Aylıq namaz vaxtları
2. 482 dəfə oxunub ,   0 şərh   Çap et

  Bir şəxsin hər hansı bir səbəblə daimi yaşadığı yerdən başqa bir yerə getməsinə  və ya getmək üçün yola çıxmasına ərəbcə “səfər”, yola çıxmış adama da “səfəri” deyilir. Dilimizdə yolçu və yolçuluq kəlmələrini bu mənalarda istifadə olunur.

  Səfər ümumiyyətlə məşəqqət və əziyyətli olduğu üçün səfərdə olan şəxslərə namaz, oruc kimi ibadətlərdə bəzi müəyyən rüsxətlər verilmişdir. Məsələn, ramazan ayında səfərdə olan şəxslər orucu başqa vaxta tuta bilərlər. “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.”[1] Bir gün bir gecə olan məst üstünə məsh çəkmə müddəti yolçuluqda üç gün üç gecəyədək uzadılmışdır. Saffan ibn Assal (r.a) belə rəvayət edir: “Rəsulullah (s.ə.s) səfərdə ikən bizə məstlərimizi üç gün üç gecə çıxarmamağa icazə verdi.”[2] Bundan başqa səfərdə olan şəxslər dörd rükətli fərz namazları iki rükət qılmasına rüsxət verilmişdir. Buna “qasrus-səlat” (namazların qısaldılması) deyilir. “Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər verməsindən qorxsanız, namazı qısaltmaqda (dörd rükətli namazı iki rükət qılmaq) sizə günah yoxdur”. (“Nisa” surəsi, 4/101)

  İbn Abbasdan (r.a) belə rəvayət olunur: Əziz və Cəlil olan Allah Peyğəmbərin (s.ə.v) dili ilə namazları dörd rükət, yolçuluqda iki, qorxu namazında isə bir rükət olaraq fərz buyurdu.[3] Abdullah ibn Ömərdən (r.a) nəql edilən bir rəvayətdə belə buyrulur: “Rəsulullah (s.ə.s.) ilə birlikdə (bir çox) yolçuluqda iştirak etdim. İki rükətdən artıq namaz qılmadı. Əbu Bəkirlə birlikdə oldum, o da –vəfat edənə qədər- iki rükətdən çox qılmadı. Ömər və Osmanla da bərabər oldum; onlar da eyni şəkildə hərəkət etdilər[4]”. Yalə ibn Ümeyyə belə rəvayət edir:  Ömər ibn Xəttaba (r.a), “Əziz və Cəlil olan Allah sadəcə “Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər verməsindən qorxsanız” dediyini və (bu gün) bu (qorxu) da qalmadığı halda insanların (yolçuluqda) namazı qısaltma­larına necə baxırsan ?” deyə soruşdum. Hz.Ömər (r.a.) dedi ki: Sənin heyrət etdiyin şeyə mən də heyrət etdim və bunu Rəsulullahdan (s.ə.s) soruşdum. “Bu, Əzız və Cəlil olan Allahın sizə verdiyi bir sədəqədir. Onun sədəqəsini alın”-buyurdu[5]. Peyğəmbərimiz (s.ə.s) yolçuluqda 4 rükətli namazları həmişə 2 rükət olaraq qıldığına və  “Mənim namazı necə qıldığımızı görürsəniz siz də elə qılın”[6]  dediyinə görə bizim de bu şəkildə qılmamız gərəkir. Sahəbənin ortaq rəyi: “Rəsulullah (s.ə.s) iki şey arasında seçim sərbəstliyi olduqda haram ol­madığı müddətcə-mütləq asan olanını tərcih edərdi”[7] Hz. Ömər, Hz.Əli, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Abdullah ibn Ömər və Cabir (r.anhum) və Hənəfi məzhəbi alimlərinin görüşünə görə səfərdə ikən namazlar qısaldılmalıdır. Hz. Osman, Sad ibn Əbi Vəqqas, Aişə (r.anhum),  Həsən əl-Bəsri, Əhməd ibn Hənbəl, Süfyan ibn Səvri, İmam Şafeiyə görə isə  yolçu sərbəstdir, istəsə, dörd rükətli namazları qısaltmadan da qıla bilər. Ayədə keçən “… namazı qısaltmaqda sizə günah yoxdur”[8] sözü tövsiyə xarakterli olub, seçim yolçunun ixtiyarına buraxılmışdır. Hz.Aişədən (r.anhə) belə rəvayət olunur: Rəsulullah (s.ə.s) ilə birlikdə ümrə üçün Mədinədən Məkkəyə getdik. Məkkəyə çatınca: “Anam-atam Sənə fəda olsun Ey Allahın Rəsulu! Sən namazları qısaltdın, iki rükət qıldın, mən isə dörd qıldım. Sən iftar etdin (yəni orucunu pozdun və ya tutmadın), mən isə oruc tutdum”-dedim. Peyğəmbər (s.ə.s) bu davranışıma görə məni qınamadı və mənə yaxşı etmisən dedi.” [9]

  Hənəfi məzhəbinə görə, səfərdə namazların qısaldılması Allahın bir lütfüdür. Bu lütf − rüsxət qəti hökm mahiyyətindədir. Buna görə də yolçuların namazı qısaltması vacibdir. Səfəri olan şəxsin dörd rükətli fərz namazı bilərəkdən iki deyil, dörd rükət qılması məkruhdur.

   Səfərilikdə hökm zaman və məsafəyə görə verilir. Yolçuluğun çətin, məşəqqətli və ya asan olması hökmü dəyişdirmir. Yəni səfərilikdə hökmün illəti (yəni namazların qısaldılmasının səbəbi) məşəqqət deyil, məsafə və zamandır.

  “Səfərilikdə zamanmı, yoxsa məsafəmi əsas alınmalıdır” mövzusu ixtilaflıdır. Əsas qəbul edilən fikir isə məsafədir. Piyada, minik və nəqliyyat vasitəsi ilə həmin məsafəni qət etmə hökmü dəyişdirmir. Həmçinin məşəqqət və çətinlik səfərdə əsas götrülmür. Buna əsasən təqribi 90 km-dən (dəqiq olaraq: 88 km 704 m) çox məsafəni qət edəcək şəxs səfəri, yolçu sayılır. Allah Rəsulu (s.ə.s) məkkəlilərə Usfandan daha yaxın bir yerə səfər etdiklərində namazlarını tam qılmalarınını bildirmişdir. Usfan Məkkəyə təxminən 4 bəridlik məsafədədir, bu da təqribi 88,704 km edir[10].

  Səfərə çıxmadan öncə səfərdə olacağımız müəyyən olmalıdır. Bir şeyi axtaran və ya ardına düşüb təqib edən şəxs yaşayış yerindən 90 km-dən çox uzaqlaşsa belə səfəri sayılmır. Ancaq evdən çıxdıqdan sonra mənzil başına çatana kimi səfərilik davam edər. Muhamməd ibn əl-Münkədir ilə İbrahim ibn Meysərə Enəs ibn Malikin belə dediyini eşitmişlər: Rəsulullah (s.ə.s) ilə birlikdə günorta namazını Mədinədə dörd rükət, ikindi namazını da Zül-Hüleyfədə iki rükət olaraq qıldım.[11] Zül-Hüleyfə Mədinədən yola çıxan hacıların miqat yeri olub, Mədinədən 11 km uzaqlıqdadır.

  Bir şəxsin yolçu sayılması üçün onun yaşadığı yerin sərhədlərini aşması gərəkir. Buna əsasən məskunlaşdığı yerin ətrafındakı qəbiristanlıq, tarla sənaye müəssisələri və buna bənzər yerləri keçməyən şəxsə örfdə (adət-ənənədə) yolçu sayılmır. Hz. Əli (r.a) Kufəyə getmək üçün Bəsrədən yola çıxarkən günorta namazını dörd rükət qılar.  Yolda ikən qarşıda görünən evləri nəzərə alaraq: “Əgər bu evləri keçsəydik namazları qısaldaraq qılardıq”[12]-deyir. Yuxarıda qeyd etdiyimiz Enəs ibn Malik hədisinə əsasən vaxt girmişsə yaşadığımız yerdə fərz namazı tam, səfərə çıxdıqdan sonra vaxtı girən namazı qısaldaraq qıla bilərik.

  Müasir dövrdə bəzi alimlər nəqliyyat vasitələrinin sürətli inkişafını da nəzərə alaraq səfərlikdə zamanın əsas alınması gərəkdiyini  müdafiə edirlər. Onlara görə səvadı-azamın (cəmiyyətin əksəriyətinin) istifadə etdiyi nəqliyyat vasitələri ilə üç gündə qət edilən məsafəyə görə səfərilik məsafəsi hesablanmalıdır. Ancaq bu fikir olaraq irəli sürülsə də üzərində fikir birliyi əmələ gəlməmişdir.

Gedilən yerdə on beş gündən az qalınacaqsa həmin şəxs getdiyi yerdə səfəri sayılır. Ancaq on beş gündən çox qalacaqsa müqim sayılır (bir yerdə daimi yaşayanlara müqim deyilir) və namazlarını qısaltmadan dörd qılarlar. Əgər on beş gündən az qalmağa niyyət edər, ancaq hər hansı bir səbəbdən vaxt uzanarsa yenə də səfərilik hökmü davam edər. Şafeilərdə isə dörd gündən çox qalan şəxs muqim sayılır.

Qadınlar evləndikdən sonra səfərilik mövzusunda ərlərinə tabidirlər. Daimi yaşadığı yer ilə ata evi arasında əgər səfərilik məsafəsi vardır və orada 15 gündən az qalacaqsa namazlarını qısaldaraq qılar.

Namazların birləşdirilməsi

Muaz ibn Cəbəl (r.a) rəvayət edir: Rəsulullah (s.ə.v) ilə birlikdəTəbuk qəzvəsinə iştirak etdiyimiz zaman (Allah Rəsulu (s.ə.s)) günorta ilə ilkindini, axşamla da yatsı namazını birləşdirərək qıldırdı. Bir gün günorta namazını gecikdirdi, sonra çadırından çıxıb günorta ilə ikindini birləşdirərək qıldı. Bir müddət sonra (təkrar çadıra) girib çıxdı və axşamla yatsını birləşdirərək qıldı.[13] Vaxt namazın başlıca fərzlərindən biridir. “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” ( Nisa, 4/103). Bəzi hallarda namazları birləşdirərək qıla bilərik. Bunlardan biri də yolçuluqdur. Ehtiyac yarandıqda yolçuluqda namazları birləşdirmə rüsxətindən də faydalanmaq olar.

Daha ətraflı baxın: http://www.meneviyyat.az/seferdeyken-namaz-nece-qilinir/

[1] Bəqərə, 2/ 184

[2] Müslim, Təharət, 24;Nəsəi, Təharət, 99;  İbn Mace, Təharət, 86

[3] İbn Macə, İqamətus-salət: 73; Əbu Davud, Salət,287 Nəsəi, Təqsirus-salət, 1

[4] Nəsəi, Taqsirus-salət, 5; İbn Macə, İqamətus-salət, 75

[5] Müslim, Müsafirin 4; Tİrmizi, Təfsiru surə 4; Nəsəi, Təqsirus-salət, 1; İbn Macə, İqamə,73; Darimi, Salət 179; Əhməd ibn Hənbəl, I/25, 36

[6] Buxari, Əzan, 18

[7] Buxari, Mənaqib 27, Hüdud, 10;  Fədail, 77-78; Əbu Davud, Ədəb 4

[8] Nisa surəsi, 4/101

[9] Nəsəi, Təqsirus-salət, 4. Ancaq bu rəvayəti sadəcə Nəsəi rəvayət etmişdir.

[10] Səraxsi, Məbsut, I/235

[11] Buxari, Taqsirus-salət 5; Müslim, Musafirun 10; Tirmizi, Cuma 39

[12] Səraxsi, Məbsut, I/236

[13] Buxari, Məvakit 18, Taqsirus-salət 6, 13, 14, 15, 17; Müslim, Müsafirin 42-45, 48, 51; Nəsəi, Məvakit 42-45, 47; Tirmizi, Salət 24; Cuma 42; Əhməd ibn Hənbəl, II, 4, 7, 8, 34, 51;

 




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Namazdan sonra təsbihat

Allah Rəsulu (s.ə.s.) namazı qurtarıb salam verəndən sonra üç dəfə “əstəğfirullah” deyə tövbə edər və bu duanı oxuyardı

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.


Şərh yaz

*