- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ticarətdə məşvərətin əhəmiyyəti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: مَا رَأَيْتُ أَحَداً أَكْثَرَ مَشُورَةً لِأَصْحَابِهِ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ

Rəsulullahdan çox yoldaşları ilə məşvərət edən adam görməmişəm”[1] (Əbu Hureyrə).

Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir. Kim bilir, bəlkə də, ehtiyacı olduğuna görə deyil, ümməti məşvərəti həyatın ayrılmaz bir parçasına çevirsin deyə belə etmişdi.

Məlum olduğu kimi, Allah-Təala Həzrət Adəmi yaratmamışdan əvvəl mələklərə yer üzündə bir xəlifə yaradacağını söyləmiş və onların bu mövzuda nə düşündüyünü soruşmuşdu. Yəni onlarla məşvərət etmişdir. Halbuki məsləhətləşmək ağlı və elmi məhdud olan varlıqlara xas xüsusiyyətdir. Allah-Təala bununla insanları məsləhətləşməyə çağırmışdır, yoxsa Rəbbimiz kiminləsə məsləhətləşmək məcburiyyətində deyil.

Bu hadisə eyni zamanda “mən, mən” deyən eqoist nəfsləri mənəm-mənəmlikdən əl çəkib “biz” deməyə səsləyir.

Məşvərət nəbəvi, təkbaşına hərəkət etmək isə şeytani davranışdır. Yəni məsləhət-məşvərət möminlərin həyatında əsas prinsiplərdən biridir. Quranın meyarlarına görə məşvərət mömin cəmiyyətin ən bariz əlamətlərindən və İslama könül vermiş bir camaatın də ən vacib vəsflərindəndir. Təsadüfi deyil ki, Quranda məşvərət namaz və infaqla eyni cizgidə zikr edilir: “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər”.[2]

Məşvərət ibadət səviyyəsində bir əməldir və ona əhəmiyyət verməyən bir toplum tam mömin sayılmadığı kimi, tətbiq etməyən bir camaat da kamil müsəlman deyildir.

Məşvərət hər hansı bir məsələdə düzgün qərar verilməsinin ilkin şərtidir. Yaxşıca düşünülmədən, başqalarının fikir və tənqidləri nəzərə alınmadan verilən qərarlar çox vaxt uğursuzluğa düçar olur. Məşvərəti tanımayan bir insan yüksək qabiliyyətə, fitri istedada malik olsa belə, hər işi məşvərətlə görən, hər fikrini məsləhətləşən adi bir insana nisbətən daha çox xəta edər. Bu baxımdan böyük İslam aliminin dediyi kimi “Ən ağıllı insan məşvərətə ən çox dəyər verən və başqalarının fikirlərindən ən çox yararlanan insandır. İş və planlarında öz fikirləri ilə kifayətlənən, hətta onları digər insanlara da zorla qəbul etdirməyə çalışanlar əhəmiyyətli bir dinamizmi əldən qaçırmaqla yanaşı, ətrafından da daima nifrət və soyuq münasibət görərlər.

Bir işə təşəbbüs etmədən əvvəl məsləhətləşmək, ətraflı araşdırma aparmaq, səbəblər baxımından  nə lazımsa hamısını yerli-yerində etmək lazımdır ki, nəticədə qədərdən − taledən şikayət və insanları təqsirləndirmə kimi müsibəti ikiqat artıran zərərli davranışlara yol verilməsin… Bir işə başlamadan nəticə hərtərəfli düşünülməzsə, bilikli və təcrübəli insanlarla məsləhətləşilməzsə, peşmançılıq qaçılmaz olar. Əvvəli-axırı düşünülmədən görülən neçə-neçə işlər iki addım atmamış iflasa uğramış, beləliklə, təşəbbüskarların həm etibarına xələl gətirmiş, həm də ümidlərini puça çıxarmışdır”.[3] 

Ticarət sürətlə dəyişən sahədir. Bu dəyişiklikləri vaxtında izləməkdə, sürətli və düzgün qərar verməkdə məsləhət-məşvərətin rolu əvəzsizdir. Bunun üçün ya etibar etdiyimiz insanlarla məsləhətləşməli, ya da lazım gələrsə, müəyyən pul müqabilində də olsa, təcrübəli şəxslərə müraciət etməli, araşdırma apartdırmalı və nəhayət, nəticəyə uyğun hərəkət etməliyik. Çünki məşvərət bərəkət gətirər. Həsən Bəsri həzrətləri də bu həqiqətə işarə edir: “Allah məşvərət edənlərə daha yaxşısını nəsib edər”.

Mövzuya Allah Rəsulunun qızıl sözləri ilə xitam verək:

Məşvərət etibarlı insanlarla edilir”.[4]

Məşvərətdə olan peşmanlıq çəkməz”.[5]

[1] Tirmizi, Cihad, 35.

[2] “Şura” surəsi, 42/38.

[3] “Yeni ümit” dərgisi, “Şura”, 24-cü sayı.

[4] Əbu Davud, Ədəb, 114; Tirmizi, Zühd 39, Ədəb, 57; İbn Macə, Ədəb, 37

[5] Təbərani, Mücəmül-övsat, V, 206, VI, 365.