3. 253 dəfə oxunub ,   0 şərh   Çap et

Uca Allah hər şeyi bir səbəbə bağlamışdır. Bu səbəb və hikmətlərin bəzilərini biz görə bilir, bəzilərini isə dərk edə bilmirik. Quranın ayələrini də bu nöqteyi-nəzərdən iki hissəyə ayrımaq olar. Birincisi Quranın əksəriyyətini təşkil edən və müəyyən səbəbə bağlanmayan ayələrdir. İkincisi isə müəyyən səbəbə bağlı ayələrdir.[1]

Quran ayələrinin nazil olmasına səbəb olan hadisələrə “əsbabun-nüzul” deyilir. Ayələrin nüzul səbəbləri Quranın tarixini və ictimai zəminini sonrakı nəsillərə çatdırır. “Əsbabün-nüzul” ifadəsindəki “əsbab” kəlməsi “səbəb” sözünün cəmidir. “Səbəb” sözü isə “metod, yol, işarə, vəsilə və vasitə” mənalarındadır. “Nüzul” kəlməsinə gəlincə isə bu kəlmə “nə-zə-lə” felinin məsdəri olub. “yuxarıdan aşağıya enmək” deməkdir.

Quranın doğru təfsir edilməsi üçün ayələrin hansı şərtlərdə, hansı hadisəyə görə, harada və necə endiyini bilmək lazımdır. Bu məlumatlar sayəsində ayələrin nəzərdə tutduğu mənaya bir az da yaxınlaşmaq mümkündür.

Quran iyirmi üç il müddətində ayə-ayə, surə-surə nazil edilmişdir. Bu cür nazil olmaya “təncim” deyilir. Təncim “nəcm” (ulduz) sözündəndir, hər ulduz çıxanda, yəni müəyyən vaxtlarda Qurandan bir hissənin nazil edildiyini bildirmək üçün işlədilir.

 Rəsulullahın risaləti dövründə baş verən və Quranın bir və ya bir neçə ayəsinin yaxud surəsinin nazil olmasına səbəb olan hadisəyə, şəraitə, ya da hər hansı bir şey haqqında Rəsulullahdan (s.ə.s) soruşulan suala əsbabun-nüzul deyilir.

Nüzul səbəbində əsas xüsusiyyətlərdən biri hər hansı hadisənin baş verməsidir. Çünki bəzi ayələr hər hansı bir hadisə nəticəsində nazil olmuşdur. Digər xüsusiyyət bəzi ayələrin baş verən xüsusi hadisələr haqqında olmasıdır.[2]

Quranın tədricən endirilməsində bir çox hikmətlər var. Allah bununla Quranı müsəlmanların gündəlik həyati problemləri ilə əlaqələndirmək, həyatın bütün sahələrində onlara rəhbər olabiləcək bir kitab göndərmək istəmişdir. Quranın nazil olmasındakı bu tədricilik sonralar səhabələri, tabeunu və müsəlman alimlərini Quran ayələrinin nüzul səbəblərini araşdırmağa təşviq etmişdir. Nəticədə “əsbabün-nüzul” elmi formalaşmışdır.

Quran alimləri bu elmi “əsbabun-nüzul (nazil olma səbəbləri)” adlandırmışlar. Əslində bunu səbəb yox, vasitə adlandırmaq daha düzgün olardı. Çünki Quran ayələrinin nazil olmasını hər hansı bir səbəbin nəticəsi kimi qiymətləndirmək doğru deyil. Bu səbəblər sadəcə o ayələrin enməsi üçün vasitələrdir.

Onu da qeyd etmək lazımdır ki, Quranın bütün ayələrinin müəyyən səbəblərə görə nazil olmamışdır. İslam alimləri hər hansı bir səbəbə görə nazil olan ayələrin təxminən 600-ə qədər olduğunu deyirlər.[3] Ayələrin əksəriyyəti xüsusi bir hadisəyə, məsələyə və ya başaq hər hansı bir səbəbə görə deyil, ümumiyyətlə insanların ehtiyacı olan məsələlər haqqındadır. Məqsəd insanları məlumatlandırmaq, istiqamətləndirmək və ya xəbərdar etməkdir.


[1] İsmail Cerrahoğlu, Tefsir usulu, s. 115.
[2] Mehman İsmayılov, Təfsir üsulu və tarixi, s. 72.
[3] Ömər Aslan, Təfsir üsulu, s. 98.



Bənzər məqalələr

Quran əmrlərində tədricilik

Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, “Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?” ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?

Səbəblər nəyisə yaratmağa qadirdirlərmi?

Bir əşya və ya hadisə ardırsa, o, mütləq ona aid olan qanunlarla vardır.


Şərh yaz