Aylıq namaz vaxtları
4. 478 dəfə oxunub ,   0 şərh   Çap et

Bir ana yanıma gələrək “Həkim, oğlum tez-tez yalan danışır.  Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza  yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm  qalmadı” − dedi.

Ananı dinləyib uşaq və ailə haqqında bir neçə sual soruşduqdan sonra məsələ tam aydın oldu. Qadına təbəssüm edərək “Boş  yerə  təşvişə düşməyin, uşağın danışdıqları yalan sayılmır və davranışları kifayət qədər normaldır” − dedim.

 Ananın narahatlığı azalmaq əvəzinə bir az da artdı və “Axı bu, necə ola bilər? Mən onun söylədiklərinin yalan olduğundan əminəm. Hətta bir dəfə niyə yalan söyləyirsən deyəndə, “Yalan demirəm, yanımda sən də var idin, birlikdə avtobusa minirdik” − dedi.

Ananın son sözlərindən sonra məsələ daha da aydın oldu və mən ona “Əbəs yerə narahat olmayın. Hər şey qaydasındadır. Narahatlığa heç bir səbəb yoxdur. Uşaq sizə yuxularını danışıb” − dedim.

Müəyyən izahlar verəndən, nümunələr göstərəndən sonra nəhayət ki, ananı uşağın yalan söyləmədiyinə inandıra bildim. Yalan danışdığından şikayətləndiyi oğlunun üç yaşı vardı və onun ilk övladı idi. Ana baş verənlərə yetkin insan gözüylə baxdığından uşağın hərəkətlərinə anlam verə bilmir və qərarında yanılırdı. Ona görə, olmayan hadisəni olubmuş kimi danışmaq və özünü hadisənin qəhrəmanı kimi göstərmək yalançılıq sayılırdı. Ananın dediklərinə görə uşağın yalan danışması üçün heç bir səbəb yox idi. Valideyinlərinin hər ikisi öz övladlarını çox sevir, dəyər verir, ona kifayət qədər zaman ayırırdılar. Aşağıda da qeyd edəcəyimiz kimi, uşağı yalan danışmağa təhrik edən müəyyən səbəblər var. Bunlardan ən başlıcası “etibarsızlıq (inamsızlıq) duyğusu”dur. Sevildiyindən və özünə dəyər verildiyindən əmin olmayan uşaq, baş rolda özünün olduğu qəhrəmanlıq nağılları uyduraraq diqqət çəkmək və etibar qazanmaq istər. Ancaq bunu etməkdə məqsədi yalan danışmaq deyil. Yuxarıda qeyd etdiyimiz uşağa gəlincə, müşahidələrmizdən hərəkətlə bu qənaətə gəldik ki, uşaq anasına gördüyü yuxuları danışıb.

Dörd yaşına qədərki uşaqlarda adətən eqosentrik[1] düşüncə hakim olur. Əşyalara və hadisələrə ancaq öz prizmalarından baxırlar. Gördükləri “dünyanın hakimi” yalnız özləridir. Canlı-cansız varlıqları tam ayırd edə bilmirlər. Özləri canlı olduğu üçün onların nəzərində hər şey canlıdır. Bu yaşdakı uşağın nəzərində üzərinə mindiyi oyuncaq atla canlı at arasında heç bir fərq yoxdur. Onunla canlı atla söhbət edirmiş kimi danışarlar. Bu yaşdakı uşaqlar yuxu ilə gerçək həyatı bir-birindən ayıra bilmirlər. Gördükləri yuxunu gerçək hadisə kimi qavrayarlar. Yuxarıdakı uşağın anasına dediyi “Yalan demirəm, yanımda sən də var idin, birlikdə avtobusa minirdik” − sözlərindən məhz bu qənaətə gəlirik. Əgər ana uşağın inkişaf mərhələləri və uşaq psixologiyasından xəbərdar olsaydı, bizə müraciət etməyinə ehtiyac qalmaz, problemi özü asanlıqla həll edərdi.

Yalan danışmaq davranış pozuntusudur.

Beş yaşdan böyük uşaqlarda yalan danışmaq bir davranış pozuntusu kimi qiymətləndirilir. Əgər buna dırnaq yemək, paltarını islatmaq, danışarkən kəkələmək, inadkarlıq, tənbəllik, davakarlıq, qorxaqlıq, özünə qapanıqlıq kimi bir neçə davranış pozuntusu da əlavə olunarsa, bu, vəziyyətin ciddi olduğundan xəbər verir.

Müasir elektron cihazlarında fərqli funksiyalara malik yüzlərlə dövrə[2] vardır. Bu dövrələrdən birində problem olarsa, dövrəyə bağlı xəbərdarlıq siqnalı hərəkətə keçərək istifadəçiyə xəbərdarlıq edir. Kompyuterdən istifadə edənlər bunu daha yaxşı bilirlər. Xəbərdarlıqla bildirilən nasazlıq həll edilmədiyi və istifadəyə davam edildiyi halda kompyuterin düzgün işləməməsi ilə yanaşı getdikcə daha ciddi problemlər ortaya çıxar. Eynən bunun kimi uşaqlarda ortaya çıxan davranış pozuntusuna fikir verilmədiyi və vaxtında tədbir görülmədiyi təqdirdə, bir müddət sonra daha ağır pozuntular ortaya çıxar ki, bu da müalicəsi çətin olan psixoloji problemlərə səbəb olar. Valideynlər uşaqlarda gördükləri bu və bənzəri davranış pozuntularını, onların psixoloji sağlamlıqlarının təhlükədə olduğunu xəbər verən “həyəcan siqnalı” olduğunu bilməli, əsla uşağı günahlandıraraq və ya fiziki təsir edərək bunu həll etməyə çalışmamalıdır. “Mən uşağın tərbiyəsində hansı xətanı etdim?” sualına cavab axtararaq məsələyə təmkinlə yanaşmalıdırlar.

Uşaqlar yalan danışmağı bizdən öyrənir.     

Amerikada olarkən işlədiyim məktəblərdə uşaqların yalan danışdığına və tapşırıqları bir-birindən köçürdüyünə heç rast gəlmədim. Niyə amerikalı uşaq yalan danışmır, bizim uşaqlarımız yalan danışır? Sualın cavabı çox sadədir: Uşaq yalan danışmağı ailədən öyrənir. Bilavasitə olmayıb, dolayı yolla olsa da, uşağa yalanı biz öyrədirik. Telefona cavab verməyə gedən uşağa “Məni filankəs soruşsa deyərsən ki, evdə yoxdur” − deyən ata və ya ana dolayı yolla uşağa yalan danışmağı öyrədir. Həmçinin məktəb illərində tapşırıqları necə köçürdüyünü, hər dəfə yeni üsullarla müəllimini necə aldatdığını fəxrlə danışan ata, özü də bilmədən uşağını tapşırıqları köçürməyə və asan yollarla qiymət almağa şirnikləşdirir.

Uşaqlar diqqət çəkmək üçün yalan danışır

Yalan danışan uşağın mütləq yaşına baxılmalıdır. Əgər uşağın yaşı 5 yaşdan azdırsa onun yalan danışmasındakı məqsədi qətiyyən aldatmaq deyil. Kifayət qədər sevgi görməyən, gördüyü sevgidən razı qalmayan, diqqət və qayğıdan məhrum yaşayan uşaqlar diqqəti özlərinə çəkmək üçün qəhrəmanlıq hekayələri uydurarlar. Bu uşaqlar azarlanmaq və döyülmək bahasına olsa da hər çarəyə baş vurarlar. Dəcəllik edən və “yalan danışan” uşaqların məqsədi valideynlərini incitmək və ya əsəbləşdirmək deyil. Ancaq uşaq dəcəllik etməklə lazımi diqqət və qayğını əldə edə bilməz və sevildiyindən əmin olmazsa xarakterindəki davakarlıq duyğusu özünü daha qabarıq büruzə verməyə başlayar. 

Uşaqlar inam qazanmaq üçün yalan danışır.

Daha çox ibtidai və yuxarı siniflərdə oxuyan uşaqlarda ən çox müşahidə olunan yalan növlərindən biri də məhz inam qazqanmaq üçün söylənilən “yalan”dır. Əgər uşaq dərslərini yaxşı oxumadığına görə məktəbdə və evdə tənbehlənər, tənbəlliyi üzünə vurular və axmaq adlandırılarsa, bu, uşaqda sonradan müalicəsi çətin olan alçaldılma duyğusunun formalaşmasına səbəb olar. Uşaq özünün dəyərsiz, axmaq, heç bir iş bacarmayan biri olduğunu düşünməyə başlayar.

Heç bir uşaq bilərəkdən tənbəl və ya dərsləri zəif olduğuna görə danlanmaq istəməz. Uşağı buna sövq edən səbəblər vardır. Məsələn, hiperaktiv (çox hərəkətli, diqqətsiz və əsəbi) və diqqət yayğınlığı sindromu olan uşaq diqqətini bir yerə uzun müddət cəmləşdirə bilmədiyi üçün, istəsə də dərslərində yaxşı nəticə göstərə bilmir. Diqqəti tez-tez yayındığından sinifdə deyilənlər yaddaşında qalmır. Yerində rahat otura bilmir, müəllimlərini və yoldaşlarını narahat edən yanlış hərəkətlər edir. Ev tapşırıqlarını özü sərbəst şəkildə həll edə bilmir. Unudulmamalıdır ki, tənbəllik və dərslərdə zəif olması bu uşağın günahı deyil, o sadecə psixoloji müalicə olunmalıdır. Hiperaktiv uşaqlar adətən dərsdəki zəifliklərini örtmək və inam qazanmaq üçün yalan danışır.

Hər insan kimi, uşaq da insanlar tərəfindən bəyənilmək və qiymətləndirilmək istər. Bunu valideynlərindən daha çox gözləyər. Ailədə sevilən, valideynlərindən xoşrəftar görən, dəyər verilən, yaxşı davranışları təqdir edilən və qavrama qabiliyyəti normal olan uşaq dərslərini də yaxşı oxuyar və müvəffəq olar.  Dərslərini yaxşı oxumayan, yoldaşları ilə yola getməyən, davranış problemləri olan və tez-tez yalan danışan bir uşağı yanımıza gətirəndə əvvəlcə ailəsi haqqında suallar soruşuruq. Yaddaş zədələnməsinə səbəb olan hər hansı xəstəlik keçirib-keçirmədiyini, doğum şərtlərinin normal olub-olmadığını araşdırır, bundan sonra lazımi tövsiyələri veririk.

Uşaqlar cəzadan qaçmaq üçün yalan danışar

Dürüstlüyü və doğru sözü üstündə cəzalandırılan uşaq cəzadan qaçmaq üçün yalan danışa bilər. Cəzalandırma sadəcə döyməkdən, fiziki güc tətbiq etməkdən ibarət deyil. Döymək ən pis cəzalandırma üsuludur və uşağın tərbiyəsinə heç bir müsbət təsiri yoxdur. Günah obyekti kimi daim təqsirləndirilən, özünü müdafiə etməyə imkan verilməyən, başqaları ilə müqayisə edilib tənqid olunan uşaqlar da bir mənada cəzalandırılmış sayılır. Əgər uşaq imtahandan aldığı aşağı qiyməti dedikdə azarlanaraq “Sənin qiymətin yenə də aşağıdı, qiymətlərin nə vaxt düzələcək, nə vaxt oxumağa başlayacaqsan?” kimi suallarla tənbeh olunarsa, ondan sonra aldığı zəif qiyməti deməyə cəsarət etməz və yalan danışar.

Adətən yalan danışan uşaqların özlərinə hörməti qalmır, özlərindən utanırlar. Belə uşaqlar özünəinam duyğusundan məhrumdurlar. Bacarıq və qabiliyyətlərinin fərqində olmur, özlərini dəyərsiz, əlindən heç bir iş gəlməyən bir insan olaraq görürlər.

Valideynlər övladlarının fiziki sağlamlıqları ilə maraqlandıqları qədər, psixoloji sağlamlıqları ilə də maraqlanmalıdır. Unudulmamalıdır ki, psixologiyası pozulan bir uşağın fiziki ehtiyacları artıqlamasilə ödənilsə də, o mənəvi olaraq xəstə qalmaqda davam edəcək və bu onun xarakterinin bir hissəsi halına gələcək. Yaşa dolandan sonra da əldə etdiyi yüksək rütbə və vəzifələr, qazandığı var-dövlətlə xoşbəxt olmayacaq, həmişə daxilən mənəvi aclıq hiss edəcəkdir.

Əli Çankırılı

[1] Eqosentrizm (lat. ego — “mən”, centrum — “mərkəz”) — fərdin öz nəzər nöqtəsindən başqa hər hansı digər fikri qəbul etməməsi. Bu termin psixologiya elminə Jan Piaje tərəfindən, 6-10 yaşınadək uşaqlara xas olan düşüncə tərzini təsvir etmək üçün gətirilmişdir.

[2] Elektrik dövrəsi — texnoloji prosesdə maşın və mexanizmləri işlətmək və idarə etmək üçün qurulan elektromexaniki sxem.



Açar sözləri

tərbiyə uşaq yalan

Bənzər məqalələr

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.

Nəfsin cilovu – Oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Ana bətnində uşağın hissiyyatı

Uşaq tərbiyəsi ana bətnində ikən başlayır. Rüşeymin formalaşmağa başladığı andan etibarən valideynlərin hərəkət və davranışları dünyaya gələcək körpənin xarakterinin formalaşmasına birbaşa təsir edir. Nə qədər uşaq var ki, doğulub böyüdükləri mühit və valideynlərin məsuliyyətsizliyi ucbatından göz açdıqları andan bədbəxt olurlar.

Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.


Şərh yaz

*