Aylıq namaz vaxtları
1. 210 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə “Ey iman edənlər! Yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan), vaxt-bevaxt Peyğəmbərin evinə girəyin!

 Ancaq nə vaxt dəvət olunsanız, onda gedin.

Yeməyi yedikdən sonra dərhal dağılışın, yeməkdən sonra başınız söhbətə qarışmasın.

Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir, lakin utandığından sizə bir şey söyləmirdi. Ancaq  Allah, həqiqəti izah etməkdən çəkinməz” (Əhzab, 33/53) hökmü bəyan edilmişdir. Bu ayədə iki əsas xüsus nəzərə çarpır:

1. Yemək üçün bir dəvət və ya icazənin olması,

2. Yeməkdən sonra çox söhbət etmədən getmək üçün icazə istmək

Bu ayə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) evinə vaxtlı-vaxtsız girən və yemək yemədən getmək istəməyənlər haqqında nazil olmuşdur. Ancaq İslam alimlərinə görə, bu hökm bütün möminlərə şamil edilə bilər. Nəticə etibarilə, dəvətsiz bir ziyafətə getmək doğru deyildir.

Həzrəti Əbu Şuayb (radiyallahu anh) bir gün Rəsuli-Əkrəmi (sallallahu əleyhi və səlləm) əshab arasında görəndə üzündən ac olduğunu hiss edir. Tez qəssab olan xidmətçisinə:

– Bizə beş nəfərlik yemək hazırla! Beşinci özüm olmaqla Rə­su­lulullahı (sallallahu əleyhi və səlləm) dəvət etmək istəyirəm, – deyir.­ Sonra Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) yaxınlaşaraq onu evinə dəvət edir. Birlikdə evə gedərkən bir nəfər onların arxasınca gəlir. Evin qapısına yaxınlaşanda Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm):

– Bu şəxs arxamızca gəldi. İstəyirsənsə, qəbul et, istəmirsənsə, geri qaytar – buyurur. Əbu Şuayb (radiyallahu anh):

– Xeyr, ey Rəsulullah, ona da icazə verirəm – deyir.[1]

Diqqətlə baxsaq, Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bu hə­disdə ümmətinə islami ədəbi öyrətdiyini görərik. Təbii ki, möminlər bir-birini qonaq etməkdən zövq alırlar. Ancaq dəvət və icazə məsələləri qəti nəslərlə[2] bəyan edilmişdir. Belə ki, xəbərsiz gələn qonaq ev sahibini çətin vəziyyətdə qoya bilər. Ancaq Mü­səlman din qardaşının dəvətini qəbul etməlidir. Bu gediş-gəlişlər onlar arasında mehribanlığı və sevgini artırır. Bir hədisi-şərifdə belə buyurulur: “Dəvətə gedin.” Nəfi deyir ki: “İbn Ömər oruc olsa da, toy və digər dəvətlərdə mütləq iştirak edərdi.”[3]

İnsanın dəvət edilən yerə getməməsi, yəni dəvəti rədd etməsi xoş qarşılanmamışdır. Bu hədis həm dəvətə getməməyin və də­vətsiz süfrələrdə oturmağın heç də gözəl bir davranış olmadığını göstərir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:

“Kim dəvət edildiyi halda, (üzrsüz səbəbdən) getməzsə, Allah və Rəsuluna üsyan etmiş olar. Kim də dəvətsiz olaraq bir süfrədə oturarsa, oğru kimi gəlib soyğunçu kimi gedər.”[4]

Əgər iki nəfər tərəfindən eyni gün və ya eyni saatda dəvət gələrsə, dinimiz bu mövzuda da lazımi qaydalar qoymuşdur.

Humeyd ibn Əbdürrəhman əl-Ximyerinin nəql etdiyinə görə, Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “İki nəfər birdən dəvət edərsə, hansının qapısı daha yaxınsa, ona get! Çünki qapısı daha yaxın olan qonşuqluqda daha yaxındır.”[5]

Bu cür dəvətlərdə ilk növbədə ziyafət yerində haram yemək və içəcək olmamasına diqqət edilməlidir. Çünki bir müsəlman haram işlənən yerə gedə bilməz. Ancaq o, haramları əngəlləyə biləcəksə və ya ona hörmət əlaməti olaraq insalar haram işləməkdən çəkinəcəksə, gedə bilər. Xüsusilə, ziyafətlərdə qonaqların rahatlığı üçün lazımi şərait təmin edilməlidir. Qonaqlar evlərinə getmək istəyəndə ev sahibi məcbur etmədən bir az da oturmalarını istəyə bilər. Məclislər, ziyafətlər sadə olmalıdır.

Ömər bin Əbi Sələmə (radiyallahu anh) nəql edir: Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanında böyümüşəm. Yeməkdən necə gəldi yeyirdim. Bunu görcək mənə belə buyurdu: “Ay uşaq! Bismillah de, sağ əlinlə və qabağından ye!.” Artıq o gündən sonra həmişə elə yedim.[6]

Yemək yeyiləndə gələn bir tanış və ya qohumun da süfrəyə dəvət edilməsi ədəbdəndir. Bizə göndərilmiş ruzini gətirən şəxs də daxil olmaqla insanlara verilməsinin bir ədəb olduğunu bu hədisdə görürük.

Hz. Ənəs (radiyallahu anh) nəql edir: “Ummü Suleym bir xurma səbətini mənə verib Rəsulullaha aparmağı tapşırdı. Ancaq mən Rəsulullahı (sallallahu əleyhi və səlləm) görə bilmədim, bir az əvvəl yemək hazırlayıb Onu dəvət edən azadlı (azad etdiyi) köləsinin yanına getmişdi. Mən də tez ora getdim. Çatanda yemək yeyirdi. Məni də süfrəyə dəvət etdi. Ev sahibi ətli və qabaqlı bir yemək bişirmişdi. Gördüm ki, Rəsulullahın (sallallahu əleyhi və səlləm)qabaqdan xoşu gəlir. Mən də qabağı ona yaxınlaşdırdım. Yeməyi yedikdən sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) evinə getdi. Ümmü Süleymin verdiyi səbəti önünə qoydum. Rəsulullah (sallallahu əleyhi və səlləm) xurmadan yeməyə başladı. Mən də başda olmaqla yanındakılara xurma payladı. Nəhayət, səbətdəki xurma qurtardı.”[7]

İmam Qəzali uşaqlar üçün yemək ədəbinin əhəmiyyətinə diqqət çəkmişdir. Onları qısaca maddələr halında sıralamaq olar: Uşaq

1. Yeməyi “Bismillah” deyib sağ əllə yeməli.

2. Qabağından yeməli.

3. Başqalarından əvvəl yeməyə başlamamalı.

4. Yeməyə və yemək yeyənlərə gözünü zilləməməli.

5. Tələsə-tələsə yeməməli.

6. Yeməyi yaxşıca çeynəməli.

7. Tikələri ard-arda udmamalı.

8. Yeməyi paltarına bulaşdırmamalı.

9. Yavanlığın şərt olmadığını bilməli, bəzən quru çörəklə də kifayətlənməli.

Ana və ata da uşağın yanında çox yeməyin pis vərdiş olduğunu danışmalı və onu normal yeməyə alışdırmalıdır. Həmçinin “quru”, “qatı” deyib yeməkləri bəyənməməzlik etməməyi, xörəklər arasında fərq qoymamağı öyrətməlidir.


[1]. Buxari, Ətimə, 57, 34, Buyu 21, Məzalim 14; Müslim, Əşribə 138, (2036); Tirmizi, Nikah 12, (1099).

[2]. Qurani Kərimdə və ya hədislərdə bir məsələ haqqında olan qəti hökmlər

 [3]. Buxari, Nikah 71, 74; Müslim, Nikah 103, (1429); Tirmizi, Nikah 11, (1098); Əbu Davud, Ətimə 1, (3736, 3737, 3738, 3739).

[4]. Buxari, Nikah 71, 74; Müslim, Nikah 103, (1429); Tirmizi, Nikah 11, (1098); Əbu Davud, Ətimə 1, (3736, 3737, 3738, 3739).

 [5]. Əbu Davud, Ətimə 9, (3756).

 [6]. Buxari, Ətimə, 2; Müslim, Əşribə, 108; İbn Macə, Ətimə, 8; Əhməd ibn Hənbəl, Müsnəd, 4/26.

 [7]. İbn Macə, Ətimə, 28; Əhməd ibn Hənbəl, Müsnəd, 4/108.

 



Açar sözləri

ədəb

Bənzər məqalələr

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.

İnsanlarla danışıq ədəbi

Hər bir müsəlman həmsöhbətinin kimliyindən asılı olmayaraq, ağzından çıxan sözlərə diqqət etməli, qarşısındakını incitmədən fikrini çatdırmalıdır. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) bu hədisi qulağımızda sırğa olmalıdır: “Pis söz bir məclisə girərsə, onu kirlədər, çirkinləşdirər”.


Şərh yaz

*