916 dəfə oxunub ,   0 şərh   Çap et

Zeynəb binti Hüzeymə Bəni-Amir ibn Sasaa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı.[1]

Atası Hüzeymə ibn Haris, anası Hind binti Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdu. Rəsulullah (s.a.s.) onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha (s.a.s.) ərə vermişdi. Bu, Hind üçün böyük şərəf idi. Zeynəbin digər anabir bacılarından Ümmü Fadl Lübabə həzrət Abbasla, Səlma bint Ümeys həzrət Həmzə ilə, Əsma bint Ümeys isə Cəfər ibn Əbu Taliblə evli idi. Elə buna görə də Hində “dünyanın ən qiymətli kürəkənlərinə sahib qadın” deyirdilər.

Həzrət Zeynəbin ilk əri Tufeyl ibn Haris olmuşdur.[2] Tüfeyldən boşanandan sonra onun qardaşı Übeydə ibn Harislə ailə qurmuşdur. Übeydə Rəsulullahın (s.a.s.) əmisi Haris ibn Müttəlibin oğludur. Übeydə ilk müsəlmanlardan və ilk səriyyənin başçısı olub. Ər-arvad ikisi eyni vaxtda müsəlman olmuşdu.

O, həyat yoldaşı ilə birgə könüllü olaraq Bədir döyüşündə iştirak etmişdi. Döyüşdə yaralı müsəlmanlara kömək edirdi. Əri gözünün qabağında şəhid olsa da işini buraxmamışdı. Bu onun məsuliyyət şüurundan qaynaqlanır.

Bir il sonra ramazan ayının 3-də (fevral-mart 625) Rəsulullah (s.a.s.) 400 dirhəm mehr verərək Zeynəblə ailə qurmuşdur. Nikahlarını mənsub olduğu qəbilənin rəisi, Zeynəbin əmisi Qəbisə ibn Amr əl-Hilali kəsmişdir. Beləcə Zeynəb anamız Rəsulullahın (s.a.s.) zövcəsi olmaqla şərəflənmişdi. Bu izdivac müsəlmanlarla Zeynəbin qəbiləsi[3] arasındakı münasibətlərin düzəlməsində mühüm rol oynamışdır. Rəsulullah (s.a.s.) bu evililiyi ilə həm bir şəhidin ailəsinə sahib çıxmış, həm də bir qəbilənin İslama isinişməsinə, düşmənçiliyin azalmasına səbəb olmuşdur.

Ailə qurarkən həzrət Zeynəbin 30, Rəsulullahın (s.a.s.) isə 56 yaşı vardı. Zeynəb anamız fiziki cəhətdən zəif idi. Övladı olmamışdır. Rəsulullahdan (s.a.s.) hədis nəql etməmişdir.

Allah Rəsulu (s.a.s.) ilə həzrət Zeynəbin evililiyi Zeynəb anamız xəstə olduğu üçün çox çəkməmişdir. Zeynəb anamız ailə qurandan səkkiz ay (bəzi tarixçilərə görə iki və ya üç ay)[4] sonra rəbiülaxir ayının 4-də (sentyabr 625) 30 yaşında vəfat etmişdir. Həzrət Xədicədən sonra Rəsulullahın (s.a.s.) ikinci vəfat edən zövcəsidir. Cənazə namazını Rəsulullah (s.a.s.) özü qıldırmış və Baqi qəbiristanlığında dəfn etmişdir.[5]


[1] Mustafa Sadık Vicdani, Peygamberimiz Niçin Çok Evlendi?,70.
[2] İbn İshak, Təbaqat., 319.
[3] Bu qəbilə ilə münasibətlər Maunə quyusu ətrafında haziflərin şəhid edilməsindən sonra korlanmışdı.
[4] İbn Kesir, əl-Bidayə, V, 489.
[5] Abdülaziz Kutluay, Siyeru sahabe, III, 145.



Şərh yaz