7. 687 dəfə oxunub ,   0 şərh   Çap et

“Dürüst və etibarlı ticarətçi şəhidlərlə, siddiqlərlə və nəbilərlə bərabərdir”.

(Əbu Davud, Büyu, 8; Tirimizi, Büyu,4; Darimi, Büyu, 8; Hakim, Müstədrək, 2/7)

Sidq “doğru söz”lə yanaşı, “doğru davranış”ı da ehtiva edərək hər cür yalan söz və davranışdan uzaq və təmiz olan mənasını verir. İnsanın batini, zahiri, gizli, açıq – hər bir halını eyni istiqamətdə davam etdirməsi, həqiqətdən başqa hər şeydən uzaq olması, həyatını doğruluq müstəvisində qurması anlamlarını da bildirən geniş mənalı sözdür.

Etibarlı olmaq və əmanətə riayət etmək möminin başlıca şüar­larından  biridir. Allah Rəsulu hələ peyğəmbərlikdən əvvəl xalq arasında “Əmin” ünvanı ilə tanınırdı. O, bu baxımdan doğruluğunu isbat etmiş və əmanətə riayət edən bir şəxs kimi məş­hur­laşmışdı.

Allah Rəsulu həqiqi mömini “İnsanlar mallarına və canlarına onlardan zərər gəlməyəcəyinə arxayın olurlar” (Tirmizi, İman 12; Nəsayi, İman 8) hədisi ilə tərif edir.  Yəni O: “Siz mənə altı məsələdə söz verin, mən də sizə cənnətə zamin olum, – deyir və sadalayır, – doğru danışın, verdiyiniz sözü yerinə yetirin, əmanətə xəyanət etməyin, iffətli olun, harama baxmayın, əllərinizlə başqalarına zərər verməyin”. Etibarlılıq haqqında başqa bir hədisə baxaq: Allah Rəsulu əshabından soruşdu: “Ən yaxşı və ən pis insanın kim olduğunu söyləyimmi?” Səhabələr “Bəli, ya Rəsulallah!” – deyə cavab verincə belə buyurdu: ”Ən yaxşınız odur ki, insanlar ondan ancaq yaxşılıq gözləyir, zərər gəlməyəcəyinə əmin olurlar. Ən pisiniz isə odur ki, ondan heç vaxt yaxşılıq gözləmir, sizə pislik etməyəcəyinə də əmin olmursunuz”. (Tirmizi, Fitən, 76)   

Sidq (doğruluq, əhdə sədaqət, sədaqətli) və əmanətə riayət peyğəmbərə xas beş əsas xüsusiyyətdən biridir. Həzrət Əbu Bəkir məhz sadiqliyinə və əmanətə riayətinə görə “Siddiq” ünvanını almışdır. Şəhidlər də sözlərinə sadiq və əmanətə riayət edən insanlardır. Allahın vədinə qəlbən inanmış, bu yolda canını vermiş və əmanəti Sahibinə təslim etmişlər. Biz möminlər hər gün namazlarda “Fatihə” surəsində Allaha: “Bizi doğru yola yönəlt”, – deyə dua edirik. Quran Allahın nemət verdiyi nəbilər, siddiqlər və şəhidlərin doğru yolun layiqli təmsilçiləri olduğunu xəbər verir. (“Nisa” surəsi, 4/697) Nəticə etibarilə doğruluğu və əmanətə riayət etməyi özünə yol seçmiş bir ticarətçi Allahın hidayət verdiyi insanlarla bərabər olacaq, onlarla birlikdə yad ediləcək…

Sevgili Peyğəmbərimiz zühdün şəxsə və cəmiyyətə aid yönlərini düşünməyən, çox işləyib qazanmağı və varlı olmağı lüzumsuz, hətta zərərli sayanları xəbərdar etmək üçün “Doğru-dürüst və etibarlı ticarətçi şəhidlərlə, siddiqlərlə və Nəbilərlə bərabərdir” demiş və sözügedən vəsflərə malik olan ticarətçinin dükan-bazardan nəbilər və siddiqlər arasına yüksələcəyini müjdələmişdir. Başqa bir hədisində isə “Doğru danışan və doğru davranan ticarətçi qiyamət günü ərşin kölgəsi altındadır”, – (İbn Macə, Ticarət, 1) buyurmuşdur. Bu da bir həqiqətdir ki, ticarətçi Allahın ən sevimli qulları ilə birlikdə həşr olunmaq üçün mütləq doğru, dürüst və etibarlı insan olmalıdır. Çünki Peyğəmbərimiz bu xüsusiyyətə malik olmayan ticarətçilərə xəbərdarlıq etmişdi: “Ey ticarətçilər! Şübhəsiz ki, Allahdan qorxan və doğru-dürüst olan ticarətçilər istisna, qalanları günahkar və şərli insanlar kimi həşr olunacaqlar”. (Buxarı, Ədəb, 69, Müslim, Birr, 103-104)

İslamın ticarət əxlaqını əsas götürən hər bir ticarətçi dürüstlüyü, doğru sözlülüyü və etibarı ilə insanlar arasında etimad qazanmalıdır. Müştərinin məlumatsızlığından, diqqətsizliyindən və ehtiyac içində olmasından sui-istifadə etməməli və heç kimi aldatmamalıdır. Aldatmağı və hiylə işlətməyi İslamdan çıxmaq kimi görməli və belə bir aqibətə düçar olmaqdan qorxmalıdır. Bəli, həqiqi mömin aldadılsa da, aldatmaz. Peyğəmbərimiz bir satıcının yağışda islanmış buğdanın quru hissəsini üstə çıxararaq yaş hissəsini gizlətməyə çalışdığını görəndə “Niyə islanmış buğdanı göz qabağına qoymamısan?” deyərək xəbərdarlıq etmiş və sonra da “Bizi aldadan bizdən deyildir” (Müslim, İman, 164; Tirmizi, Büyu, 74) deyərək bu hərəkətin aqibətini xatırlatmışdır. Yenə bu mövzuda “Kim xarab malını qüsurunu söyləmədən satarsa, Allahın qəzəbi və mələklərin lənəti onun başına yağar” (İbn Macə, Ticarət, 45; Hakim, Müstədrək, 2/11) demiş, bu əməlin bir Müsəlmana yaraşmadığını, ondan qazanılan pulun halal olmadığını göstərmişdir.

Ticarətdə doğruluq bərəkət gətirir. Peyğəmbərimiz bu mövzuda buyurur: “Alıcı və satıcı bir-birindən ayrılmadıqca (alış-verişdən imtina etməkdə) sərbəstdirlər. Müştəri və satıcı alış-verişi düzgün edib malın qüsurunu gizlətməzlərsə, alış-veriş hər ikisi üçün bərəkətli olar. Yalan danışar, malın qüsurunu gizlədərlərsə, qazanc əldə etsələr belə, alış-verişlərinin bərəkətini itirmiş olarlar” (İbn Macə, Ticarət, 3).

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ümmətinin dürüst olmasını istəmiş və İslama girmək üçün şəhadət gətirənlərdən bu barədə beyət də almışdır. Rəsulullaha söz verənlərdən biri olan Cərir ibn Abdillah bir şeyi satın alanda satıcı ilə halallaşar və satana aldığı malın verdiyi puldan daha dəyərli olduğunu söyləyərmiş. Niyə belə etdiyini soruşanlara isə başda Allah Rəsulu olmaqla, hər kəsə qarşı dürüst davranacağını söz verib beyət etdiyini və müsəlman olduğunu deyərmiş. Bir dəfə bəyəndiyi bir atı satın almaq üçün köləsini Kufədəki heyvan bazarına göndərmişdi. Bir rəvayətə görə, köləsinin atı üç yüz dirhəmə alması ilə razılaşmamış, ata səkkiz yüz dirhəm vermişdi. O, bir mal satanda malın qüsurlarını göstərib müştəriyə öz seçimini etməyi söyləyərmiş. Ona bu cür ticarətlə gəlir əldə edə bilməyəcəyini deyənlərə isə Rəsulullaha verdiyi sözü xatırladarmış. (bax. Təbərani, Mücəmül-kəbir,  2 / 334-359)

 “Nə qədər zəhmət, o qədər mükafat!” qaydasına görə, insan bir şeyə nə qədər çətin nail olur və o yolda nə qədər çox əziyyətlərə dözürsə, o qədər çox savab qazanır. Dürüst və etibarlı ticarətçiyə axirətdə ən xoşbəxt üç zümrə arasında olmaq vəd edilmişsə, demək ki, bu, o qədər də asan olmayacaq. Beləliklə, Allah Rəsulu iş adamları və ticarətçilərin qarşıya çıxan çətinlikləri dəf etməsi üçün böyük üxrəvi məqam və mükafatların müjdəsini vermiş, dürüst ticarətçiləri iradəli və səbirli olmağa çağırmışdır.

Dürüst, iffətli və halal qazanan bir ticarətçi maddiyyatın hər tərəfi bürüdüyü və bir çox insanın yolundan azdığı bir yerdə, bir vaxtda təmkinli davranar, “sürüşkən” yerlərdə diqqətlə addımlayar, axirət inancını daima xatirində tutaraq hiylədən, yalandan, müştərini aldatmaqdan və haqsız qazancdan uzaq durar, haram-halal məsələlərinə riayət edərək alış-verişlə məşğul olarsa, iş vaxtı keçirdiyi və keçirəcəyi dəqiqələr, inşallah, ibadətə çevrilər.

Dövrün, şəraitin çətinliyinə baxmayaraq, iradəsini layiqincə ortaya qoyub möminə yaraşan ləyaqəti nümayiş etdirən və doğru-dürüst işləyən bir ticarətçi bu cəhd, qeyrət və xalis niyyətinin əvəzində axirətdə peyğəmbərlər, siddiqlər və şəhidlərlə birlikdə həşr olunacaq. Beləliklə, o, həm ticarətdən vaz keçməyib dünya işlərini görəcək, həm də axirətinə əhəmiyyət verərək, inşallah, əbədi səadətə aparan üxrəvi mükafata qovuşacaqdır. Siratı-müstəqimin bir mənası da dünyanı ehmal etməməklə yanaşı, insanın özünü və axirətini unutmamasıdır.

Bəli, hər bir ticarətçi bu qızıl prinsipləri yaddan çıxarmamalıdır: “Hiyləgər ticarətçi, hiyləgər iş adamları bu davranışları ilə əvvəl Allaha və vicdana qarşı çıxır, sonra isə hiylələrinin üstü açılır, camaat arasında etibardan düşür, həm dünyada, həm də axirətdə itirmiş olur.

Haram-halal məsələlərinə riayət edən bir ticarətçinin iş vaxtı keçirdiyi və keçirəcəyi dəqiqələr ibadət sayılır”. (Sızıntı, iyul, 1985, cild 7, sayı 78)



Açar sözləri

tacir ticarət

Bənzər məqalələr

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

Əliaçıqlıq insanı Allaha yaxınlaşdırır

“Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”. (Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27) Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından […]


Şərh yaz