2. 182 dəfə oxunub ,   0 şərh   Çap et

Ərəb dilində “kəbirə”  və ya “kəbair” kəlməsi ilə ifadə edilən böyük günahlar haqqında  bir ayə və ya səhih hədis olan, işləyənin dünya və ya axirətdə cəzaya düçar olmasına səbəb olan günahlardır.

Əhli-sünnə etiqadına görə böyük günah işləyən kəs, bu günahın haramlığını inkar etmədiyi müddətcə günahkar mömin sayılır. Məsələn spirtli içki haramdır və içən günahkar olar, ancaq bunu inkar etmək Allah qorusun insanı dindən çıxardar. Bir sözlə böyük günah işləmək insanı dindən çıxarmaz. Günaha və onun növünə görə tövbə edilərsə, Allah-Təala onu bağışlaya bilər. ancaq unutmayaq ki, böyük günahlardan tövbə etmədən ölən kimsə axirətdə çox çətinlik çəkəcəkdir.

Bir hədisdə böyük günahların üç olduğu qeyd edilmişdir: “Sizə böyük günahların ən böyüklərindən xəbər verimmi? Onlar: Allaha şərik qoşmaq, ana-ataya üsyan etmək və yalan şahidlikdir.”[1] Başqa bir hədisdə bu say yeddi olaraq qeyd edilir: “Həlak edən yeddi günahdan çəkinin. Onlar: Allaha şərik qoşmaq, sehrbazlıq etmək, haqsız yerə adam öldürmək, yetim malı yemək, sələm (faiz) yemək, müharibədən qaçmaq, namuslu və imanlı bir qadına zina böhtanı atmaqdır.”[2] Başqa hədislərdə bu yeddi günaha bunların da əlavə edildiyi nəzərə çarpır: Zina etmək, yalançı şahidlik etmək, Məscidi-Haramda (Kəbədə) günah işləmək və yalan yerə and içməkdir.[3]

Küfr və şirk istisna olmaqla böyük bir günahı edən kəs, bunu halal saymadığı müddətcə, günahlarından ötrü küfrə düşməz. Fasiq və üsyankar mömin sayılır. Həmin şəxs üçün ölənə qədər tövbə qapısı açıqdır. Uca Allah onu axirətdə istəyərsə bağışlayar, şəfaət olunmasına izn verər. Qurani-Kərimdə belə buyurulur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.[4]Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.[5]

Allahın bağışlaması mövzusunda insana ən çox ümid verən ayənin aşağıdakı ayə olduğu rəvayət edilmişdir. “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O ba­ğışlayandır, rəhm edəndir![6] İbn Abbasdan rəvayət edildiyinə görə, Mədinədə müşriklərdən bir qrup Hz. Məhəmmədə gələrək çox cinayət işlədiklərini və çox zina etdiklərini, onların çıxış yolu olub-olmadığını soruşmaları müqabilində, əvvəlcə tövbə edib xeyirli işlər görənlər üçün cinayət və zinanın bağışlanmasını bildirən ayələr nazil olmuş[7], daha sonra da yuxarıdakı ayə nazil olmuşdur.[8]

Məhz bu ayə şirk istisna olmaqla böyük günahların da tövbənin əhatə dairəsinə daxil olduğunu ifadə edir. Lakin bu günaha təşviq və ya günaha israr kimi qəbul edilməməlidir. Allahın rəhməti genişdir, insanın günahı nə olursa olsun Ondan ümid kəsilməməlidir.

Əbu Zərr əl-Ğifaridən (r.a) gələn rəvayətə görə, onunla Rəsulullah (s.ə.s) arasında bu danışıq keçmişdir. Hz. Peyğəmbər belə buyurmuşdur: “Allahdan başqa heç bir ilah yoxdur deyib bu etiqadı üzrə ölən kəs cənnətə girər.” Əbu Zərr “O şəxs zina və oğurluq etsə də?” -deyə soruşmuş. “Bəli zina etsə də, oğurluq etsə də cənnətə girər,” cavabını vermişdir. Əbu Zərr sualı üç dəfə təkrar edib eyni cavabı aldıqda, dördüncü sualında Allahın Elçisi “Əbu Zərr bundan xoşlanmasa da həmin şəxs cənnətə girəcəkdir”  buyurmuşdur.[9]

Yuxarıda izah etdiyimiz böyük günahlardan başqa qalan günahlar mövzusunda isə bir namazın sonrakı namaza və cümə namazının növbəti cümə namazına qədər işlənən kiçik günahlar üçün kəffarə olduğu, xəstəliklərin, sədəqə və yaxşılıqların, eləcə də bu kimi bir sıra əməllərin günahların bağışlanmasına səbəb olması ilə bağlı müxtəlif hədislər rəvayət edilmişdir.

Nəticə olaraq deyə bilərik ki, günaha aparan bütün yollardan uzaq durmaq lazımdır. Bilmək lazımdır ki, ölüm anidən gələ bilər. İnsana bəzən tövbə etmə şansı da qalmır. Ən gözəli günahın hər cürəsindən uzaq qalmaq lazımdır. Kiçik gördüyümz günahlar belə yığıldıqda böyük günahlardan da böyük ola bilər. Ona görə də insan bir günah işləyincə həmən tövbə istiğfar etməli, imkanı daxilində az-çox sədəqə verməli, ibadətləri və yaxşı əməlləri ilə yaranan boşluğu qapamalıdır. Bir də unutmayaq ki, günah bağışlandığını və etdiyimiz tövbənin qəbul edildiyini bilə bilmirik. Bəlkə qəbul olunmaya da bilər.


[1]Buxari, Ədəb, 6; Müslim, İman, 38; Tirmizi, Təfsir, 5.

[2]Buxari, Vəsaya, 23; Müslim, İman, 38; Əbu Davud, Vəsaya, 10.

[3]Bax. Buxari, Ədəb, 6, Eyman, 16; Müslim, İman, 38; Əbu Davud, Vəsaya, 10; Tirmizi, Təfsir, 5.

[4]Nisa, 4/48, 116.

[5]Nisa, 4/31; bax. Nəcm, 53/32.

[6]Zümər, 39/53

[7]Bax. Fürqan, 25/68-70.

[8]Bax. Buxari, Təfsir, 39/1.

[9]Buxari, Tövhid, 33, Riqaq, 16; Müslim, İman, 40; Tirmizi, İman, 18.




Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?


Şərh yaz