4. 728 dəfə oxunub ,   0 şərh   Çap et

Valideynlərimiz bizi dində qadağan olunmuş bir şeyə məcbur etsə və biz də əməl eləməsək, buna görə etdikləri bəddua qəbul olunarmı?

Hər bir insan ata-anaya hörmət etməyə, onların haqlarını qorumağa borcludur. Bunun bir istisnası var, o da ata-ananın övladından Allaha üsyan etməsini istəməsidir. Peyğəmbərimiz (s.a.s.): “Allaha üsyanda itaət olmaz”,[1] – buyurur. Həmin günahı kim istəyir-istəsin, əməl eləməyə haqq vermir. Ata-ana və ya başqa bir adam – kim əmr edir-etsin, yerinə yetirmək olmaz. Valideynin namazı tərk etsin deyə övladına təzyiq göstərməyə haqqı yoxdur. Əgər valideynlərin sözünə qulaq asmaq Allaha üsyana aparırsa, o məsələdə valideynlərə itaət etmək şərt deyil. Bir mömin üçün Allaha itaət etmək hər şeydən əhəmiyyətlidir. Bununla yanaşı, əgər valideynlərimiz bizi dində qadağan olan əməllərə məcbur edirsə, dərhal qarşı çıxmaqdansa, onlarla xoş rəftar edib məsələni yoluna qoymağa çalışmaq daha yaxşıdır. Çünki ata-ana Allah qatında elə bir məqama sahibdir ki, bilmədən dedikləri şeylər belə həyata keçə bilər. Bu mövzuda aşağıda verilmiş misal yerinə düşür.

Cüreyc təqvası ilə məşhur bir mömin idi. Kəndlərinin yaxınlığındakı ibadətxanada namazla, ibadətlə məşğul olurdu. Günlərin birində anası Cüreyci axtara-axtara ibadətxananın qapısınacan gəlib oğlunu səslədi: “Cüreyc, Cüreyc, oradasan?”

Bu əsnada namaz qılan Cüreyc “Görəsən, nə edim? Namazı pozub anama cavab verim?” deyə düşünərək tərəddüd etdi. Ancaq namazı pozmadı. Cüreycdən cavab almayan anası üzülərək geri qayıtdı. İkinci gün yenə anası ibadətxananın qapısına qədər gəlib oğlunu səslədi:

– Cüreyc, oğlum oradasan?

Yenə də namaz qılan Cüreyc cavab verməyə tərəddüd etdi, namazını poza bilmədi. Üçüncü gün də oğlunu axtaran ana onu ibadətxanada tapmaq ümidi ilə yenə gəldi, amma səsinə səs verən olmadı. Bu dəfə çox pis olan ana özünü saxlaya bilməyib bəddua etdi: “Ey Cüreyc, Allah səni pis bir qadınla imtahana çəksin ki, anaya cavab verməməyin cəzasını görəsən!”

Bu hadisənin üstündən xeyli vaxt keçdi. Həmin kənddə yaşayan və əri olmayan bir qadının uşaq dünyaya gətirdiyini görən kənd camaatı qadını sıxma-boğmaya saldı. Qadın çıxılmaz vəziyyətdə qaldıqda: “Bu uşaq Cüreycdəndir”, – dedi.

Kəndlilər bunu eşitcək ibadətxananı dağıtmağa başladılar. Cüreyc o əsnada yenə də namaz qılırdı. Namazını bitirdikdən sonra ibadətxananın dağılmış yerindən bayıra çıxıb camaatın nə istədiyini soruşdu. Qadının qucağındakı uşağı göstərib dedilər:

− Bu uşaq nədir, Cüreyc? Heç sənə yaraşar?

Kəndlilərin iddialarını təbəssümlə qarşılayan Cüreyc qadının yanına yaxınlaşıb, əlini uşağın başına qoydu və dua etdikdən sonra dedi: “Ey uşaq, Allah üçün de, atan kimdir?”

Elə həmin an hamını heyrətə salan, dəhşətə gətirən hadisə oldu. Bələkdəki uşaq gözlərini açıb danışdı: “Atam hərdənbir ibadətxanaya gəlib səninlə söhbət edən kəndin çobanıdır!

Uşaq həqiqəti dedikdən sonra xəcalətdən nə edəcəyini bilməyən kəndlilər Cüreycin yanına gəlib üzr istədilər: “Bizi bağışla, dağıtdığımız divarı qızıl kərpiclə yenidən hörəcəyik!”

Yenə də gülümsəyən Cüreyc belə cavab verdi:

− Yox, qızılla lazım deyil, öz daşı ilə hörün, bəsdir.

Və camaat tutduğu işin xəcalətini çəkə-çəkə uçurulmuş yeri təzədən hördü.[2]


[1] Əbu Davud, “Sünən”, 7, 210

[2] Müslim, “Səhih”, 12/393




Bənzər məqalələr

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


Şərh yaz