2. 999 dəfə oxunub ,   0 şərh   Çap et

Təbliğin üç əsas prinsipi

Bütövlük

Qarşılıq gözləməmək

Nəticəni Allaha həvalə etmək

 Peyğəmbərlərin xüsusiyyətlərindən biri də təbliğdir. Təbliğ hər peyğəmbərin yaradılış qayəsidir. Təbliğ olmasaydı, peyğəmbərlərin göndərilişi də mənasız və əbəs olardı. Allah insanlara lütf və kərəmini peyğəmbərlərlə canlandırmış və onların həyatı ilə rəhman və rəhimliyini təcəlli etdirmişdir. Bunun digər insanlarda əks etdirilməsi isə ancaq təbliğlə mümkündür.

Necə ki, Allah hər gün təbəssüm edən günəşi səmamıza yüksəltməklə bizə rəhmaniliyinin bir cilvəsini göstərir. O günəş ki, isidiləsi şeylər üçün bir soba, bişiriləsi şeylər üçün bir ocaq və rəngarəng gözəlliklərin çöhrəsində bir fırça vəzifəsini icra edir. Eləcə də böyük peyğəmbərlər də günəş kimi Allahın rəhmaniyyət və rəhimiyyətini göstərir. Onlar və xüsusilə, haqqında “Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik “[1] buyurulan Həzrət Məhəmməd (s.a.s.) insanlar arasında Allahın rəhmaniyyət və rəhimiyyətinin təmsilçisidir, yəni O gəlməsəydi və digər peyğəmbərlərin davasını təzələməsəydi, biz Allahın rəhmətinə, mərhəmətinə nail ola bilməyəcəkdik. Çünki cəhalətin, küfrün və zəlalətin vəhşi çöllərində kimsəsiz və çaş-baş qalar, nə edəcəyimizi bilməzdik.

Bəşəriyyət zülmət içində qıvrılanda Peyğəmbərimizin nəfəsində digər peyğəmbərlərin həyat gətirən nəfəsini hiss etdi. O, nəfəsi hiss edən kimi özünü min bir baharla bəzənmiş Cənnət bağçasında gördü. Yoxsa zülmətdən, kimsəsizlikdən dəli olub öləcəkdi.

Bəli, biz kimik? Haradan gəlir və hara gedirik? Bu müdhiş suallar daima bir beynimizi didəcəkdi. Və cavab tapa bilməyəcək və bu ağrını bir ömür boyu çəkməyə məcbur olacaqdıq. Hələ qəbirdə çürümüş sümüklər. Onları xəyalən gördükcə ürpərəcək və içimizi qapqaranlıq qorxu bürüyəcəkdi və üstəlik də yoxluq, yox olma düşüncəsi və hər an yoxluğa yaxınlaşma əndişəsi həyatı zəhər edəcəkdi.

Peyğəmbərlər gəldilər, bizə həyatın qayəsini və ölümün həqiqətini öyrətdilər. Bununla anladıq ki, dünyaya gəlişdə bir qayə, dünyadan gedişdə bir hikmət varmış. Ölüm yoxluq və heçlik deyil, sadəcə məkanı dəyişmək və vəzifədən tərxis edilməkmiş. Qəbir isə axirət aləminə açılan bir qapı və bir gözləmə salonuymuş. Biz bunları peyğəmbərlərdən eşidincə təlaşdan, əndişədən əsər əlamət qalmadı, hər şey dosta çevrildi. Qəlbimizi və zehnimizi dolduran narahatlıq və qorxu silinib getdi, yerinə ülfət və sevinc gəldi.

Peyğəmbərlər məhz bizə bu və bu kimi bəyanlar gətirmişlər. Və bu bəyanları bizə təbliğ etmək onların yaradılış qayəsdir. Biz təbliğ vəzifəsini bir haqq və zərurət kimi görür və yerinə yetiririk. Peyğəmbərlər isə onu həyata gəliş qayəsi və hikmət şüuru ilə edirlər. Və deyirlər:

“Allah bizi dünyaya başqa bir məqsəd üçün deyil, insanların sağ-sol, ön-arxa, alt və üstünü bürüyən qaranlıqları işıqlandırmaq üçün göndərmişdir. Onlar da bu işıqlı yolda azmadan addımlaya bilsinlər. Hətta şeytan heç bir yerdən yol tapıb onların ruhuna sıza bilməsin, onlar da bu uzun səfəri yarı yolda qalmadan başa vursunlar.”

Bəli, yenə təkrar edirəm: Biz təbliği bir vəzifə kimi icra edirik, peyğəmbərlər isə yaradılışlarının qayəsi kimi yerinə yetirirlər.

Təbliğin üç əsas prinsipi

Nəbinin ilahi bəyanları gətirməsi, onları insanlara çatdırması, təbii ki, digər insanların təbliğindən çox fərqlidir. Onsuz da, ilahi bəyanları gətirmə baxımından başqa insanların peyğəmbərlərə oxşaması mümkün deyildir. Onlar təbliğ edərkən təbliğin mahiyyətini və necə icra edilməsini də öyrədirlər. Bu da peyğəmbər təbliğinin özünəməxsus cəhətini təşkil edir. İndi bu mövzunu üç prinsip əsasında ərz edək:

Bütövlük

Nəbi Allahdan gələn bəyanları və elçiliyinə aid məsələləri insanlara yoluna, üsuluna uyğun və bu məfkurənin əsl mütəxəssisi olaraq təqdim edir. O, insanı bir bütöv kimi götürür və təbliğini də belə bir bütövlük içində həyata keçirir. Onun üçün də nəbinin təbliğ vəzifəsində ağıl, məntiq, qəlb, könül, hiss və duyğular – hamısı nəzərə alınır və heç biri vəhyin nurundan kənarda qalmır. Çünki hər bir nəbi vəhyə münasibətdə qəssalın əlindəki bir cənazə kimidir. Vəhy onları o tərəf bu tərəfə çevirir və istədiyi yönə yönəldir. Belə ki, onlar ən kiçik və ən təfərrüat kimi görünən məsələlərdə belə Allahın diləyi istiqamətində hərəkət edirlər. Bu, onlar üçün bir məcburiyyətdir. Belə olunca da peyğəmbərlər buna fövqəladə həssaslıqla riayət edirlər.

Beləliklə də, dini nəbilərin təbliğinə uyğun çatdırmayanlar insanların imana gəlməsinə vəsilə ola bilməzlər. Məsələn, ağıl ehmal edilərsə, təbliğ istənilən nəticəni verməz. Hiss və duyğular nəzərə alınmazsa, eyni mənfi nəticəni doğurar. Vəhyin hüdudlarından kənara çıxarlarsa, qətiyyən hədəfə çata bilməzlər. Vəhyə söykənməyən bəşəri sistemlərin halı və əldə etdiyi nəticələr göz qabağındadır. Bir vaxtlar aldadılmış, səfalət və səfahətə sürüklənmiş kütlələri arxasınca sürüyən və bir çox yoxsul ölkələrdə əsl qayəyə çevrilən sosializm dəfələrlə keçirilən islahatlara baxmayaraq, yenə də süqutdan yaxa qurtara bilməmişdir. Halbuki sosializmin və bu kimi sistemlərin qurucuları bir zamanlar yalançı peyğəmbər kimi zühur etmişdilər. İndi isə onların yalançı ümmətləri belə deyirlər:

Əfsus, əfsus, bu oyunda bizlər yenə yandıq,

Zira ki ziyan ortada, bilməm nə qazandıq!

(Ziya Paşa)

Bəşəri həvəslərə söykənən bu sistemləri zorla tətbiq edən hərəkatlar da axırda eyni şeyi deyəcəklər. Bəli, bir gün onlar da aldandıqlarını mütləq elan etmək məcburiyyətində qalacaqlar.

Nəbinin təbliğində ağıl, məntiq və hislər çiyin-çiyinə və bir-biri ilə sıx bağlıdır. O, ancaq kütlələrin hissindən yaralanaraq insanları meydanlara tökməyi düşünmədiyi kimi, sırf nəzəriyyəçi kimi onları hərəkət və fəaliyyətə yad, cəmiyyətdən qaçıb bir guşəyə çəkilən üzlət[2] insanına da çevirməz.

Və yenə nəbi nə insanları meydanlara çıxarıb anarxistə, nə də onları ancaq hiss və duyğulardan ibarət qəbul edib yararsız və dar düşüncəli insana çevirər. O, Allahdan gələn bəyanları insanların könlünə saçar, onlarda hərəkət, fəaliyyət ruhu oyadar və onları insanlığın səmasına yüksəldib mələklərlə üz-üzə, göz-gözə gətirər.

Qurani-Kərim bu məqamı bəyan edərkən Allah Rəsuluna belə səslənir: “(Ya Rəsulum!) De: “Bu, mənim  yolumdur. Mən və mənə tabe olan (möminlər) insanları bəsirətlə Allaha çağırırıq”.[3]

Bu yol peyğəmbərlik yoludur. Ağılın, məntiqin, mühakimə, hiss, qəlb və vicdanı da ehtiva edən və heç birini ehmal etməyən bir yoldur. Elə bir yol ki nəbi və nəbiyə tabe olanlar insanları belə bir bəsirətlə haqqa dəvət edirlər.

Qarşılıq gözləməmək

Nəbi təbliğ əvəzində heç bir şey ummur. O, təbliğini yalnız və yalnız bir vəzifə kimi yerinə yetirir. Elə bütün peyğəmbərlər də: “Mənim mükafatım ancaq və ancaq Allaha aiddir”[4], – deyərək bu həqiqətə işarə etmişlər.

Nəticəni Allaha həvalə etmək

Nəbi təbliğin nəticəsini və gözəl qarşılanmağı Allaha həvalə edir və heç vaxt nəticəyə qarışmır. Çünki bilir ki, onun vəzifəsi təkcə təbliğdir, nəticə isə tamamilə Allaha aiddir.

Bu üç xüsusiyyətdən sonra indi də təbliğin peyğəmbərliyə aid necə bir vəsf olduğunu və hər dövrdə bu vəzifəni yerinə yetirənlərin təbliğ fəaliyyətini hansı üsul və metodla həyata keçirdiyini və onlara xas xüsusiyyətləri ərz etməyə çalışaq. Rəbbimizin bizə də təbliğ vəzifəsini rizasına uyğun yerinə yetirməyi nəsib etsin, yeganə arzumuz budur. Yalnız Allah qəlbimizə təbliğ şövqünü sala və bizi bu yolda müvəffəq edə bilər. Ona güvənir, Ona arxalanırıq.


[1] Ənbiya surəsi, 21/107

[2]Guşənişin həyat keçirən, cəmiyyətdən qaçıb tək tənha yaşayan

[3]Yusuf surəsi, 12/108

[4]Baxın: Hud surəsi, 11/29; Şuəra surəsi, 26/109, 127, 145, 164, 180; Səba surəsi, 34/47.




Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?


Şərh yaz