- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Təhəccüddən sonra vitr namazı qılmaq

Sual: Vitr namazını qılaraq yatan şəxs təhəccüd namazını qılandan sonra yenidən vitr qılmalıdırmı?

Cavab: Rəsulullah (s.ə.s) bir hədisində buyuru ki, “Gecə qıldığınız namazın sonuncusu vitr namazı olsun (və ya gecə namazınızı vitr namazı ilə tamamlayın)”.[1] Vitr namazı vaxtı yatsı namazından sonradır. Vitr namazını dan yeri ağarmadan (ikinci fəcrdən) bir az əvvələ qədər qılmaq olar. Gecə təhəccüd namazı üçün qalxacağından əmin olan şəxs yatsı namazı və sünnəsini qılandan sonra yata, təhəccüd namazı üçün qalxanda əvvəlcə təhəccüdü sonra da qılmadığı vitr namazını qıla bilər. Belə etmək daha fəzilətlidir. Ancaq yatandan sonra gecə oyanıb-oyanmayacağını bilməyən şəxs vitr namazını yatmadan əvvəl qılmalıdır. Vitr namazını qılaraq yatan şəxsin gecə oyanıb təhəccüd namazı qıldıqdan sonra yenidən vitr namazı qılmasına ehtiyac yoxdur. Çünki Rəsulullah (s.ə.s) bir hədisində “Bir gecədə iki vitr namazı yoxdur”.[2] – buyurmuşdur.


[1] Buxari, Səlat 84, Vitr 4; Müslim  Müsafirin, 151
[2] Əbu Davud, Səlat, 2/344, no: 1439.