7. 368 dəfə oxunub ,   0 şərh   Çap et

 Təyəmmüm – su olmadığı və ya sudan istifadə etmək mümkün olmadığı vaxtlarda torpaq, yaxud torpaqdan olan şeylərlə dəstəmazsızlığı aradan qaldırmaqdır. Təyəmmüm hicrətin beşinci ilində fərz edilmişdir. Belə ki, Mədinəyə mühacirətdən sonra hicrətin beşinci ili şaban ayının əvvəllərində Hz. Peyğəmbər (s.ə.s.) Xüzaə qəbiləsinin bir oymağı olan Bəni-Müstəliq müharibəsində min nəfərlik bir ordu ilə quraqlıq bir yerdə qalmışdı. Sübh namazını qılmaq üçün dəstəmaz almağa su tapmadılar. Məhz bu vaxt sübh tezdən belə bir ayə nazil oldu: “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”. Bu ayənin nazil olması əshabələr çox şad oldular və təyəmmüm edərək sübh namazını qıldılar. Beləliklə də, təyəmmüm suyun həqiqi və ya hökmi olaraq mövcud olmadığı hallarda dinimizin təmizliklə bağlı müsəlmanlara tanıdığı bir asanlıq olmuşdur. Hədisi-şərifdə isə Hz. Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “إِنّّ الصَّعيِدَ الطّّيِّبَ طَهُورُ الْمُسْلِمِ وَإِنْ لَمْ يَجِدِ الْمَاءَ عَشْرَ سَنيِنَ/Təmiz torpaq on il su tapmasa belə möminin dəstəmazıdır”. Bu mövzu ilə bağlı digər hədisi-şərif isə belədir: “وَجُعِلَتْ لِيَ الْأَرْضُ مَسْجِداً وَطَهُوراً أَيْنَماَ كُنْتُ مِنْهاَ وَإِنْ لَمْ أَجِدِ الْماَءَ تَيَمَّمَتْ بِاالصَّعيَدِ وَصَلَّيْتُ /Yer üzü mənə təmiz və məscid edildi. Harada namaz vaxtı girərsə, orada təyəmmüm alıb namazımı qılaram”. Torpaq və torpaqdan olan şeylərlə təyəmmüm etmək barəsində ümmətin alimləri icma etmilər. Çünki ayə və hədislərdəki “الصَّعيِد/səid” kəlməsi “yer üzü” mənasına gəldiyi üçün daşı da, torpağı da əhatə edir. Həm dəstəmaz, həm də qüsl almaq, eləcə də aybaşı və zahılıqdan təmizlənmək lazım olduqda su olmadığı təqdirdə, ya da su mövcud olub xəstəlik, düşmən qorxusu, hər hansı bir heyvan, yaxud insandan qorma, suyun əlverişli olmaması kimi hallardan irəli gələn səbəblərdən ötrü istifadə oluna bilmirsə, təmiz torpaq və ya torpaqdan olan şeylər tapılmalı və təyəmmüm edilməlidir. Təyəmmüm edilən yer mütləq təmiz olmalıdır. Gübrə qarışığı olan torpaqdan, nəcis ikən quruyan yerdən təyəmmüm edilməz. Əgər su mövcud olub, sadəcə, dəstəmaz almağa çatacaq qədər olarsa, yəni dəstəmaz alındığı təqdirdə içməyə su qalmayacaqsa, təyəmmüm edilməlidir. Çünki susuzluq həyati təhlükəyə gətirib çıxarar. Şafei və hənbəlilərə görə, bədənində nəcasət olan bunu təmizləmək üçün su tapa bilmirsə, su olsa belə digər ehtiyacları üçün istifadə edəcəksə, yaxud ziyan verməsindən qorxarsa, təyəmmüm edib namazını qıla bilər. Şafeilərə görə isə, həmin namazı daha sonra qəza etməlidir.

Təyəmmümün şərtləri

Təyəmmümün iki fərzi vardır: Birincisi, əlləri təmiz torpağa vurub üzü məsh etmək; ikincisi isə, əlləri təzədən torpağa vurub dirsəklərlə birlikdə qolları məsh etməkdir.

Bunlardan başqa təyəmmüm edilərkən diqqət edilməli olan digər şərtlər də vardır. Sözügedən şərtləri bəndlər şəklində xülasə edək:

1. Niyyət etmək Bu, təmizlənməyə niyyət etməkdir. Məsələn, “niyyət etdim Allah rizası üçün təyəmmümlə təmizlənməyə” və ya “təmizlənmək niyyəti ilə təyəmmüm almağa”, yaxud “namaz üçün təyəmmüm almağa” kimi niyyətlər edilə bilər. Niyyətin vaxtı əllərin torpağa vurulduğu andır. Niyyətin dil ilə edilməsi şərt deyil, sadəcə olaraq qəlbdən keçirilməsi kifayətdir.

2. Təyəmmümü mübah edən bir üzrün olması Sözügedən üzrlər bunlardır: Suyun olmaması, olsa da istifadə ediləcək halda olmaması, ən azı bir mil (təqribən 1600 metr) məsafədə olması, su olduğu halda istifadə etməyə gücün çatmaması, düşmən qorxusu, xəstəlik, suya olan həyati ehtiyac, suyun yalnız içməyə çatacaq qədər olması, cənazə, ya da bayram namazlarına çatmama qorxusu. Qeyd etmək lazımdır ki, cüməyə çatmamaq qorxusu ilə təyəmmüm almaq olmaz. Çünki cüməyə çatmaq mümkün olmasa da, həmin günün günorta namazını qılmaq mümkündür. Suyu tapmaq ehtimalı olan şəxs namaz vaxtının çıxmasına yaxın bir vaxta qədər təyəmmümü təxirə salar və artıq su tapmadıqda namazını təyəmmümlə qılar. Lakin qətiyyən su tapma ehtimalı yoxdursa, təxirə salmaq olmaz.

3. Təyəmmümün torpaq, daş, qum kimi yer cinsindən olan təmiz bir şey üzərində edilməsi

Təyəmmüm edilən yerlər aşağıdakılardır:

a. Təmiz olan torpaq; daş, qum, çınqıl və s. kimi torpaqdan olan şeylər,

b. Daşdan olan mərmər, kirəmit, kərpic, yaqut, zümrüd, zəbərcəd, kürələrdə istifadə olunan ot daşı, sink, mərcan və digər mədən daşları,

c. Nəmli, yanmış, yaxud çox hissəsi torpaq olan qarışıq maddələr, çoxu kül olmayan yanmış yerdəki torpaq, yarısı və ya çox hissəsi torpaq və torpaqdan olan qarışıq maddə,

d. Qaya duzu,

e. Palçıqla suvaqlanmış divar.

Yuxarıda sadalananlar torpaq və torpaqdan olduğundan üstündə toz olma şərti də yoxdur. Belə olan halda, toz torpaq və torpaqdan olmayan şeylərin üstündə axtarılır. Tozun ölçüsü də əl sürtülən zaman ələ müəyyən qədər tozun bulaşmasıdır. Palçıqla təyəmmüm edilməz, lakin Əbi Hənifəyə görə, namaz vaxtının çıxmasında qorxularsa və palçığın torpağı suyundan daha çox olduğu təqdirdə palçıqla da təyəmmüm edilir. Üstündə mövcud olan torpaq səbəbilə xam maddə halında qızıl, gümüş və mis kimi mədənlərlə təyəmmüm edilə bilər. İmam Əbu Yusiflə İmam Şafeiyə görə, təyəmmüm yalnız torpaqla edilir. İmam Malikə görə, torpaq və qumla təyəmmüm caiz olmaqla yanaşı, ot, ağac və qarla da caizdir. İmam Əhməd ibn Hənbələ görə, təyəmmüm yalnız yanmamış və başqasından qəsb edilməmiş təmiz torpaqla edilir, qum və digər şeylərlə edilməz. Odunların və otların yanması nəticəsində meydana gələn küllərlə, eləcə də dəmir, qızıl, gümüş kimi əriyib qəlibə düşən və yumuşalan mədənlərlə, habelə inci, şüşə, parça və paltarlarla təyəmmüm edilməz. Çünki bunlar torpaqdan sayılmır. Ancaq bunların üstündə müəyyən qədər toz olduğu təqdirdə, təyəmmüm edilə bilər. Çünki toz da torpaqdan sayılır. Tozun ölçüsü isə, əl sürtüldükdə müəyyən qədər tozun bulaşmasıdır. Divar parlaq və ya yağlı boya ilə boyanmışsa və bu boyalarda torpaq qarşığı yoxdursa, yaxud qarışığı var, lakin torpaq yarıdan az olarsa, divardan təyəmmüm edilə bilməz. Divar əhənglə suvaqlanmışsa, təyəmmüm edilə bilər. Bundan başqa, bişmiş palçıqdan olan çinilərlə təyəmmüm edilə bilər, lakin bu faynsların üstü torpaqdan olmayan bir şeylə örtülmüşsə, onun təyəmmüm etmək caiz deyil. Yorğan və yorğan üzü kimi şeylərlə təyəmmüm edilməz. Çünki bunlara əl sürtüldükdə ələ gələcək toz olmur.

4. Məsh edilməli olan yerləri tam şəkildə məsh etmək Üzü bütövlüklə, yəni saqqal ilə qulaq arasındakı açıq yeri, qaş ilə göz arasını və burun deşiklərini, eləcə də dirsəklərlə birlikdə əl və qollarını əhatə edən bir məsh edilməlidir. Üzün və əllərin əksər hissəsini məsh etmək də caizdir. Həmçinin, üzvün dörddə üçünü məsh etməklə də təyəmmüm edilmiş sayılır. Məsh edərkən barmaqların arası da məsh edilməli, üzük və bilərzik yerindən tərpədilməli, lakin bunlar zərurət səbəbilə edilə bilməzsə, üzvün ən azı dörddə üçünü məsh etmək şərtinə görə təyəmmüm etibarlı olur. Məsh edərkən tozun bədənə dəyməsi şərt deyil. Əlin məsh ediləcək yerlərə dəyməsi kifayətdir.

5. Məshi bütöv əl ilə və ya əlin əksər hissəsi ilə etmək Belə ki, iki barmağı üz və qolun üzərinə məsh etməklə təyəmmüm sayılmır.

6. Təyəmmümü əlin iç tərəfi ilə və iki dəfə vurmaqla etmək Vurmaqdan məqsəd əlləri torpağa qoymaqdır. Bir şəxs təyəmmümə niyyət edərək yıxılan bir divarın yanında dursa, oradan üzünə və qollarına toz-torpaq bulaşsa təyəmmüm etmiş sayılır. Belə olan halda, əlləri torpağa vurmaq şərt deyildir. “اَلتّّيَمُّمُ ضَرْبَتَانِ ضَرْبَةٌ لِلْوَجْهِ وَضَرْبَةٌ لِلْذِّرَاعَيْنِ إِليَ الْمِرْفَقَيْنِ/Təyəmmüm iki dəfə vurmaqdır. Birincisində üz məsh edilir, ikincisində isə dirsəklərə qədər əl və qollar məsh edilir” hədisi-şərifində bəyan edilən vurmaqdan məqsəd təyəmmüm edənlərin ümumi halını əks etdirməkdir, yoxsa vurmadan təyəmmüm olmaz mənasına gəlmir. Təyəmmüm üçün eyni torpağı iki nəfər birdən istifadə edə bilər. Topraq istifadə edilməklə kirlənmir.

7. Dəstəmaza mane olan hal aradan qalxmalıdır Məsələn, burun qanayarkən, istibra tam olaraq qurtarmadan təyəmmüm edilməz. Tam qurtardıqdan sonra təyəmmüm edilməlidir. Lakin burun qanayarkən namaz vaxtının çıxması kimi bir zərurət varsa, təyəmmüm alına bilər. 8. Dərinin üstündə məshə mane olacaq hər hansı bir şeyin olmaması Əgər dərinin üstündə qurumuş boya, xəmir kimi bir maddə olarsa, təyəmmümə əngəl təşkil edər.



Açar sözləri

təyəmmüm

Bənzər məqalələr

Təyəmmümü pozan hallar hansıdır?

Təyəmmüm su tapılmadığı və ya olsa da istifadə etmək imkanı olmadığı hallarda dəstəmaz, ya da qüsl niyyəti ilə torpaq yaxud torpaq cinsindən bir maddəyə əlləri sürtməklə üzü və iki qolu məsh etməkdən ibarət hökmi təmizlikdir. Təyəmmüm aşağıdakı hallarda pozulur:


Şərh yaz