Aylıq namaz vaxtları
538 dəfə oxunub ,   0 şərh   Çap et

Kişi həyat yoldaşından boşanmaq üçün müəyyən sözlərdən istifadə edir. Yəni müəyyən ifadələrlə həyat yoldaşını boşadığını dedikdə boşanma gerçəkləşir. And içən (yəmin), nəzir deyən insan da bunları dediyinə görə məsuliyyət daşıyır. Dediyini yerinə yetirməsə, kəffarə ödəməlidir. Boşanma da bunun kimidir. Bir kişi həyat yoldaşına “səni boşadım”, “artıq zövcəm deyilsən”, “ata evinə get”, “səndən ayrılıram” və buna bənzər ifadələr deyərsə, boşanmış sayılır. Buna görə də ağızdan çıxan sözlərə fikir vermək lazımdır. Zarafatla belə olsa bu cür ifadələrdən istifadə etmək olmaz. Yəni bir kişi zövcəsini boşadıqdan sonra peşman olsa bu nəticəni dəyişmir. Ona görə də insan ağzından çıxardığı sözə fikir verməlidir.

Boşama nikahla ailə quran ər-arvadın ayrılma səbəblərindən biridir. Evliliyi sona çatdıran digər səbəblər isə fəsx, müxaləa (qadının təklif etdiyi maddi qarşılıqla boşanma), təfriq (hakimin qərarı ilə ayrılma) və ölümdür. Boşanma sözü ərəb dilində “talaq” adlanır. “Talaq” “düyünü açmaq” deməkdir. Termin olaraq isə, qadın və kişi arasında qarşılıqlı razılıqla bağlanan nikaha müəyyən sözlərlə xitam verməyə talaq deyilir.

Talağın xüsusi oxunma şəkli yoxdur. İnsanların “talaq oxutmaq” dedikləri hadisə boşanmanın ərəbcə ifadəsidir və buna ehtiyac yoxdur. Çünki Peyğəmbərimizin (s.ə.s) dövründə belə bir şey olmayıb. Kişi sərxoş halda, zarafatla zövcəsinə “səni boşadım” desə talaq gerçəkləşir. Qadın iddətini tamamladıqdan sonra ərindən tam boşanmış sayılır. Əri vəfat etmiş qadın dörd ay on gün (Bəqərə, 2/234), boşanmış qadın üç aybaşı və ya üç təmizlik (üçüncü aybaşıdan təmizlənənə qədər) müddəti (Bəqərə, 2/228) qədər iddət gözləməlidir. Əgər əri vəfat edən və ya boşanan qadın hamilə olarsa, uşağı dünyaya gətirənə qədər (Talaq, 65/1) iddət gözləməlidir.

Boşanan qadın aybaşı olub ilk təmizlənəndən üçüncü aybaşının sonuna qədər gözləməlidir. Bu müddət ərzindən qadının bütün ehtiyaclarını və nəfəqəsini əri təmin etməlidir. Əgər peşman olub barışmaq istəsələr,  yenidən ailə həyatına davam edə bilərlər.

Qadın ərinin evində qalaraq iddət gözləyərsə, ona nəfəqə verilir. Ər evindən ayrılarsa, nəfəqə verilmir. Boşanan tərəflər sadəcə iki dəfə iddət müddəti tamamlanmadan barışa və yenidən ailə həyatlarına davam edə bilərlər. Kişi üçüncü dəfə həyat yoldaşını boşayarsa, bu təqdirdə zövcəsi ona halal olmur. Boşadığı qadın başqa kişi ilə evlənməli, onunla birlikdə olmalıdır. Həmin kişi (qadının ikinci əri) qadını boşayandan və ya vəfat etəndən sonra qadın iddət müddətini tamamlamalıdır ki, birinci əri onunla evlənə bilsin. Aybaşı olmayan (klimaks və ya menopauza) qadınlar da boşandıqdan sonra üç ay iddət gözləməlidir.

Quranı-Kərimdə boşanma ilə əlaqəli hökmlər qəti olaraq bildirilmişdir. “Bəqərə” surəsindəki həmin ayələr belədir:

“228. Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.

229. (Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.

230. Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).
231. Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!

231. Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu (şəri baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi) bilir, siz bilməzsiniz!”

Buna görə də, kişi boşanma və bu mənaya gələn ifadələrdən istifadə etməməlidir.




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Kimlərlə evlənmək olmaz?

İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır.

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Gəlin verək əl-ələ

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır […]

Ailədaxili rabitəsizlik

Evlilik bir-birinə yad, fərqli xarakterli iki insanın birlikdə yaşadığı həyat deməkdir. Xarakter, mədəniyyət, vərdişlər, ənənələr, fiziki özəlliklər, inanılan və əməl edilən dini, əxlaqi dəyərlərin fərqliliyi, müxtəlifliyi, çoxluğu, azlığı və s. kimi rəngarənglik içərisində iki canda bir ürək olmağı bacarmaq, əlbəttə, çətindir. Burada bir olmağı bacarmaq, heç olmasa, qarşılıqlı sevgi və sayğı ilə çətinlikləri dəf etmək vaxt tələb edir.


Şərh yaz

*