2. 338 dəfə oxunub ,   0 şərh   Çap et

Cənabi-Allah Qurani-Kərimdə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.” (“Ali İmran” surəsi, 3/190) Allah Rəsulu (sallallahu əleyhi və səlləm) da “Bu ayəni oxuyub təfəkkür etməyənin vay halına!” bəyanı ilə təfəkkürün əhəmiyyətini vurğulayır.

Ümmü Sələmə, başqa bir rəvayətdə isə Aişə anamız bu ayə nazil olanda və ya onu oxuyanda Peyğəmbərimizin ağladığını nəql edir.

Təfəkkür möminin həyatında çox mühüm yerə malikdir. Ancaq bunu qavramaq üçün təfəkkürün nə demək olduğunu bilmək lazımdır. Təfəkkürün ilk şərti müəyyən biliyə malik olmaqdır. Cahillərin təfəkkürü quru bir təxəyyüldən ibarətdir və tədricən bezginliyə səbəb olur, daha sonra insa onu mənasız görməyə başlayır. Odur ki, ilk növbədə təfəkkür edilən mövzunu bilməli, yəni əvvəlcədən müəyyən qədər məlumata sahib olmalıdır.

Xəyalpərəst deyil, mütəfəkkir…

Ay və ulduzların dövranını, insanlarla əlaqəsini.. vücudumuzu təşkil edən zərrələrin hərəkətini bilmək təfəkkür yolunda bir addım sayılır, ay və günəşin hərəkətini seyr edib kainatın valehedici gözəllikləri qarşısında şairanə ilhamlarla coşmaq isə təfəkkür deyildir. Bu cür düşünən, xəyallara dalan məlul, tənha və qərib bir çox naturalist şair var. Onlar mütəfəkkir deyil, mənəvi dünyasını və qəlbini itirmiş, ürəyini Mefistoya vermiş xəyalpərəstlərdir.

Bəzən onlar da düşünüb kainatın gözəlliyindən bəhs edirlər. Dünyəvi gözəllikləri elə mükəmməl təsvir edirlər ki, onların dilində sanki cənnətin gözəlliklərini dinləyirsiniz. Suların şırıl-şırıl axmasını, yağışın şırhaşır yağmasını, ağacların pıçıltısını, quşların zümzüməsini elə nəqş edirlər ki, oxuyarkən özünüzü cənnətin ortasında görürsünüz. Ancaq bu, təfəkkür olmadığı kimi, qəlbi və ruhi həyat üçün də bir məna ifadə etmir. Belə insanlar bir addım da irəliyə addım ata, təntənəli pərdənin o üzünə keçə bilməmişlər. Məhz bu cür təfəkkürün heç bir faydası yoxdur. Nə qədər dərin xülyalara dalırlar-dalsınlar, insan belə bir təfəkkürdən müsbət bir şey götürmür.

Yuxarıda da qeyd etdiyimiz kimi, təfəkkür üçün ilk növbədə ümumi biliyə malik olmaq lazımdır. Bəşəriyyətin hazırkı elmi səviyyəsini də nəzərə alsaq, insan bu bilikdən yararlanaraq yeni sintez və təhlillər aparacaq, onların dərinliyinə varacaq və fərqli nəticələr əldə edəcəkdir. Bu nəticələrdən faydalanaraq yeni nəticələr əldə edəcək, təfəkkürdə dərinləşəcək, tək tərəfli təfəkkür mərhələsindən çoxtərəfli təfəkkür mərhələsinə keçərək hərtərəfli təfəkkürə nail olacaqdır. Bütün bunlar isə məlumatlı olmaqdan asılıdır. Biliksiz insanın təfəkkür etməsi mümkün deyil. Bunun üçün çoxlu kitab oxumaq vacibdir. Növbəti mərhələdə isə təfəkkürün yol və üsulunu öyrənmək, ən sonda da şəriəti- fıtriyyəni (yaradılış qanunları) mütaliə etmək lazımdır ki, sabit və mükəmməl düşünmək mümkün olsun.

İnsan bir saat düzgün təfəkkür etsə, ərkanı-imaniyəsi (iman əsasları) dərinləşər, qəlbində Allah sevgisi, ilahi məhəbbət oyanar. Beləcə zövqi-ruhaniyə çatıb uca aləmlərə pərvaz edər.

İnsan məhz belə bir təfəkkürlə elə məqamlara çatır ki, ona yüksəlmək üçün bəlkə də, min il ibadət etmək lazımdır. Bu şüur və anlayışla Allaha yönəlməyən bir insan min il bir yerdə dayansa da, düşünüb təfəkkür etməmişsə, onun bir saatlıq təfəkkürlə əldə olunan məqamlara çatması mümkün deyildir. Ancaq bu, o demək deyil ki, min illik ibadət boşa gedir. Çünki Allah nə bir rüku, nə bir səcdə, nə bir qəvamə, nə də bir cəlsəni hədər edər. “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun əvəzini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” (“Zilzal” surəsi, 99/7-8) ayəsində keçdiyi kimi, hər kəs əməlinin qarşılığını görəcəkdir. İbadət edən insan ibadət borcunu ödəmiş olsa da, təfəkkürdən hasil olan dərinliyi əldə edə bilməz. Bu cür təfəkkür min illik ibadətə bərabərdir.

Təfəkkürün bəhrəsi – zikir

Bəzi vird (dua) və zikrlər də təfəkkürü inkişaf etdirir. Ancaq bu vird və zikrlərin dilimizə kifayət qədər tərcümə olub-olmaması barədə məlumatım yoxdur. Əlimizdə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bəzi məsuratından (Allah Rəsulunun səhər və axşam etdiyi dualar) qolu-qanadı qırıq tərcümələr olsa da, sələfin təfəkkürünün əsasını təşkil edən övradü-əzkar, dua, münacat və mülahizələrinin dilimizə tərcümə edilib-edilmədiyini bilmirəm. Ancaq ərəbcə mətnlərə baxanlar bu sətirlərdə insanı təfəkkürə səsləyən bir çox ifadənin olduğunu görəcəklər. Bu mətnlərə azca göz gəzdirənlər Şazəli kimi, kainatın zərrələri ilə Allahı zikr edən insanlarla qarşılaşacaq, Şahı Geylani kimi kainatın zərrələrini, hatta daha kiçik hissəciklərini təsbeh muncuqları kimi çevirənlərlə rastlaşacaq və o sətirləri oxumaqdan doymayacaqlar. Ərəb dilini bilənlər, bəlkə də, bunlardan daha çox faydalanacaq. Ancaq bilməyənlər də bu mətnləri oxuyarkən çox şey hiss edəcəklər.

Məhz bu şəkildə hər kəs vird və zikirlə təfəkkürünü inkişaf etdirmiş, Cənabi-Allahla irtibatını möhkəmləndirmiş olur. Nə bilmək olar, bəlkə, biz də belə insanlara baxıb özümüzü yeniləcəyik. Allah içimizi-çölümüzü islah etsin!

  • İnsan bir saat düzgün təfəkkür etsə, ərkanı-imaniyəsi (iman əsasları) dərinləşər və Allahla təfəkkür etməyənlərə nisbətən daha dərin münasibəti olar.
  • İnsan təfəkkürlə bir nəticəyə varmaq istəyirsə, əvvəlcədən müəyyən qədər məlumatlı olmalıdır. Bunun üçün də çoxlu kitab oxumaq vacib əhəmiyyət daşıyır.
  • Müəyyən vird və zikrlər də insanın təfəkkürünü inkişaf etdirir. Çünki bu vird və zikrlərdə əksini tapan cümlələr müəyyən bir təfəkkürün nəticəsində ortaya qoyulmuş ifadələrdir.

Məziyyətin varsa, özündə qalsın!

Cənabi-Allah hər bir insana fərqli qabiliyyət və keyfiyyətlər vermişdir. Bəzilərinə nitq qabiliyyəti vermişdir: belə insanlar məramlarını olduqca gözəl çatdırırlar. Bəziləri də davranış və hərəkətləri ilə çox cazibədar görünüb diqqət cəlb edirlər. Belə insanların davranışları qarşı tərəfin İslamiyyətə marağını artırır. Elələri də var ki, ilahi eşq və həyəcanla coşub-daşır, amma nitq qabiliyyəti yoxdur. Müxtəlif məsələləri çatdırmaqda çətinlik çəkirlər.

Allah hər insana fərqli bir məziyyət vermişdir və insan bu məziyyətini Verənin yolunda istifadə etməlidir. Nitq qabiliyyəti olanlar haqq-həqiqəti insanlara çatdırmalı, təşkilatçılıq qabiliyyəti olanlar işləri nizam-intizam salmaqla bu karvanda iştirak etməli, imkanı olanlar da maddi dəstək verməlidir… Allah bəzi insanlara da bu xüsusiyyətlərin heç birini deyil, eşqlə coşub-daşan bir qəlb vermişdir.

Əshabi-kiram arasında belələri də vardı. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlar haqqında “Allaha and içsələr, Allah onların andını yerə salmaz” deyirdi. O dövrdə insanlar bir çətinə düşər-düşməz, Allah Rəsulunun təqdir etdiyi bu səhabələrin başına toplaşıb dua istəyərdilər.

İnsan Allahın bəxş edilən bu məziyyətləri mümkün qədər gizlətməlidir. Zira bu məziyyətlər nə qədər gizli qalsa, görülən işlərin bərəkəti bir o qədər artar.

Bəli, insan iddialı olmamalıdır. Məsələn, gözəl danışıq qabiliyyəti olanlar “Əgər vəz versəm, söhbət etsəm, insanlardan doğru yola gələn mütləq olacaq” kimi fikirlərdən uzaq olmalıdır. İnsan məziyyətinə görə qürurlanmamalı, özünü başqalarından üstün görməməlidir, “Mən olmasam, bəlkə də, insanlar həqiqətləri daha yaxşı görərdilər” duyğu və düşüncəsi ilə hərəkət etməlidir.

Maddi vəziyyəti yaxşı olan və malını Allah yolunda infaq edən insanlar isə belə deməlidir: “Allah mənə imkan verdi. Mən bu mal-mülkün nəzarətçisi, əmanətçisiyəm və onu Rəbbimin yolunda sərf edirəm. Əgər O, mənə bu hissi verməsəydi, malımı Onun yolunda sərf edə bilməzdim! O, mənə həm mal-mülk, həm də vermə hissini bəxş etdi. Ona minlərlə şükürlər olsun.”

Xülasə, insan məziyyətlərini nümayiş etdirməməli, onları xafa turabı (gizlilik torpağı) altında saxlamalı, bir mənada torpaq olmalıdır. Sədi “Torpaq ol ki, gül bitirəsən” sözləri ilə bu həqiqəti necə də gözəl ifadə edir!



Açar sözləri

təfəkkür zikir

Bənzər məqalələr

  Səməni, ay səməni

 Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq.   Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər […]

Təfəkkür

Hər hansı bir mövzuda başı-sonu, hədəf və qayəsi müəyyən edilmiş; disiplinli, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür əsasında bir peyğəmbərlik peşəsidir.

Təfəkkür

Təfəkkür, hadisələrdən ibrət almaq və müxtəlif nəticələr əldə etmək üçün çıraq olub yol aydınladar. Yeni icadlara, təcrübələrə nurlu açar olar, açılan qapılardan da həqiqətlər gün üzünə çıxar.

Orucun xatırlatdıqları

Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.

Nə üçün zikr etməliyik?

Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.


Şərh yaz