Aylıq namaz vaxtları
1. 912 dəfə oxunub ,   0 şərh   Çap et

 

Peyğəmbərimizlə (s.ə.s) əlaqədar vəzifələrimizi bu cür sıralaya bilərik:

Ona inanmaq

Bütün peyğəmbərlərə iman etmək şərt olduğu kimi, peyğəmbərlərin sonuncusu Hz. Məhəmmədə də (s.ə.s) inanmaq şərtdir. Müsəlman Ona inanmadan nə nicat tapa bilər, nə də imanlı qəbul olunar. Bunu Qurani-Kərim buyurur: “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha iman edin, eləcə də Onun sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanın və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!“[1], “Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən agahdır!“[2], “Həqiqətən, möminlər ancaq Allaha və Onun Peyğəmbərinə iman gətirən, könüldən inanan kimsələrdir“[3].

Hər bir peyğəmbər kimi Hz. Məhəmməd (s.ə.s) də Allah tərəfindən göndərilmişdir, dolayısilə, mükəlləflər Allaha, peyğəmbərə və peyğəmbərin gətirdiyinə iman etməlidir. Allah Rəsuluna inanmadan nə həqiqi imana sahib olmaq mümkündür, nə də İslamı qəbul etmək. “Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!“[4] ayəsi də buna işarə edir.

Ona itaət etmək

Müsəlmanlar üçün Allah Rəsulu təkcə bir elçi və vəhyi çatdıran deyil, əksinə, həm İslam dini və həyat tərzinin canlı timsalı, həm də hər dövrdə tərəddüdsüz sədaqət və itaət tələb olunan hakim və rəhbərdir. Rəsulullahın bir müəllim və rəhbər kimi vəzifəsi Allahın kəlamı, əmrləri, təlimatı və qanunlarını qullara anlatmaq, çatdırmaq və açıqlamaq olmuşdur. Bir vəli və mürəbbi (tərbiyəçi) kimi vəzifəsi müsəlmanları Qurani-Kərimin təlimi və Allahın qanunları ilə yetişdirmək, təhsil və istiqamət verməkdir. Məqsədi və hədəfi isə Quranda mötəbər və məqbul sayılan həyat tərzinin canlı mücəssəməsinə çevrilməkdir. Bu baxımdan Hz. Məhəmməd (s.ə.s) hər söz və hərəkəti ilə İslamiyyətin canlı timsalıdır. Ona baxan hər kəs Qurana xas söz, davranış və həyatın canlı nümunəsini görür.

Quranın bir çox ayəsində Allaha itaətlə yanaşı peyğəmbərə itaət də əmr edilmiş və hər iki iman ayrılmaz bütöv kimi təqdim olunmuşdur. Bu ayələrdə Rəsulullaha itaət Allahı sevməyin şərti kimi göstərilmiş və ondan üz çevirmək küfr əlaməti sayılmışdır.

Peyğəmbərə itaət Onun söz və hərəkətlərini yerinə yetirmək deməkdir. Müsəlmanlar üçün Allah və Rəsuluna itaət bir mükəlləfiyyətdir. Heç bir müsəlman Allah və Rəsulunun qərar verdiyi mövzuda öz fikrini irəli sürmək, istədiyi kimi hərəkət etmək haqqı yoxdur. Hər bir mömin qadın və kişiyə Ona tabe olmaq əmr edilmişdir.

Qurani-Kərimdə namaz və zəkat əmrlərinin ardınca Allah Rəsuluna itaət əmri gəlir, bu da Rəsulullaha itaətin namaz və zəkat kimi şərt və fərz olduğunu göstərir. O, dini təbliğdə məsumdur, sünnəsi də vəhylə yoğrulmuşdur. Onun bütün hərəkət və sözləri Allahdandır, Rəbbin bəyanlarından süzülür: Allah üçün hökm verir, çünki O, sadiq və məsumdur.

Allah Rəsuluna Onun sünnəsinə sarılmaq və gətirdiklərini qəbul etməklə itaət edilir. Qurani-Kərim Rəsulullahın, xüsusən də, inananlara Allahın böyük bir lütfü olduğunu göstərir, Ona imanın Ona itaətdən başladığını bildirir, həm də insanlar üçün ən gözəl örnək kimi göstərir, Ona insanlara təbliğ edib öyrətməsi üçün Quranla birlikdə çox vaxt sünnə mənasına gələn hikmətin də verildiyini təsbit edir, vəhyin yalnız Quranla məhdudlaşmadığını bəyan edir, bir çox yerdə Rəsulullaha itaəti Allaha itaətlə birlikdə verdiyi kimi, fərd olaraq Ona itaətin vacibliyini də vurğulayır.

Rəsulullaha itaət Onu Allaha şərik etmək deyil. Ona (s.ə.s) sırf Allahın Rəsulu, seçdiyi peyğəmbər olduğuna, dini təbliğ etdiyinə, hidayət və əmrləri çatdırdığına görə, sırf Allah rizası üçün tabe olmaq və Onun yolu ilə getməkdir.

Xülasə, Allaha itaətlə Rəsuluna itaət bir-biri ilə sıx bağlıdır, biri digərini tələb və zəruri edir. Ancaq Allah kimi sevməklə Allah üçün sevmək arasında böyük fərq vardır ki, birinci şirk və küfrdür.

  Onu sevmək

Allaha sevgidən sonra, Rəsulunu da sevmək fərzdir. Çünki O, insanların zəlalətdən aydınlığa, küfrdən imana çıxmasında böyük vəsilə olmuşdur. Eyni zamanda O, əxlaqın və dinin yaşanmasında möminlərə ən gözəl nümunədir. Bu mənada möminlərin Rəsulullahı sevməsindən təbii nə var ki?

Hərçənd Uca Allah da həm özünün, həm də Hz. Məhəmmədin (s.ə.s) hər şeydən çox sevilməsini istəmişdi: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!“[5].

Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Məni ananızdan, atanızdan, övladlarınızdan və hər kəsdən çox sevmədikcə həqiqi iman etmiş olmazsınız“[6], – buyuraraq bu sevginin vacibliyini vurğulamışdır.

Rəsulullahı (s.ə.s) qəlbən sevmək möminə imanın mənəvi zövqünü daddırır. Mömin bu sevgi olmadan yemək yeyib dadını bilməyən insanlar kimi iman və İslam zövqündən məhrum qalır. Möminin axirətdə birlikdə olmaq istədiyi insanların başında Hz. Məhəmməd (s.ə.s) gəlir və təbii ki, dünyada da (Allahdan sonra) ən çox Onu (s.ə.s) sevməlidir.

Ona salət və salam gətirmək

Möminlərin bir vəzifəsi də  Rəsulullaha  (s.ə.s) salət və salam gətirməkdir.


[1] Əraf, 7/158.

[2] Təğabun, 64/8.

[3] Nur, 24/62.

[4] Fətih, 48/13.

[5] Tövbə, 9/24.

[6] Buxari, İman, 8




Şərh yaz

*