Mənəviyyata Açılan Pəncərə

Gənclərin yalnızlıq problemi

     Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur. Həmçinin sosial təzyiqlər, basdırılan hislər, sual və problemlər, nəsillər arasındakı  bağların zədələnməsi və ortaq dilə sahib olmamaq, başqa ölkərdə yaşayanların üzləşdiyi  mədəniyyət və adət-ənənə fərqləri, yaşıdları ilə arasındakı irq, din və dil ayrılığı, həmçinin onlara uyğunlaşa bilməmək də kiçik yaşlarda, habelə yeniyetməlik dövründə yalnızlığa gətirib çıxardan səbəblərdəndir. Üstəlik həyatla əlaqəli dərin və güclü mənəvi bağların olmaması, mənəvi və zehni narahatlıqlar, həmçinin yanlış dostluqlar gəncləri tənhalığa sürükləyən amillər arasındadır.

Gənclərin ətrafında səmimi, anlayışlı, şəfqətli, suallarını cavablayan və problemlərini həll etməkdə onlara kömək olacaq insanlar olmayanda yalnızlıq problemi tədricən daha da böyüyür və başqa problemlər yaradır.

Bu problemlər hər dövrdə olduğu kimi Rəsulullahın (s.a.s) dövründə də olub. İrqçilik, qan davaları, xəstəliklər, ixtilaflar, savaşlar, yoxsulluq, zərərli vərdişlər, şiddət və şəhvət o dövrün gənclərindən də yan keçməyib. Bunların gətirdiyi boşluğu doldurmaq üçün bəzi gənclər ovçuluq və ya ticarətin verdiyi imkanlarla gəzib dolaşmış və həqiqət axtarışında olmuşlar. Bəziləri isə çıxış yolunu zamanın tələblərinə ayaq uydurmaqda, içki, qumar və başqa əyləncələrdə görmüşlər.

Bütün bu problemlərə həll yolu tapmaq üçün Rəsulullah gəncləri depressiv hala salan problemlərə qarşı çox həssas və diqqətli davranmışdır. O, gənclərə bütün boşluqlarını dolduracaq həyat fəlsəfəsi, haqq və həqiqətləri, əxlaqı, məntiqi, mühakimə və səmimiyyəti ilə nümunə olurdu. Onları daim dinləyir, anlayır və şəfqətlə davranır, onlarla daim maraqlanır, hər zaman qayğı və diqqət göstərirdi. Beləliklə, onları həm yalnızlıq girdabından qurtarır, həm də köç, yetimlik, işsizlik, evlilik, xəstəlik və ölüm kimi hadisələrdə yaxınlığını hiss etdirərək yaranacaq yalnızlıq hislərinin qarşısını alırdı. Bu səbəbdən bir müddət sonra Ondan (s.a.s) ayrılıq və uzaqlıq onlar üçün ən böyük yalnızlığa çevrilirdi.

Şiddət və təcriddən yaranan yalnızlıq

Problemlərin çox olduğu bir mədəniyyətdə yaşayan və Onun (s.a.s.) dəvətindən sonra hüzur tapan gənclər, İslam qəbul etməklə sahib olduqları hər şeyi itirməyə başladılar. Ailələri, qohumları və cəmiyyət tərəfindən təcrid edilir, dostları və çevrəsi onları düşmən kimi görürdülər. Hətta şiddətə məruz qalır, alçaldılıb təqhqir edilirdilər. Azad, kasıb, zəngin, qadın kişi olmağından aslı olmayaraq İslamı qəbul edən hər kəs bu mərhələdən keçirdi. Belə ki, həzrət Abdurrahman ibn Avf onlara edilən zülmlərə cavab vermək üçün: “Ey Allahın Rəsulu! Biz müşrik olduğumuz vaxtlarda izzətli və şərəfli insanlar idik. İman etdikdən sonra bizi əzməyə, alçatlmağa və təhqir etməyə başladılar.” – deyirdi.[1]

Rəsulullah (s.a.s.) gənc əshabını dinləyir, onlarla yaxından maraqlanır və onların qarşılaşdığı şiddət və təcridolunma ucbatından yalnızlığa düşmələrinə fürsət vermirdi. Onlarla hər zaman görüşür, səbir və dua ilə Allaha yönəlmələrini, iman və qulluq bağı ilə Allaha  sığınmalarını tövsiyə edirdi.

Bir-birilərinin maddi və mənəvi problemlərini həll etmələri və bir-birilərinə dəstək olmaları üçün aralarında güclü qardaşlıq bağları qurur və onları bir-birinə hayan olmağa çağırırdı.[2] Onları hər zaman yaxşı əhval-ruhiyyə ilə ruhlandırırdı. 

İşkəncəyə məruz qaldıqda onları ziyarət edir, edəcəkləri səbir qarşılığında axirətdə qazanacaqları  mükafatlarla müjdələyir və onlar üçün dua edirdi. Hamıya diqqət göstərir və problemlərinə çarələr tapmağa çalışırdı. Problemlərin artmaması üçün onları diqqətli və ehtiyatlı olmağa çağırır, çətinliklərə səbir etməkdə çətinlik çəkənlərə isə hicrəti tövsiyə edirdi.

Köç səbəbi ilə yaranan yalnızlıq

Məkkə və Mədinəyə hicrət edənlərin çoxu gənclər idi. Onlar bütün haqq və hüquqlarını, azadlıqlarını hüzur içində və təhlükəsiz şəkildə yaşamaq üçün doğulub böyüdükləri yurd-yuvalarını tərk edib fərqli mədəniyyətlərin olduğu diyarlara köçmüşdülər. Onların arasında yeniyetməlik yaşında olarlar da çox idi. Öz mədəniyyətlərindən, öyrəşdikləri həyat tərzindən ayrılmaq, maddi çətinliklər, düşdükləri mühitə uyğunlaşa bilməmək, qorxu və s. kimi səbəblər gənclərdə yalnız duyğusuna səbəb olurdu. Lakin Rəsulullah bu məsələdə çox həssas davranırdı. Bütün ehtimalları nəzərə alır və əshabının problemlərini daim təqib edirdi. Heç kimin özünü kimsəsiz, sahibsiz və yalnız hiss etməsinə imkan vermir, onlara şəfqət və mərhəmət ehtiva edən müjdələrli xəbərlərlə təsəlli verirdi.

Hicrət zamanı Kubaya çatdıqdan dərhal sonra əshabı ilə eyni dam altında görüşmək və onları bir-birilərinə yaxınlaşdırmaq üçün məscid inşasına başlamış və gənclərlə maraqlanmaq üçün “Beytül Uzzab” adlı bir yer açmışdı. “Subaylar evi” sayılan bu məkanda Rəsulullah gənclərlə söhbət edir və onların suallarını cavablayırdı. Beləliklə də onlarla səmərəli vaxt keçirərək hicrətin gətirə biləcəyi duyğusal boşluqların yaranmasına imkan vermirdi. Kubadan Mədinəyə gəldikdən bir müddət sonra ailəli mühacirləri ənsarın evlərinə yerləşdirmişdi. Məscidi-Nəbəvinin bir bölümünü yataqxana və mədrəsə üçün “suffa” olaraq ayırıb subay gəncləri də ora yerləşdirmişdi.

Gecə-gündüz onlarla maraqlanır, dərs qrupları təşkil edir, söhbətlər aparır, maddi-mənəvi bütün ehtiyaclarını şəxsən soruşur[3] və bir müddət sonra onlara vəzifələr verirdi. Heç kimi dərdləri ilə baş-başa qoymur, hər birinə dəyər verir və yaxınlığını hiss etdirirdi.  

Gənlər çox böyük problemlərə səbəb ola biləcək bu mərhələni Rəsulullahın (s.a.s.) yaxın və səmimi münasibəti sayəsində geridə qoyur və kamil insan kimi yetişərək yeni təşəkkül edən İslam cəmiyyətinin və mədəniyyətinin yüksəlməsində aktiv rol oynayırdılar.

Kimlik səbəbi ilə yaranan yalnızlıq

Cahiliyyə ərəbləri arasında qəbiləçilik, irqçilik və köləlik çox yayılmışdı. Cəmiyyətin yazılmamış qanunları vardı. Güclü zəifi əzir, haqqını tapdalayırdı. Qadınlar alçaldılır, incidilir və şiddət görürdü. Üstəlik şikayət edəcəkləri heç bir müəssisə və ya qurum da yox idi. Fərqli kimlikləri daşıyan insanlar zənginlərin əxlaq, hüquq və insanlığa zidd münasibətləri qarşısında yalnızlıq və iztirab duyurdular. Rəsulullah (s.a.s.) vəhyin rəhbərliyi ilə həyat, əxlaq, haqq və hüquq anlayışları formalaşdırdı. O, bu anlayışlarla haqsızlıqlara qarşı mübarizə aparır, ədaləti, birlik və bərabərliyi, qardaşlığı əsas götürür və hər kəslə maraqlanmağa çalışırdı. Hüquqları əlindən alınan insanlarla yaxından maraqlanır, hər birinə insan olaraq layiq olduğu dəyəri  verirdi.

Zeyd ibn Harisə, Həbbab ibn Ərət, Üsamə ibn Zeyd, Bilal Həbəşi, Səlman Farisi, Süheyb Rumi, Ümmü Eymən və bir çoxları Rəsulullahın bu münasibəti sayəsində müsəlmanların ən çox sevdiyi səhabələrdən olmuşlar. Bir çox insan fərqində olmasa da, O (s.a.s.) hər kəslə bir-bir maraqlanırdı.

Belə ki məscidi süpürən Ümmü Mihcən adlı zənci qadın bir gün vəfat etmiş və səhabələrdən biri Rəsulullaha xəbər vermədən onu dəfn etmişdi. Rəsulullah həmin qadını məsciddə görməyəndə səhabələrdən soruşmuş, vəfat etdiyini və dəfn edildiyini öyrənmişdi. Bunu eşidəndə: “Əvvəlcə mənə xəbər verməli deyildinizmi?” – demiş və sonra qəbrini ziyarət edərək cənazə namazı qılmış və dua etmişdi.[4]

İtkidən yaranan yalnızlıq

Məqsədləri üçün hər şeyə razı olan, hətta başqalarının hüquqlarını çeynəməkdən çəkinməyən müşriklər Rəsulullahın dəvətinə şiddətlə cavab verirdilər. Öz iradəsi ilə iman edən insanları İslamdan döndərmək üçün hər cür zülmə əl atır, hətta həzrəti Yasir ilə xanımı həzrət Sümeyyə kimi bir çox insanı işkəncələrlə qətlə yetirdilər. Hicrətdən sonra da müsəlmanlardan əl çəkməyib ordularla yenə onların üstünə gəldilər. Özlərini qorumaq üçün savaşan müsəlmanlar isə qətlə yetirilərək şəhid oldular.

Rəsulullah istər döyüşərək, istərsə də xəstəlikdən vəfat edən səhabələrin ailələrini, yetim uşaqları, gəncləri əsla diqqətsiz qoymur, hər zaman onlarla maraqlanırdı.

Uhud döyüşündə atası vəfat edən və ağlayaraq yanına gələn Bəşirə Rəsulullah (s.a.s.) “Ağlama! İstəyərsənmi mən atan, Aişə də anan olsun?” – demiş və şəfqətlə onun başını oxşamışdı.[5] Üstəlik onun kimi bir çox yetimi də himayə edərək bağrına basmışdı. Həmçinin gənclərə atalarının qazandığı üxrəvi sərmayədən danışaraq onların çəkdiyi əzabı xəfiflətməyə çalışmışdı. Əlinə keçən imkanı ehtiyacı olan insanlar üçün xərcləmişdi.[6]

O, cəmiyyətdə də eyni həsasslığı yaratmağa çalışırdı. İnsanları yetimlərə və dul qalmış qadınlara maddi mənəvi dəstək olmağa dəvət edir və bunu edənlərin nail olacağı üxrəvi nemətlərdən bəhs edirdi.[7] Hətta O, heyvanını itirən uşaqlara belə başsağlığına gedir və onların dərdlərinə həmdəm olub özlərini yalnız hiss etmələrinə imkan vermirdi.

Dünyəvi çətinliklərdən irəli gələn

Gənclərin yalnızlığa düçar olmağının səbəblərindən biri də xəstəlik, aclıq, yoxsulluq, itki, külli miqdarda borc, fiziki maneələr və evlənmək üçün lazımi imkanı tapa bilməmək kimi dünyəvi problemlərdir. Bununla yanaşı maddi-mənəvi onlara dəstək olacaq və dərdlərini paylaşacaq birisinin olmaması da yalnızlığa səbəbdir. Rəsulullah (s.a.s.) bunun necə bir duyğu olduğunu çox yaxşı bilirdi. Rəsulullahla (s.a.s.) birgə hicrət etməyə məcbur qalmış və malını-mülkünü qoyub getmiş mühacirləri Rəsulullah (s.a.s.) bir gün Məscidi-Nəbəvidə Quran dinləyərkən görmüş, aralarına girib onlarla birlikdə oturmuş və belə buyurmuşdu:

Ümmətimdən qarşılaşdığım problemləri paylaşa biləcəyim kəsləri mənə bəxş edən Allaha həmd olsun”.[8]

Başına hər hansı müsibət gələn bunu mütləq mənə bildirsin.”[9] – buyuran Rəsulullah (s.a.s.) insanların problemlərinə qarşı çox həssas davranır, maddi-mənəvi dəstəyə ehtiyacı olanlara yaxınlığını hiss etdirirdi.

Sübh namazından sonra insanlara: “Xəstəsi olan varsa, ziyarət edək, cənazəsi olan varsa, dəfn edək”, – deyirdi.

Mömin, münafiq, müşrik, əhli-kitab və bədəvilər arasında ayrıseçkilik etmədən xəstələri ziyarət edirdi. İslam cəmiyyətində heç kim özünü yalnız hiss etməsin deyə xəstə ziyarətlərində, yas mərasimlərində iştirak etməyin möminin mömin üzərindəki haqqı olduğunu bildirir, insanları buna təşviq edirdi. Hətta ara-sıra: “Bu gün kim bir xəstəni ziyarət elədi? Aranızda cənazədə iştirak edən oldumu?” – deyə soruşar və əshabına bunun əhəmiyyətini xatırladardı.[10] Müsəlmanları cənazəsi olanlara başsağlığına gələnləri qarşılamaq üçün köməklik etməyə dəvət edirdi.[11]

Acları doydurun!”[12] – deyərək yoxsulluğun insanları yalnızlığa sürükləməsinə mane olurdu. Payına düşən fey gəlirlərinin bir hissəsini subay gənclərin evlənməsinə kömək məqsədilə xərcləyirdi. Ətrafındakı gənclərlə maraqlanır və onları evliliyə təşviq edirdi. Mehr ödəməyə, toy etməyə, toy yeməyi verməyə və ev-eşik qurmağa imkanı olmayanlar üçün əshabını səfərbər edir və onların bütün zəruri ehtiyaclarını qarşılayırdı. İslamdan əvvəlki davranışlarından dolayı heç kimin qız vermək istəmədiyi gənclər üçün də şəxsən vasitəçi olur və onları evləndirirdi.

Külli miqdarda borcu olan əshabını rahatlatmaq üçün bütün imkanlarını səfərbər edir, bəzən onlarla birlikdə işləyir və borc sahibləri ilə danışıb borcluya güzəştə getməyini xahiş edirdi. Məsələn, bir gün otağının pəncərəsindən baxarkən Kab ibn Malikin borcunu ödəməsi üçün kasıb səhabə Abdullah ibn əbu Hadrənin yaxasından yapışdığını görmüş və əli ilə işarə edərək ondan borcunun yarısını bağışlamasını xahiş etmişdi. Belə olduqda problem nə olursa olsun heç kim yalnız olmadığını və Rəsulullahın ona dəstək olacağını bilirdi. Beləcə yalnızlıq duyğusunun səbəb olduğu bədbin düşüncələrlə qapılmırdı.

Sual və problemlərdən irəli gələn yalnızlıq

Gəncləri yalnızlığa aparan səbəblərdən biri də ağıllarında ilişib qalan sualları cavablayacaq anlayışlı, səbirli və onları diqqətlə dinləyəcək insanların olmamasıdır. Sual və problemlərini dilə gətirdikdə məruz qalacaqları qəzəb, şiddət, təhqir, alçaldılma və s. kimi səbəblər gəncləri daxili “məhbəslərinə” həbs edir. Bu da bir müdət sonra onları yalnış mühitə, zərərli vərdişlərə, insanlardan uzaqlaşmağa, hətta intihara qədər sürükləyir. Hal və hərəkətlərində, davranış və münasibətlərində  sevgi, mərhəmət və şəfqəti ən gözəl şəkildə təmsil edən Rəsulullah (s.a.s.) qarşısındaki insanlara rahatlıq, inam, etibar və hüzur aşılayır, bədən dili ilə “Sual və problemlərinizi rahatlıqla mənə deyə bilərsiz.” – deyirdi.

Onlar da bunu görür, özləri üçün problemə çevrilən arzu və istəkləri, sual və problemləri rahatlıqla Rəsulullaha deyirdilər. Mövzunun necəliyindən aslı olmayaraq O (s.a.s), gəncləri səbirlə dinləyir, onları əsla danlamır, azarlamır, ayıblamır, qınamır, hətta, tam əksinə, onların ağlına, məntiqinə və hislərinə xitab edərək qane edici cavablar verir və onları rahatlandırırdı. Hədis kitablarında bununla bağlı yüzlərlə nümu var. Burada zina etmək istəyən gəncin hadisəsini xatırlamaq belə kafidir.[13]

Sevilmədiyini düşünməkdən irəli gələn yalnızlıq

Şübhəsiz ki, insanların yalnız olmağına gətirib çıxardan səbəblərdən biri də heç kim tərəfindən sevilmədiyini düşünməkdir. Bu məsələdə də həssas davranan Rəsulullah (s.a.s.) yeri gəldikcə insanlara onları Allah üçün çox sevdiyini deyirdi. Məsələn, həzrət Muaza: “Ey Muaz, səni Allah üçün sevirəm.”[14] – demişdi.

Bir gün yanlarında oturan biri ordan keçən bir başqası haqqında: “Ey Rəsulullah, mən filankəsi çox sevirəm.” – demişdi. Rəsulullah da bunu deyən şəxsə: “Bunu həmin kəsə dedinmi?” – deyə soruşmuş və “Xeyir” cavabını eşidikdə: “Get bunu ona bildir.” – deyə buyurmuşdu. Həmin səhabə də dərhal yerindən qalxmış və dediyi səhabəni saxladıb: “Səni Allah üçün çox sevirəm.” – demişdi. Həmin səhabə də: “Özü adına məni sevdiyin Zat da səni sevsin.” – demişdi.[15] Beləcə ətrafındakılara yalnızlığın dərmanı olan sevgini və sevgini ifadə etməyi öyrədir, bunu insanlar arasında yaymağa çalışırdı. Hətta bunun üçün möminlərə tövsiyələr də edirdi:

Hər hansı biriniz mömin qardaşını (Allah üçün) sevirsə, bunu ona desin.”[16]

Nəticə

Əfsuslar olsun ki, dövrümüzdə çox yayılmış yalnızlıq insanların duyğu və düşüncələri, hal və hərəkətləri üzərində çox ciddi bir təsirə malikdir. Xüsusilə yeniyetməlik dövründə həyatı yeni tanımaq, sual və problemlərlə necə mübarizə aparacağını bilməmək və yuxarıda sadaladığımız səbəblərdən dolayı gənclər yalnızlıq duyğusuna qapıla bilər və bu hiss onları yalnış yerlərə sürükləyə bilər. Valideynlər, qohum-qonşular, müəllimlər, cəmiyyət və idarəçilər yalnızlıq problemini və əks təsirlərini nəzərə almalı, gənclərə qarşı daha həssas, diqqətli, şəfqətli davranmalıdırlar.

Göründüyü kimi Rəsulullah (s.a.s.) gənclərlə yaxından maraqlanmış, hərəkət və davranışlarında onları yalnızlığa aparacaq şeylərə əsla yer verməmişdir. Örnək əxlaqı, diqqəti və onlara vaxt ayırmağının nəticəsi olaraq gənclər də axtardığı sevgini, şəfqəti, hüzuru, dəstəyi, cavabı və çarəni Onda tapmışlar. Bu səbəbdən yalnızlıq və bunun səbəb olduğu problemlər Onun (s.a.s.) dövründə demək olar ki, heç yaşanmayıb. “Qonşusu ac ikən özü tox yatan bizdən deyil.” prinsipi də əslində Onun (s.a.s.) həyata baxışının təzahürüdür. Çünki O, insanlar dərdli ikən dərdsiz, hüzursuz ikən hüzurlu və hüzünlü ikən xoşbəxt yatmamış, yaşamamış və maddi-mənəvi hərkəsə dəstək olmağa çalışmışdır.


[1]  Nəsai, Cihad 1 (4279); Hakim, Müstədrək 2/382 (2424); Beyhəqi, Kübra, 9/19 (17741).
[2]  Bax. Beyhəqi, Dəlail 2/216; İbn Əsir, Üsdul-ğabə 4/140; Heysəmi, Kəşful-əstar 3/169 (2493); Əhməd ibn Hənbəl, Fədailus-səhabə, 1/285 (376); İsmail ibn Muhamməd əl-İsbəhani, Siyərus-sələfis-salihin 1/94.
[3] Buxari, Məvaqit, 41.
[4] Buxari, Cənaiz 5, 55, 66; Müslim, Cənazə, 71.
[5]  Buxari, ət-Tarixul-kəbir, 2/78; İbn Həcər, İsəbət 150.
[6]  Əbu Davud, Sehr, 9.
[7]  Buxari, Nəfaqat 1, Ədəb 24; Müslim, Zöhd 41, 42.
[8]  Əbu Davud, Elm, 13.
[9]  Abdurrəzzaq, Müsannəf 3/564.
[10]  Bax: Abdurrəzzaq, Müsannəf 3/593.
[11]  Əbu Davud, Cənaiz 25; Tirmizi, Cənaiz 21.
[12] Buxari, Cihad 121; Mərda 4.
[13]  Buxari, Səlat 71, 83.
[14]  Əbu Davud, Vitr 26; İbn Hibban, Səhih 2021.
[15]  Əbu Davud, Ədəb 112, 113.
[16]  Əbu Davud, Ədəb 112, 113; Tirmizi, Zöhd 54, (2393).
Exit mobile version