Aylıq namaz vaxtları
3. 152 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Dörd ildir ki, evliyik. Bir qızımız var, bir övladımız da yoldadır. Ara-sıra aramızda ciddi mübahisələr yaranır. Həyat yoldaşım bəzi xüsuslarda mənə itaət etmir. Səbəbini soruşduqda da “mən də beləyəm, istəmirsən boşa” deyib cavab verir. Nə etməliyəm? Boşanmalıyıqmı?
Ailə, cəmiyyətin özəyi, çəyirdəyidir. Ailənin əsas vəzifələri: insan nəslinin davamı etməsini təmin etmək, cəmiyyətin sahib olduğu adət-ənənə və dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. Nəslin davamı və qorunması ancaq ailə müəssisəsinin sağlam təməllər üzərində qurulması ilə mümkündür. Buna görə də dinimiz evliliyi müəyyən əsaslara bağlamış və iffətsizliyi, qeyri-qanuni əlaqələri qadağan etmişdir.
Ömrümüzün böyük hissəsini ailəmizlə birgə yaşayırıq. Ailədə xoşbəxtliyi qoruyub saxlamaq məsələsində ər-arvadın üzərinə müəyyən məsuliyyətlər düşür. Kişi xanımına qarşı sevgi, mərhəmət və şəfqət nümayiş etdirməlidir. Xanım da yoldaşına qarşı vəfalı olmalı, ona hörmət etməli, bacardığı qədər qulluğunda dayanmalıdır.
Rəbbimiz Nisa surəsinin 19-cu ayəsində belə buyurur: “…onlarla gözəl rəftar edin, əgər onlardan xoşlanmasanız səbir edin, dözün. Ola bilsin ki, sizdə nifrət hissi doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” Hər iki tərəf, həyat yoldaşında olan yaxşı cəhətləri təqdir etməli, xəta və nöqsanları isə səbir və mərhəmətlə bağışlamağı bacarmalı, imkan daxilində düzəltməyə çalışmalıdır.
Allah Təala hər insanı bir xasiyyətdə, fitrətdə yaratmışdır. Onu dəyişdirməyə çalışmaqdansa əsas hədəfi övladlarımızın tərbiyəsinə yönəltmək lazımdır. Övladlarımızı Allah və Rəsulun istədiyi şəkildə tərbiyə etsək ailəmiz cənnət bağçasına çevrilər.
İnsan, cavanlıq dövründə ailə içi bir problemlə qarşılaşınca dərhal “ən asan və alternativ” çıxış yolunu boşanmaq olaraq görür. “Boşanar və təkrar evlənərəm” deyə fikirləşir. Belə məqamlarda insanın əzəli və əbədi düşməni olan şeytan da boş dayanmır. Boşanmaq çıxış yolu deyildir. İradəmizin haqqını verərək problemin üstünə getməli, həlli yolunu tapmalıyıq. İnsan yeri gələndə geri addım atmasını da bilməlidir. Cavanlıqda “olmadı belə, olsun belə” deyib alternativ evlilik düşüncəsi beynimizi qurcalaya bilər. Ancaq unutmayaq ki, yaşlananda hər iki tərəf bir-birinə möhtac olur. Həyat yoldaşı insana yaşlılıqda zəruri ehtiyacdır. Yalqızlığımızı dağıdan isti nəfəsə ehtiyac duyacağımız gələcək günlər hələ qabaqdadır. Gün gələcək uşaqlarımız hərəsi bir tərəfə gedəcək, yaxınlarımız yadlaşacaq, ata-ana dünyasını dəyişə və həyata bağlılığımız azalacaq. Buna görə də ailədə hər kəs özünə baxmalı, öz xəta və nöqsanlarını düzəltməyə çalışmalıdır. Ailədaxili problemə görə boşanaraq başqası ilə evlənmək məsələnin tam həlli deyil. Çünki ikinci evlilikdə problem yaşmayacağımıza kimsə təminat verə bilməz.
Bir də unutmamalıyıq ki, evlilik Allahın təqdiridir. Hissəmizə düşən paya razı olmalı, ona sahib çıxmalıyıq. Əlavə olaraq da biz bu dünyada bir-birimizə səbir etsək, baş verən problemləri sevgi və anlayışla həll etsək, ümid edirik ki, Rəbbimiz bu mehribançılığımıza görə bizə rəhm edəcək və Cənnətinə daxil edəcəkdir. Ona görə də xanımımızı və ya ərimizi əbədi rəfiqəmiz, dostumuz, Cənnət yoldaşımız kimi qəbul etməliyik.
İnsanlar arasındakı problemlərin ən gözəl həlli məsələləri danışaraq həll etməkdir. Mütləq həyat yoldaşımızla söhbətləşməli, onun problemlərini, arzu və istəklərini dinləməliyik. Ola bilsin ki, bizdən nəyəsə görə inciyib və ya onun xətrinə dəyəcək kobud səhv etmişik. Qadınlar zərif məxluqlardır. Hədisdə bildirilir ki, “Qadın qabırğa sümüyündən yaradılmışdır. Qabırğa sümüyü əyri olur, onu düzəlmək istəyəndə qırılır… (Müslim, Rəda 64; Nəsai, Nikah 15; Əhməd ibn Hənbəl, II, 168. ) Buraxaq əyri qalsın. Çünki həyatda düz görünməyən çox şey vardır. Onları olduğu kimi qəbul edib həyatımızı davam etdirməyə çalışırıq.
Qadınlar daima ərindən nəvaziş, xoş sözlər, tərif gözləyirlər. Kişini evə bağlayan şey də ona qulluqdur. Hər iki tərəf bunlara diqqət etməlidir. Heç bir qadın əsla tərk edilməyi, bir tərəfə atılmağı sevməz. Vaxtaşırı kiçik hədiyyələr, gözəl sözlərlə onun könlünü almağa çalışsanız, bir də görəcəksiniz ki, xeyli dəyişib.
Allah yar və yardımçınız olsun.




Bənzər məqalələr

Uşaqların yanında mübahisə etmək olar?

“Uşaqların yanında mübahisə edin, ancaq uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə, ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.

Nədən İslam dinində boşanma haqqı ancaq kişilərə verilmiş, qadınlar məğdur edilmişdir?

İslamda boşama haqqı yalnız kişiyə tanınmış da, qadın bu haqdan tamamilə məhrum edilmiş deyildir.


Şərh yaz

*