- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Vəsilə nədir?

“Vəsilə” ehtiyac mənasında işlədilən ərəb sözü olub “təvəssül” (insanı ilahi dərgaha yaxınlaşdıran əməli işləmək) kəlməsi ilə eyni anlamda işlədilir. Təvəssül ərəbcə bir kimsəni və ya bir şeyi vasitə eləmək mənasına gəlir. Məsələn ağaca çıxmaq üçün nərdivan bir vasitədir. Qurani-Kərimdə “vəsilə” sözü: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!”[1] – ayəsində zikr edilmişdir.

Təvəssül və ya vəsilə daha çox başda peyğəmbərlər olmaqla vəfat etmiş saleh insanları, alimləri, vəliləri vasitə edib, onların adını çəkərək, onların hörmətinə Allahdan bir şey istəmək, yaxud bir şeyin sovuşması üçün dua və niyazla Ona pənah aparmaq deməkdir. Bu dua isə: “Allahım! Peyğəmbərimizin hörmətinə duamı qəbul elə”, “Allahım, filan saleh adamın və ya alimin hörmətinə duamı qəbul elə!”  şəklində edilir.

Təvəssül varmı?

Əslində İslamda insan ilə Allah arasında heç bir vasitə yoxdur. İnsan istədiyi vaxt və istədiyi yerdə Allaha yönələ, Onunla vasitəçisiz və qulluq dili ilə danışa bilər. “İstədiyi vaxt” dedik, çünki nafilə ibadətlər üçün konkret vaxt yoxdur. İnsan hər zaman dua və minacatla Rəbbinə üz tuta və bunu namaz kimi ibadətlərlə gözəlcə yerinə yetirə bilər.İslamda qul ilə Allah arasında heç bir vasitə yoxdur. Qul istədiyi zaman istədiyi məkanda Rəbbinə yönələrək ona qulluq edib istədiyini Ondan istəyə bilər. Qul nafilə ibadətlərlə rəbbinə addım-addım yaxınlaşır. Qul bu yaxınlaşma ilə elə bir dərəcəyə gəlir ki Rəbbi onun görən gözü, eşidən qulağı tutan əli və s. olur. Bu yaxınlıq üçün də onun heç bir vasitəyə ehtiyacı yoxdur. (Buxari, Riqaq 38) Allah quluna şah damarından daha yaxındır. (Qaf, 16) Hər bir qulun yalvarışını eşidib onun duasına cavab verir. (Bəqərə, 186)  Buna görə də İslamda başqa dinlərdə olduğu kimi, vasitəçilərə ehtiyac yoxdur.

Digər tərəfdən, Rəbbimizi bizə tanıdan, kainat kitabına baxışı öyrədən Quranın bir vasitə, vəsilə olduğunu inkar edə bilərikmi? Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin (s.ə.s) vəsiləliyini görməmək mümkündürmü? Onun Meracda Allahın hüzuruna yüksəlməsi heç yaddan çıxarmı?

Xalid bin Vəlidə sarığında Peyğəmbərimizin mübarək saqqalından bir tük saxlayırdı. Bir gün döyüşdə sarığı düşüb düşmən cərgələrinə sarı yuvarlananda əsgərlərin xəbərdarlığına məhəl qoymamış, təlaş içində irəli atılmış və sarığı götürüb başına qoymuşdu. Sonra da niyə bu qədər həyəcanlandığını soruşanlara: “O sarığın içində Allah Rəsuluna aid mübarək bir tük vardı”, – deyə cavab vermiş. İnanırdı ki, o mübarək tük nə qədər başındadır, Allahın izni ilə heç vaxt məğlubiyyət görməyəcək.

Həzrət Ömərin vəsilə etməsi

Ölkəsi quraqlıqdan əziyyət çəkən Həzrət Ömər (r.a) bu fəlakətin öz ucbatından rəiyyətin başına gəldiyini düşünür, üzülürdü. Dərddən beli bükülmüş, təbəssüm üzünə yad olmuşdu. Günlərin birində bu cür qayğılı halda evinə getməyə hazırlaşırdı ki, birdən dayandı. Geri döndü və yeyin addımlarla Həzrət Abbasın (r.a) evinə yollandı. Qapını Həzrət Abbas (r.a) açdı və Həzrət Ömər (r.a) də onun niyə gəldiyini soruşmasına macal vermədən əlindən tutub bir təpənin başına çıxardı. Orada Həzrət Abbasın (r.a) əlini havaya qaldıraraq belə dua etdi: “Ey Uca Allahım! Biz Allah Rəsulunun sağlığında Onun əziz varlığını şəfaətçi edər və istədiyimizi Onun adı ilə Səndən dilərdik. Lakin O, artıq aramızda deyil. Ancaq bu gün Sənin hüzuruna Peyğəmbərimizin əmisi ilə gəlmişəm. Bu əlin hörmətinə bizə yağış göndər!” Səhabə deyir ki, onların əli havadan enməmiş göydən şıdırğı yağış tökülməyə başladı.

Və yenə bir gün gözlərinin açılması üçün Allah Rəsulu (s.ə.s) ondan dua istəyən birinə: gedib iki rükət namaz qılaraq ardından da Allah Rəsulunu vəsilə edərək gözlərinin açılması üçün Allaha dua etməsini söyləmişdi. (İbn Macə, İqamə 189)

Vəsilədə əsas məsələ vəsilə edilən şəxsləri əsl qayə və məqsədə çevirməmək, onların yalnız vasitə olduğunu unutmamaq və bütün diləklərdə hökm sahibinin Allah olduğunu  yaddan çıxarmamaqdır. Vəsilənin şirklə (Allaha şərik qoşmaq) heç bir əlaqəsi yoxdur. Ancaq hər cür yaxşı düşüncə kimi bundan da sui-istifadə edənlər ola bilər. Lakin kiminsə pis niyyəti təvəssülün haqq olmasına kölgə sala bilməz. Biz təvəssülü belə anlayırıq. Beləliklə, Allaha yaxın insanları dualarımıza vəsilə edir və bu cür edilən duaların daha tez qəbul olunmasına inanırıq. Belə təvəssüldən də bərəkət gözləyirik.

Nələri vəsilə etmək olar?

Birincisi, vəsilə yollarından biri Allah-Təalanın adları və ya sifətləridir. Bu təvəssül növünü Qurani-Kərim belə anladır: “Ən gözəl isimlər (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin”.[2]  Ənəs bin Malik rəvayət edir: “Allah Rəsulu bir işə başlayanda dua edərdi: “Ey Hayyu Qayyum! Sənin rəhmətinlə Səndən yardım istəyirəm”.[3]

İkincisi, Allah-Təalanın razı olduğu bir saleh əməllə təvəssül etməkdir. Məsələn: soyuq bir gecədə dəstəmaz almaq, yuxunun şirin vaxtında təhəccüd namazına qalxmaq, kiməsə əl tutmaq kimi əməlləri vəsilə etmək olar. Mağarada sıxışıb qalan üç çəxsin hekayəsini anladan hədisə baxıla bilər.

Üçüncüsü, böyük din adamlarını vəsilə etməkdir. Necə ki bir vəzifə sahibi ilə görüşmək istəyəndə hörmətli adamları araya salırıq, bir xətamızın bağışlanması və ya bir işimizin düzəlməsi üçün münasib insanları köməyə çağırırıq, eləcə də Allah qatında dəyərli insanları Onunla öz aramızda vasitəçi edirik.

Yaddan çıxartmamalıyıq ki, Allahın ən çox sevdiyi bəndəsi Peyğəmbərimiz də olsa bizə bir şey verə bilməz. İstədiyimizi ancaq Allahdan istəməliyik. Ancaq Allah-Təala qarşısında günahlarımızın və qəflətlə keçiriyimiz həyatın üzqaralığından, Onun gözəl adlarını, Peyğəmbərləri(a.s.) və salehləri vəsilə edərək dua etməkdə bir qəbahət yoxdur.


1 “Maidə” surəsi, 35.
[2] “Əraf” surəsi, 180.
[3] Buxari, Təhəccüd, 25.