4. 081 dəfə oxunub ,   0 şərh   Çap et

 وَ الصَّبْرُ ضِيَاءٌ

“Səbir (insanın yolunu aydınladan) bir işıqdır”.

(Müslim, Təharət, 1)

Bəşər övladı vaxt olur, əli nemətə çatır, şükür edir, vaxt olur, çətinlik çəkir, səbir edir və səbir etməlidir. Bu təzadlı hallara ticarətdə daha tez-tez rast gəlinir. İnsan xüsusilə də ticarətçi və ya iş adamı qısa müddətdə xeyli gəlir əldə edə də bilir, bütün sərmayəsini itirib zərərə düşə də bilir. Müflis olur və böyük maddi imtahanlara məruz qala bilir. Bunlara hazırlıqlı olmaq üçün əvvəlcədən səbəblər çərçivəsində bütün tədbirləri görməli, sonra da İlahinin buyurduğu imtahandan üzüağ çıxmağa çalışmalıyıq.

Bu gün tez-tez rastlaşdığımız kimi, insanlar çox da böyük olmayan borclarından ötəri stress keçirir və hətta bəzən intihara əl atırlar. Belə hallarda taleyi tənqid etməkdən və çətin vəziyyəti daha da gərginləşdirməkdən çəkinmək lazımdır. “Verən də Allah, alan da Allahdır” şüuru ilə hərəkət etsək, nə imkan olanda qürurlanar, nə də yoxsulluq çəkəndə Allaha asi olub Onun rizasına zidd işlər görərik. Duamız: “Mövlam, heç kimi gücü çatmayan imtahanla üz-üzə qoymasın”dır, ancaq həyatın öz-özlüyündə bir imtahan olduğunu da heç vaxt unutmamalıyıq.

 Dünya həyatı imtahan diyarıdır və imtahan da səbir deməkdir. Bütün fəzilətlərin açarı, müvəffəqiyyət və kamilliyin sirri səbirdir. Hər cür rəzalət də səbirsizlik və ya layiqincə səbir göstərməməkdən qaynaqlanır. Quran insanın əbədi həyata qovuşması üçün bir ömür boyu hadisələri – imtahanları səbirlə qarşılamasının zəruriliyini belə xatırladır: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 2/155)

Elə çətinliklər var ki, bəndənin onu dəf etməyə nə iradəsi çatar, nə də gücü. Müsibət və çətinliklərlə üzləşəndə təlaşa düşmədən, Allaha şikayət etmədən İlahinin yazısına razı olmaq möminə xas fəzilətlərdəndir. Səbir bəlanı ədəblə qarşılamaqdır. Cənabi taledən da Quranda “səbri-cəmil”i, yəni “gözəl səbri” əmr edir (“Yusuf” surəsi, 12/18),  “Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbir etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla hədər etməz!” (“Yusuf” surəsi, 12/90)  və “Çünki Allah səbir edənlərlədir (onların dostudur)” (“Bəqərə” surəsi, 2/153) ayələri ilə qulunu köməksiz qoymayacağını bəyan edir.

Peyğəmbərimiz: “Allah səbir və dözüm göstərən qulunu səbirli edər. İnsanlara verilən ən xeyirli və böyük nemət səbirdir”, (Tirmizi, Birr, 76) – buyurmuş və səbrin nə qədər əhəmiyyətli bir fəzilət olmasına işarə etmişdir.

Səbir müsəlmanın malik olduğu güclü potensial və “xalis sərmayə”dir. Bəzən heç kim bizə kömək etmir, dərdimiz tək başına çəkmək məcburiyyətində qalırıq. Atalarımız yaxşı deyib: “Eldən gələn öyün olmaz, o da vaxtında tapılmaz”. Səbir bizim üçün bir işıq mənbəyidir, zülmət qaranlıqda yolumuzu açan bir mənbə! 

Səbir işığı və istiliyi özündən olan cisimlər, məsələn, günəş kimidir, ziyası özündəndir. Yəni səbir möminin dünya-axirət səadətinə aparan yolda təbii şəkildə var olan bir işıqdır. O, bu işıqla həm yasaqların yalançı cazibəsinin iç üzünü görüb onlardan çəkinəcək, həm də ilahi əmrlərin yerinə yetirilməsindən meydana gələn çətinliklərin hüzur və itminana apardığını sezib hər cür məşəqqətə səbirlə sinə gərəcəkdir. İnşallah, bunun nəticəsində də səadətə qovuşacaq. Onun iradəsi isə öz gücünü çətinliklərə səbir, dözüm və sinə gərməkdən alacaq.

Bir həqiqət də var ki, məhkumiyyətə, miskinliyə və zillətə razı olmaq, zülmə, insan qürurunu alçaldan hücumlara cavab verməmək səbir sayılmır. Çünki qanuni olmayan bu kimi hallara səbir etmək caiz deyil. İnsan bu kimi halların öhdəsindən öz gücü və iradəsi ilə gələ bildiyi halda, pisliklərə dözür və ya ümidsizliyə düşürsə, bu səbir yox, acizlik və tənbəllikdir.



Açar sözləri

dözüm səbir

Bənzər məqalələr

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?


Şərh yaz