8. 111 dəfə oxunub ,   0 şərh   Çap et

Şəfaətə belə tərif vermək olar: “Bir kəsin bağışlanması üçün onun adından əfv diləmək, maddi və ya mənəvi imkan əldə etməsi üçün səlahiyyət çərçivəsində vasitəçilik etmək”. Dini məfhum kimi şəfaət “Bir peyğəmbərin, mələk və ya saleh bir möminin axirətdə Allahın izni və razılığı şərti ilə günahkar bir möminin yaxşılığına şahidlik edərək Haqq-Təaladan əfv diləməsi və bağışlanıb cənnətə girməsinə vəsilə olmasıdır”.

Şəfaət haqdır

Şəfaət haqq və həqiqətdir. Kimə şəfaət etməyə icazə verilibsə, Haqq-Təalanın qoyduğu çərçivədə şəfaətçi olacaqdır. Şəfaəti inkar edənlər isə nə dünyada, nə axirətdə bir şey qazanası deyillər. Çünki bəndələr Allahı necə tanıyırsa, Allah da axirətdə onları  o cür  qarşılayacaq.

Şəfaətin növləri

Şəfaəti ayə və hədislər əsasında beş kateqoriyaya bölürlər:

1. İnsanların tezliklə hesaba çəkilməsi üçün edilən şəfaət,

2. Bəzi möminlərin sorğu-sualsız cənnətə girməsi üçün edilən şəfaət,

3. Cənnətdəkilərin cənnətdəki dərəcələrinin yüksəlməsi üçün edilən şəfaət,

4. Cəhənnəmdə olan möminlərin cəhənnəmdən çıxması üçün edilən şəfaət,

5. Cəhənnəmdə əbədi qalan bəzi insanların əzabının xəfif­lə­məsi üçün edilən şəfaət.

Əvvəlki peyğəmbərlərə verilməyib yalnız Rəsulullaha lütf edilən beş şey

Peyğəmbərimizə Qiyamət günü şəfaət haqqı verilmişdir. Çünki O: “Hər peyğəmbərin bir məqbul duası olur. Mən bu duanı axirətə saxladım“, – buyurmuşdur.[1] Bu dua da məhz şəfaət duasıdır. Hədisi-şərif belədir:

Mənə məndən əvvəl heç kimə verilməmiş beş şey lütf edilib: bir aylıq uzun məsafədən düşmənin ürəyinə qorxu salmaq kimi ilahi zəfər bəxş edildi. Yer üzü mənə namazgah və təmizlik vasitəsi edildi. Ümmətim namaz vaxtı gələndə harada olsa, namazını qılsın! Qənimət məndən əvvəl heç kimə halal sayılmadığı halda, mənə halal buyuruldu. Və mənə şəfaət haqqı verildi. Əvvəlki peyğəmbərlər təkcə öz qövmünə göndərilirdi, mən isə bütün bəşəriyyətə elçi göndərilmişəm“.[2]

Şəfaət bir mənada Peyğəmbərimizin ümmətinə hədsiz sevgisindən xəbər verir. Bir səhabə rəvayət edir: “Allah Rəsulu ilə birlikdə Məkkədən çıxdıq. Mədinəyə getmək istəyirdik. Yolda bir yerə çatanda Rəsulullah əllərini qaldırıb Allaha dua etdi və səcdəyə qapandı. Uzun müddət səcdədə qaldı. Sonra qalxıb yenidən əllərini qaldırdı, bir müddət dua etdi. Sonra yenə səcdəyə getdi. Bu şəkildə üç dəfə səcdə etdi. Sonra dedi ki: “Mən Rəbbimdən əfv dilədim və ümmətimə şəfaət etdim. Rəbbim ümmətimin üçdə birini mənə verdi (bağışladı). Mən də Rəbbimə şükür səcdəsi etdim. Sonra başımı qaldırıb ümmətim üçün təkrar bağışlanma dilədim, Allah-Təala ümmətimin üçdə birini də mənə verdi, mən də Rəbbimə şükür səcdəsi etdim. Sonra başımı qaldırdım, ümmətim üçün bir daha bağışlanma dilədim, O, ümmətimin son üçdə birini də bağışladı, mən də Rəbbimə şükür səcdəsi etdim“.[3]

Şəfaəti-Uzma (böyük şəfaət haqqı) təkcə Peyğəmbərimizə verilmişdir. Hər bir peyğəmbər bu haqqından dünya həyatında istifadə edib, Peyğəmbərimiz isə ümməti üçün axirətə saxlayıb.

Türbələrin şəfaətlə əlaqəsi varmı?

Bu gün bəzi insanlar ibadət məqsədilə və adətə çevrildiyinə görə türbələrdə, məzarlarda əski bağlayıb şam yandırırlar. Bu, dinimizə görə bidətdir və haramdır. Üstəlik türbədə və ya qəbirdə dəfn edilmiş insana: “Mənim bu günahlarımı bağışla, əfv et. Mənə var-dövlət ver”, – deyə dua etmək küfrdür, yoldan azmaqdır və şirkdir. Bununla belə, türbələrdə dəfn olunan Haqq dostlarını, ömrünü Allah yolunda şam kimi əridən uca insanları ədəb-ərkanla ziyarət etməkdə, dua oxumaqda və Allahdan onların şəfaətini diləməkdə heç bir qəbahət yoxdur.

Alim, şəhid və salehlərin şəfaəti

Allah Rəsulu (s.ə.s) buyurur ki: “Ümmətimdən elə alim, şəhid, saleh kəslər var ki, kimisi bir çox qəbilələrdən ibarət bir camaata şəfaət edər, kimisi bir qəbiləyə şəfaət edər, kimisi bir dəstə adama şəfaət edər, kimisi də bir nəfərə şəfaət edər və onların cənnətə girməsinə vəsilə olar“.[4]

Cənazə namazına qatılan səmimi camaat şəfaətə vəsilədir

Peyğəmbərimiz: “Vəfat edən bir insanın cənazə namazında Allaha şərik qoşmayan qırx adam iştirak edərsə, Allah bu adamların mərhuma şəfaətini mütləq qəbul edər“, – buyurmuşdur.[5] 

Cənazə namazı bir şahidlik məkanıdır. Bu səbəbdən də bir insan mərhumun cənazə namazında səmimi qəlbdən iştirak etməklə həm çox fəzilətli bir iş görür, həm də Allah-Təala qatında vəfat edənə şəfaətçi olur.

Şəfaət düşüncəsi bizi arxayın salmamalıdır

Böyük İslam alimi İmam Qəzalinin şəfaət inancı mövzusuna dair şərhləri bir meyar dəyərindədir. “Əhyaül-ulumiddin” adlı məşhur kitabında yazır: “Şəfaət ümidi ilə təqvadan uzaqlaşmaq və günah işləmək bir xəstənin qohum həkimə arxayın olub özünü təhlükələrə atmasına bənzəyir. Çünki təbib hər xəstəliyi deyil, bəzi xəstəlikləri müalicə edə bilər”.

Peyğəmbərlərə və saleh qullara verilən şəfaət haqqını bu mənada götürmək lazımdır. “Şəfaət var” deyib, Allahdan qorxmamaq, aqibəti və sorğu-sualı unutmaq doğru deyildir. Hətta Peyğəmbərimizin ən xeyirli xələfi sayılan səhabələr belə axirəti, aqibəti, sorğu-sualı bir anlıq da olsun unutmamışlar. Halbuki onlar təmiz qəlbli, saleh əməlli, əngin təqvalı kamil  insanlardı. Allah Rəsulundan cənnətin müjdəsini alsalar da, sırf Peyğəmbərimizin şəfaətinə bel bağlamamışlar. Üstəlik ilklər və Rəsul söhbətinin dinləyiciləri olmayan, o məqamların kölgəsinə belə yaxın düşməyən və onların səviyyəsinə heç vaxt çata bilməyən insanlar nə haqla şəxsi və ictimai ibadətlərdən əl çəkib şəfaətə arxayın olurlar?!.


[1]Müslim, İman, 334.

[2]Buxari, Təyəmmüm, 1.

[3]Əbu Davud, Cihad, 174.

[4]Tirmizi, Qiyamət, 11.

[5]Müslim, Cənaiz, 59.



Açar sözləri

şəfaət şəfaət nədir

Bənzər məqalələr

Məqami-Mahmud nədir?

“Məqami-Mahmud” uca məqamdır, orada Rəsulullahın şəfaəti ilə bütün insanlar dərhal hesaba çəkilib uzun müddət gözləməkdən xilas olacaq və əbədi rahatlığa qovuşacaqlar. “Məqami-Mahmud” məqami-şəfaət şəklində də tərif edilmişdir.


Şərh yaz