- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Uşaqların yanında mübahisə etmək olar?

“Uşaqların yanında mübahisə edin, ancaq uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə, ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli  şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.

Əgər valideynlər örtülü qapının arxasında səs-küylə mübahisə etsələr, uşaqlar ətrafda gördükləri və eşitdikləri pis örnəklər səbəbilə bu hadisələri yanlış və mənfi qiymətləndirə bilərlər. Evdə problem olduğunu düşünüb narahat olarlar. Yetkinləşmə dövründə və gələcəkdə “zənn etdikləri” bu davranışları təqlid edərlər.

Yaxşı bəs sizcə, evdə nələr baş verdi?

Səslər yüksəldi, nalayiq sözlər deyildi, təhqirlər edildi. Və təhdidlər…

Bəzən daha da gərginləşən mübahisələr nəticəsində boşanma söhbətləri gedir. Zorakılıq halları üçün şərait yaranır.

Amma görəsən, necə? Bu cür problemlərin yaşandığı evdə necə uşaq yetişdirmək olar? Məsələnin mahiyyəti məhz bundadır:

İnsanlar 16 yaşına qədər davranışları təqlid edərək öyrənirlər. Bu yaşdan sonra öyrəndiklərini süzgəcdən keçirməyə başlayırlar. Əgər bunu evdəkilərdən  öyrənməsə, kənarda öyrənməyə başlayar ki, fırıldaqçılıq, şantaj və təhdidi münasibət qurma vasitəsi kimi mənimsəyir ki, bunun nəticəsi də məlumdur. Cəmiyyətimizə nəzər saldıqda bunu anlamaq o qədər də çətin deyil.

Uşaqlar tərbiyəni, nəzakəti, fəziləti əvvəlcə valideynlərində görürlər. Onlar mübahisə zamanı hörmət etməyi, qarşılıqlı anlayışı, alicənablığı öyrənirlər. Haqlı olanın haqqını necə tələb etdiyini, haqsız olanın isə haqsız olduğunu necə etiraf etdiyini müşahidə edirlər.

Buna görə də nə qədər əsəbi olsaq da uşaqların yanında mübahisədən çəkinməyə çalışmalıyıq. Çünki, bizim “uşaqdı da nolacaq” deyə düşünməyimiz həmin uşağın gələcək həyatına mənfi təsirlər göstərə, onun beynində silinməz izlər buraxa bilər. Ailə həyatında insan olaraq əsəbi və gərgin olduğumuz, həyat yoldaşımızın nazını çəkə bilmədiyimiz və ya hər hansı anlaşılmazlığın olduğu məqamlarla qarşılaşa bilərik. Bunu mübahisə həddinə gətirib çıxarmamağa, kiçik bir qığılcımı böyüyərək alova çevrməməyə çalışmalı, ortaya çıxan problemi danışaraq həll etməyə çalışmalıyıq. Unutmamalıyıq ki, əsəbi olduğumuz zaman verilən hər hansı qərar həm özümüzə, həm də ailəmizə xüsusilə də övladlarımıza zərər verə bilər.

Bir xüsusu da yaddan çıxarmamalıyıq ki, uşaqların gələcək həyatı onların valideynlərindən gördüklərinə, daha doğrusu nümunə götürdüklərinə uyğun formalaşır. Böyüyəndən sonra onlar valideynlərində müşahidə etdiklərini öz ailələrinə tətbiq etməyə çalışırlar. Səbəb hər nə olursa olsun uşaqların yanında mübahisədən çəkinməli və uzaq durmalıyıq.

***