4. 866 dəfə oxunub ,   0 şərh   Çap et

Təqva nədir?

Quranda təqva

Müttəqi kimə deyilir?

Təqva haqqındakı bəzi ayələr

Hədislərdə təqva

Təsəvvüfdə təqva

Təqvanın dərəcələri

Təqva nədir?

Ərəb dilində “viqayə” feilindən törəyən təqva kəlməsi “qoru(n)maq, qorxmaq, çəkinmək, hörmət və itaət etmək” mənalarındadır. Həmçinin “həm maddi, həm də mənəvi müsibətlərdən Allaha sığınmaq” mənası da var. Termin olaraq isə, Allahın əmrlərinə itaət, qadağalarına riayət etməklə Onun əzabından qorunmağa çalışmaqdır. Bu da iki yolla mümkündür:

  1. Dinin əmr və qadağalarına əməl etməklə,
  2. Allahın kainatda qoyduğu qanunlara riayət etməklə. Yəni şəriətin əmr və qadağalarına əməl etməklə yanaşı, təkvini[1] əmrlərə, yəni Allahın kainatda cərəyan edən sünnəsinə (qanunlarına) uyğun hərəkət etmək də təqvanın mühüm bir cəhətidir. Təkvini əmrlərin öz qaydaları var və insan bu qaydalara riayət etməsə, cəzalandırılar.[2] Beləcə, təqvalı olmaq, yəni dünyada və axirətdə Allahın hifzinə sığınmaq bu iki qanunu da yerinə yetirməkdən asılıdır.

Quranda təqva

Təqva qiymətli bir xəzinə, bütün xeyir qapılarının açarı, Cənnətə gedən yolun miniyidir. Məhz bu səbəbdəndir ki, təqva və bu mənada işlənən eyniköklü kəlmələr müxtəlif formalarda Quranda 285 yerdə işlənir.[3] Quran və hədislərdə keçən təqva kəlməsi bəzən lüğəvi mənada, bəzən də “Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinərək əzabından qorunmaq” anlamında işlənmişdir.

“Allahdan qorxun və mənə itaət edin!”[4] ayəsi peyğəmbərlərin əsas çağırışlarından biridir. Peyğəmbərə itaət edən Allaha itaət etmiş[5] sayılır. Təqva bu mənada həm də Allaha və Rəsuluna itaət etmək deməkdir. Allah Quranda təqvalı möminləri cəhənnəm əzabından qoruyacağını bildirmişdir.[6]

Təqva kəlməsinin özü isə Quranda 17 yerdə işlənir.[7] İlk dövrdə yazılmış təfsir kitablarında təqva və eyniköklü kəlmələr “Allahdan qorxmaq” şəklində izah olunmuşdur. Bu qorxu nədənsə qorxmaqdan daha çox, sevən insanın sevdiyini incitməkdən çəkinməsi, Yaradanına hörməti və çiyninə düşən məsuliyyəti hiss etməsidir. Bu mənada Allahın əmrlərinə qarşı məsuliyyətlə yanaşmaq təqvalı olmaq deməkdir.

Müttəqi kimə deyilir?

Təqvalı insana müttəqi deyilir. Müttəqi haramlarla yanaşı, şübhəli olan şeyləri də tərk etməyə və təqvasını gücləndirməyə çalışan mömindir. Müttəqi kəlməsi Quranda 48 yerdə işlənir.[8] Həmin ayələrdə təqvalı insanların xüsusiyyətlərindən bəhs olunur. “Təqi” kəlməsi də “müttəqi” mənasındadır.[9]

Həqiqi təqvaya çatmaq ancaq şübhəli şeylər və kiçik günahlardan uzaq durmaqla mümkündür. Bunun üçün də hər şeydən əvvəl halal və haramları (dinin əmr və qadağalarını) bilmək, təmiz vicdana sahib olmaq lazımdır.

Təqva haqqındakı bəzi ayələr

Təqva kəmləsinin Quranda müxtəlif şəkillərdə işlənməsi bu məfhumun İslamda nə qədər əhəmiyyətli olduğunu göstərir. Təqva Allah dərgahında insanın dəyərinin yeganə ölçüsüdür.

Təqva ilə əlaqəli Quranda bu xüsuslar bildirilmişdir:

“Allah müttəqilərlədir”[10],

“Allah müttəqiləri sevər”[11],

“Allah müttəqilərin dostudur”[12]

Təqva həmçinin insanın imanı və qəlbi ilə də bağlıdır. “Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.”[13]

“Allaha çatacaq olan yalnız sizin təqvanızdır.”[14]

“Nəfsə (qəlbə) təqvanı ilham edən Allahdır.”[15]

“Quran müttəqilər üçün hidayət kitabıdır.”[16]

Müttəqilərin aqibətinin gözəl olacağı bildirilir.[17]Axirət üçün “ən yaxşı tədarük (azuqə) təqvadır”[18].

Cənnət müttəqilər üçün hazırlanmışdır.[19] Möminlər təqva sayəsində tarixdən və baş verən hadisələrdən ibrət götürürlər.[20]

Quranda həmçinin bildirilir ki, Allah yanında ən hörmətli bəndə Ondan ən çox qorxandır.[21] Müqəddəs Kitabımızda həmçinin “Gücünüz çatdığı qədər Allaha qarşı təqvalı olun!”[22] buyrulmuşdur.

Quranda təqva libasa bənzədilir.[23] Həmçinin təqvanın üç dərəcəsindən bəhs olunur:[24]

Birinci dərəcə insanın övrət yerini örtən paltar kimidir. Buna nail olmaq üçün fərzləri yerinə yetirmək və böyük günahlardan çəkinmək lazımdır.

İkinci dərəcə imanda kamilləşmək, fərzlərlə yanaşı sünnələrə, müstəhəblərə əməl etmək, haramlarla yanaşı məkruhlardan da uzaq durmaqdır. Bu bədəni tamamilə örtən paltar kimidir.

Üçüncü dərəcə isə, imanda daha da kamilləşərək mərifət məqamına çatmaq, Allahın razı olacağı bütün əməlləri işləmək, təkcə haram və məkruhlardan yox şübhəli şeylərdən də qorunmaqdır. Bu da sahibini gözəl göstərən paltar kimidir. Bu cür təqva ehsan düşüncəsi ilə eynimənalıdır. Ehsan bəndənin Allahı görməsə belə, Rəbbin onu həmişə gördüyünü düşünərək yaşaması, hər anını ibadətlə keçirməsi deməkdir. Bir çox ayədə müttəqilərin və muhsinlərin (ehsan sahiblərinin) qurtuluşa çatdığı bildirilir.

Allahın ən çox bəyəndiyi əməl təqva, onun ən xas bəndələri də müttəqilərdir. Müttəqilərin rəhbəri də Qurandır. Onlar dünyada Quranla, axirətdə isə Cənnətlə şərəflənəcəklər.

Hədislərdə təqva

Hədisi-şəriflərdə də təqvaya yer verilmişdir. Belə ki, hədislərdə Allahın, ondan qorxub çəkinəni və ona heç bir şeyi şərik qoşmayanı (Allahdan qorxanı) bağışlayacağı,[25] təqvalı bəndəsini sevəcəyi[26] və bəndənin də nəfsini hesaba çəkmədən təqvaya çatmayacağı bildirilmişdir.[27] Bundan əlavə Rəsulullah (s.ə.s) əli ilə sinəsini göstərərək: “təqva buradadır”[28], – demiş və: “Allahım! Qəlbimə təqva bəxş elə![29] və “Ey Allahım! Səndən hidayət, təqva, iffət və könül zənginliyi istəyirəm.”[30]– deyə dua etmişdir. Qəlbdəki təqva deyəndə iman, səmimiyyət və Allaha hörmət nəzərdə tutulur. İman təqvalı olmağı tələb edir.

Rəsulullah yenə bir hədisində, “Bəndə şübhəli şeyləri etmək təlaşı ilə şübhəli olmayan bəzi şeyləri tərk etmədikcə həqiqi müttəqilərin dərəcəsinə çata bilməz,”[31] buyurmuş və: “Sizin Allahdan ən çox qorxanınız və ən çox təqva sahibi olanınız mənəm,”[32] – demişdir.

Bir hədisində də: “Halal da məlumdur, haram da. Ancaq halal və haramın arasında onların hər ikisinə də bənzəyən bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunları ayırd edə bilmir. Bu şübhəli şeylərdən çəkinən insan (müttəqi) dinini, namusunu və heysiyyətini qorumuş olur. Şüb­həli yerdə gəzən adam isə qoruq ətrafında heyvan otaran çoban kimidir. Qoruq kənarında otlayan qoyunların hər an qoruğa gir­məsi mümkün olduğu kimi, o da həmişə haram işləmə ehtimalı ilə üz-üzədir. Bilin ki, hər hökmdarın bir qoruğu var. Allahın qoruğu da haramlardır. Bunu da bilin ki, vücudda bir ət parçası var. O, sağlam olarsa, bədən də sağlam olar, o xarab olarsa, bədən də xarab olar. Bu, ürəkdir.”[33] – bildirmişdir.

Allah Rəsulu (s.ə.s) Vida xütbəsində: “Allah qarşısında daim təqva ilə hərəkət edin. Beş vaxt namazı qılın. Ramazan orucunu tutun. Mallarınızın zəkatını verin. İdarəçilərinizə itaət edin. Bunları etdiyiniz təqdirdə Rəbbinizin Cənnətinə daxil olarsınız”[34] – buyurmuşdur.

“Günah səni narahat edən və könlünə yatmayan şeylərdir.”[35]və “Fətvanı qəlbindən soruş”.[36] kimi hədislərdə isə halal və mübah olmayan şeylərdən uzaq durmaq təqva əlaməti olaraq göstərilmişdir.

Təsəvvüfdə təqva

İlk zahidlər və sufilər Allaha sığınmağa və şübhəli şeylərdən uzaq durmağa böyük əhəmiyyət vermişlər. Onlara görə təqva, qəlbdəki bütün elm və xeyrin mənbəyidir.[37]

Haris əl-Mühasibiyə görə isə, təqva “Allahdan gələn bir nurla Ona itaət etmək və günahlardan uzaq durmaqdır.”[38] Onun fikrincə, qəlbdəki həqiqi təqva ibadətlərdə Allahın rizasını, bədən və orqanların təqvası isə dinin əmrlərinə riayət etməkdən ibarətdir.[39]

Şübhəli şeylərdən uzaq durmaq avamın təqvasıdır. Xavas isə halal olan şeylərin ehtiyacdan artığını tərk etməyi təqva adlandırır. Bəzi sufilərə görə, təqva zəruri olmayan şeyləri tərk etməkdir. Ariflərə görə isə, təqva bəndənin özünü Allahdan qeyri hər şeydən qoruması və qəlbində yalnız Ona yer ayırmasıdır.

Təqvanın dərəcələri

İbadət və itaətdə təqva deyəndə daha çox ixlaslı olmaq, günah və şübhəli şeylərdən qaçınmaqda qərarlı olmaq başa düşülür. Bu nöqteyi-nəzərdən ibadətin müxtəlifliyinə görə aşağıdaki xüsusların hamısını təqvanın bir mərtəbəsi saymaq olar:

  1. İnsanı Allahdan ayıran hər şeydən uzaqlaşmaq.
  2. Dinin hökmlərinə riayət etmək.
  3. Səbəblər dairəsində günah sayılan əməllərdən uzaq durmaq.
  4. Allahdan uzaqlaşdıracaq şeylərə qarşı həssasl olmaq.
  5. Nəfsin qadağaları pozma istəyinə mane olmaq.
  6. Maddi-mənəvi hər şeyi Allahdan bilib, heç nəyi özünə aid etməmək.
  7. Özünü başqalarından üstün görməmək.
  8. Rəsulullahın gətirdiklərinə qeyd-şərtsiz əməl etmək.
  9. Allahın yaratdıqlarını və sənət əsərlərini təfəkkür edərək mənən qidalanmaq.
  10. Ancaq Allahın razı olduğu işlər görmək.
  11. Ölümü düşünməyə adət etmək.

Bununla yanaşı təqvanın “şirkdən təqva”, “masiyətdən təqva” və “masivadan təqva” kimi dərəcələri də var.

Şirkdən təqva iman edərək şirkdən qorunmaqdır ki, insan bununla cəhənnəmə düşməkdən xilas olur.

Masiyətdən təqva böyük günahları işləməkdən, kiçik gühanlara davam etməkdən çəkinməkdir.

Masivadan təqva isə, qəlbi Haqdan uzaqlaşdıran hər şeydən uzaq tutmaqdır.

Nəticə

Təqva imanın nəticəsidir. Yəni iman və təqva bir-birini tamamlayır. İnsan imanı ilə təqvalı olur və iman bir mənada öz gücünü təqvadan alır.

Təqva insanın Allaha qarşı məsuliyyət şüurudur. Təqvaya çatan bütün xeyirlərin mənbəyini əldə etmiş kimidir.

İnsan Allahın əmrlərinə itaət, qadağalarına riayət etməklə Onun əzabından qorunmağa çalışmalı, həmçinin Kainat kitabını düzgün oxuyub düzgün şərh etməyi bacarmalıdır ki, həqiqi təqvanı əldə etsin. Xülasə, təqva bir bulaq, müttəqi də həmin bulağı tapan bəxtiyardır.


[1]Allahın insanın inanc, ibadət, əxlaq, yaşayış tərzi üçün qoyduğu qayda-qanunlar olduğu kimi, kainatın nizam içində dövr etməsi və insanın fərdi, ictimai həyatı üçün qoyduğu qanunlar da vardır. Bunlar təbiət elmlərinin, yəni fizikanın, kimyanın, astronomiyanın, biologiyanın, sosiologiyanın predmeti olan qanunlardır ki, bunlara İslami terminologiyada “şəriəti-təkviniyyə” və ya “şəriəti-fitriyyə”deyilir.
[2]Məsələn, akrobat yerin cazibə qanununu nəzərə almazsa, təbiətin köksünə yerləşdirilən bu qanun onu əsla bağışlamaz. Etdiyimiz  bir qüsur və qəbahəti, güman ki, Təvvabu-Ğaffar Allah bağışlayar, bizi cəzalandırmaz. Ancaq akrobat səbəblər planında cazibə qanununa laqeydliyin cəzasını çəkər. Elə isə qaydalara riayət edərək Allaha sığınmaq, Onun viqayəsinə pənah aparmaq da təqva deməkdir.
[3]Diyanet İslam Ansiklopedisi, Süleyman Uludağ, “Takva”, XXXIX, s. 485.
[4]Şuəra 26/108, 179.
[5]Nisa 4/80
[6]Duxan 44/56; Tur 52/18; İnsan 76/11.
[7]Bax: Bəqərə, 2/197; Maidə 5/2; Əraf 7/26; Tövbə, 9/108; Taha 20/132.
[8]Bax: Bəqərə, 2/2; Ali İmran 3/76; Maidə 5/27; Əraf 7/128; Ənfal 8/34.
[9]Bax: Məryəm 19/13, 18, 63.
[10]Bəqərə, 2/194; Tövbə 9/36, 123.
[11]Ali-İmran 3/76; Tövbə 9/4, 7.
[12]Casiyə, 45/19.
[13]Hucurat 49/3.
[14]Həcc 22/37.
[15]Şəms 91/8.
[16]Bax: Bəqərə, 2/2.
[17]Bax: Taha 20/132; Qasas 28/83; Sad 38/49; Zuxruf 43/35.
[18]Bəqərə 2/197.
[19]Bax: Ali İmran 3/133; Hicr 15/45; Duxan 44/51.
[20]Bax: Bəqərə 2/66; Ali İmran 3/138; Nur 24/34.
[21]Hucurat, 49/13.
[22]Təğabun 64/16.
[23]Bax: Əraf, 7/26.
[24]Bax: Maidə, 5/93.
[25]İbn Macə, “Zöhd” 35.
[26]Müslim, “Zöhd” 11.
[27]Tirmizi, “Qiyamə” 25.
[28]Müslim, “Birr”, 32; Tirmizi, “Birr”, 18.
[29]Müslim, “Zikr”, 73; Nəsai, “İstiazə”, 13.
[30]Müslim, “Zikr” 72.
[31]Tirmizi, “Qiyamə”, 19; İbn Macə “Zöhd”, 24.
[32]Buxari, “Nikah”, 1; Müslim, “Siyam”, 74
[33]Buxari, “İman” 39; Müslim, “Müsaqat” 107.
[34]Tirmizi, “Cümə” 80.
[35]Müslim, “Birr”, 14; Tirmizi, “Zühd”, 52.
[36]Əhməd ibn Hənbəl, Müsnəd, II, 4; Darimi, “Büyü”, 2.
[37]Süləmi, s. 438.
[38]Haris əl-Mühasibi, ər-Riayə, s. 48.
[39]Haris əl-Mühasibi, ər-Riayə, s. 47.



Bənzər məqalələr

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Təqvalı olmaq üçün nə etməli?

Təqva sahibi olmaq üçün ilin müəyyən dövrlərində gündəlik işlərdən ayrılıb metafizik əhval-ruhiyyəni təmin edən işlərlə məşğul ola bilərik.

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

Zöhd və zahidlik

“Zöhd” sözü lüğətdə dünyəvi həzləri tərk edib, bədənin arzularına qarşı çıxmaq mənalarına gəlir. Təsəvvufçülərə görə, zöhd dünya ləzzətlərinə meyl etməmək, təqvanı əsas tutmaq, dünyanın nəfsə xoş gələn cəhətlərinə qarşı gözütox olmaq və az şeylə kifayətlənmək deməkdir.

Peyğəmbərimizin zöhd və təqvası

Allah Rəsulu zahidlərin ən zahidi idi. Onun vərası, yəni bəsit mənasıyla, şübhəli şeylərdən qaçınma hissi – o səviyyədə olmaq şərtilə – ikinci bir insanda yox idi. Onun bütün davranış və hərəkətləri bu müstəvidə nizamlanmışdı. Allahdan elə qorxurdu ki, az qalırdı ürəyi dayansın. O qədər həssas idi ki, çox vaxt gözlərində yaş və qəlbində ürpərti olardı. O coşarkən bir dənizi, dayanarkən də ümmanı xatırladırdı.


Şərh yaz