- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

63 – əl-Munafiqun

63 – əl-Munafiqun
əl-Munafiqun (Münafiqlər) surəsi

(Mədinədə nazil olmuşdur, 11 ayədir)

1
(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
2
Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
3
Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
4
(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
5
Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” –deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
6
Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
7
Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
8
Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
9
Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
10
Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
11
Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!