Aylıq namaz vaxtları
1. 124 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimiz (s.ə.s.), Mədinəyə hicrət etdikdən bir müddət sonra məscidin sağ divarına bitişik, iki xanımının və hələ evlənməmiş, onunla birlikdə yaşayan qızlarının qalması  üçün otaqlar inşa edildi.(Daha sonra qiblənin istiqaməti dəyişincə bu otaqlar sol tərəfdə qaldı.)

İlk vaxtlar iki otaq tikilmişdi, ancaq zamanla otaqların sayı doqquza çatdı. Allah Rəsulu, yeddi ay Əyyub Sultan (r.a.)  evində qonaq qaldıqdan sonra özü üçün tikilən bu otaqlara yerləşdi. Otaqlardan dördü kərpicdən, beşi daşdan inşa edilmişdi. Bəzi otaqların divarı torpağa basdırılmış xurma kötüklərinin arasına incə xurma budaqlarının həsir kimi örülmüş və üzəri palçıqla suvanmışdı. Otaqların tavanları da son dərəcə sadə olub, xurma ağacı və budaqlarıyla örtülmüş, üzərinə də qıldan hazırlanmış  keçə sərilmişdi. Tavanın yüksəkliyi də  əl çatacaq qədər alçaq idi. Qapı əvəzinə də yun pərdə istifadə edilirdi.

Evin döşəməsi də son dərəcə sadə idi. Həzrəti Aişə anamız: ” Rəsulullahın bir həsiri vardı. Gecələr pərdə kimi dik qadırıb,təkbaşına arxasında namaz qılar, gündüzləri də sərərək üzərinə oturardı”[1], – buyurur. Yenə Hz. Aişədən (r.a.) gələn rəvayətə görə Rəsulullahın üzərində yatdığı döşək içi xurma lifi ilə doldurulmuş dəridən ibarət idi. Hz. Hafsanın otağındakı yatağı isə ortadan ikiyə qatlı ədyaldan ibarət idi. Mədinə əhalisinin yerdə yatma adəti vardı, məkkəlilər isə taxt, divan kimi yüksək bir şey üzərində yatardı. Rəsulullah ilan və həşəratın sancmasından qorunmaq məqsədi ilə Mədinə əhalisinə də yerdən yüksək olan bu tərz yataqlardan istifadə etmələrini tövsiyə etmişdir. Taxtın üzərinə də həsir salınar, həsir üzərinə yatarkən mübarək bədəninə izi çıxardı. Bir dəfə Abdullah ibn Məsud bundan məyus olmuş və həsir üzərinə bir örtük sərmək üçün icazə istəmişdir. Əfəndimiz ona belə buyurmuşdur: “Mənim, dünya ilə nə bağlılığım ola bilər ki, mənim onunla əlaqəm, eynilə istirahət məqsədilə bir ağacın kölgəsinə oturub da istirahət etdikdən sonra oranı tərk edib gedən bir yolçunun halına bənzər”.[2]

Bir gün ənsardan bir xanım, Hz. Aişəni ziyarət edərkən yataq üzərinə sərilmiş döşəyi Peyğəmbərə rəva görmədiyi üçün hədiyyə olaraq gözəl bir yun döşək gətirir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunu görüncə döşəyin qaytarılmasını tələb edir. Aişə anamızın könülü buna razı olmaz . Peyğəmbər əleyhissalam , tələbini üç dəfə təkrar etdikdən sonra deyər: “Vallahi ey Aişə, deyil bu kimi sadə şeyləri arzu edim, əgər istəsəydim Allah, qızıl və gümüşdən dağları arxamca gəzdirərdi”[3].

Zeynəb anamız ( r.a.) dəri məmulatlardan bir şeylər hazırlayıb satdırar, gəlirini də xeyriyyə məqsədi ilə istifadə edərdi. Ona görə də otaq eyni zamanda dərzi atelyesi kimi də istifadə edilirdi. Bəzi otaqların üzərində ‘ məşrəbə ‘ deyilən çardaq kimi yerlər də vardı. Həzrəti Aişənin otağından Məscid-i Nəbəviyə bir qapı açılırdı. Əvvəllər bəzi səhabələrin evlərindən də məscidə açılan bir çox qapı var idi. Bir müddət sonra Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) öz qapısı ilə Həzrəti Əbubəkrin qapısı xaric bütün qapıları bağlatdırdı.[4] Həzrəti Əbubəkrin evinin yeri bu gün “Babı-Siddiq” adıyla bilinir.

Mədinənin hüzn günü

Peyğəmbər Əfəndimizin vəfatından sonra da analarımız bu otaqlarda yaşamağa davam etdilər. Əməvi xanədanlığından Vəlid b. Abdülməliyin xilafəti zamanına ( 700-715 ) qədər bu otaqlar mövcudluğunu qorudu. Vəlid , o zamanın Hicaz valisi olan Ömər b. Əbdüləzizə məscidin genişləndirilməsi və əzvaci-tahirata aid otaqların sökülərək məscidə əlavə edilməsi üçün təlimat verdi. Ömər b. Əbdüləziz xəlifəyə mədinəlilərin otaqların sökülməməsi haqqındakı ricalarını çatdırsa da bu bir fayda vermədi. Peyğəmbər Əfəndimizin ( sallallahu əleyhi və səlləm) dəfn olduğu Hz. Aişənin otağı xaric bütün otaqlar söküldü. Ardından Həzrəti Fatiməyə aid olan evi də sökdülər. Həmin vaxt bu evdə Həzrəti Həsənin oğlu Muhsin yaşayırdı. Peyğəmbər aid olan otaqların söküldüyü gün Mədinədə böyük bir hüzn vardı. Bütün əhali bir tərəfə  çəkilib ağlayırdı. Tabeinin böyük alimlərindən biri olan Səid b. Müsəyyəb: “Vallahi onların olduğu kimi qalmasını nə qədər arzu edərdim. Bəlkə yeni yetişən nəsillər və Mədinəyə ziyarətə gələnlər Rəsulullah əleyhissəlamın gündəlik həyatında nəyə  qane olduğunu görər, insanlar mal-mülk artırmağa və bununla qürurlanıb lovğalanmağa  meyl etməzdilər”, – deyir.

Peyğəmbər sevgisiylə qəlbi yanıb-tutuşan Ömər b. Əbdüləziz, əzvaci-tahiratın və Hz. Fatimənin evindən və Məscidi-Nəbəvinin sökülən divarlarından çıxan sağlam kərpiclərdən təbərrük olsun deyə özünə Harrə səmtində bir ev tikdirdi.

Hz. Aişəyə aid olan otaq, hal hazırda yaşıl qübbənin altında qalır. Arxasında isə Həzrəti Fatimənin evinin yeri var. Hər iki otağın yeri  “Şəbəkəi-Səadət” deyilən Rasulullahın qəbrini əhatə edən dəmir barmaqlıqların içində düşür. Ziyarət əsnasında Peyğəmbər Əfəndimizə ( sallallahu əleyhi və səlləm) salam verdiyimiz “Muvacəhə” yeri isə Həzrəti Hafsanın otağının yeridir. Bu mübarək məkanlarda olarkən Quranı-Kərimdə bəyan edilənləri diqqət etmək lazımdır :

“Ey iman gətirənlər! Peyğəmbərin evlərinə, yeməyə dəvət olunmadıqca vaxtlı-vaxtsız girməyin; lakin dəvət edilincə gedin və yeməyi yedikdən sonra da dağılın. Söhbət etmək üçün oturub qalmayın. Bu halınız Peyğəmbərə əziyyət verər, amma O sizə bir şey söyləməyə həya edər. Lakin Allah, gerçəyi söyləməkdən çəkinməz. ” (Əhzab , 53)

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar. Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir! (Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir! (Hücurat, 2-4)

a.dogru@zaman.com.tr , yenibahar dərgisi

 


[1] Buxari, Libas

[2] Tirmizi, Zöhd, 44

[3] Buxari, Riqaq, 17; Müslim, Libas 6/37-38; İbn Sad, 1 cilt,  s.465

[4] Buxari, Fəzailul-əshab, 3




Şərh yaz


(gərəkli)