15. 830 dəfə oxunub ,   0 şərh   Çap et

Təvəkkül lüğəvi mənasına görə, “dözmək, güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək” deməkdir. Dini termin kimi “Müsəlmanın bir işlə bağlı öhdəsinə düşən bütün vəzifələri və səbəbləri yerinə yetirdikdən sonra nəticəni Allaha həvalə etməsi, sadəcə Ona güvənib arxalanması” anlamını daşıyır.

İstər Qurani-Kərimdə, istərsə də hədisi-şəriflərdə təvəkkülə xüsusi yer verilmişdir. Çünki təvəkkül imanın vacib şərti olub, kamil bir müsəlmanın ən önəmli vəsflərindən biridir. O nurlu bəyanlardan bir neçə misal:

“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bi­lər? Buna görə də möminlər yalnız Allaha arxalansınlar, Ona təvəkkül etsinlər!” (“Ali-İmran” surəsi, 160)

“Həqiqi möminlər ancaq o kəslərdir ki, yanlarında Allah adı­ çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri titrəyər, Al­lahın ayələri oxunanda imanları daha da artar və onlar ancaq Allaha təvəkkül edərlər”. (“Ənfal” surəsi, 2)

Həzrəti Ənəs (radiyallahu anh) rəvayət edir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdu: “Kim evindən çıxarkən: “Allahın adı ilə, Allaha təvəkkül etdim, güc və qüvvət Allahdandır”, – desə, ona: “İşini gör, sənə hidayət verildi, kifayət etdi və hifz olundun da”,– deyilir. (Bununla da) şeytan ondan uzaqlaşır”. (Tirmizi, Daavat: 34/Əbu Davud, Ədeb: 112)

Həzrəti Ənəs (radiyallahu anh) rəvayət edir: “Bir nəfər Rəsulullahın hüzuruna gələrək: “Heyvanımı bağlayıb Allaha təvəkkül edim, yox­sa açıq buraxıb?” – soruşur. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Bağla və təvəkkül et!” – buyurur”. (Tirmizi, Qiyamət: 61)

Bu ayə və hədislər bir mömin üçün təvəkkülün nə qədər böyük əhəmiyyət kəsb etdiyini çox gözəl ifadə edir. Lakin yeri gəlmişkən burada təvəkküllə bağlı yanlış anlaşılan iki məsələyə bir az aydınlıq gətirmək istəyirəm. Birincisi, təvəkkül işləri Allaha həvalə edib səbəblərə əməl etməmək mənasına gəlmir. Məsələn: bir məqsədə çatmaq istəyən adamın lazımınca çalışmadan: “Mən işimi Allaha həvalə etdim”,– deyib müvəffəqiyyət gözləməsi təvəkkül deyildir. Əksinə, bu adam məqsədinə çatmaq üçün sistemli və planlı çalışmalı, səbəblər baxımından əlindən gələni etməli, məhz bundan sonra nəticəni Allahdan gözləməli və  hər bir  nəticəyə razı olmalıdır.

Mövzu ilə bağlı bir mühüm məsələ də hər şeyi səbəblərdə görmək, səbəblərə aid etməkdir. Bunu da bir misalla açıqlayaq. Deyək ki, bir xəstə müalicə almaq üçün xəstəxanaya gedir, ən yaxşı həkimlərin müayinəsindən keçir və verilən dərmanları vaxtlı-vaxtında qəbul edir. Nəhayət, sağalır. Əgər bu adam sağalmasını xəstəxana, həkim və dərmanlarla izah etsə, təvəkkülə zidd hərəkət etmiş olar. Çünki şəfanı verən Allahdır. Həkimi yaradan da, dərmanlara təsir gücünü verən də Allahdır. “Allah bizim haqqımızda (lövhi-məhfuzda) nə yazmışdırsa, başımıza ancaq o gəlir. O, bizim sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (“Tövbə” surəsi, 51) məallı ayə bu həqiqətə işarə edir.

Bir hədisi-şərifdə Peyğəmbərimiz: “Siz Allaha layiqincə təvəkkül etsə idiniz, O, sizlərə də quşlar kimi ruzi verərdi. Səhər (evi­nizdən) ac çıxar, axşama tox qayıdardınız”, – buyurur. (Tirmizi, Zühd 33) Allah-Təala bizə meyvə vermək üçün ağacı, ağacın yetişməsi üçün torpağı, toxumu, suyu, günəşi vəsilə və ya səbəb etmişdir. Bu dünya imtahan yeri olduğuna görə Allah bizə verdiyi ehsan və nemətlərini bəzi səbəblərlə əlaqələndirmişdir. Halbuki hər şeyə qadir olan Rəbbimizin səbəblərə ehtiyacı yoxdur. Ancaq səbəbləri yerinə yetirmək və tədbirli davranmaq Allahın qoyduğu qanunlara hörmətin və qulluğun tələbidir.

Allaha təvəkkül edən həqiqi mömin hər bir işində mümkün qədər sistemli və planlı çalışmaqla, səbəbləri yerinə yetirməyə ciddi səy göstərməklə yanaşı, bunların heç birinə bel bağlamır, yalnız Allaha güvənir. Səbəblərin də, nəticənin də Allah tərəfindən yaradıldığını bilir və buna qəlbən inanır. Başına bir bəla gələndə də, bir sıxıntıya düçar olanda da: “Halım Sonsuz Mər­hə­mət Sahibi Rəbbimə əyandır, bunda da bir xeyir var”, – deyib səbir edir. Bir uğur qazananda da, bir nemət veriləndə də: “Bu, ancaq Rəbbimin bir lütfüdür”, – deyib şükür edir.

Təvəkkül edən bir insan ən ağır müsibətlər qarşısında belə ümidsizliyə qapılmır. Azacıq sarsılsa da, mətin dayanır. Böyük uğurlar qazansa belə, təkəbbürlənmir, əksinə, şükür edir. Beləcə əsl hüzura qovuşur.

Bir Allah dostunun dediyi kimi “İman təslimi, təslim təvək­külü, təvəkkül də dünya və axirət səadətini doğurur”.

Rəbbimiz bizləri Ona layiqincə inanıb təvəkkül edən qullarından eləsin!



Açar sözləri

təvəkkül

Bənzər məqalələr

Şükür etmək

Şükür duyğusu bizə əmanət olaraq verilmiş bütün nemətlərin həqiqi sahibinin Allah olduğunu qəbul etmək və bütün davranışlarını bu müstəvidə qurmaqdır. Elə başa düşülməsin ki, şükürlü olmaq ətalətli olmaq və ya təşəbbüssüz olmaq deməkdir. Şükür duyğusunun təməlində təvəkkül anlayışı dayanır. Yəni bir şey əldə etmək istəyirsənsə, bunun üçün lazım olan bütün şərtləri yerinə yetirib, nəticəni Allahdan istəməlisən və verdiyi hər şeyə də razı olmalısan.

Əvvəl tədbir, sonra təvəkkül

Təvəkkül, hər hansı işdə nəticə əldə etmək üçün lazımınca səy göstərdikdən sonra işin nəticəsini Allaha həvalə etmək deməkdir. Təvəkkül eyni zamanda Allaha imanın əməli göstəricisidir. Başqa sözlə, Allaha iman Ona olan güvən və etimadla düz mütənasibdir.

Allaha tam təslim olmaq

“Əgər siz Allaha layiqincə və tam təvəkkül etsəniz, O da sizə sabah yuvalarından ac çıxıb axşam tox qayıdan quşlar kimi ruzi verər”


Şərh yaz