Aylıq namaz vaxtları
13. 125 dəfə oxunub ,   0 şərh   Çap et

Dinimizdə yalan və yalançılıq ən böyük günahlardan biri sayılır. Bir gün Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Sizə böyük günahların ən böyüyünü xəbər verim?” – deyə soruşmuş və bu sualı üç dəfə təkrarlamışdır. Səhabələr: “Bəli”, − deyincə: “Allaha şərik qoşmaq, ata-ana haqqına riayət etməmək, cana qəsd etmək!”– buyurmuşdur. Ardınca da: “Xəbəriniz olsun! Yalan söz danışmaq, yalandan şahidlik etmək”, − deyib yalanın da böyük günahlardan olduğunu vurğulamışdır[1].

Nə üçün yalan böyük günahlarla eyni tutulur? Çünki yalan bir çox böyük günahların işlənməsinə zəmin hazırlayır.  Digər böyük günahlar isə öz-özlüyündə “müstəqil” bir günahdır. Ancaq yalan, demək olar ki, bütün böyük günahlarla əlaqəlidir. Məsələn, içki içən adam ağlı başında olmadığı üçün rahatlıqla yalan danışa bilər. Qumar oynayan uduzduqlarını geri qaytarmaq üçün yalana əl atır.

Rəbbimiz Qurani-Kərimdə: “Yalan sözdən çəkinin”[2], “Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin!”[3] buyurmaqla bu çirkin günahla bağlı xəbərdarlıq edir. “Çünki yalançılıq (kizb) küfrün əsasıdır, yalan münafiqliyin birinci əlamətidir. Yalan Allahın qüdrətinə iftira sayılır, Rəbbin hikməti ilə təzad təşkil edir. Yalan yüksək əxlaqı çirkin əxlaqa çevirir, İslam aləmini zəhərləyir, insanları fitnə-fəsada sürükləyir və onların mənən kamilləşməsinə mane olur. İslamiyyətin əsası doğruluqdur, imanın mahiyyəti doğruluqdur, insanı kamilliyə aparan doğruluqdur, uca əxlaqın mayası doğruluqdur…”[4]

Yalanın böyüyü, kiçiyi, ağı, qarası olmaz. Xırda-xırda yalan danışan insan get-gedə buna vərdiş edər. Bir müddət sonra böyük yalanlar danışmağa başlayar və Allah qatında yalançı kimi qeyd edilər.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)  buyurur:

“Yalandan çəkinin. Yalan insanı günaha, o da Cəhənnəmə aparar. Bir insan yalan danışar və yalanı araşdırarsa, ilahi dərgahda yalançı kimi yazılar”[5].

Ona görə də möminlər yalan mövzusunda çox həssas olmalı, yalandan mümkün qədər uzaq gəzməlidir. Bəs bunu necə etməlidir? Sualın cavabına böyük İslam aliminin bir yazısından baxaq:

“Təsəvvür edək ki, qarşımızda qırmızı xalça var. Söhbət əsnasında “mavi xalça” demək açıq-aşkar yalandır. Çünki deyilən söz həqiqətə ziddir. Deyək ki, saat doqquza üç dəqiqə qalıb. Elə həmin vaxt bir nəfər sizdən saatı soruşur. “Saat doqquz tamamdır” deyə cavab vermək də yalandır. O anda saatınızın əqrəbi neçəni göstərirsə, onu deməlisiniz.

Bəzi sözlər də gizli yalan sayılır. Məsələn, insanları Allah rizası üçün gözəl işlər görməyə təşviq edərkən  bəzən hadisələr şişirdilərək danışılır ki, bu da mübaliğədir, gizli yalandır. Hətta bu kimi yalan və mübaliğələr Allaha xoş gəlməz, o işin bərəkətini qaçırar. Ruhlar və ruhani varlıqlar da bu cür yalanlardan iztirab çəkərlər. İnsanın qəlb və ruh dünyası xəzan yelindən tökülən yarpaq kimi saralıb solar. Əgər bir insan bu cür yalanı belə danışırsa, demək, onda münafiqliyin əlaməti vardır”[6].

Yalan danışmaq münafiqliyin birinci əlamətidir

Əvvəlcə münafiq kimlərə deyilir, ona bir nəzər salaq. Münafiq həqiqi mənada iman etməyib özünü zahirdə müsəlman kimi göstərən insanlara deyilir. Sözü ilə əməli düz gəlməyən, olduğu kimi görünməyən adam münafiqdir.

Biz münafiqliyi iki qismə ayırırıq: birinci, etiqadi (etiqad cəhətdən) münafiqlər, ikinci, əməli (əməl cəhətdən) münafiqlər. Etiqadi münafiqlər özünü müsəlman kimi göstərib İslama və möminlərə gizli düşmənçilik bəsləyənlərdir. “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, − deyirlər”[7] ayəsi də bu həqiqəti ifadə edir.

Əməli münafiqlər isə dinimizə və onun əsaslarına inandığı halda, hərəkət və davranışlarında münafiqlik əlaməti olan adamlardır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisində: “Münafiqin üç əlaməti vardır: yalan danışar, verdiyi vədə xilaf çıxar, əmanətə xəyanət edər”[8] − deyərək əməli münafiqlərin əsas xüsusiyyətlərini göstərmişdir.

Hədisdən göründüyü kimi, yalan danışmaq münafiqlik əlamətidir, həm də birincisidir. Ancaq təəssüf ki, müsəlmanlar buna lazımi həssaslığı göstərmir və gündəlik həyatda müxtəlif yalanlara əl atırlar. Məsələn, dərsə gecikən şagird cəza almamaq üçün gecikməsinin səbəbini gizlədib bəhanələr uydurur, yəni yalan danışır. Bir yoldaşımız bizə zəng edir. Amma onunla danışmaq istəmirik. Buna görə də telefonu yanımızdakına verib: “De ki, burada yoxdur, iclasdadır…” – deyib yalan danışdıra bilirik. Bəzən də bir məsələdə tamamilə haqsız olduğumuz halda, haqlı görünmək üçün min cür yalan uydururuq.

Halbuki bu, çox ciddi məsələdir. Mömin yalan məsələsində olduqca həssas olmalıdır. “Ey insanlar! Özünü oda atan pərvanələr kimi, sizi yalanın arxasınca düşməyə sövq edən nədir?”[9] − buyuran Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) yalanın hər növündən uzaq gəzməyi tövsiyə edir.

Yalan söyləyən özünü ələ verər

İnsanlar müxtəlif səbəblərlə yalan danışırlar. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, uşaqları yalan danışmağa əsasən aşağıdakı səbəblər sövq edir: öyünmək, özünü üstün göstərmək, diqqət çəkmək, sevgi qazanmaq, bir şey əldə etmək, utanmaq, çəkinmək, ələ salınmaq qorxusu, cəzalandırılmaqdan çəkinmək, əziyyətverici şeylərdən canını qurtarmaq, gözdən düşmək qorxusu, hər şeydən əvvəl, böyükləri və  həmyaşıdlarını təqlid etmək.

Böyüklərin yalan danışmasının səbəbləri əsasən bunlardır: mənfəət əldə etmək və ya ziyandan qurtulmaq, kin bəslədiyi bir adamdan intiqam almaq, düşmənini gözdən salıb özünü haqlı göstərmək, alçalmaqdan qorxub özünü başqalarına qəbul etdirə bilmək, yalana vərdiş eləmək, yaxşılıq etmək düşüncəsi ilə yalan danışmaq.

Yalan danışan insan özünü ələ verər, yəni insan dili ilə yalan danışa bilər, bədəni ilə əsla. Bütün vücudunu, üz cizgilərini, əl-qol hərəkətlərini yalanın əmrinə verə bilməz. Ən gözəl şəkildə yaradılan insan fitrəti buna imkan verməz. Bu səbəbdən də yalan danışan bir insanın hərəkət və davranışları onu ələ verir.

Yalan danışarkən davranışlarda müşahidə edilən ziddiyyətlər bir çox araşdırmanın mövzusu olmuşdur. Bu araşdırmalardan çıxan nəticələr belədir:

  1. Yalan danışan şəxslərin jestləri, yəni əl-qol hərəkətləri azalır. Adi hallarda əl-qol hərəkətləri ifadə edilən fikri qüvvətləndirməyə xidmət edir. İnsanların böyük əksəriyyəti əl-qol hərəkətlərindən qeyri-ixtiyari istifadə edirlər. İnsan danışarkən əllərinin hərəkət etdiyini bilir, amma nə üçün tərpəndiyini bilmir.

Yalan danışarkən əllərinin hərəkət etdiyini bilən, ancaq nə üçün tərpəndiyini tam qavramayan insan  şübhələnir və əl-qol hərəkətlərini azaldır. Bəlkə də, insan içində tərəddüd keçirdiyi üçün sözləri ilə düz gəlməyən jestlərinin onu ələ verəcəyindən qorxur və əllərini ya cibinə qoyur, ya onların üstündə oturur, ya da bir əli ilə digərini tutur. Bu, öz-özünə təmas sayılır ki, çətin anlarda ananın əlindən tutmağa bənzəyir və gərginliyi azaldır.

  1. Yalan danışan şəxs tez-tez əlini üzünə aparır və üzünün ətrafında gəzdirir. İnsanlar söhbət edərkən adətən əlllərini üzlərinə aparırlar. Ancaq qeyri-səmimi söhbətlərdə bu hərəkət həddən artıq çoxalır. Əli üzə aparmaq deyəndə insanın söhbət edərkən öz çənəsini tutması, dodaqlarının üstünə basması, burnuna toxunması, yanaqlarını ovuşdurması, gözlərinin altını qaşıması, qulağının yumşaq hissəsini çəkməsi, saçı ilə oynaması kimi hərəkətlər nəzərdə tutulur. Ancaq yalan danışılan əsnada bu jestlər, xüsusən də ağızı tutmaq və burunu sığallamaq kimi hərəkətlər həddən artıq çox olur.

İnsan yalan danışarkən nə üçün ağzını tutur? Bunu təxmin eləmək çox da çətin deyil. İnsan ağzından çıxacaq kəlmələri tutmağa və yalanının üstünü örtməyə ehtiyac hiss edir. Əllə ağızı örtmək müxtəlif formalarda olur; barmaqlar dodaqların üstündə “dəf çalır”, şəhadət barmağı üst dodağın üzərində və ya əl ağızın kənarında dayanır və s. Uşaqlar yalan danışarkən əlləri ilə ağızlarını tuturlar. Şübhəsiz ki, böyüklərin əllərini ağızlarına aparması onların yalan danışmasının yeganə əlaməti deyildir. İnsan söylədiyi sözdə tərəddüd edəndə də, səhv eləməkdən qorxanda da, vaxt qazanmaq istəyəndə də əlini ağzına apara bilər.

Yalan danışan və ya sözlərində yetərincə səmimi olmayan adamın əlini burnuna aparmasının əsas səbəbi fiziolojidir. Çünki yalan danışarkən daxilən gərginlik keçirən insanın bədənində bir çox fizioloji proseslər baş verir. Qan təzyiqi yüksəlir, ürək döyüntüləri artır, tər vəziləri aktivləşir, burun qıcıqlanır. İtalyan yazıçısı Karlo Kallodinin məşhur nağılında yalan söyləyən Pinokkiyonun burnunun uzanması əbəs yerə deyildir. Yazıçı önəmli bir həqiqəti sezmiş və bir az da mübaliğəli şəkildə uşaq ədəbiyyatına daxil etmişdir.

  1. İnsan yalan danışarkən bədən hərəkətləri artır. Yalan danışarkən keçirdiyi narahatlıq və təlaş yerində qurcalanmasına, stulda sağa-sola, arxaya-qabağa yırğalanmasına, oturuş şəklini dəyişməsinə səbəb olur. Bu kimi dəyişikliyin arxa planında, böyük ehtimal ki, “Kaş başqa yerdə olaydım!” düşüncəsi dayanır. Efirdə gedən müzakirəli verilişlərdə bu cür hallara tez-tez rast gəlinir. Yalan danışmaqda püxtələşən bəzi siyasətçilər belə “gözlənilməz” suallarla üzləşəndə hərəkətsiz dayana bilmir, kresloda “var-gəl” eləməyə başlayırlar.
  2. Yalan danışanlarda əl jestləri azalsa da, əlləri yelləmə hərəkəti artır. Yalan danışan adam, bəlkə də, əlini yellətməklə dediyi sözlərə görə məsuliyyət daşımadığını bildirmək istəyir.
  3. Yalan danışan insanın üz ifadəsi çox vaxt normal olur. Bu sahəni yaxşı bilmədən bir insanın mimikasına baxıb yalan danışdığını müəyyən etmək çətindir. Üz ifadəsində yalanı ələ verən ən önəmli əlamət yalan danışan şəxsin gözlərini həmsöhbətindən yayındırmasıdır. Atakarımız da əbəs yerə deməyiblər ki, “yalan söz üz qızardar” deyə. 

Bu əlamətləri yalanın aşkar və qəti dəlili kimi deyil, beynin içindəki düşüncə və həqiqi duyğularla zahirə əks olunan ifadələrin təzadlığı kimi qəbul etmək daha yaxşı olar. Bu ziddiyyət açıq-aşkar yalan danışmaqla yanaşı, qeyri-səmimilikdən, tərəddüd və şübhədən də irəli gələ bilər[10].

[1]. Buxari, “Şəhadət”, 10; Müslim, “İman”, 143.

[2]. “Həcc” surəsi, 22/30.

[3]. “Əhzab” surəsi, 33/70.

[4]. “İşaratül-icaz”, 93.

[5].  Buxari, “Ədəb” 69.

[6]. “Fasıldan Fasıla”, 2/277

[7]. “Bəqərə” surəsi, 2/8.

[8]. Tirmizi, “İman”, 14.

[9]. Tirmizi, “Birr”, 26.

[10].   Zuhal Baltaş, Acar Baltaş, “Bedenin dili”, s. 143-144.

 




Bənzər məqalələr

Hansı hallarda yalan danışmaq caizdir?

Doğruluğun mömin, yalanınsa kafir xüsusiyyəti olması ilə yanaşı, bəzi İslam alimləri bir-iki hədisə əsaslanaraq çox zəruri hallarda üç yerdə yalan danışmağın mümkünlüyü bildirmişlər.

Uşaqlar niyə yalan danışır?

Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.

Bilərək yalan yerə and içmək

Sual: Bilərək etmədiyi bir şeyi etdim deyə and içən şəxs nə etməlidir?

Münafiqliyin əlamətləri

Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.

Yalan

 Təəssüflər olsun ki, insan yalanın qəbuledilməz bir şey olduğunu bilə-bilə onu söyləməkdən utanmır, hətta bəzi yerlərdə onun söylənməsini “doğru” və “gərəkli” olduğunu düşünür. İnsanlar bir-birilərini aldadaraq nəyə isə nail olacaqlarını düşünür və işin nəticəsində (əksər vaxtlarda) şəxsi mənfəətləri olduğuna görə özlərinə (daxillərində və xaricdə) bəraət qazandırmağa çalışırlar. Əslində, yalan doğruluğun əksinə söz söyləmək, olan bir […]


Şərh yaz

*