5. 987 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Hənəfi məzhəbinə görə, cümə günü imam minbərdə xütbə oxuyarkən ilk sünnət və ya məscid salamlama (təhiyyətul-məscid) namazı qılmaq olarmı?

Cavab: Hənəfi məzhəbinə görə xütbə oxunarkən namaz qılmaq olmaz. Camaat xütbə oxunarkən namaz da daxil olmaqla heç bir işlə məşğul olmamalı, ancaq xütbəyə qulaq asmalıdır. Elmihal kitablarında:

“İmam minbərə çıxdıqdan sonra camaat danışmamalı, salam alıb-verməməli, nafilə namaz qılınmamalıdır. Xütbədə Allah Rəsuluna (s.ə.s)  səlat-salam gətirilərkən dinləmək daha fəzilətlidir. Camaat imam dua edərkən də səssiz “amin!” deyə bilər. İmam Əbu Yusifin bir görüşünə görə səssiz səlat-salam oxumaq olar.

  Əgər bir şəxs cümə namazının ilk sünnəsini qılmağa başladıqdan sonra imam xütbə oxumağa başlasa həmin namaz tamamlanmalıdır. (Ö. N. Bilmən Böyük İslam Elmihalı) İkinci əzan oxunan əsnada məscidə gələn şəxs imam xütbəyə başlayana qədər qurtaracağını bildiyi təqdirdə namaz qıla bilər. Hənəfi məzhəbində tərcih olunan görüşə görə imam xütbə oxuyarkən namaz qılmaq təhrimən məkruhdur.

Hənəfi məzhəbinin bu görüşü aşağıdakı hədisə əsaslanır:

Peyğəmbərimizin (s.ə.s) bir hədisində belə buyurmuşdur:

“Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına “sus” desən ləğv (yəni faydasız bir iş görmüş) etmiş olarsan.” (Buxari, Cümə, 36; Müslim, Cümə, 11-12)

Məlumdur ki, “əmri bil məruf nəhyi ənil münkər” yəni yaxşılığı əmr edib pisliklərdən çəkindirmək vacibdir. Ancaq xütbə oxuyarkən danışan şəxsə xəbərdarlıq etmək belə qadağan olunmuş və bununla xütbənin əhəmiyyətinə diqqət çəkilmək istənilmişdir.

Maliki məzhəbindəki hökm də hənəfilərdəki kimidir.

Şafei və Hənbəlilər isə, aşağıdakı hədislərə əsaslanaraq xütbə oxunarkən iki rükət təhiyyətul-məscid namazının qılına biləcəyini deyirlər.  

Cabir ibn Abdullah (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) cümə günü xütbə oxuyarkən bir nəfər məscidə daxil oldu. Ona: “Namaz qıldınmı?” – deyə soruşdu dedi. O da, “Xeyir”, – dedi. Rəsulullah (s.ə.s) ona: “Qalk iki rükət qıl”, – buyurdu. (Buxari, Cümə, 33; Müslim, Cümə, 54-58)

Yenə Cabir ibn Abdullah (r.a): “Sizdən biri, cümə günü imam (xütbəyə) çıxdıqdan sonra məscidə gələrsə iki rükət namaz qılsın.” (Müslim, Cümə, 57)

Başqa bir rəvayətdə də Cabir ibn Abdullahın (r.a) belə dediyi rəvayət edilmişdir:

“Cümə günü Rəsulullah (s.ə.s) xütbə oxuyarkən Qatafan qəbiləsindən Süleyk gəldi və dərhal oturdu. Rəsulullah belə buyurdu: “Süleyk! Qalk, iki rükət namaz qıl. Mümkün qədər qısa bitir.” Sonra belə davam elədi: “Sizdən biriniz cümə günü imam xütbə oxuyarkən məscidə daxil olarsa iki rükət namaz qılsın və onu mümkün olduğu qədər qısa tutsun.” (Müslim, Cümə, 59). Şafei, Əhməd ibn Hənbəl, İshak ibn Raheveyh və mühəddis fiqhçilərin (hədisçilər ekolu) görüşlərini Cabir ibn Abdullahın hədisinə əsaslandırırlar. Həsən əl-Bəsri və mütəqaddimun alimlərindən də bənzər görüşlər rəvayət edilmişdir. Qazı İyaz, Əbu Hənifə, Malik ibn Sad, Leys ibn Sad, Süfyan əs-Səvri, səhabə və tabeunun cumhuruna (əksəriyyətinə) görə imam xütbə oxuyarkən namaz qılmaq olmaz. Hz. Ömər, Hz. Osman və Hz. Əlidən (r.anhum) də belə nəql edildiyi bildirilmişdir.

 Cabir ibn Abdullahın rəvayəti xəbəri-vahidddir. Başqa bir rəvayətdə Süleyk namaz qılana kimi Allah Rəsulu xütbəni dayandırmış, onu namazını qurtarınca davam etmişdir.

Bütün bunları nəzərə alaraq imam xütbə oxuyarkən namaz qılmamaq daha məqsədə uyğundur. Ancaq Şafei və Hənbəli məzhəbindən olanlar da qılsa onlara da bir şey deməmək lazımdır.

Ətraflı məlumat üçün bax:  (Sünəni Əbu Davud Tərcümə və Şərhi, Şamil Yayınları: 4/226-230.)




Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Xütbə oxunarkən danışmaq və duaya Amin demək

İmam xütbə oxuyarkən səssizcə xütbəyə qulaq asmaq lazımdır. Bu əsnada başqa işlərlə məşğul olmaq söhbət etmək olmaz. Allah Rəsulun (s.ə.s) adı çəkildiyi zaman səssizcə ona salavat gətirmək, imamın duasına “Amin” demək olar.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.


Şərh yaz