- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Səbir

إِنَّمَا الصَّبْرُ عِنْدَ الصَّدْمَةِ اْلأُولَى

Səbir müsibətin baş verdiyi anda dözməkdir”[1].

Allah Rəsulu (s.a.s.) qəbiristanlıqlarda bəzi Cahiliyyə adətlərinin davam etdirildiyini görüncə möminlərə qəbiristanlıqlara getməyi qadağan etmişdi. Lakin daha sonra: “Mən sizə qəbir ziyarətlərini qadağan etmişdim. Bundan sonra qəbirləri ziyarət edin!”[2] – buyuraraq onları məzarları ziyarətə təşviq etmişdi. Çünki insanları tuli-əməldən[3] çəkindirən ən təsirli nəsihət ölümdür. Elə Rəsulullah da tez-tez məzarları ziyarət edər, hər həftə ən azı bir dəfə Uhud şəhidlərinə baş çəkərdi.

Qəbir ziyarətlərindən birində bir qadının övladının qəbri başında fəryad-fəğan edib ağladığını, üstünü başını cırıb, lüzumsuz sözlər dediyini görür və qadına yaxınlaşıb nəsihət vermək istəyir: “Allahdan qorx və səbir et” . Qadın Peyğəmbərimizi tanımamışdı. “Məndən əl çək, – deyir, – Sən mənim başıma nə gəldiyini bilmirsən!” Allah Rəsulu da heç nə demədən qadının yanından uzaqlaşır. Ətrafdakılar qadına Onun Rəsulullah olduğunu bildirdikdə qadın daha da sarsılır. Çünki bilmədən Allah Rəsuluna hörmətsizlik etmişdi. Qaça-qaça Rəsulullahın evinə gəlir. Qapını döymədən içəri girib Peyğəmbərimizdən üzr istəyir. Allah Rəsulu da məlum hədisi buyurur: “Səbir, müsibətin baş verdiyi ilk anda dözməkdir” [4].

Səbrin növləri

Səbir üçə ayrılır: başa gələn müsibətə səbir, günah işləməməkdə səbir və ibadətə davam etməkdə səbir.

Hər gün beş vaxt namaz, ildə ən az bir ay oruc, müəyyən miqdarda zəkat və digər ibadətlər ancaq səbirlə yerinə yetirilə bilər. Bunlar insan həyatını nizamlayır və üxrəvi aləmin çalarlarını üzərində əks etdirir. Belə bir həyat nurani keçir, ömür bərəkətlənir və Cənnətlə nəticələnir. Buna görə də insan dözəcək, ibadətləri səbirlə yerinə yetirəcək və beləcə həyatını nurlandıracaqdır.

Səbir sözü ilə “səbir otu” eyni kökdən gəlir. Səbir otunun zəhər kimi acı olduğunu deyirlər. Dərman sənayesində də istifadə olunur. Məhz səbir bu səbir otunu udmaq qədər çətindir. Başlanğıcda acı olsa da, nəticəsi həmişə şirin olur.

Vəziyyəti dəyişdirmək

Səbir etmək, dişini sıxmaq, dözmək, mətanət göstərmək, sarsılmamaq, usanmamaq, bezməmək, hər gün zəhər kimi hadisələrin acısını içinə çəkmək və dözmək, əlbəttə, asan iş deyil. Ancaq bütün bunlar müsibətin ilk anında edilməlidir. Belə hallarda yer dəyişdirmək, başqa vəziyyətə keçmək psixoloji olaraq əhvali-ruhiyyənin həddən artıq gərginləşməsinin qarşısını alır və sarsıdıcı hadisələri unutdurur.

Deyək ki, başımıza bir müsibət gəldi. İlk baxışda bu müsibətə dözmək mümkün görünmür… Dərhal bu sarsıntını sovuşdurmağa çarə axtarmalıyıq. Buna da vəziyyətimizi dəyişdirməklə – ayaq üstə isək, oturaraq, oturmuşuqsa, uzanaraq və ya başqa bir işlə məşğul olaraq, məsələn, dəstəmaz alaraq, namaz qılaraq və ya heç olmasa, söhbəti dəyişərək və yaxud da həmin yeri tərk edib başqa bir mühitə sığınmaqla nail olmaq mümkündür. Bəzən də bir müddət yatmaq sarsıntının sovuşmasına kifayət edir. Hansı şəkildə olursa-olsun, hal, vəziyyət və məkan dəyişiklikləri sarsıntının təsirini azaldır və dözülməz görünən müsibəti az da olsa, yüngülləşdirir.

Səbir ibadətləri davam etdirmək məsələsində də çox vacibdir. Təzə namaza başlayan bir insana ilk vaxtlar namaz çox çətin gələ bilər. Ancaq bir az səbir edib ruhən, mənən namazla bütünləşsə, bir müddət sonra həyatını namazsız təsəvvür etməz. Oruc, zəkat, həcc kimi ibadətlər üçün də eyni şeyləri söyləmək olar.

Düşünün ki, həcc kimi əziyyətli ibadəti bir dəfə edənlər hər il yenidən Kəbəyə getməyə can atır, o yerləri görmək üçün əllərindən gələni edirlər. İnsanın ibadəti bu qədər sevməsi ilk çətinliklərə sinə gərməsindən qaynaqlanır. Bu, demək olar, bütün ibadətlərdə belədir.

İnsan harama qarşı da eyni səbirlə mübarizə aparmalıdır. Günahla qarşılaşanda göstərilən müqavimət onun mənfi təzahürlərini qırır, sarsıntını sovuşdurur. Buna görə də Allah Rəsulu (s.a.s.) Həzrət Əliyə (r.a.): “İlk baxış lehinə, sonrakı əleyhinədir”,[5] – buyurur. Yəni insanın gözü bilmədən günaha baxa bilər. Amma o, dərhal gözünü yumub üzünü çevirsə, bu, onun əməl dəftərinə günah kimi yazılmaz. Hətta harama baxmadığı üçün ona savab da yazıla bilər. Lakin ikinci və daha sonrakı baxışlar zəhərli bir ox kimi insanın qəlbinə və ruhuna sancılır, onun xəyalında bulantılar meydana gətirir və iradə mənəvi coşqunluğunu, gücünü itirir. Çünki harama hər baxış günah qapılarını açıb, insanı özünə çəkir. Nəticə etibarilə də, hər baxış yenisini, davamını tələb edir ki, artıq bu axına sürüklənən insanın dönüşü çətin, bəlkə də, gedər-gəlməz olur. Məhz haramın çulğaladığı ilk anda səbir edib ondan üz çevirmək, gözləri yummaq Allah Rəsulunun bizə tövsiyə etdiyi dəyərli öyüdlərdir.

Epiktetin bir sözü var: “Pis xülyalar sənin xəyallarını bürüyəndə ilk fürsətdə dərhal uzaqlaşmağa çalış. Əks halda onların səni çəkib apardığı yerdən geri dönə bilməzsən”. Onun bu ifadəsi insana ilham verir. Əgər Rəsulullahdan sonra yaşamış olsaydı, “ilhamını Ondan alıb” deyərdik…

İnsan harama qarşı belə həssas davrana-davrana bu həssaslığı get-gedə bir xasiyyətə, xarakterə çevirir. Çünki bu cür təmrinlərlə qəlbdə hasil olan imanın nuru Cəhənnəm qığılcımlarına – günahlara qarşı bir sipər olar. Belə ki, artıq harama baxmamaq onun təbii və fitri davranışına çevrilir. Bu fitrətə zidd bir şey düşünən kimi, dərhal barmağını könül pətəyindəki iman balına batırır və bu sağlam düşüncə sayəsində də qəlbin mənəvi ab-havasına zərərli olan hər şeydən uzaqlaşır. Belə bir insanın öz iradəsi ilə günah işləməsi, demək olar ki, mümkün deyil.

Hər müsibətin özünəxas sarsıntısı olur. O, sovuşdurulanda, dəf ediləndə müsibət mərhəmətə, əzablar ləzzətə, kədərlər də sevincə çevrilir… Belə bir qəlbdə iztirablar susar, sonsuz sevinc duyğuları dillənər. Ancaq bütün bunlar ilk sarsıntı anının uğurla dəf edilməsindən asılıdır.


[1]     Buxari, “Cənaiz” 106; Tirmizi, “Cənaiz” 60.

[2]     Müslim, “Cənaiz” 32; Müslim, “Cənaiz” 14, 15.

[3]     Bitib-tükənməyən dünyəvi arzu və istəklərin əsiri olmaq

[4]     Buxari, “Cənaiz” 32; Müslim, “Cənaiz” 15.

[5]     Tirmizi, “Ədəb” 28; Əbu Davud, “Nikah” 42.