20. 674 dəfə oxunub ,   2 şərh   Çap et

Vitr namazının dəlilləri

Vitr namazı neçə rükətdir?

Vitr namazı ilə əlaqəli məsələlər

Vitr namazının qəzası

Vitr namazında hansı surələri oxumaq daha fəzilətlidir?

Vitr sözü ərəb dilində “tək” mənasındadır. Rəsulullah (s.ə.s) günün ərzində qılınan son namazın vitr namazı olmasını tövsiyə etmişdir.[1] Hz. Peyğəmbər (s.ə.s) vitr namazını gecə oyanacağından əmin olan şəxsin sübh namazından əvvəl,[2] əmin olmayanın isə yatsı namazından sonra, yatmazdan əvvəl qıla biləcəyini bildirmişdir.[3]

Vitr namazının dəlilləri

Vitr namazı haqqında Rəsulullahın (s.ə.s) bəzi hədisləri:

“Ey Quran əhli! Vitr namazı qılın! Çünki Allah təkdir, tək olanı sevər.”[4]

“Üç şey vardır ki, mənə fərzdir, ancaq sizə fərz deyildir. Duha namazı, qurban kəsmək və vitr namazı.”[5]

“Allah sizə (fərzlərdən əlavə) bir namaz da əlavə etmişdir. Bu namaz vitr namazıdır. Vitr namazını gecə ilə dan yeri ağarana qədər qılın!”[6] Bu hədisdəki “qılın” əmri Əbu Hənifəyə görə vaciblik ifadə edir və bu hədisə əsasən vitr namazı Əbu Hənifəyə görə vacibdir. Əbu Yusif, İmam Məhəmməd və digər üç məzhəb imamına görə vitr namazı müəkkəd sünnədir.

Vitr namazı neçə rükətdir?

Hənəfilərə görə vitr namazı axşam namazı üç rükətdir və bir salamla qılınır. Dəlili Hz. Aişənin (r.anha) rəvayət etdiyi hədisdir: “Hz. Peyğəmbər üç rükət vitr namazı qılar və üçüncü rükətin sonunda salam verərdi.”[7] Hənəfi məzhəbinə görə tək rükətli namaz olmadığından vitr namazı axşam namazı kimi üç rükət olaraq qılınır. Axşam namazından fərqli olaraq vitr namazının hər rükətində “Fatihə”nin ardından bir surə (və ya bir neçə ayə) və sonuncu rükətdə rükudan əvvəl təkbir alınaraq “Qunut” duası oxunur. Qunut duası oxumaq Əbu Hənifəyə görə vacib, Əbu Yusif və İmam Məhəmmədə görə isə sünnədir.

Malikilərə görə vitr namazı bir rükətdir. Yatsı namazının fərzindən sonra iki rükət sünnə qılınır, salam verdikdən sonra buna bir rükət də vitr namazı əlavə olnur.

Hənbəlilərə görə də, vitr namazı bir rükətdir. Tək olmaq şərtilə üç və ya daha çox rükət qılına bilər.

Şafeilərə görə vitrin ən azı bir rükət, ən çoxu isə on bir rükətdir. Bir rükətdən çox qılındığı təqdirdə əvvəlcə iki rükət qılınır, salam verilir. Sonra qalxaraq tək rükətə ayrıca niyyət edilərək qılınır.[8]

Vitr namazının rükət sayı aşağıdakı hədislərə isnad edir.

“Vitr haqdır. Beş rükət olaraq vitr qılmaq istəyən qılsın, üç rükət olaraq qılmaq istəyən qılsın, bir rükət olaraq qılmaq istəyən qılsın!”[9]

İbn Hibbanın rəvayət etdiyi hədisdə belə buyurulur: “Hz. Peyğəmbər iki rükət sünnə ilə vitrin arasını (salamla) ayırardı.”[10]

Hz. Aişədən (r.anha) belə nəql edir: “Rəsulullah (s.ə.s) Ramazanda və Ramazan olmayanda on bir rükətdən daha çox nafilə namaz qılmazdı.[11] Müslimin Hz. Aişədən (r.anha) rəvayət etdiyi başqa bir hədisdə, Rəsulullahın (s.ə.s) yatsı (işa) namazından sonra səhərə qədər qıldığı on bir rükətin hər iki rükətindən bir salam verdiyi, son rükəti tək rükət olaraq qıldığı bildirilir.[12]

Abdullah İbn Ömər və Abdullah İbn Abbas (r.anhum); “Vitr namazı gecənin sonunda qılınan tək rükətdir”[13] demişlər.

Vitr namazı ilə əlaqəli məsələlər

Hənəfi məzhəbinə görə vitr namazının üçüncü rükətində rükuya getməzdən əvvəl təkbir gətirilərək qunut duası oxunur. Digər məzhəblərə görə vitr namazında qunut duası oxunmur. Ancaq Şafeilərə görə, Ramazanın ikinci yarısında vitr namazının son rükətində, rükudan sonra qunut duası oxumaq məndubdur.

Hənəfilərə görə vitrdən başqa namazlarda qunut duası oxunmur. Ancaq sıxıntı, fitnə və müsibət əsnasında sübh və axşam namazlarının fərzində qunut duası oxuna bilər.

Vitr namazı, yalnız Ramazan ayında camaatla qılınır. İmam bu namazı səsli qıldırır. Qunut duasını isə imam və camaat səssiz (gizli) oxuyur. Ramazan ayı istisna olmaqla vitr namazını camaatla qılmaq məkruhdur.

İmama birinci rükətdən sonra çatan, imamla birlikdə qunut duasını oxumalı, çata bilmədiyi rüklətləri qəza edərkən qunut duası oxumaz.

Vitr namazı qılan şəxs ikinci, yoxsa üçüncü rükətdə olduğundan şübhəyə düşərsə, olduğu rükətdə qunut duasını oxumalı, təhiyyatdan sonra qalxaraq bir rükət də qılmalı, yenidən qunut duasını oxumalıdır. Əlavə rükətdəki təhiyyatla namazını tamamlamalıdır.[14]

Vitr namazının qəzası

Hənəfilərə görə vitr namazının qəzası vacibdir. Müəyyən səbəbdən vitr namazını qıla bilməyən şəxs qılmadığı vitr namazını qəza etməlidir. Digər məzhəblərə görə isə vitrin qəzası sünnədir.

Vitr namazında hansı surələri oxumaq daha fəzilətlidir?

Rəsulullahın (s.ə.s) vitr namazının birinci rükətində “Ə’la” surəsini, ikinci rükətində “Kafirun” surəsini, üçüncü rükətində də “İxlas” surələrini oxuduğu bildirilir.[15] Bəzən də bunlara “Fələq” və “Nəs” surələrini də əlavə etmişdir.[16] Bir dəfə vitr namazının bir rükətində “Nisa” surəsindən yüz ayə oxuduğu da rəvayət edilir.[17]


[1]   Müslim, Müsafirin, 53.
[2]   Tirmizi, Vitr, 12; Əbu Davud, Vitr, 8.
[3]   Müslim, Müsafirin, 53.
[4]   Buxari, Dəəvat, 69; Müslim, Zikr, 5, 6; Əbu Davud, Vitr, 1; Tirmizi, Vitr, 2; Nəsai, Qiyamul-leyl, 27.
[5]   Zeylai, Nəsbur-Rayə, II, 105.
[6]   Əhməd ibn Hənbəl, II, 180, 206, 208, V, 242, VI, 7; Bax. Tirmizi, Vitr, 12; Əbu Davud, Vitr, 8; Müslim, Səlatul-müsafirin, 53.
[7]   Bu hədisi Hakim rəvayət etmiş və Buxari-Müslimin şərtlərinə uyğun olduğunu bildirmişdir. Nəsai “Nəbi (s.ə.s) vitrin iki rükətində salam verməzdi” ləfzi ilə rəvayət etmişdir. Bax. Zeylai, Nəsb, II, 118 vd.
[8]   Meydani, Lübab, I, 78; İbn Qüdamə, Muğni, II, 150; Zuheyli, İslam Fıkhı Ansiklopedisi., I, 820 vd.
[9]   Əbu Davud, Vitr, 3; Nəsai, Qiyamul-leyl, 40; İbn Macə, İqamə, 123; Əhməd ibn Hənbəl, V, 357.
[10] Əhməd ibn Hənbəl, VI, 84.
[11] Buxari, Təhəccüd, 3, 16.
[12] Bax. İbn Macə, İqamə, 125, 181; Əbu Davud, Tətəvvü, 26; Əhməd ibn Hənbəl, I, 170; Malik, Müvəttə, Səlatul-leyl, 8; Müslim, Müsafirin, 121.
[13] Müslim, Səlatul-müsafirin, 153; Əbu Davud, Vitr, 3; Nəsai, Qiyamul-leyl, 34.
[14] Zeylai, Nəsbur-rayə, II, 123; Zuheyli, İslam Fıkhı Ansiklopedisi, I, 826 vd.
[15] Nəsai, Qiyamul-leyl, 47-50; Tirmizi, Vitr 337; İbn Macə, İqamətus-səlat, 115.
[16] Tirmizi, Vitr 337; Macə, İqamətus-səlat, 115.
[17] Nəsai, Qiyamul-leyl, 46.


Açar sözləri

namaz qunut vitir vitr yatsı

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


2 şərh yazılıb
  1. Şükufə , 26/02/2022 tarixində, saat 18:02

    Salam. Peyğəmbər Əfəndimizə fərz, ümmətinə sünnət olan namazlar arasında duha namazı da yazılıb. Təhəccüd olmalıdır deyə bilirəm.

    • meneviyyat.az , 29/04/2022 tarixində, saat 10:04

      Salam. Əhməd ibn Hənbəlin Müsnədində belə hədis var

Şərh yaz