdı. Hesab günündə “Bizim xəbərimiz yox idi” kimi bir bəhanəyə sığınmaq istəyənlərin üzünə indidən həmin qapının bağlanması lazım idi. Məhz bu əsnada Allah Rəsulu (s.ə.s.) izdihamın arasında olan hər qohumunu xüsusi hədəf seçib  bunları deməyə başlayır:

− Ey Qureyş camaatı! Nəfsinizi əsir olmaqdan xilas edib onu Allahdan satın alın və cəhənnəmdən qoruyun, çünki sabah sizə nə bir zərərim, nə də bir faydam toxunar. Bilin ki, sabah Allahın dərgahında  sizə heç bir xeyrim dəyməz.

Ümumi olaraq başladığı xitabını bir az da daraldaraq xüsusiyə doğru gətirəcək və izdihamdakı insanlara adbaad səslənəcəkdi:

− Ey Kab ibn Luheyyoğulları!

− Ey Murrə ibn Kaboğulları!

− Ey Qusayoğulları!

− Ey Abdimənafoğulları!

− Ey Abdişəmsoğulları!

− Ey Haşimoğulları!

− Ey Abdulmuttaliboğulları! Cəhənnəmin alovundan özünüzü xilas etməyə çalışın! Çünki əks təqdirdə Mənim sizə nə bir zərər verməyə iqtidarım çatar, nə də bir xeyir verməyə. Mənim sizə heç bir faydam toxunmaz. İndi məndən və əlimdəki imkandan istədiyinizi tələb edin, verim, amma sabah Allahın qatında sizin üçün heç bir şey edə bilmərəm.

− Ey Abbas ibn Abdulmuttalib! Sabah Allahın qatında sənin üçün də heç bir şey edə bilmərəm.

− Ey Rəsulullahın bibisi Safiyyə binti Abdulmuttalib! Sabah Allah qatında  sənin üçün də əlimdən heç nə gəlməz.

− Ey Rəsulullahın qızı Fatimə binti Məhəmməd! Məndən və əlimdəki imkanlardan nə istəyəcəksənsə, indi istə! Sən də özünü cəhənnəmin alovundan qorumağa çalış! Sənin üçün də həmin vaxt Allahın dərgahında heç bir zərər və ya fayda verməyə iqtidarım olmaz, Allah qatında Sənin üçün də heç nə edə bilmərəm! Sizin üçün edə biləcəyim yeganə şey bu gün aramızdakı qohumluq xatirinə sizə baş çəkib könlünüzü şad etməkdir!

Bunların hamısı doğru idi və bunlara etiraz olaraq heç kimdən səs çıxmır. Peyğəmbərimiz (s.ə.s.) üzərinə düşən vəzifəni yerinə yetirmiş, bütün varlığı ilə qohumları ilə münasibətdə missiyasını həyata keçirmişdi. Onun bu nəsihətlərini eşidən insanlar heç bir reaksiya vermədən bir-bir evlərinə üz tutmuş, dağılışmağa başlamışdılar. Bu dəfə də onların arasından tanış bir sima irəli atılıb Rəsulullaha yaxınlaşır. Hirsindən dodaqlarını çeynəyirdi; görünür, gələcək günlərin xatırlanması  xoşuna  gəlməmişdi.

− Heyf  Sənə! Bizi buna görə çağırdın? Əllərin qurusun Sənin! − deyir və qardaşı oğlunu təhqir edir. Çox keçmədən yenə Cəbrail imdada yetişir, Rəsulullaha (s.ə.s.) bu ifadələrlə təsəlli verir:

− Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır![10]

Bu ayələr Allah və Rəsulunun dəvətini qəbul etməyən bir insanın Peyğəmbərə ən yaxın adam olsa belə, qurtula bilməyəcəyini təsdiq  edirdi. Bu ayələrdən xəbərdar olan Məkkə bu dəfə həqiqətən sarsılacaq, Əbu Ləhəb ailəsi gedəcəkləri ünvan açıq-aşkar göstərilsə də, bunu büruzə verməmək üçün özünü tox tutmağa çalışacaq, amma daxilən böyük sarsıntı keçirəcəkdi. Deyilənlər doğrudursa, onda necə? Həqiqətən, cəhənnəm varsa?!… Doğrudan da, Məhəmməd həmin gözlənilən Peyğəmbərdisə…? Amma artıq bir dəfə “yox” demişdi və bu sözünün üstündə axıra kimi duracaqdı. Vaxtı gəlincə Əbu Ləhəbin ölüm şəkli Quran və Rəsulullahın (s.ə.s.) onun haqqındakı hökmünü təsdiq edəcəkdi.

Allahın düşməni Əbu Ləhəbin arvadı Ümmü Cəmil də Rəsulullaha düşmənçilikdə ərindən geri qalmır və bəşəriyyətin gözlədiyi Son Peyğəmbərin keçdiyi yollara tikan tökür, gecələr qapısının ağzını murdar şeylərlə zibilləyirdi. Bu diliuzun və ağzıyava qadın başqa insanları da Allah Rəsuluna qarşı çıxmağa təhrik edir və düşmənçiliyi kütləvi etiraza çevirməyə çalışırdı. Buna görə də Quran ondan bəhs edərkən “odun daşıyan” ifadəsini işlədəcək və cəhənnəmdəki acınacaqlı halını ibrətamiz şəkildə sonrakılara da ərz edəcəkdi.

Bu hadisənin ardınca ərinin əleyhinə deyilənləri eşidib hirslənmiş Ümmü Cəmil hay-küy salmış və ovucladığı daşlarla Peyğəmbərimizin olduğu yerə tərəf getməyə başlamışdı. Qəzəbindən özünə yer tapa bilmirdi. Necə olur ki, Məhəmməd onlardan danışır və gələcək aqibətlərini belə pis və çirkin mənzərə ilə təsvir edirdi?

Bu əsnada sadiq dostu Əbu Bəkir yenə yanında idi Allah Rəsulunun (s.ə.s.). Ümmü Cəmilin hirslə gəldiyini görən kimi: “Ya Rəsulullah! Bu qadının ağzı yavadır, əgər Sizi burada görərsə, pis şeylər söyləyib  incidər” demək istəyirdi. Amma Rəsulullah (s.ə.s.) onunla eyni fikirdə deyildi:

− O, məni heç görməyəcək ki! − buyurur. Əbu Bəkir bu cümlədən hələ bir şey başa düşməmişdi, amma Rəsulullah buyurursa,  mütləq bir hikməti vardı. Elə isə səbir edib gözləyəcəkdi.

Bu vaxt Ümmü Cəmil də qəzəblə gəlmiş və hiddətlə:

− Ey Əbu Bəkir! O şeir oxuyan dostun haradadır? − deyir. Əbu Bəkir də dərhal cavab verir:

− Bu evin Rəbbinə and olsun ki, mənim Sahibim qətiyyən şair deyil və O, şeirin də nə olduğunu bilmir. Bunu sən də bilirsən.

Aydın idi ki, qadının dərdi şeir deyildi və havayı yerə danışıb vaxt itirmək istəmirdi. “Sənin gözlərin görmürmü?” mənasında  bir cavab verir Hz. Əbu Bəkir:

−Sən mənim yanımda kimisə görürsənmi?

−Məni ələ salırsan? Vallah, yanında heç kimi görmürəm, − deyir. İtiriləsi vaxtı yox idi və oradan uzaqlaşarkən:

−Qureyş də bilir ki, mən onların rəhbərinin qızıyam. Abdimənaf nəslindən birinin əleyhinə söz demək istəyən adam isə cəsarət edib əsla onun əleyhinə ola bilməz, − deyə söylənirdi. Bu, onun nəzərində meydan oxumaq idi. Gəlmişdi,  gəldiyi kimi də gedirdi.

Baş verənlərə şahid olan Hz. Əbu Bəkir (radiyallahu anh) Allah  Rəsuluna  tərəf çevrilir və:

−Ey Allahın Rəsulu! O qadın Səni niyə görmədi? − deyə soruşur.

−Burada Məni qanadları ilə ondan qoruyan bir mələk var idi, − buyurur Allah Rəsulu.[11]



[1]. Bax: “Şüəra” surəsi, 26/214

[2]. İbn Esir, el-Kamil fi’t-Tarih 1/584, 585; Mubarakfuri, er-Rahiku’l-Mahtum, s. 83, 84

[3]. Bax: İbn Hişam, Sire, 2/100-101

[4]. Bax: Taberi, Tarih, 1/542

[5]. Bax: Halebi, Sire, 1/459

[6]. Bax: Taberi, Tarih, 1/542

[7]. Bax: “Hud”surəsi, 11/12 (“Onların: “Heç olmasa, ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib təxirə salmalı) olacaqsan və bəzən buna görə ürəyin qısılacaq! Sən ancaq qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!”); “Kəhf” surəsi, 18/6 (“Yoxsa onlar bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!”)

[8]. Bax: “Hicr” surəsi, 15/94

[9]. Bax: Buhari, Sahih, 4/1804 (4523); Taberi, Tarih, 1/541

[10]. Bax: “Təbbət” surəsi, 111/1-5. Əbu Ləhəbin arvadı Əbu Süfyanın bacısı Ümmü Cəmil idi.

[11]. Halebi, Sire, 1/466




Şərh yaz