155 dəfə oxunub ,   0 şərh   Çap et

& RUHUN BİOLOGİYASI: İBADƏT, DUA VƏ QURAN OXUMAĞIN, YAXŞI İNSANLARLA BİRLİKDƏ OLMAĞIN İNSAN BEYNİNƏ HEYRƏTAMİZ TƏSİRLƏRİ

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ

إِلَّا خَسَارًا

“Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.” (İsra, 17/82)

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ

“Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir.” (Yunus, 10/57)

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آَيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər. Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər. Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında (cənnətdə) dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır. (Ənfal, 8/2-4)

Dua edərkən, dərin bir təfəkkürə dalarkən və ya vəcd halında qəlbimiz titrəyərkən beynimizdə nələr baş verir? İnanc sadəcə bir duyğudurmu, yoxsa insan fitrətinə kodlanmış bioloji bir zərurətdir? İnsan Allaha yönələndə beyində nə baş verir?

İnsanlıq tarixi boyu iman və ağıl arasındakı əlaqə hər zaman filosofların və ilahiyyatçıların diqqət mərkəzində olmuşdur. Keçmişdə yalnız qəlblə hiss edilən, təsəvvüf dili ilə ifadə olunan mənəvi coşqunluq və transsendent (fiziki aləmi aşan) təcrübələr, bu gün artıq müasir elmin ən heyrətamiz laboratoriyalarında tədqiq edilir. Bu yeni sahənin adı Neyroteologiyadır. Bu elm sahəsi artıq ruhani təcrübələrin, ibadət və duanın insan ruhu ilə yanaşı, onun bioloji mərkəzi olan beyninə necə təsir etdiyini laboratoriya şəraitində araşdırır. Dini yaşantı sadəcə mənəvi bir ritual deyil, eyni zamanda beynimizi yenidən quran, onu sağaldan və kamilləşdirən bioloji bir prosesdir.

Dua və Zikrin Diqqət Mərkəzi: Frontal Payın Güclənməsi

Həqiqi ibadət və dərin təfəkkür insandan yüksək dərəcədə fokuslanma tələb edir. İnsan bütün dünyəvi qayğıları kənara qoyub Yaradanına yönəldiyi zaman, beynin alın hissəsində yerləşən Frontal pay (diqqət və iradə mərkəzi) maksimum dərəcədə aktivləşir. Bu əslində beynin icraçı direktorudur. Elm sübut edir ki, nizamlı dua və zikr vərdişi beynin bu hissəsini fiziki olaraq qalınlaşdırır və insanın iradəsini, yaddaşını, eləcə də qərarvermə qabiliyyətini gücləndirir. Bu, imanın insana qazandırdığı daxili nizamın və koqnitiv təmərküzləşmənin ən bariz göstəricisidir.

İnsan beyni ən düzgün qərarları bu zamanlarda verir. Mənəvi bir mühit içində olarkən beyinə keçmiş alimlərin varidat dedikləri ilahi əsintilər gəlir. Bunlar şölə, rəmz, nöqtə və s. şəkildə zehnimizə damlayar. İnsan onları dəyər verib yadda saxlayar və ya qeyd edərsə bu elimə, düşüncəyə yeni üfüqlər açar.

Vəcd Halı və “Mən”in İtməsi: Parietal Nahiyənin Səssizləşməsi

Mənəvi yaşantının ən ali məqamlarından biri insanın öz bədən hüdudlarını aşaraq Yaradanın sonsuz rəhmətində əriməsi — yəni “fəna” halıdır. Neyroelm sahəsində aparılan SPECT tomoqrafiyası göstərir ki, dərin dua və ya vəcd halında beynin təpə nahiyəsində yerləşən Parietal payda (fiziki sərhədləri müəyyən edən zona. Mən indi haradayam? Ətrafımda nə var? Onunla (obyekt) mənim aramdakı məsafə nə qədərdir?) aktivlik kəskin şəkildə azalır. Həmin bölgəyə gedən qan axını, beyin siqnalları azalır. Bu nöqtə əslində bizim eqomuzun fiziki mərkəzidir.  Bu “səssizləşmə” nəticəsində insan öz eqosunun məhdudiyyətlərindən xilas olur və özünü kainatla, Yaradanla bir bütün kimi hiss edir. Din dilində bu, ruhun bədən qəfəsindən çıxaraq sonsuzluğa toxunması kimi təsvir edilir.

“Məkanım laməkan oldu, bu cismim cümlə can oldu;
Nəzəri-Haqq əyan oldu, özüm məsti-liqa gördüm.
Mənə Haqdan nida gəldi: “Gel ey aşiq ki, məhrəmsən;
Bura məhrəm məqamıdır, səni əhli-vəfa gördüm…”

Nəsimi

“Sən təcəlli eyləməzsən pərdədə mən var ikən
Şərti izharı vücudundur adim olmaq mənə…”

Qövsi

Quran Oxumağın və Dinləməyin Beyin Dalğalarına Təsiri

Quran oxumaq və ya zikr etmək beyindəki elektrik aktivliyini tənzimləyərək insanın ruhi və fiziki sağalmasına kömək edir. Araşdırmalar göstərir ki, Quran oxumaq beyində Alfa və Delta dalğalarının səviyyəsini artırır. Alfa dalğaları beynin rahatlıq və hüzur vəziyyəti ilə, Delta dalğaları isə dərin mənəviyyat və stressin azalması ilə bağlıdır. Beləliklə, Quranın tilavəti beynə sakitləşdirici təsir göstərir, stress hormonu olan kortizolu azaldır və insanın mənəvi “səkinə” halına çatmasını təmin edir.

Səhabədən Üseyd ibn Xudayr belə bir hadisə ilə şəxsən qaşılaşmışdır:

“Gecə (xurma xırmanında olarkən) “Bəqərə” surəsini oxuyurdu. Atını da özünə yaxın yerə bağlamışdı. Birdən atı şahə qalxdı. O da dayandı. At da sakitləşdi. Useyd yenidən oxumağa başlayanda at bir də şahə qalxdı. Useyd oxumağa aram verən kimi at da sakitləşdi. Üstündən bir az keçmiş yenidən oxumağa başlamışdı ki, atın  şahə qalxdığını gördü. Oğlu Yəhya atın yaxınlığında idi. Oğluna bir xətər yetirər deyə onu atdan uzaqlaşdırmağa getdi. Başını səmaya qaldıranda nə görsə yaxşıdır: göydə çətirə oxşar nəsə dayanmışdı, içində də çıraq kimi nəsə vardı. Səhər açılar-açılmaz dərhal Rəsulullahın hüzuruna gedib başına gələnləri danışdı. Allah Rəsulu: “O gördüklərinin nə olduğunu bilirsən?” – deyə soruşdu. Xudayr: “Xeyr bilmirəm”, – deyə cavab verdi.

Rəsulullah: “Onlar mələklər idi. Sənin səsinə gəlmişdilər. Əgər oxumağa davam etsəydin, səhərəcən sənə qulaq asacaqdılar. Səhər olanda da hamı onları görəcəkdi, onlar insanlardan gizlənməyəcəkdilər”, – buyurdu.” (]Buxari, Fədailul-Quran 15; Müslim, Müsafirin 242) Başqa bir rəvayətdə isə Quran oxunarkən enən şeyin “səkinə” olduğu bildirilir. (Buxari, Fədailul-Quran 11; Müslim, Müsafirin 240)

Mənəvi Söhbət Halqaları və Birliyin Kimyası

Mənəvi söhbətlərdə və ya cəm halında edilən ibadətlərdə iştirak etmək insanın sosial beynini aktivləşdirir və empatiya duyğusunu zirvəyə daşıyır. Bu anlarda beyində Oksitosin (bağlılıq hormonu), Serotonin (xoşbəxtlik və hüzur) və Dopamin (mənəvi şövq) ifrazı artır. Bir qrupla birlikdə edilən rituallar beyinləri eyni ritmə salır, insanlar arasında mənəvi rezonans yaradır və “mən” əvəzinə “biz” anlayışını möhkəmləndirir. Bu, cəmiyyətdə mərhəmət və sevginin artmasına xidmət edən ilahi bir mexanizmdir.

“Ulduzum düşkündü, taleyim küskün,
Müzlimdi eyyam-ı həyatım bütün;
Ərənlər əlimdən tutdular bir gün,
Şanlı dəmlər sürdüm, dövranlar gördüm.”
Tokatlı Şəkib

“Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan  danışır“. (Müslim, Zikr 38; Əbu Davud, Salət, 349; Tirmizi, Qiraət 3)

Neyroteoloji Nəticə: Beyin Bir Alətdir, Ruh İsə İfaçı!

Bəzi materialist yanaşmalar neyroteologiyanın bu tapıntılarını manipulyasiya edərək deyirlər: “Gördünüzmü, din və inanc sadəcə beyində gedən bəzi bioloji proseslərdən ibarətdir.” Lakin bu, çox dayaz və məntiqsiz bir yanaşmadır. Materialist yanaşmaların əksinə olaraq, beynimizdə mənəviyyat üçün xüsusi neyron şəbəkələrinin olması inancın bir “uydurma” olduğunu deyil, insanın fitrətən Allaha yönəlmək üçün dizayn edildiyini sübut edir. Beyin — ruhun bu fiziki aləmdə fəaliyyət göstərməsi üçün yaradılmış ən mükəmməl alətdir. Necə ki, radionun olması dalğaların mövcudluğuna sübutdur, beynimizin ilahi təcrübələrə verdiyi bu reaksiyalar da Yaradanın bizə şah damarımızdan daha yaxın olduğunun bioloji möhürüdür.

Dini yaşantı beynimizi təkamülün aşağı pillələrindəki “sağ qalma” instinktindən çıxararaq, bizi mənəvi kamilliyə və həqiqi hüzura daşıyan ən ali yoldur.

 



Açar sözləri

beyin iman quran Vəcd

Bənzər məqalələr

BU RAMAZAN BİZDƏ NƏ İZ QOYDU

amazanın son günlərində qəlbimizdə yaranan o incə hüzün sadəcə bir ayın bitməsinin kədəri deyil. Bu, əslində insanın özünün daha saf, daha təmiz, daha mənalı halı ilə ayrılmasının hüznüdür. Çünki Ramazan bizə bir ay boyunca “olduğumuz kimi deyil, ola biləcəyimiz kimi” yaşamağı öyrədir.

HİDAYƏT – ƏN DƏYƏRLİ HƏDİYYƏ

Bəzən insanın ağlına çox mühüm bir sual gəlir: Görəsən hidayət nədir və o, insanın öz qazancıdır, yoxsa Allahın bəxş etdiyi bir nemətdir? Əslində belə bir sualın yaranması qəlbin oyanışından xəbər verir.

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

İMAN və ÜMİD

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.


Şərh yaz