- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Uzaq gələcəklə əlaqəli verdiyi qeybi xəbərlər

Vəhən (Dünya sevgisi və ölümdən qorxma)

Fəratdakı xəzinə

İsəviliyin saflaşması

Əkinçilikdə islahatlar

Müasir dövrdə pozulan müvazinət

Elmin geniş yayılması

Qurandan uzaqlaşma

Zaman məfhumu

Faizin geniş yayılması

Möminin gizlənəcəyi zaman

 

Vəhən (Dünya sevgisi və ölümdən qorxma)

Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri:

“Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət etməsi kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər”. Biri soruşdu: “Bizim azlığımıza görəmi?” Allah Rəsulu: “Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də “vəhən” salacaq”, – dedi. Yenə biri soruşdu: “Ey Allahın Elçisi, vəhən nədir?” Cavab verdi: “Ölümdən qorxmaq və dünyanı (hədsiz )sevmək!”[1]

Bu cümlələrdən ilk baxışda bu mənaları anlayırıq: bir gün gələcək, millətlər dəstə-dəstə üstümüzə tökülüşəcəklər. Yeraltı-yerüstü sərvətimizi süfrədəki yemək kimi bölüşəcəklər. Bəli, bütün yeraltı və yerüstü sərvətlərimizi ələ keçirəcək və gözümüzün içinə baxa-baxa süfrələrimizi talayacaqlar. Bəli, biz loğmanı hazırlayıb qabaqlarına qoyacağıq, onlar da doymaq bilməyən iştahla önlərinə qoyulan şeyləri içəri ötürəcəklər.

Niyə belə şeylər baş verir? Çünki o vaxt biz artıq köklü bir ağac olmayacağıq. Hətta selin ora-bura sürüdüyü çör-çöp kimiyik, ona görə. Bəli, biz xarakter, məşrəb və anlayış fərqinə görə bir-birimizlə çəkişəndə, bir-birimizi taqətdən salanda onlar dəyərsiz maddi mənfəətlər ətrafında gizlicə birləşib bizi üstələdilər. Əvvəllər onlar bizdən qorxurdular. Çünki onlar ölümdən qorxur, biz isə ölümün gözünə dik baxır və dünya həyatına dəyər vermirdik. Halbuki indi biz ölümdən qaçır və dünyanı da onlardan daha çox sevirik. Onlar da bizim bu zəif damarımızdan istifadə edərək ən həssas yerimizdən zərbə endirirlər.

İlk baxışda səlib yürüşlərini xatırladan bu hədisin bir az da dərindən düşündükdə daha yaxın tarixin hadisələrinə də işarə etdiyini açıq-aşkar görmək mümkündür.

Raif Qaradağ “Petrol fırtınası” (Neft fırtınası) adlı bir kitab yazdı. Daha sonra o fırtınanı çıxaranlar tərəfindən də öldürüldü. Çünki o kitabda XIX və XX əsr türk xalqının dönmüş bəxti və ah-fəğanı, təcavüzkarların da “hay-huy”u əksini tapırdı.

Dövləti-Aliyənin (Osmanlı dövləti) üstünə – mən ona imperatorluq deyilməsinə qarşıyam, çünki o dövlət bir imperatorluq deyildi, səhabə və tabiun dövründən sonra ən möhtəşəm bir dövlət idi və deyilsə-deyilsə, ona “Dövləti-Aliyə” deyilməlidir – süfrəyə cumuşurmuş kimi tökülüşmüşdlər. Bircə məqsədləri vardı, o da bu geniş və əl dəyməmiş bakir torpaqların yeraltı-yerüstü sərvətlərini qəsb etmək. Tarix boyu cərəyan edən açıq səlib yürüşlərinin ən amansızı belə bu gizli küfr təcavüzü ilə müqayisədə heç nə idi. Bəli, bir-birini süfrəyə çağırırmış kimi səsləmiş və bir ölkənin bütün varidatını öz aralarında bölüşmüşdülər.

Həzrət Osmanı və Həzrət Əlini (r.a.) o dövrün xəyanət çarxını fırladan bir zehniyyət arxadan vurmuş, Əsri-Səadəti qana boyamışdı. Osmanlını da onların nəvələri arxadan vurdu və İslam dünyasını başsız qoydular.

Hazırlanmış və naz-nemət düzülmüş bir süfrə kimi üstümüzə töküldülər və Akifin ifadəsi ilə: “Kimi Hindu, kimi yamyam,[2] kimi bilməm nə bəla!” birləşib Dövləti-Aliyəni talan etdilər.

Bəzi təcavüzkarlar bir vaxtlar müəyyən bir zehniyyətlə silah çəkib üstümüzə gəlmişdilər və bu, o günün fanatik avropalısının hücumu idi. Bu aldadılmış yazıq kütlələr guya Həzrət Məryəmin məzarını xilas etməyə gəlirdilər. Halbuki Həzrət Məryəm bizim nəzərimizdə onların düşündüyündən də, inandığından da daha fəzilətli idi. Çünki biz onun Cənnətdə Peyğəmbərimizə zövcə olacağına inanır və ona möminlərin anası gözü ilə baxırdıq.[3] Eyni zamanda onun həqiqətini avropalıların batil və köhnə düşüncələrindən müdafiə edirdik. Həzrət Məryəm həyatda olsa  idi, şübhəsiz ki, bu batil düşüncələrdən narahat olardı.

Demək istəyirəm ki, Allah Rəsulunun hədislərində bu köhnə zehniyyətin nəticəsinə, təşkil edilən səlib yürüşlərinə deyil, bəlkə də, yaxın tarixdə bütün dəhşəti ilə gördüyümüz və görməkdə olduğumuz qorxunc küfr ittifaqına işarə edir ki, İslam aləmi onların soyğunçuluğundan hələ də xilas ola biləməmişdir. Göründüyü kimi, on dörd əsr əvvəl deyilənlər bu gün sözbəsöz təsdiqlənir və yaşanır.

Fəratdakı xəzinə

Yenə buyurur: “Ehtimal ki, Fəratın suyu çəkilər və qızıldan bir dağ zühur edər. Kim orada olsa, heç nə götürməsin”.[4]

Bu günədək Fəratın başında saysız-hesabsız qətliamlar törədildi. Yaxın tarixdən başlayası olsaq, Fərata yaxın yerdə İran-İraq müharibəsi baş verdi. 1958-ci ildə yenə Fərata yaxın bir bölgədə Allah Rəsulunun nəvələri qətlə yetirildi. Ancaq hədisdən təkcə bu iki hadisəni çıxarmaq deyil, əksinə, bəlkə də, daha sonra baş verəcək bəzi hadisələrə işarə axtarmaq daha doğru olardı:

Məsələn: ola bilsin ki, bir gün Fərat suyunun dəyərli olacağına və ya tikiləcək su anbarlarının gətirdiyi gəlirlərə “qızıl” sözü ilə işarə edilmişdir. Bundan başqa, Fəratın suyunun tamamilə çəkilməsi ilə hövzəsindən zəngin qızıl və neft yataqlarının tapılmasına da işarə ola bilər. Həmçinin torpaq çökmələri nəticəsində belə bir yatağın aşkar olunması mümkündür. Ancaq heç kəs şübhə etməz ki, bu hədislə o bölgənin İslam aləminin bünyəsində bir dinamit kimi potensial təhlükə olması bildirilmişdir. Bunlar bu gün zühur etməmişdir, gələcəkdə baş verəcək hadisələrdir və o günləri görənlər Allah Rəsuluna bir daha ürəkdən “Sadaqtə – Doğru söylədin!” deyəcək və imanlarını təzələyəcəklər.

İsəviliyin saflaşması

İki Cahan Sərvəri İsəviliyin saflaşaraq Məhəmmədi ruhla birləşib bütünləşəcəyini söyləyir.[5] Bəli, o gün dinsizlik inananları istismar edərkən gücünü səmadan alanlar Allahın köməyi ilə Müsəlmanların acı taleyini bir daha dəyişdirəcək və zülmün burnunu ovacaqlar. Bu cahanşümul mübarizədə hər tərəf cəsədlə dolacaq və yer üzünü tutan bu cəsədləri də qartallar daşıyacaq.[6] Bu qartalların müəyyən bir müəssisəyə işarə olması nə qədər də mənalıdır!

Əkinçilikdə islahatlar

Əkinçilik sahəsində yeniliklər ediləcək. Bu islahaltlar nəticəsində iyirmi nəfərlik nar yetişdiriləcək, bir nar qabığının altında bir adam kölgələnə biləcək.[7] Buğda dənələri də bu qədər böyük olacaq. Bunları biz hal-hazırda görməsək də, irəlidə, şübhəsiz, olacaq. İnsanlar bunların gerçəkləşdiyini görüb “Sən Allahın Rəsulusan!” deyərək Ona daha möhkəm bağlanacaq və imanları bir daha qüvvətlənəcək. Çünki əsrlər Onu təsdiqləyir və nə demişsə, bir-bir gün üzünə çıxarır.

“Bizlər dünyaya gələcək bir insanın heyranıyıq. O, tayı-bərabəri olmayan bir məşəldir! O sönsə, həyat əbədi zülmətə qərq olar” Akif, ruhun şad olsun!

Müasir dövrdə pozulan müvazinət

Biz yenə dövrümüzə aid işarələrə qayıdaq. Allah Rəsulu buyurur: “Qiyamətə yaxın xüsusi salamlaşma (yəni salam verərkən ayrı-seçkilik etmək) meydana gələcək, ticarət geniş yayılacaq. O səviyyədə ki qadın ərinə ticarətdə kömək edəcək. Qohum-əqrəba haqlarına riayət edilməyəcək. Yalan yerə şahidlik yayılacaq, doğru şahidlik isə gizlədiləcək. Qələm təşviq ediləcək”.[8]

Bu hədis izah və təfsirə ehtiyac olmadan bu günün gerçəklərini bütün çılpaqlığı ilə ortaya qoyur.

Ticarət geniş yayılacaq. Milyardlarla, trilyonlarla investisiyalar qoyulacaq. Təkcə reklamlara milyonlar, milyardlar xərclənəcək. Və çox vaxt qadından ticarətdə reklam vasitəsi kimi istifadə ediləcək. Bəzən də qadın birbaşa ticarətdə iştirak edəcək və bazarda, yarmarkada, sərgidə malının reklamı ilə məşğul olacaq. Bu sözlərimə görə əsla zənn edilməsin ki, ticarətin əleyhinəyəm, mən sadəcə Peyğəmbərimizin verdiyi xəbərlərin doğruluğunu göstərmək istəyirəm.

Silei-rəhm sıradan çıxarılacaq. Ana-ata və yaxın qohumların haqqı ayaq altına alınacaq. Ana-ata yaşlanıb işə yaramaz hala gəlincə, yəni şəfqət və qayğıya möhtac olduğu bir vaxtda qocalar evinə göndəriləcək və bu yaşlı insanlar evlərində itirdikləri hüzur və sədaəti orada tapmağa çalışacaqlar. Allah özündən sonra ən böyük haqqı valideynlərə verməsinə baxmayaraq,[9] bəndələr Onun bu əmrini dinləməyəcəklər və ən vicdansız, amansız, barbar rəftarı onlara rəva görəcəklər. (Deyilənlər bu günün gerçəkləri ilə səsləşirmi-səsləşmirmi, bunu sizin idrakınıza və ürfanınıza həvalə etməklə kifayətlənəcəyəm.)

Qələm təşviq ediləcək, mətbəələr fasiləsiz işləyəcək, qəzet, jurnal və kitablar çap olunacaq. Mətbəələr dayanmadan kitab və ensiklopediyalar nəşr edəcək, kitabxanalar minlərlə növ kitabla dolub daşacaq. Yazmaq bir peşəyə çevriləcək və yazarlıq rəvacda  olacaq.

Yalan yerə şahidlik ayaq tutub yeriyəcək və doğru şahidliyə heç kim yaxın durmayacaq. Cəmiyyət bir yalan fabrikinə dönəcək və yalan, xəyanət və aldatma vüsət tapacaq.

Məsələ o qədər açıq-aşkar bəyan edilir ki, burada bəziləri: “Görəsən, bu sözlər, həqiqətən, Peyğəmbərimizə aiddir?” – deyə tərəddüd edə  bilər.

Cavab çox sadədir: bu sözlər ən azı on üç əsr əvvəl tərtib edilmiş hədis kitablarında mövcuddur. Əgər bu sözləri Allah Rəsulu söyləməyibsə, bəs kim deyib? Kim əsrlərlə sonra baş verəcək hadisələri belə öz gözləri ilə görürmüş kimi təsvir edə bilər? Əgər bu sözlər Peyğəmbərimizə aid deyilsə, bu sözlərin müəllifində də ən azı Peyğəmbərimiz qədər nurlu bir baxış olmalı deyilmi? Tarixdə Allah Rəsuluna bərabər ikinci bir insan varmı ki, bu sözləri ona istinad edək? Xeyr, bu qeybi xəbərlər Allah Rəsulundandır. Rəbbi Ona öyrətmiş, O da bizə xəbər vermişdir. Bəli, hal-hazırda zühur edən bu hadisələr Allah Rəsulunun nə qədər doğru sözlü olduğunu açıq-aşkar ortaya qoyur.

Elmin geniş yayılması

Peyğəmbərimiz bir qüdsi hədisdə Allahın bir buyruğunu ümmətinə çatdırır: “Axır zamanda elmi elə geniş yayacağam ki, kişi də öyrənəcək, qadın da, azad da öyrənəcək, kölə də, kiçik də öyrənəcək, böyük də”.[10]

Bütün insanlar hər səviyyəyə uyğun açılmış məktəblərdə təhsil alacaq və bir mənada elm öyrənməkdə yarışacaqlar. Hal-hazırda saysız-hesabsız məktəblərin, universitetlərin açılması və elmin dünya miqyasında yayılması, kommunikasiya vasitələrinin bu istiqamətdə səfərbər edilməsi göstərir ki, Allah Rəsulu Rəbbindən bildirdiyi bu sözlərlə elm və bilik dövrünə işarə buyurur. Və bu sahədə əldə edilən nailiyyətlər və irəliləyişlər də Onu təsdiqləyir. Sanki hər bir elm müəssisəsi öz dili ilə Allah Rəsuluna xitabən: “Sən doğru sözlüsən!” – deyir. Əslində, elm əsl məcrasına döndərilsə, elm sahələrinin hər biri bu həqiqəti təsdiq edəcək.

Qurandan uzaqlaşma

Və yenə Allah Rəsulu bu günlə üst-üstə düşən bir hədisində: “İnsanlar Qurana görə utanmadıqca və İslam da qərib olmadıqca qiyamət qopmaz”, – buyurur.[11]

Kafir küfrünü açıq elan etdiyi halda, Müsəlman müsəlmanlığını utancverici bir şey kimi utanaraq, sıxıla-sıxıla söyləyəcək. Onlar düşüncə və nəşrlərini avtobusda, təyyarədə və digər yerlərdə açıq-aşkar reklam edəcəklər, Müsəlmanlar isə Quranı açıb oxuya bilməyəcəklər. Elə bir psixoloji təzyiq altında qalacaqlar ki, bir qadağa qoyulmasa da, Qurana inam və rəğbətlərini ar bilib gizləyəcəklər.

İndi bu gerçəyi inkar etmək mümkündürmü? Bəli, hal-hazırda Müsəlmanın yaşadığı faciələrin biri də bu deyilmi? İslam bütünlüklə qərib vəziyyətə düşməyibmi?

Acınacaqlı halımızın təsvirini daha uzatmadan yekunlaşdıraq. Allah Rəsulu bütün bunları həm də əsrlərlə əvvəl olduğu kimi xəbər verdi və bu xəbərlər də zamanı gəlincə ən kiçik təfərrüatına qədər gerçəkləşib Allah Rəsulunu təsdiq etdi. Bilmirəm, bütün bunlar O Zata yenidən beyət etmək üçün kifayət etmirmi?

Zaman məfhumu

Allah Rəsulu başqa bir hədisində qiyamət əlaməti kimi Quranın utanc vəsiləsi sayılmasından danışaraq əlavə edir: “Zaman və məsafələr yaxınlaşmadıqca qiyamət qopmaz”.[12]

Hədisdə keçən “təqarub” sözü iki şeyin bir-birinə yaxınlaşması deməkdir. Bununla da Allah Rəsulu həm zamanın nisbiliyinə, həm də o dövrdə uzun müddətə görülən işlərin daha qısa zamanda görülməsinin mümkünlüyünə işarə etmişdir. Sənaye və texnoloji yeniliklər nəticəsində, demək olar ki, hər sahədə sürət dövrünün başladığını artıq uşaqlar da bilir. Hədisi-şərifdə buna işarə buyurulduğu kimi, bu günün – məsafələri olduqca qısaldan – sürətli nəqliyyat vasitələrinə də işarə edilir. Bundan başqa, astronomiya və astrofizikaya dair bir məsələyə də burada toxunulur. Yer üzü zaman keçdikcə ellips şəklini alır. Bu dəyişiklik zamana da təsir edəcək və saatlarımızda da hiss olunacaq.

Mən bu hədisdən başqa bir məna da anlayıram: zamanın nisbi vücudu vardır. Lakin harada olursa-olsun, zaman yenə zamandır. Məsələn, buğa bürcünə gedin və oradan qırx milyon işıq ili uzaqlıqda saniyədə yüz əlli min kilometr sürətlə uzaqlaşan bir nebulaya baxın, çox fərqli zamanlara şahid olacaqsınız. İşıq sürətinin yarısına bərabər sürətdə hərəkət edən bir nebulada da bu vahid zamana aid bir ölçüdür, nisbətlər eyni qalır, daha aşağı səviyyədə olanlar üçün də.

Bəli, bir gün bəşər övladı günəş sistemindən kənara çıxa bilsə, hər halda yerin zaman anlayışını orada görmyəcək.

Allah Rəsulu ikicə sirli və sehrli sözlə – “təqarubü-zaman” kəlməsləri ilə bizim zaman anlayışımıza və başqa zaman ölçülərinin hamısına işarə edir.

İndi soruşuruq: görəsən, bu sözlər bir bəşərin sözü ola bilərmi? Zaman və məkana hökm edən Zatdan qeyri bu həqiqətləri kim bilə bilər? Rica edirəm, ümmi bir insanın ümmi bir dövrdə bunları Allahın lütfü olmadan bilməsi mümkün idimi? Əlbəttə, xeyr. Ancaq Ona bütün bunları bildirən Allahdır. O yalnız Allahın bildirdiyini xəbər vermişdir.

Günlər, aylar, illər və əsrlər keçir. Elm və texnika nəhəng addımlarla irəliləyir, əldə etdiyi nailiyyətlərlə Allah Rəsulunun əsrlər əvvəl görüb bildirdiyi həqiqətlər üst-üstə düşür və elm adamı heyranlığını gizlədə bilməyib bütün səmimiyyəti ilə Allah Rəsulunu təsdiq edərək: “Sən doğrunun elə özüsən, ya Rəsulallah!” – deyir.

Faizin geniş yayılması

Gün gələcək, faiz sistemi olduqca geniş yayılacaq və onun tozu-torpağı faiz yeməyən adamlara belə bulaşacaq. Allah Rəsulu dövrümüzün ən böyük vəbalarından birinə çevrilən və günü-gündən daha da genişlənən bu mənzərəni bir hədisində işarə edir: “Elə bir dövr gələcək ki, faiz yeməyən qalmayacaq. Yeməyənə belə tozu-torpağı bulaşacaq”.[13]

Hədisdə iki məqama diqqət çəkilir:

Birincisi, dövlətin bütün valyutası faiz “qazan”ında qaynayırsa, banklarla müəssisələr müştərək işləyirsə, insan nə qədər həssas olur-olsun, hər tərəfə yayılan bu “infeksion xəstəlik”dən qurtula bilməyəcək. Yəni ən azı qırın-qırtısı onun üstünə də sıçrayacaq. Ancaq insan bu vəziyyətdə niyyətinə sığınacaq və yalnız niyyəti ilə xilas ola biləcək.

İkincisi, ərəb dilində toza-torpağa bulaşmanın başqa bir mənası da vardır. Bəziləri faiz yeyəcəklər, yeməyənlər də onun tozuna-torpağına məruz qalacaqlar. Kapitalist zümrə faizlə sərvətlərini artırdığı halda, proletariat sinfini səfilləşdirəcək və bu iki sinif arasındakı amansız mübarizə cəmiyyəti toza-torpağa bulayacaq, yəni qarışıqlığa sürükləyəcək və bir gün hər kəs üçün təhlükəli həddə çatacaq.

Zənn edirəm, bunların hamısı olmuşdur və olmaqdadır. Zəmanəmizin insanı hədisin işarə etdiyi faizin hər iki fəsadını bütün çirkinliyi ilə görməkdədir. Və yenə hal-hazırda faizə bilvasitə və ya bilavasitə bulaşmayan, demək olar, bircə kommersiya müəssisəsi də qalmayıb. Dünya miqyasında bütün ticarət bu əməliyyatın çarxları ilə hərəkət edir və bütün dünyada faiz əməliyyatı mal mübadiləsi, bir pul alveri kimi qəbul edilir.

İki Cahan Sərvəri müasir insanın düçar olacağı faiz bəlasını ümmətinə əvvəlcədən xəbər vermiş, ayıq-sayıq olmağı, faiz bataqlığına düşməməyi tövsiyə etmişdi, amma təəssüf ki, bu gün bütün İslam aləmi boğazına qədər faiz bataqlığına batıb çırpınır və hələ də bu çirkabdan qurtuluş cəhdlərini görmürük. Halbuki İslam faizə qarşı müharibə elan edən bir dindir.[14]

Kaş Müsəlmanlar Quranın bu mövzuda xəbərdarlıq və təhdid məzmunlu bəyanlarının heç olmazsa, bir qismini anlaya biləydi, əgər anlasaydılar, bu gün dünyanın faizdən əziyyət çəkən ən dərbədər millətləri arasında olmayacaqdılar!

Möminin gizlənəcəyi zaman

Yenə bu günün mənzərəsini əks etdirən bir başqa hədis: Yəni: “Elə bir zaman gələcək ki, bu günün münafiqi sizin içinizdə gizləndiyi kimi, o günün mömini də münafiqlər arasında gizlənəcək”.[15]

O dövrdə münafiq necə davranırdı? Özünü hiss etdirməmək üçün hansı yollara əl atırdısa,  mömin də onun kimi davranmaq, imanını gizlətmək, ibadətlərini gizli eləmək və bununla öz mövqeyini qorumaq məcburiyyətində qalacaq, yoxsa onu yaşamağa qoymazlar. Bu təcavüzkar insanlar inanclı və iffətli möminlərin öz aralarında yaşamasını istəməyəcək. İş yerləri və dövlət müəssisələrində bəzi vəzifələr onların üzünə tamamilə bağlanacaq və onlar cəmiyyət içində həqarətlə qarşılanacaqlar.

Başqa bir hədis də mahiyyətcə bu məsələni qüvvətləndirir: “Fitnələr olacaq. O gün insan namazına görə ayıblanacaq. Zina edən bir qadının bu gün ayıblandığı kimi”.[16]

Təbii ki, hədisdə zina edən qadın ayıblanması bənzətməsi o dövrün anlayışına görə işlənmişdir. Halbuki müasir dövrdə, xüsusilə də, bəzi yerlərdə zina adiləşib, bir peşə sayılır.

Bəli, əgər müəyyən bir dövrdə yaşayanları saymasaq, gün gələcək insanlar namaz qıldığına görə təhqirlərə, həqarətlərə məruz qalacaq, ayıb bir iş görürmüş kimi təqsirləndiriləcək, şər güclərin hakimiyyəti altında inir-inir inləyəcək və bu bəladan da gizlənməklə qurtaracaq.

Məqsədimiz Allah Rəsulunun bütün bu hadisələri əsrlərlə əvvəl xəbər verməsini və zamanı gəlincə də bu hadisələrin gerçəkləşməsini vurğulamaqdır. Bəli, hər bir hadisə Rəsulullahın dilində müjdə və xəbərdarlıq şəklində təcəlli edir. Zamanı gəlincə də açıq-aşkar Onun doğruluğuna şahidlik edir.


[1] Əbu Davud, Məlahim 5; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/359; 5/278.

[2]Adamyeyən

[3]Təbərani, əl-Mücəmül-kəbir, 6/52; 8/258.

[4]Buxari, Fitən 24; Müslim, Fitən 30-32.

[5]Bu mövzuya işarət edən hədislər üçün baxın: Buxari, Ənbiya 49; Müslim,  İman 244-247

[6]Müslim, Fitən 110; Tirmizi, Fitən 59.

[7]Müslim, Fitən 110; Tirmizi, Fitən 59.

[8]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/407-408, 419-420; Buxari, əl-Ədəbül-müfrəd, s. 360; Hakim, əl-Müstədrək, 4/98.

[9]Bax. Bəqərə surəsi 2/83 Nisa surəsi 4/36; Ənam surəsi 6/51; İsra surəsi, 17/23; Loğman surəsi, 31/14.

[10] Darimi, Müqəddimə 27; Əbu Nuaym, Hilyətül-övliya, 6/100.

[11] İbn Əbid-Dünya, əl-Uqubat, s. 216.

[12]Heysəmi, Məcməüz-zəvaid, 7/324. Zamanın yaxınlaşmasının qiyamət əlməti olması ilə əlaqədar digər rəvayətlər üçün baxın: Buxari, Ədəb 39; Fitən 25, Müslim, Elm 11,12; Əbu Davud, Fitən 1; Tirmizi, Zühd 24; İbni-Macə, Fitən 26.

[13] Əbu Davud, Büyu, 3; Nəsayi, Büyu 2; İbn Macə, Ticarət, 58.

[14]“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!  (Bəqərə surəsi, 2/278, 279).

[15] Təbərani, Müsnədüş-şamiyyin, 1/148.

[16] Əli əl-Müttəqi, Kənzül-ummal, 11/180. (Nuaym b. Hammad və Təbərani dən nəql etmişdir.)