Aylıq namaz vaxtları
827 dəfə oxunub ,   0 şərh   Çap et

Buna, çox uzadmağa səbəb olan məd də deyilir. Məd hərfindən sonra, uzadılması lazım olan hərfi, daha çox uzadaraq oxudana səbəbi-məd deyilir. Hərfi-məddən dərhal sonra gəlir, həmzə və sükun olmaq üzərə ikiyə ayrılır. Daha sonra gələcək olan mövzular bu iki məfhumla yaxından əlaqəli olduğu üçün, bu kəlmələrin təriflərini ətraflı bir şəkildə açıqlamaq vacibdir.

a.      Həmzə ( ء )

Hərəkəli olan əlifə həmzə “ء” deyilir. Uzun və qısa əlif şəklilə yazıla bilir. Həmzə əslində, “əlif” hərfindən başqa bir hərfdir. Kəlmənin əvvəlində أخذ  misalında olduğu kimi gələ bilər. Fəqət qrammatik qaydalara görə kəlmənin başında gələrsə ا hərfinin üzərində أ şəklində yazılır. Bəzən də sadəcə “ء” şəklində yazılır. Bunlar tamamilə ərəb dilinin qrammatika qaydalarına görə yazılır. Biz bu çalışmamızda həmzənin yazılışı üzərində durmayacağıq. Mövzunun, qiraət və təcvid elmi ilə əlaqəli qismi olan vəsl və qəti həmzələrini izah edəcəyik.

Kəlmənin əvvəlindəki həmzələr vəsl və qəti olaraq iki qismə ayrılır.

1) Vəsl həmzəsi: Özü ilə başlanıldığında oxunan, ancaq özündən əvvəlki kəlməyə bitişdiyi zaman oxunmayan həmzələrdir.

Əslinda ərəb dili qrammatikasında vəsl həmzəsilə qəti həmzəsi bir-birindən tamamilə ayrılmışdır. Biz bəzi mühim maddələri sayaraq mövzuya açıqlıq gətirək.

Quran oxuyan insanın ən çox qarşılaşacağı vəsl həmzəsi, bir çox kəlmənin başında olan və başında olduğu kəlməni mərifə (müəyyən) edən ال birləşməsinin başındakı əlif hərfidir. Bu vəsl həmzəsidir. Ləfzətullah qismində də açıqladığımız kimi الله  kəlməsinin başındaki əlif hərfi də vəsl həmzəsidir. Bu saydıqlarımızın xaricində ərəb dilində bəzi kəlmələrin başındakı həmzə də vəsl həmzəsi sayılır. Bunlar; امرأة، امرؤ، ابنة، ابن، اسم، اثنين، اثنتين   kəlmələridir.  Bununla birlikdə  əmr siğələrinin başındakı həmzələr də vəsl həmzəsidir.

2) Qəti Həmzəsi: həm başlanğıcda, həm də keçiş əsnasında xətt və ləfiz etibarilə sabit olan həmzələrdir. Bu həmzələri belə sıralaya bilərik.

İstifhəm yəni sual həmzələri qətidir أَأَنْذَرْتَهُمْ  kimi. Mütəkəllim vəhdə (birinci şəxsin təki) felinin həmzəsi də qətidir. وَأعلمُ،  وأَعتَزِلُكُم fellərinin başlarındakı həmzələr qətidir. İfal babının həmzəsi, təəccüb felinin həmzəsi, ismi-təfdil həmzələri kimi həmzələr qəti həmzələridir.

Bu məsələ ərəb dilinin qrammatikasıyla əlaqəli olduğu üçün burada çox təfsilata girməyi lazım bilmədik. Fəqət bunu söyləmək lazımdır ki, əgər həmzə vəsl həmzəsiysə, əlif hərfinin üzərində  ( أ ) şəklində həmzə olur. Əgər həmzə qəti isə əlif hərfinin üzərində həmzə olmaz. Quran oxuyucusu bu qaydaya diqqət etdiyi təqdirdə həmzəni xatasız bir şəkildə oxuya bilər.

b.      Sükun ( ه )

 Səbəbi məddin ikincisi sükundur. Sükun isə hərəkəsizlik deməkdir. Əlaməti isə cəzm (  ه) dir. Sükun, lazım və ariz olmaq üzərə iki qismə ayrılır.

1) Sükunu-Lazım  ( السكونُ اللازمُ ): həm vəqf (durulduğunda), həm də vəsldə (keçildiyində) varlığını davam etdirən sükundur. ان كُنتُم تُؤمِنُنَ بالله[1] ayəsində gördüyümüz cəzimli hərflərin sükunu lazımidir. Bundan əlavə şəddəli gördüyümüz və əslində eyni olan iki hərfdən birincisinin sükunu da lazımi sükundur.

2) Sükunu-Ariz (السكون العارض): Quran tilavəti əsnasında vəqf edildiyi yəni durulduğu zaman ortaya çıxan, vəsl də isə yəni oxumağa davam edildiyində öz-özündən itən sükuna arizi-sükun deyilir. Məsələn: fatihə surəsini oxuyarkən hər ayənin sonunda dursaq, ayə sonlarındakı hərəkəli hərfləri məcburən cəzmli oxumaq məcburiyyətində qalırıq. Bu vəziyyətdə yəni vəqf nəticəsində ortaya çıxan sükunlar arizi-sükunlardır.


[1] ən-Nisə  4 / 59

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

səbəbi məd

Şərh yaz


(gərəkli)