Aylıq namaz vaxtları
4. 042 dəfə oxunub ,   0 şərh   Çap et

Səkərati-mövt ruhun bədəndən çıxma anına deyilir. Ölüm anı səkərat, can çəkişmə, can vermə sözləri ilə ifadə edilir. Müxtəlif ayə və hədislərdə ölüm anından bəhs edilir: “Xeyr, xeyr, (can) boğaza gəlib yetişəndə can verənin yanında olanlar: “(Onu bundan) kim xilas edəcək?” – deyirlər. Ayrılıq dəminin çatdığını artıq özü də anlayır. Ölüm qorxusundan ayağı ayağına dolaşır, ölüm acısı ilə qıvrılır. O gün birbaşa Rəbbinin divanına aparılır. Nə dini təsdiq etdi, nə də namaz qıldı. Həmişə haqqı yalan sayıb Ondan üz döndərdi“.[1]

Səhabələr və övliyalar da ölüm anından bəhs etmişlər. Hər bir insan ölüm anında can çəkişir, səkərati-mövtü görür, ölümün kədəri, qəmi, iztirabı, acısı və sıxıntısı ilə üzləşir. Ölüm mələyi insanın ruhunu ayağından çəkib çıxarmağa başlayır, o da bu ağrını iliklərinəcən hiss edir. Bu ağrı ruh vücuddan çıxanacan davam edir. Ruh vücudun aşağısından yuxarıya doğru bütün bədəndən çəkilir. İztirab kulminasiya nöqtəsinə çatır. Ölümün acısı bütün bədənə yayılır. Qəlbi ürpərti, üzüntü və narahatlıq bürüyür. Uca Yaradandan qəzəb xəbəri və ya razılıq müjdəsi gözləyir.

Ruh bədən zindanından azad olur. Ruhun vücuddan ayrılması onun əbədiliyinə xələl gətirmir, varlığına zərər vermir, mahiyyətinə təsir etmir. Çünki bədən ruhdan asılı olsa da, ruh ona tabe deyildir. Ruh birbaşa var olsa da, təbii ki, onu var edən Allahdır. Ruh cəsəd kimi çürüyüb torpağa qarışmır. Bir İslam aliminə görə, cəsəd ruhun sadəcə xanəsi və yuvasıdır, libası deyildir. Ruhun paltar mahiyyətində, müəyyən qədər sabit, ruha münasib lətif bir misali[2] bədəni vardır. Ruh ölüm anında dünyəvi yuvasından çıxır, misali bədənini geyinir.

Səkərat ruhun ölüm anında özündən getməsi, başqa sözlə, bədəndən ayrılarkən sarsıntı keçirməsidir. Ancaq bu, hər insan üçün eyni səviyyədə olmur. Allahdan gözəl ölüm diləməli və bu sarsıntını ən yüngül keçirməyi ummalıyıq. Əslində səkəratdan da çətin sədlər vardır. Məsələn, imanda təhqiqi dərəcələr, bu dərəcələrdə ölümə qədər sabitqədəm, mətin olmaq, dünyada ədalətlə hərəkət etmək, saleh əməl və günahlardan tövbə, Allahın əzabından mərhəmət və şəfqətinə sığınmaq və məhşərdə Allahın hüzurunda həyatın hesabını vermək!

Ölüm səkəratı, bəlkə də, bunların yanında çox asandır. Rəsuli-Əkrəm (s.ə.s) buyurur: “Qulla cənnət arasında 7 sarp yoxuş var. Ən asan keçilən yoxuş ölümdür. Ən çətini isə məzlumun yaxadan yapışdığı məhşər günü zalım kimi hesab vermək üçün Allahın hüzurunda durmaqdır“.[3]

Ölümü xoşbəxt diyara səfərə çevirən də, çətin bir mərhələnin başlanğıcı edən də öz əməllərimizdir. Səkərat anında şeytanın vəsvəsəsi də ölüm səkəratı kimi çox təhlükəlidir və bir İslam aliminin fikrincə, bu təhlükəni də təhqiqi imanı[4] qazanmaqla dəf etmək mümkündür. Səkərat zamanı şeytanın vəsvəsə verərək ancaq ağılı şübhəyə saldığını deyən bir İslam aliminə görə, əldə edilən təhqiqi iman (kor-koranə, təqlidi iman) ağılla yanaşı, qəlb, ruh və sirr kimi bəzi duyğulara da işləyərək kökləşir və nəticə olaraq imanı təhlükədən qoruyur. Peyğəmbərimiz (s.ə.s) səkərat anından Allaha sığınmışdır: “Allahım! Ölüm anında şeytana məğlub olmaqdan Sənə sığınıram“.[5]

Ölüm səkəratının iztirab və əzabını ancaq onu dadan bilir. Can verən insanın səsi və nəfəsi kəsilir. Çünki üzüntü qəlbinə yüklənir, qəlbinin hər parçasına sirayət edib onu taqətdən salır, əzalarda hey qoymur. Buna görə də qışqırmağa halı qalmır. Ağlı üstündə olmur, dili tutulur. Çığırmaqla, inləməklə və imdad diləməklə, bəlkə də, bir az rahat olar, amma bunu da bacarmır. Əgər canında qüvvə qalıbsa, ruhunun çəkildiyi an qırtlağından bir xorultu, sinəsindən xırıltı səsi gəlir. Bu vaxt rəngi qaçır, ağzına köpük dolur, gözləri hədəqəsindən çıxır, dodaqları büzüşür, dili çəkilir, barmaqlarının ucu saralır. Sonra tədricən bütün əzalar ölür. Əvvəlcə ayaqlar soyuyur, sonra baldırlar. Bu an insan artıq dünyadan köçmüş olur. Tövbə qapıları bağlanır. Həsrət və peşmançılıq çəkir. Allah Rəsulu  buyurmuşdur. “Can gəlib boğaza dayanmadıqca qulun tövbəsi qəbul olunar!“[6]. Quranda isə belə buyrulur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim”, – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz“.[7]

Qulun ən çətin anı ruhun sinəyə gəldiyi andır. O vaxt nəfəsi kəsilir. Hz. Aişə (r. anha): “Allah Rəsulunun ölümünü görəndən sonra heç kimə ölümü asan olacaq deyə qibtə etmədim”, – demişdir.[8] Rəsulullah (s.ə.s): “Ey Allahım! Ruhu damar, sümük və barmaqlar arasından çəkib çıxarırsan. Ey Allahım! Ölümə qarşı mənə yardım et və ölümü mənə asanlaşdır”, – deyə dua etmişdir. Allah Rəsulu Ondan ölümün şiddətini haqda soruşanlara belə cavab vermişdir: “Ən asan ölüm yunun içində olan üçdişli dəmir tikanın çıxarılması kimidir. Dəmir tikan yun qoparmadan oradan çıxarmı?”

Rəsulullah (s.ə.s) bir xəstəni ziyarət edəndən sonra: “Onun nə ilə qarşılaşdığını bilirəm. Elə bir damarı yoxdur ki, ölümün şiddətindən ağrımamış olsun!” – buyurmuşdur.

Ölüm anında üç cür qorxu olur: şiddətli koma halının qorxusu, ölüm mələyinin surətindən qorxma, asilərin oddakı yerlərini görmə və görməzdən əvvəlki qorxu. Allah Rəsulu belə buyurur: “Ölüm mələyi can verən insanın yanına gəlir, qəlbinə baxır. Orada bir şey tapa bilmir. Bundan sonra çənəsini aralayır və damağına yapışan dili ilə “lə ilahə illallah” dediyini görür. Bu ixlasına görə o insan bağışlanır”.

[1] “Qiyamə”surəsi,  75/26-32.

[2]Misal aləminə aid. Misal aləmi – Maddi dünya ilə Mücərrəd (yəni gerçək) dünya arasında yerləşən aləm.

[3]Cəmiüs-Sağir, II, 801.

[4]Möhkəm, sarsılmaz və dərin iman

[5]Nəsai, İstiazə, 56

[6] Tirmizi, Dəavat 100; İbn Macə, Zöhd, 30.

[7] “Nisa” surəsi, 4/18.

[8] Tirmizi, Cənaiz, 8.




Bənzər məqalələr

dost
İnsana nə vaxt ruh verilir?

Sual: Ana bətnindəki körpəyə nə vaxt ruh verilir?

Cinlərdə ruh varmı?

Cin, ruh və mələk qanununu ağlı, şüuru, idrakı olmaqla yanaşı, həmçinin izafi və nisbi olmayan həqiqi varlığa sahibdirlər. Bu səbəblə İslam alimlərindən biri Quranın: “De: “Ruh Rəbbimin əmrindədir” (“İsra”, 17/85) ayəsini bu şəkildə izah edir: Ruh canlı, şüurlu, nurani, xarici vücudu (maddi varlığı, qılıfı) olan qanundur. Əgər əşyadakı qanunlara hər şeyi xəlq edən Rəbbimiz xarici vücud (qılıf) geyindirsə, hamısı ruh olar. Əgər ruh bədən libasını və başındakı şüuru çıxarsa, yenə ölməz qanun formasına düşər.

Qurani-Kərimdə cinlər

Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.


Şərh yaz

*