Aylıq namaz vaxtları
742 dəfə oxunub ,   0 şərh   Çap et

Xəndək döyüşü ərəfəsində verdiyi xəbərlər

Əmin-amanlıq və zənginlik müjdəsi

Ammarın şəhid edilməsi

Dinsiz qövm

Gəmilərlə səfər və Ümmü Haram

İstanbulun fəthi

Allah Rəsulunun dövründən daha uzaq, bizim dövrümüzə daha yaxın, hətta əsrimizə aid, həmçinin gələcək yüzilliklərdə gerçəkləşəməsi gözlənilən neçə-neçə misallar vardır.

Xəndək döyüşü ərəfəsində verdiyi xəbərlər

Demək olar, bütün hədis və siyər kitabları səhabələrdən bu hadisəni nəql edir: “Xəndək qazılırdı. Böyük bir qayaya rast gəldik, nə qədər çalışsaq da, heç cür yerindən tərpədə bilmədik. Peyğəmbərimiz də bizimlə birlikdə xəndək qazırdı. Hətta bizə mənən dəstək olur, hərdənbir:

“Allahım, əsl həyat axirət həyatıdır. Sən ənsar və mühacirləri bağışla”,[1] – deyirdi. Səhabələr də Onun bu sözləri ilə coşur:

“Allahım, Sən olmasaydın, biz hidayətə çata bilməzdik, namaz qıla bilməz, zəkat verə bilməzdik. Sən bizə səkinə[2] endir ki, düşmənlə qarşılaşsaq, möhkəm dayanaq”, – deyə səsinə səs verirdilər.[3]

Onlar ən kiçik dərdlərini belə Allah Rəsuluna danışır, kömək istəyirdilər. Bu böyük qayanın əngəl olmasını da xəbər verdilər. Külüngü əlində gəldi və daşı parçalamağa başladı. O, külüngünü endirdikcə daşdan qığılcımlar çıxır və sanki o əsnada Allah Rəsulundan da vəhy və ilham qığılcımları işarırdı. Hər dəfə vuranda deyirdi: “İndi mənə Bizansın açarları verildi. İranın açarlarının mənə verildiyini görürəm. Mənə Yəmənin açarları verildi. Bu an Sananın qapılarını görürəm”.[4]

Aradan bir neçə il keçir, Allah (c.c.) Sad b. Əbi Vəqqas və Xalid b. Vəlid kimi böyük sərkərdələrin qılıncı ilə oraların fəthini Müsəlmanlara müyəssər edir və bütün bu yerlərin açarları Allah Rəsulunun şəxsi-mənəvisinə (mənəvi şəxsiyyətini təmsil edən heyət) təslim edilir. Bu da Onun doğruluğunun bir təsdiqdir. Təsdiq edilməməsi mümkün deyildi, çünki O, doğruluğu təmsil etmək üçün gəlmişdi. Rəsulullahın “Olacaq” dediyi şeylər – fərz edək – baş verməyəcək olsaydı belə, Allah (c.c.) Rəsulunu doğru çıxarmaq üçün onları gerçəkləşdirərdi.

Məşhur səhabələrdən Bəra b. Malik (r.a.) haqqında “Bir məsələdə and içsə, Allah onu yalançı çıxarmaz”, – demişdilər.[5] Yəni Bəra Həzrətləri əgər olmayacaq bir şey haqqında “And olsun ki, filan hadisə baş verəcək” deyə and içsəydi, Allah onu olduracaqdı. Həqiqətən də, səhabələr müharibələr zamanı onu irəli verir və elə bil onun vasitəsilə qələbəni zəmanət altına almağa çalışırdılar.[6] Allah bir səhabəyə belə bir lütf edirsə, Rəsulundan niyə əsirgəsin ki? O, görmədən  demirdi. Allah (c.c.) Ona bildirir, O da bilirdi.

Əmin-amanlıq və zənginlik müjdəsi

Adiy b. Hatəm adlı (Adiy Hatəmi-Tainin oğludur. Əvvəllər xristian idi. Axtara-axtara Allah Rəsulunu tapdı və müsəlman olub qurtuldu) şanlı səhabə nəql edir: “Bir gün Allah Rəsulunun hüzurunda kasıblıqdan, yoxsulluqdan və yol kəsən soyğunçulardan söz düşdü. Buyurdu: “Gün gələcək Hiradan Kəbəyə qədər bir qadın tək başına səfər edəcək və Allahdan başqa heç bir şeydən qorxmayacaq”.

Həzrət Adiy deyir: “Bunları dinləyəndə heyrət etdim. Öz-özümə deyirdim ki, Tay tayfasının quldurları ola-ola, bu, mümkün deyil! Rəsulullah davam etdi: “Bir gün gələcək, Kəsranın[7] xəzinələrini bölüşəcəksiniz”. Soruşdum: “Ya Rəsulullah, İran Kəsrasının xəzinələrini?” “Bəli, İran Kəsrasının xəzinələrini”, – buyurdu. Heyrətim daha da artdı, çünki bu sözlər deyiləndə İran ən qüdrətli günlərini yaşayırdı. Rəsulullah yenə davam etdi: “Elə bir gün gələcək ki, insan əlində zəkatı ilə gəzəcək və zəkatını verməyə adam tapa bilməyəcək”. Adiy deyir: “Mən bunların ilk ikisini gördüm, ömrüm olsa, üçüncünü də görəcəyəm”.[8]

Adiy bu üçüncü dövrü görə bilməyəcəkdi. Ancaq gün gəldi o dövrü görənlər də oldu: Ömər b. Əbdüləziz dövründə Allah Rəsulunun dediyi həqiqət gerçəkləşdi.[9] İndiki otuz Türkiyəyə bərabər o böyük dövlət gəlir bölgüsündə elə bir səviyyəyə çatmışdı ki, bircə nəfər də kasıb qalmamışdı. Zənnimcə, bu gün “Amerika və bəzi Qərb ölkələrində mövcud olan həyat standartları o dövrlə müqayisəedilməz dərəcədə aşağıdır”, – desək, mübaliğə etmiş olmarıq. Həm də hazırkı dövlətlərdə gəlir bölgüsü o qədər ədalətsiz həyata keçirilir ki, firavan yaşayan insanlarla yanaşı, zibilliklərdə gün keçirənlər də az deyil. Halbuki o dövrdə bu cür ziddiyyətlər  aradan qaldırılmışdı.

Ammarın şəhid edilməsi

Peyğəmbər Məscidi inşa edilir. Hər kəs var gücü ilə işləyirdi. Kimi kərpic kəsir, kimi də kərpicləri daşıyırdı. Təbii ki, Allah Rəsulu də işləyənlər arasında idi. Bəli, O da kürəyində kərpic gətirirdi. Ammar bir ara Allah Rəsulunun yanına gəldi, kürəyində iki kərpic vardı, hər halda naz mənasında: “Ya Rəsulullah! Mənə iki kərpic yüklədilər”, – dedi. Allah Rəsulu təbəssüm etdi və onun üzündəki tozu-torpağı mübarək əlləri ilə silə-silə: وَيْحَكَ! تَقْتُلُكَ الْفِئَةُ الْبَاغِيَةُ (və ya أَبْشِرْ! تَقْتُلُكَ الْفِئَةُ الْبَاغِيَةُ!)[10] deyərək düz otuz il sonra Həzrət Əliyə üsyan edən azğın insanlar tərəfindən şəhid ediləcəyini xəbər verdi və onu xəbərdar etdi.[11]

Bəli, Siffində Ammar Həzrət Əli tərəfində idi və bu böyük səhabə məhz o döyüşdə şəhid edildi. Hətta Həzrət Əli tərəfdarları Ammarın şəhid olmasını qarşı tərəfin haqsızlığına dəlil gətirərək onlara: “Siz günahkarsınız, azğınsınız”, – dedi.[12] Bəli, Siffində Həzrət Ammardan yerə düşən hər qan damlası, sanki, Allah Rəsuluna xitabən: “Sadaqtə!” – deyirdi.

Bəli, əziz oxucu! Allah bildirməzsə, insan bunları necə bilə bilər? Bu gün fantastik filmlərdə kahinlik edirlər. Bunlar o qədər çətin deyil, çünki başlanğıcları var. Bir az hadisələri analiz etməklə  bu cür məsələlərdə fikir yürütmək mümkündür. Halbuki Peyğəmbərimizin qeybdən bildirdiyi məsələlərin, hadisələrin heç birində başlanğıc və müqəddimənin zərrəsi də mövcud deyildi. Beləliklə, Onun verdiyi xəbərlərin, dediyi sözlərin onda birini belə, ən güclü dahilər irəli sürə bilməz. Çünki bu kimi məsələlər ağılın hüdudlarını aşan məsələlərdir, yəni qeyb gözü açıq olmadan və ya vəhyə söykənmədən bu cür xüsusları bilmək mümkün deyildir. Elə isə Allah Rəsulu öz-özünə deyil, Allahın bildirməsi ilə bilir, söylədikləri də həmişə doğru çıxırdı.

Dinsiz qövm

Bir gün qəniməti bölüşdürmüş, orada dayanmışdı. Birdən burnu basıq, gözləri çuxura düşmüş və almacıq sümükləri çıxıq bir adam gəldi. Bəlkə də, gələcəkdə meydana çıxacaq bir tayfanı o gün o şəxs təmsil edirdi. Ədəbsizcəsinə Allah Rəsuluna belə xitab etdi: “Bu bölgü ədalətli olmadı, adil ol!” Bəli, bəlkə də, münafiq idi, münafiq idi ki, Allah Rəsuluna belə xitab edirdi. Allah Rəsulu:  “Mən də ədalətli olmayım, kim ədalətli olsun?! Əgər ədalətli olmamışamsa, demək ki, xüsran və zərərə məruz qalmışam”, –  buyurdu.[13] Cümlədəki ت hərflərini ikinci şəxsdə götürsək, “Siz xüsran və zərərə düçar olardınız” mənasını verər.

Allah Rəsulu bunu demək istəyirdi: “Əgər bir peyğəmbər ədalətli deyilsə, insanlar ədaləti kimdən öyrənəcək? Ədalət olmayan bir yerdə isə insanlar zərərdədir. Elə isə siz də zərər və xüsrana məruz qalmısınız. Bir də əgər mən ədalətli deyiləmsə, çox şey itirmiş sayılıram. Halbuki Allah (c.c.) məni peyğəmbər göndərib. Demək ki, mən zərərə düçar olmamışam, o halda ədalətliyəm”.

Həzrət Ömər (r.a.) bu ədəbsizə həddini bildirmək üçün izin istəyir: “İcazə ver, bu münafiqin boynunu vurum!” – deyir. Ancaq Allah Rəsulu icazə vermir və mübarək dodaqlarından qeybə aid bu sözlər tökülür: “Gələcəkdə bir qövm zühur edəcək. Girdəsifət, basıq burunlu və çəkik gözləri çuxura düşmüş bu qövm Quranı elə gözəl oxuyacaq ki, siz özünüzün oxumağınızı bəyənməyəcəksiniz. Ancaq onların oxuduğu qırtlaqlarından aşağı enməz. Yaydan çıxan ox kimi dindən çıxarlar, hətta onların birinin qolunda böyük bir ət xalı vardır”.[14]

İllər sürətlə keçir. Günlər sanki Allah Rəsulunu təsdiq etmək üçün bir-biri ilə yarışır. Nəhrivanda Həzrət Əli bütün xariciləri məğlub edir. Elə bu əsnada Allah Rəsulunun təsvir etdiyi şəkildə bir insan gətirirlər və Həzrət Əliyə müjdə verilir. Demək ki, dindən çıxıb dinə qarşı döyüşən insanlar bunlardır.[15]

Zəif bir hədisdə Peyğəmbərimiz Həzrət Əliyə xitabən: “Mən Quranın tənzili (nazil olması) üçün döyüşdüm, sən də təvili (şərhi, izahı) üçün mübarizə aparacaqsan”,[16] – buyurur. Yəni Quran nazil olmağa başlayınca bütün insanlar mənə etiraz etdi, mən də onlarla mübarizə apardım. Və bir gün gələcək Quranı səhv təvil (şərh) və təfsir edənlər ortaya çıxacaq, sən də onlarla mücadilə edəcəksən. Vaxtı yetişincə o da oldu, Həzrət Əli (r.a.) xaricilərlə döyüşdü, yaydan çıxan ox kimi dindən çıxan bu insanlarla mübarizə apardı.

Bəli, sanki bu burnu basıq, almacıq sümükləri çıxıq adam Allah Rəsulunu təsdiq etmək üçün yaradılmışdı. Onun bu xoşagəlməz görkəmi Allah Rəsulunun sözlərini təsdiq edirdi. Şeytanın toruna düşməyən, ona boyun əyməyən bir mömin bu böyük cihadda savab qazansa da, şeytan heç bir xeyir  əldə etmir. Bunun kimi, həmin dinsizin öldürülməsi də Allah Rəsulunu təsdiq edir, ancaq o öldürülən heç nə əldə edə bilmirdi. Bəli, əslində biz onun o çirkin sima kitabında Allah Rəsulunun doğruluğunu oxuyuruq, amma bu, ona heç bir fayda gətirmir. Çünki o, bu məsələdə yalnız bədbəxt bir vasitədən ibarətdir.

Gəmilərlə səfər və Ümmü Haram

Ümmü Haram binti Milhan bir rəvayətə görə, Allah Rəsulunun süd xalasıdır, digər rəvayətə görə isə, anasının yaxın qohumu olduğuna görə xalası sayılır. Allah Rəsulu onun evinə təklifsiz girib-çıxar və bəzən də orada istirahət edərdi. Bir dəfə yenə istirahət etmək üçün uzanmışdı. Təbəssümlə ayağa qalxdı. Ümmü Haram binti Milhan soruşdu: “Ya Rəsulullah, nə üçün təbəssüm edirsiniz?” Buyurdu: “Ümmətimdən bir dəstə insanın hökmdarlar kimi gəmilərlə cihada getdiyini gördüm”. Qadın: “Dua et, mən də onlarla birlikdə gedim?” – deyincə Allah Rəsulu: “Sən onlarla gedəcəksən”, – buyurdu və istirahətinə davam etdi. Bir az sonra yenə təbəssümlə oyanıb Ümmü Harama eyni sözləri söylədi. O da yenə: “Dua et, onların arasında olum?” – dedi. Peyğəmbərimiz: “Sən əvvəlkilər arasında olacaqsan”, – buyurdu. İllər keçir. Ümmü Haram əri Ubadə b. Samit ilə birgə Kipr səfərinə çıxır və orada miniyindən yıxılaraq vəfat edir.[17]

O vaxtdan bu günəcən Müsəlmanlar onların qəbirlərini ziyarət edir, məzarları başında göz yaşı tökürlər. Təbii ki, tökülən hər yaş damlası eyni zamanda Allah Rəsulunu təsdiq edirdi. Çünki Allah Rəsulu qeybi xəbər vermiş və bu xəbər vaxtı-vədəsi yetişincə doğru çıxmışdı. Bu həqiqətə Kipr, Kipr tarixi və onların oradakı məzarı təkzibedilməz şahiddir.

Bəli, Allah Rəsulunun dedikləri zamanı gəlincə bir-bir zühur edir, biz də bunları tarix aynasında seyr edərək Ona şəhadətimizi təzələyir və hər dəfə də vücudumuzu meydana gətirən zərrələr qədər: “Doğru söylədin, ya Rəsulullah!” – deyirik.

İstanbulun fəthi

İstanbul fəth ediləcəkdi. O dövrdə Konstantinopol adlanan bu şəhər, şübhəsiz, Müsəlmanların hakimiyyəti altına keçəcəkdi. Hakim “Müstədrək” əsərində Allah Rəsulunun bu möcüzəvi xəbərini: “Konstantinopol, əlbəttə, bir gün fəth olunacaq; onu fəth edən əsgər nə gözəl əsgərdir və onu fəth edən sərkərdə nə gözəl sərkərdədir” cümlələri ilə verir.[18] Demək olar, hər dövrün böyük sərkərdələri və cahangiləri həm də ta səhabə dövründən başlayaraq bu müqəddəs müjdəni gerçəkləşdirmək şərəfinə çatmaq üçün dəfələrlə İstanbula qədər gəlmiş və geriyə dönmüşdülər. Əbu Əyyub əl-Ənsari də İstanbula qədər gəlmiş, geri dönməmişdi. O, İstanbulun köksündə bir inci kimidir. Mən burada hər kəsə məlum olan bəzi xüsusları təkrar etməkdən həm sıxılır, həm də bunu vaxt israfı sayıram, ancaq yenə utana-utana da olsa, bir-iki məqamı ərz etmədən keçə bilməyəcəyəm:

İstanbulun fəthi günü qala divarına çıxıb bayrağını sancan Ulubatlı Həsən adi əsgər deyildi, o, Osmanlı sarayında yetişmiş bir zabit, eyni zamanda Fatehin dərs yoldaşı idi.

O dövrədə onlar bir neçə nəfər idilər. İstanbulun ilk qazısı Xıdır Çələbi, Ulubatlı Həsən və bir də cahan fatehi Məhəmməd xan Həzrətləri… Bir oxumuş, bir yetişmiş və eyni dərs halqasında tələbə olmuşdular.

Ulubatlı vücudunun başdan-ayağa dəlik-deşik olması bahasına qala divarına çıxmış və bayrağı qala divarlarına sancmağa müvəffəq olmuşdu. Bir qədər sonra Fateh bu bahadırın başı üstündə dayanmışdı. Ulubatlı son anlarını yaşayırdı. Dodağındakı təbəssüm Fatehi heyrətə salmışdı. Soruşdu: “Nə üçün təbəssüm edirsən?” Cavab gəldi Ulubatlıdan: “Bir az əvvəl buraları Allah Rəsulu təftiş edirdi. Onun gül camalını gördüm. Buna görə sevinirəm…”

Doqquz əsr əvvəl xəbər vermişdi. Doqquz əsr sonra da oranı fəth edən ordunun içində idi. Mən də buna istinadən həmişə deyirəm və deyəcəyəm də: “Üç-dörd adam belə səmimiyyətlə, ixlasla dinə xidmət etmək üçün bir araya gəlsələr, şübhəsiz, Allah Rəsulunun ruhaniyyəti oraya təşrif buyuracaq, onları və oranı şərəfləndirəcək”.

İstanbulun fəthi Allah Rəsulunun sözlərini təsdiq etdiyi kimi, Əbu Əyyub əl-Ənsari də bunun bir şahidi idi, çünki şəhərin fəth ediləcəyini ilk eşidənlərdən biri də o olmuşdu, bunun üçün də ta Mədinədən durub gəlmiş və İstanbulda dəfn olunmağı vəsiyyət etmişdi.[19]


[1]Buxari, Məğazi, 29; Mənaqibül-ənsar 9; Müslim, Cihad,126-129.

[2]Hüzur, könül rahatlığı, mətanət

[3]Buxari, Məğazi 29; Müslim, Cihad123-125.

[4]Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/303; Nəsayi, əs-Sünənül-kübra, 5/269; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/116.

[5]Tirmizi, Mənaqib 54. (Hədisdə adı çəkilən səhabə Ənəs b. Malikin ata-bir qardaşı olan Bəra b. Malikdir.)

[6]Hakim, əl-Müstədrək, 3/331; Beyhaqi, Şuabül-iman, 7/331; İbn Həcər, əl-İsabə, 1/281.

[7]İran sasani hökmdarı

[8] Buxari, Mənaqib 25; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/257.

[9] İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/194; İbn Həcər, Fəthul-Bari, 13/87.

[10] Tirmizi, Mənaqib, 34.

[11]İbn Hişam, əs-Siratun-nəbəviyyə, 3/25; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/217.

[12]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 7/267.

[13]Buxari, Ədəb, 95; Mənaqib, 25; Müslim, Zəkat, 142; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/56.

[14]Buxari, Ədəb 95; Mənaqib 25; Müslim, Zəkat 142-148. (Hadisə, bütün təfərrüatı ilə Müslimin rəvayətlərində keçir.)

[15] Buxari, Ədəb 95; Müslim, Zəkat 148; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 7/290.

[16]Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/82; Əbu Yəla, əl-Müsnəd, 2/341; Hakim, əl-Müstədrək, 3/132.

[17]Buxari, Cihad3, 8; Müslim, İmarə 160-162.

[18]Hakim, əl-Müstədrək, 4/468. Ayrıca baxın: Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/335; Təbərani, əl-Mücəmül-kəbir, 2/38.

[19]İbn Həcər, əl-İsabə, 1/405.




Bənzər məqalələr

Bürclər haqqında bilmədiklərimiz

Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar.

Müxtəlif elm sahələrinə dair qeybi xəbərlər

Bu hissədə Allah Rəsulunun müxtəlif elm sahələrinə aid məsələlər haqda dediyi sözlərin yenə Onun doğruluğuna şahidlik etməsindən qısaca danışmaq istəyirik.

Uzaq gələcəklə əlaqəli verdiyi qeybi xəbərlər

Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri: “Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət etməsi kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər”. Biri soruşdu: “Bizim azlığımıza görəmi?” Allah Rəsulu: “Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də “vəhən” salacaq”, – dedi.

Öz dövrünə aid qeybi xəbərləri

Allah Rəsulu səhabələri ilə birlikdə məsciddə oturmuşdu. Birdən: “Bir az sonra bura üzü, siması təmiz bir insan gələcək, bu qapıdan içəri girəcək. O, Yəmənin ən xeyirli insanlarındandır və alnında mələyin əlinin izi var”, – dedi. Bir müddət sonra Allah Rəsulunun dediyi nam-nişanda bir insan gəlib Onun hüzurunda diz çökdü və müsəlman olduğunu elan etdi. Bu tərtəmiz, pak, yaraşıqlı insan, bu ədəb timsalı Cərir b. Abdillah əl-Becəli idi.

Allah Rəsulu (s.ə.s) qeybi bilirdimi?

Bir şeyi görməmək, bilməmək kimi anlayışlar insana aid olduğuna görə qeyb aləmi və görünən aləm məsələləri əhəmiyyətlidir. Quran ayələri Allahın dünya həyatında görülməsinin, ilahi elmin və icraatların tam dərk edilməsinin qeyri-mümkünlüyünü vurğulayır.


Şərh yaz


(gərəkli)