- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Uşaq və dua

Balaca uşaq sahildə oturmuş, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Artıq bir saat idi ki, dənizə baxırdı. Onun bu vəziyyəti sahildə balıqçıları gözləyən qocanın da diqqətini cəlb etmişdi. Qoca yavaş-yavaş ona yaxınlaşdı:

– Hər vaxtın xeyir, igid! – dedi, – Bu gün dəniz çox gözəldir, elə deyilmi?

Uşaq dalğın nəzərlərlə dənizə baxmaqda davam edirdi. Ona görə də, başını qaldırmadan:

– Ancaq çox külək var. Topum dənizə düşən kimi alıb apardı.

Qoca uşağın yanında oturdu:

– Əgər bir az gənc olsaydım, üzüb onu gətirərdim. Ancaq indi güclə yeriyirəm.

Uşaq ona cavab vermədi. Sahildən uzaqlaşan topunu daha yaxşı görmək üçün daşın üstünə çıxdı. Qoca sakit bir səslə:

– Heç vaxt ümidini itirmə! Məncə dua etsən, daha yaxşı olar, – dedi.

Birdən sanki uşağın gözünə işıq gəldi. Böyük bir sevinclə:

– Dua etsəm, topum qayıdar? – deyə soruşdu.

Qoca:

– Allah istəsə, əlbəttə qayıdar, – deyə cavab verdi.

Uşaq bir az düşündükdən sonra babasından öyrəndiyi duaları söyləməyə başladı. Sonra da topunun qayıtması üçün Allahdan kömək istədi. Topunu heç cür unuda bilmirdi. Çünki onu aylarla yığdığı pula almışdı.

Axşamüstü hava bir az da pisləşdi. Günəş batmaq üzrə idi. Ancaq uşaq evə getmək istəmirdi. Ona görə də, bir qədər qoca ilə qalmağı qərara aldı. Elə bu vaxt dənizdəki balıqçılar da qayıtdılar. Qoca həmişə balıq aldığı balıqçıya yaxınlaşdı:

– Ovunuz necə keçdi? Balıq tuta bildinizmi?

Balıqçı qayığın içindəki balıqları göstərərək:

– Ancaq bu qədər tuta bildim, – dedi, – Elə bil dənizdə balıq qalmayıb.

Bayaqdan onları dinləyən uşaq:

– Heç dua etdinizmi? – deyə dilləndi.

Balıqçı birdən sanki illərdən bəri unutduğu bir şeyi – duaları xatırladı. Uşağın saçlarını oxşayaraq:

– Onda çox balıq tutaram? – deyə soruşdu.

Uşaq:

– Allah istəsə, əlbəttə tutarsınız, – deyə cavab verdi.

Balıqçı sanki belə bir şeyi ilk dəfə idi ki, eşidirdi. Başını yelləyərək:

– Bu gün də yeni bir şey öyrəndim! – deyə gülümsədi, – Üstəlik, balaca bir müəllimdən…

Bu sözlər uşağın çox xoşuna gəldi. Artıq topunun dənizə düşməyinə də heyifsilənmirdi. Bu vaxt balıqçı qayığa yaxınlaşıb köhnə toru açdı. Orada bir top var idi. Yaş olduğu üçün par-par parıldayırdı. Balıqçı onu uşağa uzadıb:

– Müəllimlərin haqqını heç vaxt ödəmək olmaz. Ancaq bir az əvvəl bunu dənizdən tapdım.

Uşaq sanki yuxuda idi. Tez ətrafa baxdı. Yox, bu yuxu deyildi. Topu tez balıqçıdan alıb bağrına basdı. Onu möhkəm-möhkəm qucaqlayaraq:

– Bir daha məndən icazəsiz heç yerə getmə! Dua etməsəydim, indi halın necə olardı? – dedi…