- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Təyəmmümü pozan hallar hansıdır?

Təyəmmüm su tapılmadığı və ya olsa da istifadə etmək imkanı olmadığı hallarda dəstəmaz, ya da qüsl niyyəti ilə torpaq yaxud torpaq cinsindən bir maddəyə əlləri sürtməklə üzü və iki qolu məsh etməkdən ibarət hökmi təmizlikdir. Təyəmmüm aşağıdakı hallarda pozulur:

Dəstəmaz və ya qüslu pozan hər şey təyəmmümü də pozur. Çünki təyəmmüm ikisinin də əvəzedicisidir. Cünub olan şəxs təyəmmüm aldıqdan sonra, dəstəmazı pozan bir hal meydana gələrsə, təkcə dəstəmazı pozulmuş sayılar. Cünubluq halı geri qayıtmaz.

Təyəmmüm almaq üzrü ortadan qalxdıqda təyəmmüm pozulur. Məsələn, soyuğun keçməsi, xəstəliyin sağalması, suyun əldə edilməsi mümkün olmayan bir həbsxanadan, içində su olan başqa bir həbsxanaya köçürülmək və azadlığa çıxarılmaq kimi hallarda alınmış təyəmmüm pozulur.

Suyu tökmək və ya bir dəfə belə olsa sudan istifadə edəcək gücə sahib olmaq təyəmmümü pozur. Namaz qılınarkən su görüldüyü təqdirdə təyəmmüm pozulur. Təyəmmüm pozulduğu üçün namaz da pozulur. Lakin namaz qıldıqdan sonra su görülər və namaz vaxtı çıxmış olarsa həmin namazı yenidən qılmağa ehtiyac yoxdur. Bu haqda alimlər həmrəydirlər. Namaz vaxtı çıxmadan su görən şəxs, şafeilərin xaricində əksəriyyət alimlərə görə həmin namazı yenidən qılmaz. Şafeilərə görə isə, bu halda muqim (bir yerdə daimi yaşayan) həmin vaxt namazını təkrar qılar, səfərdə olan yolçular isə qılmaz.[1]

[1]Kasani, Bədai, I, 56; İbnul-Hümam, Fəthul-qədir, I, 91 vd., İbn Abidin, Rəddul-muxtar, I, 224.